Boz Qırmızı dəniz
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 11:17 08 fevral 2016 tarixində əlavə olunmuşdur

Gecə saatları olduğu üçün gözləmə zalında sərnişinlərin hərəsi bir tərəfdə mürgüləyirdi. Əlimdəki soyuq şüşənin üstündə yaranan su damcıları ilə ara-sıra yorğunluqdan yumulan gözlərimi silirdim ki, yuxu aparmasın. Hiss edirdim ki, arada qurtumladığım pivə mənə yuxu gətirir. Oturduğum yerdən durub şüşəni qarşıdakı zibil qabına atıb yerimə qayıdanda arxadan bir səs eşitdim.
- "Siz nə edirsiniz!? Atam bunu görsəydi bərk əsəbiləşərdi".

Geri çevrildim. Nəzərləri ilə zibil qabına işarə edib təəccüb dolu baxışlarımı cavablandırmağa tələsmir, bic-bic gülümsünürdü.

- Bizim kişilər şüşəni boşaltmayınca heç vaxt onu atmazlar. Atam onu yarıyacan dolu halda atdığınızı görsəydi deyinərdi. O, düşünür ki, bu bədbəxtlik gətirir.

Təbəssüm bir insana ancaq bu qədər yaraşardı. Kül rəngi uzun saçları, parıltılı mavi gözləri, ağbəniz, azca qıyıq gözləri olan bir qız idi. Dodaqlarını bir-birinə sıxıb sanki gülməmək üçün özünü zorla saxlayırmış kimi, məsum nəzərlərlə gözlərimin içinə baxırdı. Üzünə tökülmüş saçları, yanağına batan qəmzəsi çöhrəsinə füsunkar bir gözəllik qatırdı. Əynində ağ qısaqol köynək, açıq mavi rəngli cins şalvar vardı. Üşüyürmüş kimi qollarını bir-birin sıxıb skamyada arxalanmışdı.
Mən çox gözəl qadınlar görmüşdüm. O, bir başqa idi. Üzündə bir körpə məsumluğu vardı. Gözlərindəki parıltı və zərif təbəssümü iri qırmızı dodaqlarına və zərif cizgilərinə möhtəşəm bir rəng qatırdı.

Gözlənilməz və qəribə bir həyəcan idi. Nə deyəcəyimi, söhbətə hardan başlayacağımı bilmirdim. Boğazımda ilişib qalan sözləri səsə çevirnmək ilk dəfə bu qədər çətin görünürdü.

Özümü toparlayıb - “İsinmişdi. İsti olan heç nəyi içə bilmirəm” deyə bildim.
- Arada siz yuxu aparmışdı. Hətta bir müddət qəribə xırıltıyla nəfəs alırdınız – söyləyib yerindən qalxıb mənə yaxınlaşdı.

- Mən də yorulmuşam, səhərdən İstanbulu gəzirdim. Təəssüf ki, vaxtım az idi. Bilirsiniz?! Əslində Kiyevdən "Şarm-əl-Şeyxə" birbaşa reys vardı, mən özüm İstanbulu görmək üçün bu reysi seçdim. İlk dəfədir İstanbuldayam. Baxmayaraq ki, çox yorulmuşam, ancaq bu şəhəri gördüyüm üçün xoşbəxtəm.
- Kiyevdənsiniz?! - ağlıma gələn sual ancaq bu oldu.

- Xeyir, Xarkovdan. Bəs siz hara uçursunuz?!

- Eyni yerə gedirik. Mən isə hava limanından çəxmadım. Böyük və səs – küylü şəhərləri sevmirəm. İri şəhərlər məni tez yorur. İstanbulda çox olmuşam. Bu səbəbdən gözləmə zalında yuxulamağa qərar verdim – deyib oturacağın üstünəə qoyduğum əl baqajını götürüb – “Minik başlayıb, biz getməliyik” dedim.
305-ci qapının personalından minik kartını alıb trapla təyyarəyə doğru irəlilədim. Hündür boylu əsmər bir xanım yorğun və süni bir təbəssümlə təyyarənin girişində qarşılayıb karta baxıb - "Sağ tərəfdə 12 A" deyib kartı mənə qaytardı.
Təyyarədə yerlərin çoxu boş idi. Başımı illüminatora söykəyib yuxulamaq istəyirdim ki, arxadan - "Eyy olar mən sizin yanınıza keçim?! Burada darıxıram". İki oturacağın arasında parıldayan dəniz mavisi gözlərini gördüm və pıçıltı ilə - "Ancaq gərək bunun üçün icazə alasınız" : dedim.

