Bir şairin düşüncəsi, mövqeyi və davası mənim üçün hər zaman böyük önəm daşıyıb. Şairlər inqilabçı olmağa, mübarizə aparmağa borclu olmasalar da, əqidəsi uğrunda başını dik tutub dar ağacına gedənlər az deyil. Onlarla ad sadalamaq, misal çəkmək olar. Mən isə Pir Sultan Abdaldan yazmaq istəyirəm. Qürurla ölümün üstünə yürüyən Pir Sultandan...
Pir Sultan haqqında danışmazdan əvvəl istəyirəm onun mənsub olduğu ələvi təriqəti haqqında oxucularımıza müəyyən qədər məlumat verim. Ələvilik islam təriqətləri arasında geniş yayılan cərəyanlardan biridir. Müsəlman ölkələrinin bir çoxusunda, xüsusən də Türkiyə, Suriya, İraq, Pakistan, Misir və digərlərində bu cərəyanın tərəfdarları var.
Çox vaxt ələvilik təriqətini İslamın şiə məzhəbi ilə qarışdırırlar. Uzun illər Türkiyədə də insanlar ələviliyin şiəliklə eyni olduğunu düşünürdü. Hətta ələviliyi “əliəllahılarla” eyni xətt hesab edənlər də var. Halbuki, bu xətt artıq mövcud deyil.
Ələvilik şiəlikdən qaynaqlansa da sufi-təsəvvüf dünyagörüşü üzərində qurulub. Ələvilikdən ayrı olduğu düşünülən bəktaşilikdə ələviliyin bir qoludur.
Hacı Bəktaş Vəlinin yaratdığı bəktaşi təriqətinin mənsubları Osmanlı imperiyasının möhkəmlənməsində, Sultan Süleyman dönəmində isə Avropanın fəthində yaxından iştirak edib. Bəktaşilər Osmanlı ordusunda böyük nüfuza malik idi. 1826-cı ildə Osmanlı imperiyası yeniçərilərdən imtina edəndə Bəktaşi təriqəti də qadağan edildi.
Həm Türkiyədə həm də islam dünyasında bir çox məhşur adamlar bu təriqətin mənsubu olub.
Çox maraqlıdır ki, dünyaya meydan oxuyan, öz xalqını qırğına verən Bəşər Əsəd də ələvi təriqətinə mənsubdur.
Ələvilik Allah, Məhəmməd və Əlinin müqəddəsliyini qəbul edən, şiələrin birinci imam kimi qəbul etdiyi dördüncü xəlifə Əlinin görüşlərini inanc sistemində qabardan təriqətdir. Bu yolda olanlar ələvi sayılsa da bəktaşilik və qızılbaşlıq da ələviliyə aid təriqətdir. Ələvi təriqətinin əsasında 4 qapı və 40 məqam sistemi var. Ələviliyə görə, 4 qapı sıralama olaraq şəriət, təriqət, mərifət və həqiqətdən ibarətdir. Hər bir qapının 10 bölümü var ki, bu da 40 məqam sayılır. Ələvilik cərəyanında saz xüsusi önəm daşıyır. Saz və aşıq ələvi ibadətinin ayrılmaz hissəsidir. Demək olar ki, bütün mərasim və ibadətlərdə sazdan istifadə edən ələvilərin gündəlik həyatında sazın xüsusi yeri var. Hətta ələvilərin günahdan təmizlənmə ayinində, Səma mərasimində saz mühüm rol oynayır.
Ələviliyin ən böyük atributu Cəm evləridir ki, bu artıq ayrı bir söhbətin mövzusudur.
Ələvi-bəktaşi ədəbiyyatı və
Pir Sultan Abdal
Türk ədəbiyyatının formalaşmasında ələvi-bəktaşi təkkələrində yetişmiş ozan və şairlərin danılmaz rolu var. Bəktaşi-ələvi şairlərinin yaradıcılığı həm şiəliyin, həm bəktaşi-ələvi təfəkkürünün araşdırılması baxımından çox önəmlidir. Bu sahədə araşdırma aparan elm adamlarına yeganə maneə, adaş şairlərdir. Bəktaşilikdə bir neçə adam eyni təxəllüsü istifadə edə bilərdi. Ona görə də ortada olan mətnlərin kimə məxsus olması çox zaman sual yaradır. Amma ələvi-bəktaşi şairləri ilə öz xarizması və düşüncə tərzi ilə seçilən bir çox şairlər var ki, onların yaradıcılığını araşdırmaq asandır. Bu şairlərin ən məşhuru Pir Sultan Abdaldır. Pir Sultan Abdalın 1510-1590-cı illər arasında yaşadığı ehtimal olunur. Ancaq bu tarix dəqiq deyil.
