Böhtan
Aqil Yaşaroğlu tərəfindən "Hekayə" bolməsinə 17:53 19 dekabr 2016 tarixində əlavə olunmuşdur

Böhtan

K

öhnə dostlar kafedə oturub gənclik illərindəki məhəbbətlərindən danışır­dılar. Onlardan biri dedi:

– Fuad, ən böyük sevgi duyğularından birini sən yaşamısan. Xahiş edirik, bunu bizə daha aydın şəkildə danışasan.

Fuad ötən əhvalatları danışmaq istəmədiyini bildirsə də, dostları onu razı saldı. O, çayından bir qurtum içib dedi:

– Bu hadisə altı il bundan qabaq baş ver­mişdi. Amma hadisələr hafizəmdən hələ də silinməyib. Mən həyatım boyu sevginin nə olduğunu bilməsəm də, qəlbimi ələ alan həmin qız mənə sevginin nə olduğunu anlatdı.

Sentyabr ayının ilk günləri idi. Dövlət Universitetlərinin birində tələbə idim. Saçım heç zaman jeledən, üzüm təbəssümdən əskik olmazdı. Qızların qəlbinə girəcək qədər se­vimli və yaraşıqlı idim. Vurulduğum qız yum­rusifət, ucaboy, hamının diqqətini cəlb edəcək qədər gözəl, cazibədar və ağıllı idi. Tənəffüsdə tələbələrin çoxu onu görmək arzusu ilə auditoriyanın qabağına gələrdi. Hər kəsdən fərqləndiyinə və gözəl nitqinə görə onu sinif nümayəndəsi seçmişdilər. Mən də sinif nümayəndəsi olduğumdan bəzi işləri onunla bir yerdə təşkil edib, yerinə yetirirdik. Tələbələr ona görə hər gün mənimlə kiçik mübahisələr edirdilər. Lakin mən çalışırdım ki, onlara əhəmiyyət verməyim, həm də mübahisələrdən uzaq olum.Onu ilk dəfə bizim otağa gələrək müəllimdən jurnalı istəyəndə gördüm. Əynində çəhrayı rəngdə olan yaraşıqlı don vardı. Saçları səliqə ilə daranıb yanına tökülmüşdü. Sinifdə bütün oğlanlar gözlərini ona zilləyib baxdılar. Hamı ona heyranlıqla baxdığı üçün o, utandığından sakitcə durdu. Bu sakitlik bir qədər çəksə də, onun baxışlarında bir məyusluq hiss etdim. Ona kənardan atmacalar da atdılar.O isə utandığından başını aşağı dikərək da­yandı və arabir bizi süzdü. Sanki baxışla­rından nifrət yağırdı. Hamı kimi, mən də ilk baxışdan ona vurulsam da, bunu büruzə vermək istəmədim.

Fuad bir qədər danışdıqdan sonra köks ötürüb susdu. Kafedə adam çox olsa da, sakitlik idi. Onun danışığı aydın şəkildə hamı tərəfindən eşidilirdi. Söhbətin sonuna qulaq asıb, təəccübünü gizlətməyən ofisiant bu an stola yaxınlaşaraq dedi:

– Qardaş, sözünü kəsdiyimə görə bağışla, istəmədən qulaq qonağı oldum. Danışığın mə­nə maraqlı gəldi. Nəyə görə vurulduğunuzu qəbul etmək istəmirdiniz?

Fuad qeyri-adi müraciətdən çaşqın vəziy­yətə düşdü. O, nə deyəcəyini bilmədi. Lakin özünü bir qədər ələ alıb gülümsündü və ətrafa göz qoyaraq, bir qədər sakitliklə dedi:

– Mənə elə gəldi ki, o qız özündən çox razı idi. Elə bilirdi ki, hamı onun dərdindən ölür. Mən onun baxışlarında bu cür əlamətləri hiss etdim. Bu hisslər mənə xoş təsir bağışlamadı.

– Hə, Fuad, sonra nə oldu? Heç ona görə kiminləsə mübahisə etdinmi? – deyə Ziya soruşdu.