Stüardessa onun yerini dəyişməsinə etiraz etmədi...

-Mən Annayam!

- Mən də!

- Anlamadım?! Sizin də adınız Annadır?

- Xeyir çaşdım. Məmnun oldum deyəcəkdim.

Çaşıb axmaq cavab verdiyim üçün utandığımdan gözlərimi qızın gözlərindən qaçırdım.

Anna sıxıldığımı hiss edib daha mülayim bir tonda mənə tərəf çevrilib – “20 yaşım olsa da ilk dəfədir ölkə xaricinə gedirəm. Düzünü desəm həyəcanlıyam. Qırmızı dənizi görməyi həmişə arzulamışam. Siz heç onu görmüşünüz?
- Görmüşəm!

- Mən isə şəkillərdə görmüşəm.

- Təyyarəmiz Aralıq dənizinə düşməsə sabah yəqin ki, öz gözlərinizlə də görəcəksiniz.
Cavabım onu qorxutmuşdu. Qıyıq gözlərini daha da qıydı və dodaqlarını büzüb – “Belə danışmayın mən qorxuram!” dedi.

- Zarafat edirəm. Ehtimal nəzəriyyəsinə görə, bizim avtomobildə, qatarda və gəmidə ölmək ehtimalımız təyyarə qəzasında ölmək ehtimalından daha yüksəkdir. Odur ki, canınızı sıxmayın.

Anna geriyə söykəndi. Qarşısındakı monitora gözlərini zilləyib susdu. Bir neçə saniyə sonra sola çevrilib - Əslində mənim tələbə təqaüdümlə heç Odessaya da getmək mümkün deyil. Bu səfəri 1 ildən çoxdur internetdə dostluq elədiyim birisi mənim üçün təşkil edib. Valideynlərim razı olmurdular. Sonunda onları yola gətirə bildim - dedi.

Gənc qızın belə bir riskli qərarından təəccüblənsəm da bacardıqca soyuqqanlı görünməyə çalışırdım.

Asta səslə - “Bəs ilk dəfə üçün niyə belə bir risk? Özü də tək?” : soruşdum.
Biz uzun zamandır bir-birimizi tanıyırıq. O, mənim dostumdur. Çox ağıllı, çox alicənabdır. Oxumuş birisidir. Düzdür o, rusca bilmir. Biz ingiliscə danışırıq. Hətta mənə ərəbcə çoxlu söz öyrədib. Hamısını yazmışam. Yəqin ki, işimə yarayar?! Onu Şarmda hər kəs tanıyır. Məşhur kompüter mühəndisidir...

Stürdessanın - "Kim nə içəcək sualı" Annanın sözünü yarımçıq qoydu.

- Mənə viski. Kola ilə zəhmət olmasa.

Stürdessanın mənim susduğumu görüb bu dəfə əvvəlkindən fərqli olaraq səmimi bir təbəssümlə - "Hər halda xanımın viski sifarişindən sonra siz süd istəməyəcəksiniz?!" sualı hər kəsi güldürdü.

- Əslində kofe deyəcəkdim, ancaq bu sualdan sonra utanıram. Yaxşısı budur mənə şərab verin.

- Türk, ya fransız?!

- Özünüz hansından içirsiniz?

Stüardessa əlini Annanın qarşısındakı oturacağa qoyub azca mənə tərəf əyilib pıçıltı ilə - "Təəssüf ki, bizə işdə içməyə icazə verilmir. Məncə siz qırmızı fransız şərabını bəyənəcəksiniz?!"

- Zəhmət olmasa...

Annanın valideynləri Xarkovda yaşasa da, özü Kiyevdə memarlıq fakültəsində ikinci kurs tələbəsi idi. Rəfiqələri ilə yataqxanada qalırdı. Valideynlərinin qazancı az olduğu üçün reklam şirkətində saat hesabı işləyirdi. Valid adlı misirli kompüter mühəndisi ilə "facebook"da tanış olmuşdular. Valid onun bütün səyahət xərclərini qarşılayaraq "Şarm-əl Şeyxə" dəvət etmişdi. Səfərə daha çox atası etiraz etsə də, sonunda onu razı sala bilmişdi.

Necə yuxuya getdiyimi xatırlamırdım. Stüardessa bizi oyadanda Annanın başı mənim çiynimdə idi. Onu da bərk yuxu aparmışdı. Gözlərini ovub – “Deyəsən çatırıq?” deyə soruşdu.

