Biznes
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 20:32 11 noyabr 2015 tarixində əlavə olunmuşdur

Lənət olsun! Zibildəyəm! Bu qədərini də gözləmirdim. Ağlasığacaq kimi deyil. Başımı itirmək həddindəyəm. Adicə bir statusumun bu qədər qalmaqala səbəbkar olacağı haradan ağlıma gələ bilərdi axı?!

Evim də, özüm də bombardmana məruz qalmış kimiyik sanki. Gözlərim hələ də qorxu içində titrəyişlə təqibdədir. Necə də acınacaqlı durumdayam, İlahi! Birotaqlı mənzilim alt-üstü olmuş halı ilə sükutunu qulaqlarımda qışqırdır. Səbəbkar-mənəm! “Evim, gözəl evim”dən əsər-əlamət qalmamışdı. Hər şeyin baiskarı olan mən terror əsdirmişəm.

Divara növbəti yumruğumu endirdikdə qan izlərini ilk dəfə görürmüş kimi key-key baxdım. Gözlərim divardan əlimə istiqamətləndirildi. Dişlərimi möhkəmcə sıxaraq qızmış aslan kimi yumruqlarımın davamını gətirməyə başladım. Axırda bezib kürəyimi divara söykədərək çökə-çökə “əyləşmiş” kimi oldum. Dərindən köks ötürərək başımı əllərim arasına alıb ağır-ağır saçlarımı qarışdırmağa başladım.

Dünənə qədər bank işçisi idim. Özüm xarizmatik işçilərdən sayılırdım. Üzərimə cəmləşən baxışlarda min məna oxumaq olardı. Qısqanclıq, heyranlıq, paxıllıq və s. Gah xoşhal olurdum, gah bivec. Emosional vəziyyətim sabit deyildi. Buna görə məni “həssas” adlandırırdılar. Əslində “həssas”lığımın kökündə uşaq ikən valideynlərimin təyyarə qəzasında həlak olmaları idi. Məni dayımgil böyüdüb boya-başa çatdırmışdılar. Onların sayəsində oxumuşdum, əsgərliyə gedib gəlmişdim, iş və evlə təmin olunmuşdum.

Həyatımda hər şey qaydasında idi. Özümdən savayı kimsə günahkar deyil. Amma axı niyə? Sadəcə xoşuma gəlmişdi, elə bəyəndiyimdən də paylaşmışdım. Necə də saf dərəcədə axmaq biri imişəm. Rəqib bankı reklam edirəm. Axı mən yazıq haradan biləydim? Profilimin 7/24 bank rəhbərliyinin nəzarəti altında olduğunu ta əvvəldən dərk etsəydim heç vaxt, heç vaxt belə axmaqlığa imza atmağa cəsarətim çatmazdı.

Gah ev telefonum, gah da mobil telefonum öz zəngləri ilə mənim donmuş beynimi açmağa çalışırdılar. Yəqin ki, dayımgil idilər. Axı onların adamı ilə işə düzəlmişdim, amma mənə xəbərdarlıq etməmişdi. Əslində bu “qəliz” məsələdə xəbərdarlığa ehtiyac yox idi, sadəcə düşünməli idim. Düşünməli idim ki, mən məhz bu bankın işçisiyəm, mənə yaşayış üçün qazanc verən rəqib bank deyil.

Qanuni deyil, amma biznesdir. Əgər sən rəqiblərini reklam edirsənsə, ona simpatiyanı bildirirsənsə, “qəzəbə tuş gələcəksən.” Mənim ehtiyatsız hərəkətimə ilk olaraq iş yoldaşımdan tənqidi reaksiya gəlmişdi, daha sonra rəhbərlik cavab olaraq “Sən kimi reklam edirsən? Maaşını da onlardan alarsan!” deyərək ərizəmi tələb etmişdi. Mənə mənəvi təcavüz edilmişdi. Özümü o qədər yalnız, çirkin, lazımsız hiss edirdim ki, hər kəsin gözü qarşısında bağırıb ağlamaq həddinə yüksəlmişdim. Bu, qətiyyən doğru deyil. Şəxsi profilimə nə haqla nəzarət edirlər?! Statusumu silsəm də, sonrakı peşmançılığın zərrəcə faydası olmamışdı.

Mən isə hələ də özümə gəlməyə çalışıram. Telefonlar artıq susmuşdular. Yəqin ki, dayımgil yoldadırlar...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+12=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0295 saniye