Bizə qəm yaraşır, bax budur işin
Yüz dəfə sevinci soyub geyinmə
Bir dəfə üzünə tüpür keçmişin,
Yüz dəfə ardınca söyüb deyinmə
Dərdinə əbədi sadiqsən deyə
Səni çox yıxacaq, sürüyəcəklər,
Necə ki sarınır kəfən ölüyə,
Heçliyi mənaya bürüyəcəklər
Milyardlar özünə unutduracaq,
Kütləyə başqa cür gəlir bu boşluq
Fərqi can atılan son dayanacaq,
Onlar keyf axtarır, sən sərxoşluq
Onlar hər şəninə tərif deyəndə
Sən qəm şərabından qurtum alırsan,
Onlar əyləncənin hərisliyində,
Sən isə özündən qurtulmalısan
Bizə qəm yaraşır, sevinc haramdır,
Bizdə ilk bahar da son bahar kimi
Yalnızca sevgiyə gümanım vardı,
O da çox gecikdi intihar kimi