Yerli vaxtla səhər saat 04.15 idi. Biz hava limanından çıxıb taksilər dayanan parka yaxınlaşanda qara rəngli "Toyota"dan orta boylu, keçəl, girdə gözləri olan qarayanız 25-30 yaşlarında eynəkli oğlan düşüb bizə yaxınlaşdı. Əvvəlcə Annaya əl uzatdı, sonra isə qucaqlaşıb görüşdülər.

Bu Valid idi. Qəribə və qəzəbli baxışları vardı. Mənimlə salamlaşmadı, qızın baqajını götürüb başına qoydu. Cipin arxa oturacağında üzləri aydın görünməyən daha iki nəfər gördüm. Qaranlıq olduğu üçün üzlərini dəqiq seçə bilmirdim. İçimdə bir səs sanki pis bir şeylərin baş verdiyini söyləyirdi. Anna vidalaşmaq üçün mənə yaxınlaşanda tez arxa cibimdən pul qabını çıxarıb içərisindən bir vizit kartı götürq onun ovucuna sıxdım.

- Qulaq as mənə Anna. Burada mənim nömrəm var. Sonuncu nömrəm açıqdır. Bu ölkələrdə qadın dəyərsizdir. Onunla əşya kimi rəftar edirlər. Bütün hallarda ehtiyatlı ol. Əgər çətinə düşsən məni axtar. Ümid edirəm ki, buna gərək olmayacaq. Yenə də ehtiyatlı ol.

Anna Validin əsəbi baxışlarından çəkinirmiş kimi heç bir cavab vermədi, sadəcə gülümsündü. Kartı əl çantasına qoyub, mənimlə tələsik sağollaşıb maşına mindi...

Mən otelə çatanda səhər açılırdı. Yarıyuxulu və əzgin görünən otel işçiləri məni çox gözlətmədilər. Qeydiyyatdan keçib nömrəyə yollandım. Yorğun olduğum üçün günortayacan yatmışdım. Yuxudan oyanandan sonra da qəribə bir əzginlik hiss edirdim. Çıxıb şəhərdə gəzmək istəsəm də, yerimdən qalxmağa ərinirdim. Fikirləşdim ki, qarşıda 13 gün vaxtım var və ilk günü oteldə dincəlsəm bir şey olmaz. Gəzinti fikrindən daşındım.

Axşam yeməyindən sonra hovuz kənarında dincəlməyi düşünsəm də yanımda uzanmış norveçli cütlüyün mübahisəsinə qulaq şahidliyi etməli oldum. Orta yaşlı qırmızı burun hündür sarışın kişi siqar çəkirdi, nisbətən gənc, arıq bədənli, çilli sifəti qırmızı gödək saçları olan qadın isə siqarın ziyanlı olduğunu və tüstüsünün məni narahat edə biləcəyinə deyinib ərinə irad tuturdu. Kişi isə onun sözlərinə məhəl qoymur, əlindəki bardaqdan cini qurtumlayır, arada siqardan bir qullab vururdu.
Xanımın narahatlığına son qoymaq üçün – “Siz narahat olmayın. Ara - sıra tütün qoxusunu hiss etmək mənim xoşuma gəlir” : dedim.

Qadın qaşlarını çatıb yalançı təbəssümlə üzümə baxırdı. Kişi cəld yerindən çevrilib yanındakı sarı çantadan siqar qabını çıxarıb, içərisindən bir siqar götürüb mənə uzatdı.

- Təşəkkür edirəm, ancaq mən bunu çəkə bilmərəm.

- Soyuqqanlı tərzdə təmkinini pozmadan – “Mən sizdən bunu çəkməyi istəmirəm, sadəcə yandırın tüstüləsin. Axı tüstünün qoxusu xoşunuza gəlir?!” : dedi.
- O, zaman bunu yandırmaq üçün mənə bir şey verin - deyəndə kişinin üzündə xoş bir təbəssüm yarandı. Geri çevrilib çantasından qayçıya bənzər qəribə qara bir şey çıxarıb mənə doğru uzadıb - "Əvvəlcə kortaperillas, sonra alışqan" dedi. Həmin gün ilk dəfə öyrəndim ki, kortaperillas siqarın sonluğunu kəsmək üçün istifadə edilən qayçıya deyilir.