Pir Sultan indiyə qədər dəfələrlə araşdırılmış, haqqında kitablar yazılmış böyük şair və ürfan adamı olmaqla yanaşı, həm də üsyan başçısıdır. Onun rəhbərlik etdiyi üsyan haqqında Osmanlı tarixindən bəhs edən kitablarda heç bir məlumat olmasa da, onun şeirləri bu üsyana ciddi şəkildə işıq tutur.
Əsl adı Heydər olan və Sivas vilayətinin Banaz kəndində doğulan bu böyük şair eyni zamanda ünlü təriqət şeyxi sayılırdı. Banazda bu gün də, Pir Sultana məxsus bir ev, qarşısında şairin yaşadığı dövrdən qalan söyüd ağacı, ağacın altında, inanca görə əsasının ucuna taxıb Xorasandan gətirdiyi dəyirman daşı var. Pir Sultan yazda, gözəl havalarda bu daşın üstündə oturub arvadıyla söhbət edərmiş. Kəndlilər bu evi, ağacı, daşı müqəddəs sayırlar.
Onun yaşadığı dövr Osmanlı imperiyasında Sultan Suleymanın, Səfəvi imperiyasında isə Şah İsmayılın oğlu Şah Təhmasibin hakimiyyətdə olduğu dövrdür. Osmanlıya müxalif olan Pir Sultan şeirlərində və qoşqularında Şah İsmayılı mədh edirdi. Eyni zamanda onun şeirlərində Təhmasib şahın da adına rast gəlmək mümkündür.
Pir Sultan Abdal haqqında çox maraqlı rəvayətlər həm yazılı ədəbiyyatda, həm də xalqın dilində çox geniş yayılıb. Rəvayətlərdən birində deyilir ki, Pir Sultan ocağının dərvişləri arasında Sofular kəndindən gəlmiş çox imanlı bir dərviş varmış. Pir Sultana könlünü vermiş, Xızır adlı bu dərviş eyni zamanda Pir Sultanın təkkəsində çox sevilən bir insan imiş. Bir gün Xızır Pir Sultanın yanına gəlib İstanbula gedib elm öyrənmək istədiyini bildirir. Təriqət haqqında kifayət qədər məlumata sahib olan Xızırın İstanbula getmək arzusu Pir Sultana qəribə gəlir. Şahidlərin dediyinə görə Pir Sultan Xızıra üz tutub belə deyir: “Sən İstanbula gedib elm oxuyacaq, paşa, hətta vəzir olacaqsan. Ancaq bütün bu mərtəbələri qazandıqdan sonra öz mürşidini asmaq üçün gələcəksən”.
Xızır mürşidinə etiraz edir və bunun qeyri-mümkünlüyünü bildirir. İllər sonra, İstanbulda oxuyub elm sahibi olan, bəylərbəyi vəzifəsinə təyin olunan Xızır Paşa mürşidi Pir Sultanın qaldırdığı üsyanı yatırmaqla görəvləndirilir. Sultanın əmrini yerinə yetirən Xızır Paşa üsyanı yatırır və mürşidini həbs edir. Pir Sultan Abdal Torpaq qalasında məhbusluqda olarkən haqqında Sultanın ölüm fərmanı gəlir. Xızır Paşa köhnə mürşidinin həyatını qurtarmaq üçün ondan “Şah” kəlməsi olmayan üç nəfəs (Üç bəndlik şeir) deməsini istəyir. Çünki Sultan və saray adamları “Şah” kəliməsinin yalnız düşmənləri səfəvi hökmdarları ilə bağlayırdılar. Halbuki, Pir Sultanın şeirlərindəki “Şah” kəliməsi İmam Əlinin vəsfidir. “Şah” yəni, Şahi-Mərdan Əli (Mərdlərin şahı).
Onu asdılar
Xızır Paşa mürşidini asdırsa da, Pir Sultan Abdalın dar ağacı altında söylədiyi məhşur şeir hələ də dillərdə dastandır:
Xızır Paşa bizi bərdar etmədən
Açılın qapılar, Şaha gedəlim.
Siyasət günləri gəlib çatmadan
Açılın qapılar, Şaha gedəlim.