Əhvalatı cansıxıcı vəziyyətdə danışıb, tər tökən Fuad sakit səslə dedi:

– Əsla eləmədim. Bəzən digər qrupun oğlanları yanıma gələrək deyirdilər ki, qaqaş, səni o qızın yanında çox görürük. Uzaq dur ondan!

Mən səbir və təmkinlə qulaq asaraq heç nəyə reaksiya vermir, əhvalımı pozmur, həmin oğlanlarla sakit davranırdım. Deyirdim ki, işlə əlaqədar onunla danışıram.

Bu söhbətdən bir neçə ay keçdi. Mən qızı daha yaxından tanıdım. Onun adı Zeynəb idi. Özümdən asılı olmayaraq, məndən ona qarşı soyuq bir münasibət yarandı. Özüm də buna cavab tapa bilmədim. Zeynəbdən bir qədər çəkinsəm də, gözlərim ondan başqa heç kəsi görmədi.

Əhvalatın hansı sonluqla bitməsini gözləyən Ziya yenə də dilləndi:

– Fuad, sənə elə gəlmədi ki, o da qarşılıqlı hiss və duyğuların təsiri ilə yaşayır?

Fuad intizarda qoyduğu dostlarına dedi:

– Bəli, hiss edirdim. Hələ xoş münasibət qurmağa da çalışırdım. Qız gizlincə mənə mesaj yazırdı. Amma onun məni sevmək qənaətinə gələ bilmirdim. Bizi yaxın edən o idi ki, Zeynəb gənclər təşkilatının sədri, mən də onun köməkçisi idim.

Kafedə söhbəti intizarla dinləyən cavanlar Fuada yaxın əyləşərək, danışdıqlarına daha çox maraq göstərdilər. O, epizodları elə danışdı ki, hamı maraq və heyrətdən dondu. Onun sevgi hekayəsi gənclərin diqqətini daha çox çəkdi.

Stəkana süzülmüş çay artıq soyumuşdu. Ofisiant çayları təzələyəndən sonra dedi:

–  Görürəm, söylədiklərin hamıya maraqlı gəlir. Elə oğlan var ki, sevəndə şair olur. Yadıma gəlir ki, sevgimlə bağlı mən də çox şeir yazmışdım. İndi üç-dördü yadıma düşür.

Fuad ofisiantı dinləyəndən sonra başına gələn əhvalatın davamını danışaraq dedi:

– Dostlar, bir neçə həftədən sonra milli ədəbiyyatda tənqidi realizmin yaradıcılarından birinin yubileyi münasibətilə konfransa hazırlıq günləri başladı.

Hazırlıqdan sonra konfrans günü gəlib çatdı. Tələbələr zalda özlərinə münasib yerdə əyləşdilər. Zeynəb açılışa öz çıxışı ilə başladı. Sonra ədəbiyyat müəllimi yubilyarın satirik şeirlərindən, onun ədəbiyyata gətirdiyi janr­lardan, mərsiyələrindən ətraflı danışdı. Zeynəb məndən sağ tərəfdə oturmuşdu. Mənim fikrim və gözlərim onda idi. Gizlincə onu seyr edərək elə bil azad nəfəs alırdım. Konfrans başa çatanda hamı bizə hazırladığımız tədbirə görə təşəkkürünü bildirdi.

Zeynəb yanıma gələrək dedi:

– Üç gündən sonra mənim doğum günüm­dür. Kafedə yaxın qohum və dostlarla qeyd edəcəyik. Əgər gəlsən, sevinərəm.

Mən razılıq əlaməti olaraq baxışlarımla gə­ləcəyimi bildirdim və ona nə hədiyyə verəcə­yimi düşündüm. Bazardan açıqca alaraq belə bir mesaj yazdım: ”Zeynəb, sən xoşbəxtlik mücəssəməsi olduğun üçün istəyirəm daim güllərin içində olasan. Doğum günün mübarək!

Qızılgül də alaraq açıqcanın yanına bağ­ladım.

