Bolşevizmlə nasizm arasında seçməli olsaydı, nasizmə üstünlük verərdi
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 22:07 11 yanvar 2016 tarixində əlavə olunmuşdur

Astrid Lindgren: Yaxşısı budur ömrümün qalan hissəsini “Hayl Hitler!” qışqırım.


Müharibə dövründən bəhs edən əsərlər yaratmış, məşhur “damda yaşayan Karlson” və “Uzuncorab Peppi” əhvalatlarının müəllifi, Astrid Lindgren bu günlərdə Almaniyada yayınlanmış gündəliklərində yazırdı ki, beş rus əsgərinin əlinə düşməkdənsə “Haly Hitler!” qışqırmaq daha şərəflidir. 

“Ah! Bu gün müharibə başladı. Heç kimin buna inanmağı gəlmir. Hələ dünən, Elzayla parkda oturmuşduq, uşaqlar ora-bura qaçışırdılar, bizsə rahat-rahat Hitleri söyürdük və özümüzü müharibənin olmayacağına əmin edirdik. Buyur bu da müharibə... ” – bunu 1939-cu ilin 1 sentyabrında  32 yaşlı Stokholmlu evdar qadın Astrid Lindgren qəhvəyi rəngli, dəri üzlüklü gündəliyində yazırdı.
O illərdə bu gənc qadının çiyinlərində bir-birinin ardınca baş vermiş minlərlə hadisənin yükü yığılıb qalmışdı: fermada böyümüş Astrid Ericsson 18 yaşındaykən jurnalist fəaliyyətinə başladığı qəzetin baş redaktorundan nikahdan kənar hamilə qalmışdı. Daha sonra o makinəçi, kitab satıcısı və katibə kimi çalışır. “İsveç avtomobil klubu”nda Sture Lindgredlə tanış olur, ondan bir oğlu dünyaya gəlir, kişi kostyumları və kepkaları geyinməyi tərgidir və “xanım-xatın” qadına çevrilir.
Ancaq kərə yağı almaq (o dövr İsveçdə kərə yağı talonla verilirdi) və Stokholmun günəşli, dəniz havasında cazibədar qadın olmaq qayğısı Astridi gerçəkləşdirə bilmədiyi yazıçılıq arzusundan bir gün belə ayrı sala bilmir.
Bu günlərdə Almaniyada çap olunmuş müharibə illəri qeydləri olan “Dünya ağlını itirib. 1939-1945-ci ilin gündəlikləri” yazıçının ilk qələm təcrübəsidir. Mətndən müəllifin üslubunun tədricən daha azad formaya düşməsi, kəskin təsvirləri və ironik bənzətmələri nəzərə çarpır.
Gündəliyin əvvəlində, dünyanı bürüməkdə olan çılğınlığın xronikası kimi qəzetlərdən kəsilmiş parçalar verilib. Təxminən, 1942-ci ildən başlayaraq gündəlikdə müəllif qeydləri ortaya çıxır. Sonuncu iki ildə isə (1943-1945) Lindgren gündəliklə paralel olaraq dünyanın ən güclü qızı Peppi Uzuncorab haqda roman yazır. Romanda Peppi hamıya hətta, gülməli sirk pəhlavanı Adolfa da qalib gəlir. Pepilotta (onun anası – mələk, atası isə zənci padşahı idi) ilk növbədə İkinci Dünya müharibəsinin uşağı idi. Yeri gəlmişkən, 2015-ci ilin noyabr ayında Lindgrenin ədəbi debütünün 70 yaşı tamam oldu.