Pir Sultan üsyanı haqqında heç bir məlumat olmsa da, Osmanlı tarixində bir neçə Xızır Paşa adlı dövlət adamı olub. Bunlardan yalnız biri rəvayətdə adı çəkilən Xızır Paşaya uyğun gəlir. 1560-1567-ci illərdə Bağdaş valisi Xızır Paşa böyük ehtimalla Bağdada gedərkən yolüstü Sivasa da dönmüş və Pir Sultanın rəhbərlik etdiyi üsyanı qanla boğmuş, mürşidini də dar ağacından asmışdı.
Pir Sultan Abdal əfsanələşdirildiyi üçün onun üsyanı da, ola bilsin ki, xalq üsyanının, etirazının simvoludur. Hətta asılması da tarixi fakt yox, əfsanə hesab edilir. Əgər Pir Sultan Abdal edam olunubsa da, bu edam səhnəsi haqqında danışılan əfsanələr çox qabardılır. Bəzi alimlər onun şeirlərindəki “Şah” kəliməsinin hər zaman İmam Əliyə müraciət olduğunu qəbul etmirlər. Ancaq araşdırmaçılar Pir Sulatanın xalqı osmanlı əleyhinə qaldırdığını, hətta üsyana rəhbərlik etdiyini israrla yazırlar. Ona görə də, bəzi məqamlarda bu müraciətin Təhmasib şaha ünvanlandığı açıq aydın hiss olunur:
Yürüyüş eylədi Urum üstünə
Əli soylu gözəl İmam gəliyor...
Böyük Heydər, Şah-ı Cahan torunu
Əli soylu gözəl İmam gəliyor...
Bu misralarda söhbət Şah İsmayılın oğlu, Şeyx Heydərin nəvəsi Şah Təhmasibdən gedir. Əgər belədirsə, siyasi baxımdan Osmanlı dövlətinin Pir Sultan haqqında edam hökmü çıxarmasını tamamilə ədalətsiz hesab etmək düzgün deyil. Amma bu edamı gerçəkləşdirən Xızır paşa haqqında danışarkən istər-istəməz onu qınamaya bilmirsən. Bəlkə də, türk-islam tarixində mürşidini qətlə yetirən tək-tük müridlərdən biridir Xızır Paşa. Bu gün Sivasda beş metr uzunu, iki metr eni olan təpəni Pir Sultanın məzarı hesab edirlər. Əfsanəyə görə onu asıldıqdan sonra Xızır Paşanın əmri ilə daşqalaq ediblər.
Yaradıcılığı
Sözsüz ki, biz Pir Sultan Abdala siyasi və dini baxımdan qiymət vermək fikrindən uzağıq. Onun edamı haqqında yayılan kədərli əfsanələrin təsirinə də düşmək fikrində deyilik. Dövrümüzə qədər gələn şeirlərindən hiss olunur ki, Pir Sultan şair kimi rəvan təbə və bənzərsiz istedada sahib olub. Hansı təriqəti və siyasəti dəstəkləməsindən asılı olmayaraq biz bu böyük ürfan və söz adamının acınacaqlı taleyi və ibrətamiz həyat hekayəsini oxuculara çatdırmaqda və tanıtdırmaqda maraqlıyıq.Osmanlı düşmənçiliyi və Səfəvi heyranlığı birbaşa Pir Sultanın mənsub olduğu təriqətlə bağlı idi. Çaldıran döyüşündən sonra xeyli gücünü itirmiş Səfəvilər, Osmanlıda yaşayan ələvilərin ümid yeri idi. Siyasi olaraq sərhədlərini genişləndirməyi düşünən Osmanlı dövləti üçün Pir Sultan kimi böyük təriqət adamları ciddi təhlükə hesab olunurdu.
Onun şeirlərindəki mistika və ruhaniyyət o qədər güclüdür ki, oxuyarkən təsirinə düşməmək mümkün deyil. Bəlkə də bu səbəbdən Türkiyənin ələvilər yaşayan bölgələrində, məclislərdə saz havaları üstündə oxunan şeirlərin böyük əksəriyyəti ona məxsusdur. Ən önəmli detalllardan biri də budur ki, Pir Sultan Abdal türk ələvilərin və şiələrin qəhrəmanı olaraq tarixə düşüb.
Kiçik bir yazıda Pir Sultan Abdal haqqında geniş məlumat vermək imkanımız olmasa da, böyük ələvi şeyxini və təsəvvüf şairini sizə az da olsa tanıtmağa çalışdıq. Bəlkə də, Xızır paşalar Pir Sultanları asmasaydı, tarixin təkəri başqa cür fırlanardı...
Cəlil Cavanşir, Kulis.az