Mən hədiyyəni Zeynəbə təqdim edəndə onu başı işə qarışmışdı. Əynində onu daha da təravətli gostərən ağ don vardı. O, bu paltarda hamıdan gözəl görünür, sanki gözəllik mələyinə oxşayırdı. Bir azdan o, məni rəqsə dəvət etdi. Onunla rəqs edəndə özümü idarə eləyə bilmədim. O, mənim əllərimi tutanda öm­rü boyu belə xoşbəxt olmadığımı düşün­düm. İstəmədim ki, kimsə gəlib mənim xoş­bəxt anlarımı bölsün. Lakin bu, baş verəndə mən həmin dəqiqələrdə onu rəqsə dəvət edən oğlana nifrət elədim. Bilirsiniz, çox istəyirdim ki, onun zərif əllərinə toxunaraq “Sevirəm” deyim. Bunu da anladım ki, sevərkən çıxıb getmək, oranı tərk etmək olmur.

Doğum günü ilə bağlı şənlik başa çatanda o, məni sevinclə yola salaraq: “Hər şeyə görə çox sağ ol” – dedi.

Xudahafizləşib ondan ayrıldım. İstərdim ki, zamanı geriyə çəkib, o xoş anları bir də yaşayım. Tənhalığımdan öz-özümlə danışır­dım. Həmin gecə həyətdə sərsəri kimi veyillən­dim. Amma nədənsə beynimdə sevgimdən ümidsizlik yaranmışdı. Günlərim həmişəki kimi sevgimin sızıltıları ilə keçirdi. Zeynəblə səmimi münasibətimiz hamıda bizə qarşı maraq hissi oyatmışdı. Tanışlar bizə sevgili gözü ilə baxaraq arxamızca danışırdılar. Dərs­də müəllim mühazirə yazdıranda mən dəftə­rimə onu necə sevdiyimi, öz ümidsiz arzu­larımı ardıcıl qeyd edirdim.

Bir gecə düşüncələr aləminə qərq olub sə­hərisi gün ona hər şeyi deyəcəyimi fikirləşdim. Qələmimi heç nədən, heç kimdən çəkinmədən götürüb adi bir kağıza səliqəli xəttimlə: “Səni sevirəm” yazdım. Onun yaşadığı yerə getdim. Sonu bəlli olmayan yolla getdiyimi özüm də anlamadım. Əzablı dəqiqələr, elə bil, zamanı sürətləndirir, saniyələrin getməyi belə hiss olunurdu. Mən ona möhkəm vurulduğumu bir daha anladığım üçün heç nəyin fərqinə varmadan onu axtardım.

Dostlardan biri dedi:

–  O, birdən gəlməsəydi, nə edərdin?

Fuad köks ötürərək dedi:

– Maraqlı sualdır. Əlbəttə ki, heç nə. İndi bunun heç bir mənası yoxdur. Sadəcə sevgi ağlımı əlimdən almışdı. Bəlkə də, sevdiyimi ona inandıra bilmirdim. O, mənə gah ümid verir, gah da inadkarlıq edirdi.

– Hə, sonra nə oldu? Kağızı verə bildinmi?-deyə kafedə əyləşən cavanlardan biri soruşdu.

Fuad dostlarına diqqətlə baxıb dilləndi:

– Səbir edin, hər şeyi söyləyəcəyəm. Vaxt keçdikcə hava qaralmağa başladı. Beynimdən keçən fikirlər mənə sanki, “çıx get” deyir, ürəyim isə qalmağımı istəyirdi. Həmin dəqiqələrdə yağış yağmağa başladı. Ürəyimdən keçdi ki, kaş o, blokdan çıxaydı, bu kağızı ona verəydim. Yagış artıq şiddətlənməyə başladıq­da mənim ümidim sönürdü. İslanmamaq üçün blokda gizləndim. Səbr edərək vaxtın necə keçdiyini anlamadım. Zeynəbə mesaj yazıb, aşağı düşməyini istədim. Bir neçə dəqiqədən sonra gözümü elə bil günəşin işıqları qamaş­dırdı. Bu, ağlımı əlimdən alan, qəlbimi oğur­layan, gecələr məni yatmağa qoymayan Zey­nəb idi.Dilim tutuldu, ürəyim şiddətlə döyün­məyə başladı. Diqqətlə onun gözlərinə baxıb, orada özümü gördüm. Qəlbimi sevinc duyğusu bürüdü. Fikirləşdim, görəsən, o, bu dəqiqələrdə nə düşünür? Görəsən, mənə bir az da olsa, meyli varmı? Həmin an bu kimi suallar bey­nimdən narahatçılıqla keçdi. Ürəyimdəki hiss və duyğularım düşüncələrimin həssas olmağına mane oldu. Nə edəcəyimi bilmədim.