Bunu görən qadın yerindən qalxıb sağ əlini ərinin çiyninə söykəyib onun alnından öpdü.

- Sən ağ ciyər xərçəngindən öləndən sonra mən daha gənc birinə ərə gedəcəm. Odur ki, istədiyin qədər çəkə bilərsən.

Qadının sözü kişini güldürdü. Yerindən qalxıb xanımını qucaqladı. "Sən heç vaxt bunu etməzsən mən bilirəm"- dedi.

Çox yaraşırdılar. Qadının gözlərində ərinə qarşı sevgi, nəvaziş, bir qayğı vardı. Kişi isə bundan həzz alırmış kimi arxayın və məğrur dururdu.

Telefon zənginin səsini eşitdim. Misir nömrəsi idi. “Axı kimsə mənim nömrəmi tanımır” fikirləşdim. Dəstəyi qaldıranda bir qız ağlaya-ağlaya - "Mən Köhnə Bazar"ın girişindəyəm. Xahiş edirəm bura gəlin, çox qorxuram -dedi.

Anna idi, ağlayırdı, səsi titrəyirdi.

- Anna nə olub? Bu kimin telefonudur - soruşdum?!

- Tanımadığım birindən xahiş etmişəm. Çox danışa bilməyəcəm. Çox pisəm. Sizi bazarın girişində gözləyirəm. Ehtiyacım var.

Danışmağa belə çətinlik çəkir, hıçqırır və tez-tez burnunu çəkirdi. Gözlənilməz zəngdən çaşıb qalmışdım. Özümü tirmişdim. Əlimdəki siqarı kişiyə qaytarıb qəribə nəzərlərlə mənim danışığımı seyr edən cütlüklə sağollaşıb otağa keçdim, tələsik əynimi dəyişib oteldən çıxdım. Yolun qarşısında dayanmış taksilərdən öndə duranına minib - “Köhnə Bazar”a gedəcik : dedim.

"Köhnə bazar" şəhərin tanınmış və qələbəlik bir yeri idi. Hər zaman turist qaynayırdı. Taksidən düşüb insanlar içində Annanı axtarırdım. Gördüm ki, qoşa giriş qapısının bir küncünə sıxılıb qorxu dolu baxışları ilə insanları seyr edir. Məni görcək qaça-qaça mənə çatıb dayandı. Əvvəlcə qucaqlamaq istədi. Sonra bir addım geri çəkilib əllərini üzünə tutub hönkürtü ilə ağlamağa başladı.
Ona yaxınlaşıb - “ Sakitləş! Heç nə danışma” deyib hər iki əlini ovucumun içinə aldım. Əlləri buz kimi idi. Bütün vücudu titrəyirdi. Üzündəki bütün rənglər bir-birinə qarışmışdı. Ağlamaqdan gözlərinə qan sağılmışdı, qırmızı dodaqları göm-göy idi.

- Anna ağlaya - ağlaya sinəmə sıxılıdı - "Yalvarıram sənə məni evə göndər, elə bu gün, indi məni evə göndər". Bütün əşyalarım onun evində qaldı. Mən telefonumu və pasportumu götürə bildim. Qorxuram, onlar mənə dedilər ki, polisə getsəm məni öldürəcəklər. Silahları vardı. Xahiş edirəm məni evə göndər. Məni hava limanına apar yalvarıram sənə, burada qalmaq istəmirəm.

Mənə elə gəlirdi ki, o, bir az daha ağlasa havalanacaq...

Biz hava limanına çatanda gecə yarıdan keçmişdi. Məlumat bürosundan öyrəndim ki, Kiyevə uçan təyyarə səhər saat 06.45-də qalxır. Yaxınlıqdakı kassadan Annaya bilet alıb, gözləmə zalına keçdik. Qorxmuşdu, bir saniyə belə əlimdən buraxmırdı. Danışa bilmirdi. Onun üçün aldığım heç nəyi yemədi, sudan bir iki qurtum içib xırıltılı səslə - "Mən yatmaq istəyirəm. Yatmaq! Yatıb hər şeyi unutmaq. İcazə verirsən başımı sənin dizinə qoyub yatım?!".

Səhər açılırdı. Anna dizlərimdə uyumuşdu. Səssiz, hərəkətsiz. Elə bil cansız idi. Son ana kimi onu oyatmağa qorxurdum. Yuxularında xoşbəxt idi. Üzündəki qorxu yox olmuşdu. Ara sıra gülümsünürdü. O, evlərində idi. