Salam... Sabah mənim 1-ci evlilik ildönümümdür.
Amma çox təəssüf ki, istədiyim kimi olmur. Həyat yoldaşımla bir-birimizi çox sevərək evləndik. Hər şey çox gözəl gedirdi.
Ta ki, 04.06.2015-ə qədər...
Ayaqlarımda qaraltılar yarandı. Yoldaşımın təkidi ilə xəstəxanaya getdik. Mən çox ciddiyə almırdım, inanmırdım ciddi nəsə ola. Qanım azdır deyə düşündüm sadəcə, amma həkim otağa girdikdə qan xərçəngi olduğumu bildirdi və dərhal xəstəxanaya yatırdılmalı olduğumu dedi. Bir az daha gec gəlsəydik, daha pis şeylər ola bilərdi - dedi...
Həmin gün xəstəxanaya yatdım. Elə həmin gün yoldaşıma: ''Boşanaq, get başqa qadınla ailə qur, buna haqqın da var, razılığım da'' - dedim. ''Niyə mənimlə əziyyəti çəksin ki?''- deyə düşündüm...
Amma yoldaşım mənə bu sözlərimdən sonra indiyədək sarılmadığı qədər bərk və daha hərarətlə sarıldı və ''Səninlə ancaq qəbirdə ayrıla bilərik'' - dedi...
Müalicəm başladı, bir dəqiqə belə başımdan ayrılmadı. Kənar palatalardakı xəstələr, bütün həkimlər də, artıq, hamısı onu tanıyırdı. Ağır dərmanlar səbəbi ilə çox əsəbi olmuşdum. Neçə dəfə onu acıladım, üstünə qışqırdım, amma o, bunların heç birinə cavab vermirdi, sakitcə baxırdı sadəcə. Onda anladım ki, Allah mənə bir həyat yoldaşı yox, əsl və ömrümün sonunadək bütün qadınların arzuladığı bir insan hədiyyə edib. Həmd olsun böyük Allahıma!