Apokalipsisin xronikası ilk qələm təcrübəsi kimi

Astrid Lindgrenin ədəbi məşqləri üçün seçdiyi bu janrı, qismən də olsa, sənədli nəsr adlandırmaq olar. Bununla belə 1940-cı ildən başlayaraq Isveç xüsusi xidmət orqanlarının yazıların senzurası bölməsində çalışan yazıçı xeyli məlumata malik birisi idi.
Təəccüblü görünsə də, onun xatirələrində Avropa yəhudilərinin məhv olunması haqda təfərrüatlı və dəqiq bilgilər, konslagerlərdəki dəhşətlər və vəhşi müharibə səhnələri, çiçəklərlə dolu parklarda velosiped gəzintiləri, uşaqların Yeni İldə hədiyyələr alması və bayram süfrəsinin menyusu ilə növbələşirdi (“qızardılmış üç kilo yarımlıq donuz budu, ev paşteti, hisə verilmiş dana qara ciyəri, maral əti”). Yazıçının vətənində çoxları bu cür hərəkəti meşşanlıq və hətta ikiüzlülük sayırlar. Ədalət xatirinə, Lindgren belə tərzdə yazmağına həmin dövrdə müharibədə neytrallığını qorumuş İsveçin sakini olması ilə bəraət qazandırır: “Bu dəqiqə dünyada kim özünü bizim qədər yaxşı hiss edir?”. Həmçinin, Lindgren dünyanı bürüyən bədbəxtlikləri qoyub, nisbətən kiçik həyat uğursuzluqlarının dərdini çəkdiyini dərk edirdi. Axı, həmin dövrdə Lindgrenin həyatı alt-üst olmuşdu - əri başqa qadına vurularaq evdən getmiş – cəbhə arxasına doğru irəliləyirdi. “Qan su yerinə axır, insanlar əl-ayağını itirir, hər yerdən insanın əzablı ahları yüksəlir. Məni isə bu zərrəcə narahat etmir: məni ancaq öz dərdimi çəkməklə məşğulam”, - deyə 1944 ilin iyulunda Lindgren özünü tənqid edirdi.


Stalin Hitlerdən betərdir

Tezliklə gündəliyə tamam başqa mövzu yansımağa başlayacaqdı: Astrid Lindgren üçün İkinci Dünya müharibəsi – iki nəhəng bədheybətin, bolşevizm və nasizmin hesablaşması idi. Lindgrenə görə bu iki bəladan daha az zərərlisini seçməli olsaydı, nasizmə üstünlük verərdi: “Biz isveçlər üçün Almaniyanın zəifləməsinin bircə mənası var: ruslar boynumuza minəcəklər. İsveçdə rusları görməkdənsə, ömrümün qalan hissəsini “Hayl Hitler”! qışqıraram. Rusların buralara doluşmasında daha iyrənc bir şeyi təsəvvür edə bilmirəm”, – deyə 1940-cı ilin 18 iyununda Lindgren gündəliyində yazırdı.
Daha sonra o təsadüfən evində qonaq olmuş finlandiyalı qadının təsvir etdiyi həmin “rus işğalçılarının” vəhşiliyini yazır. Fin qadının təsvirində rusların uşaqları güllələməsi, fin qadınları zorlayıb çarmıxa çəkməsindən bəhs edir. “Tanrım, elə et ki ruslar bura gəlib çıxa bilməsinlər!” – deyə yazıçı fikrini yekunlaşdırır. Ancaq Lindgren inkişaf etməkdə olan hərbi vəziyyəti diqqətlə izlədikcə, fikirlərində kamillik hiss olunur. Belə ki, o Hitlerə nifrətinə baxmayaraq “almanlar arasında çoxlu alicənab adamlar var, başqa cür mümkün deyil” – deyə düşünür. Leninqradın blokadası isə müəllifdə oranın əhalisinə qarşı dərin rəhm hissi oyadır, bununla belə o hələ də rusları düşmən xalq kimi görməkdən çəkinmirdi: “Belə əzablara dözə bilmək üçün, gərək rus olasan!”, - deyə yazırdı. 
Gündəliyin sonuncu, sayca 17-ci dəftərdə yazılmış hissəsində, oxucu müəllifin müharibənin bitməsi ilə bağlı sevincinə şahid olur. Benzindoldurma məntəqələrinin yenidən açılmasından başlamış, kral ailəsinin Stohkolma geri qayıtmasına qədər hər şey yerli-yataqlı təsvir olunur. Sonuncu səhifələr 1945-ci ilin dekbarında yazılıb: “Mən özümə və hamınıza xoşbəxt yeni il arzulayıram – heç olmasa keçən ilkindən daha xoşbəxt olması ümüdiylə”.


Mənbə: www.dw.com

Çevirdi: Namiq Hüseynli


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+15=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.058 saniye