Birincilər və ikincilər
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 14:55 25 iyun 2015 tarixində əlavə olunmuşdur

Həqiqəti lal,ədaləti kor,qanunu kar,hüququ topal dünya yalnız bir sürü harın zənginin gözlərində dəyərini qoruyub saxlamaqdadır. Belə üzdəniraqlar haram yolla əldə etdikləri zənginliklərə o qədər sıx sarılıblar ki,ətrafda baş verənlərin fərqində belə deyillər.Din,iman,Allahın qəzəbi,əcəl günü kimi gerçəklikləri özündə ehtiva edən kəlmələr,bu cür tiplər üçün havada asılı qalan söz yığınağından qeyri heç nə ifadə etmir.Əgər,bu dünyanın zərrə qədər ədaləti olsaydı,Süleymandan qalan taxt-tac sərxoş Səlimə deyil,məzlum Mustafaya nəsib olardı.Tarixin çarxını hansı tərəfə fırlatsaq,hansı zamana baş vursaq,bizə əyan olan tək bir həqiqət var,o da,"haqqın"bicin dilində,"ədalətin"zalımın gücündə tamamlanmasıdır.Çağdaş dünyada baş verənləri dərindən təhlil etsək,o zaman mövcud olan sistemə tək bir ad vermək olar:Quldarlıq quruluşunun modern forması.Bir tərəfdə "mədəni" quldarlar,digər yanda maddi baxımdan istismar edilən çarəsiz qullar. Dünyanın bir ucunda,ölməmək üçün bir loxma çörək uğrunda taqətsiz halda mücadilə verənlər,başqa səmtdə cəngəllikləri belə satın alıb bəbirlə,aslanla səyahətə çıxanlar...

Zalımın fağıra qarşı etinasızlığı,amansızlığı yalnız onun xislətindən deyil,həm də imansızlığından qaynaqlanar. İman isə yalnız alnını torpağa basıb,boğazdan yuxarı Allah sevgisini tez-tez ifadə etməklə yerinə oturmaz.İman ruha səpələnən,qəlbə hökm edən,əməllə hərəkətə gələn bənzərsiz nurdur.Xoşbəxtlik yetimləri görməzdən gəlmək deyil,məzlumlarla paylaşmaqdadır.Təəssüflər olsun ki,bu və bundan qat-qat üstün şəkildə deyilən,yazılan sözlər  boynu yoğun,gönü qalın züppələrə təsir etmir. Əksər hallarda aqillərin,alimlərin cahillərə ünvanladığı dəyərli fikirlər,məntiqli öyüdlər bumeranq kimi geri qayıdır.Danışdığı zaman qınanan,susduğu zaman özünü ittiham edən zahidin tək təsəlli yeri,yaradılan olaraq Yaradanına sığınmaqdır.

Firəvan həyat,xoşbəxt yaşam,mənalı ömür sürmək bütün yaradılanların haqqıdır.Xəlq edən tərəfindən xəlq edilib sonra xalqlara bölünən bəşər övladlarının əlindən bu haqqları almaq Allaha asilik deyilmi!? İçində özünü bir qüdrət zənn edənlər,Yaradanın nəzərində necə aciz,necə zavallı göründüklərinin fərqində deyillər.Bir də ki,bu dünyada haqqı olmayan sərvəti göreşən kimi yan-yörəsinə toplyan, yığdığından başqa nəyin fərqində ola bilər? Dünyanın içində qütbləşmiş iki  tərəf var:Birincilər amansız imansızlar,ikincilər Allahın rəhmətinə sığınanlar.Birincilər zamanla əylənib,əcəllə qurşaq tutmaq istəyənlər,ikincilər arzuların qanadında xəyyallarına sığınanlar.Nə yaxşı ki,hələ məzlumların xoş xəyalları,xoşbəxt arzuları üçün kassa aparatı və ədv tətbiq edilməyib. Yetimlərin son ümidlərinə görə,hələ ki,qeydiyyat şöbələri də təşkil olunmayıb.Fağırların gördüyü şirin yuxuların müqabilində cərimələr də yoxdur.Yaxşı ki,bunlar Allahın qüdrəti altındadır və Adəm övladının faili-muxtarlığına verilməyib.Qüdrət və qüvvətinin həddi-hüdudu olmayan,ey aləmlərin Sahibi,Sən-biz məzlumları harınlamış imansızların xırıltılı səsindən,iyrənc nəfəsindən,dəccal sifətli nəzərlərindən hifz et! Keçici olanları onlara,qalıcı olanları bizə nəsib eylə!


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0282 saniye