Bu an gözlərimiz bir-birinə zilləndi. Bu, bir neçə saniyə çəkdi. Sanki gözlərimiz danışırdı. Hiss elədim ki, o da məni sevir. Dil yalan da­nışsa da, gözlər danışmaz. Ürəyimin döyün­tüləri aydınca eşidilirdi. Ona qovuşmaq ümidi ilə yaşayırdım. Zeynəbi sevdiyimə zərrə qədər peşman deyildim. Blokun xəlvət guşəsində ona sarılıb “səni sevirəm”demək istədim. Cibimdən kağızı cıxardıb ona verdim. O, heç nə deməyib, sakitcə kağızı aldı. Oxuyandan sonra onu cırıb və mənə dedi:

–  Sabah söhbət edərik.

Fuad bir qədər danışandan sonra kədər hissi ilə dedi:

–  Dostlar, heç bilməzsiniz, özümdən necə utandım. İnanılmaz bir hiss sanki zülməti içimə doldurdu.

Ertəsi gün universitetə getdim. Heç yerə baxmadan sürətli, lakin qorxaq addımlarla auditoriyaya daxil oldum. Zeynəbi görməkdən qorxurdum. Onunla kəlmə kəsməkdən, sifətinə baxmaqdan utanırdım. Bu zaman kimsə məni arxamdan yumşaq səslə çağırdı. Qeyri-ixtiyari arxaya baxdım. Məni səsləyən Zeynəb idi. O, mənə yaxınlaşıb başını aşağı dikdi və susdu. Mən onun hərəkətlərindən heç nə anlamasam da, üzündə onu bürüyən daxili bir təlaşın cizgilərini gördüm. Mən də heyrətdən donub qaldım. Ona nə deyəcəyimi bilmədim. Qız sükutu pozaraq “Səni sevirəm” – dedi.

Mən gözlənilməz sevgi etirafından sonra bir qədər duruxdum. Lakin vücudumu bürüyən daxili bir sevgi qəlbimdə dərin iz buraxdı. Özümdən asılı olmayaraq onun əlinə toxun­dum. Bu toxunuş qəlbimi lərzəyə gətirdi. Qüv­vəmi toplayıb zorla eşidilə biləcək bir səslə ona:

– Əzizim, mən də səni sevirəm, – dedim.

Kənardan baxan tələbələr bizə göz qoyurdular. Həmin an mən çox xoşbəxt idim. Bundan sonra bir-birimizlə daha çox söhbət etdik. Xoş sevgi dolu anlar bəxtimizə daha çox yazılaraq bizə sevinc bəxş etdi. Həyat bizə nağıl kimi gəlirdi. Məncə, bu səhnəyə xor baxanlar xoşbəxt anlarımıza dözə bilmirdilər.

Bir neçə ay geridə qaldı. Yay isti günləri ilə qəlbimizin hərarətini daha da artırdı. Biz Zeynəblə semestr imtahanlarına hazırlaşırdıq. Bir gün universitetə gedəndə mənə xəbər verdilər ki, Zeynəbin görüşdüyü oğlan var. Qəfil xəbər məni bir qədər sarsıtsa da, eşitdiklərimə inanmadım.Mən həmin gün Zeynəblə görüşdüm və eşitdiklərimi ona bildirdim. O, əhvalını pozmadan mənə:

– Eşitdiklərin mənə qarşı böhtandır, -dedi.

Mən onu qəlbən sevdiyimdən hər kəlməsinə inandım. Amma, həqiqətən, bir oğlan Zeynəbi narahat edirmiş. Bunu mən biləndə artıq gec idi. Bir gün telefonuma MMS gəldi. Açıb gördüm ki, Zeynəb bir oğlanla parkda oturub və kimsə onların şəklini çəkib. Bir neçə dəqiqədən sonra yenə də kimsə bir şəkil gön­dərdi. Şəkli göndərən adamın nömrəsinə zəng çatmırdı. Mən dəli dərəcəsinə gəldim. Sanki içimdəki məhəbbət nifrətə çevrildi. Sevgi hisslərim necə yaranmışdısa, eləcə də yox oldu. Zeynəbə bu barədə bir kəlmə də de­mədim. Onun zəng və mesajlarına cavab vermədim, gözünə görünməyib, qəhərlərimi içimdə boğdum. Tanışlarım mənə dedi ki, universitetdə hamı Zeynəbi pisləyir. Hər gün mənə onun barəsində xoşagəlməz sözlər deyirdilər. O, gözümdən düşdü. Mən xoşagəl­məz sözlərimi Zeynəbə deyib ondan ayrıldım. Bu hadisədən sonra Zeynəblə küsülü qaldıq.

– Hər halda səndə bu, ötəri hiss olub. Yoxsa, bir dəqiqədə əsl sevgini unutmaq qeyri- mümkündür. Bəs sonra nə oldu? Zeynəb sənə bu barədə nə dedi? – deyərək dostlardan biri Fuada müraciət etdi.

Danışdığı uzun əhvalatdan sarsıntı hissi keçirən Fuad dilləndi:

– Özümü elə göstərdim ki, guya mən onu çoxdan unutmuşam. Əslində onu sevirdim. O, mənə çox yalvardı. Mənə bunun yalan olduğunu, ona böyük bir böhtan atıldığını, şəklin isə montaj olduğunu dəfələrlə dedi. Mənsə inanmadan öz bildiyimi real saydım. Nə vaxtsa bir gün bunun belə olacağını əvvəlcədən düşünürdüm. Çünkü Zeynəb dərsdən çıxan kimi harasa tələsik gedirdi. İçimdə şübhə doğuran suallar bu xoşagəlməz hallara cavab oldu. Günlər keçdikcə daha çox sarsılırdım. Aradan xeyli vaxt keçdi. Mənə onun rəfiqəsi bir gün dedi ki, Zeynəb də səni sevir.Amma sən onun sevgisinə layiq deyilsən.

Sən demə, Zeynəb dərsdən çıxanda işə gedirmiş. Evdəkilər maddi problemlərlə üzləş­diyindən o, işləməyə məcbur olmuşdu. İşlədiyi yerdə Arif adlı oğlan onun zəhləsini töküb ardınca düşürmüş. Kimliyini öyrənəndən sonra ona xoşagəlməz oyunlar qurur, şəklini montaj edirmiş. Bunlara səbəb isə Zeynəbin ona “yox” cavabı verməsi olmuşdur. Sevgi əleyhimə işləyirdi, günlərim ağır və mənasız keçirdi. Fikirlər içərisində keçirdiyim kədər hissləri beynimdə çaşqınlıq yaradırdı.

Bayaqdan əhvalatı səbirlə dinləyən Ziya soruşdu:

– Bəs nəyə görə sonradan onunla bir yerdə olmadın? Axı barışıq üçün əsas var idi. O, indi haradadır? Evlidirmi?

Fuadın yarasının sanki qaysağı qopdu. Üzünü bürüyən kədər hissi qəlbinin dərinlik­lərindən baş qaldıran duyğularının sönük işığında yol tapa bilmədi. İndi hər şeyin onun üçün adi bir hala çevrildiyini tamamilə dərk edən Fuad süst halda cavab verdi:

– Mən bütün bunların Zeynəbə böhtan oldu­ğunu gec bildiyimdən əvvəlki sevgidən yara­nan xoş anlarımı geri qaytara bilmədim. O da məndən yaman incimişdi. Artıq hər şey bitmişdir. O, hal-hazırda evlidir, üç uşağı var. Üzümə gülən tanışlar məni bu günə saldı. Dostlar, sevgi incə və zərif hissdir. Cəsarətli və təmkinli olun! Sevirsinizsə, mübarizə aparın!

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+23=
Hesaba giriş
Müəllif

Aqil Yaşaroğlu
Əlaqə
E-mail:
yazici.a@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.026 saniye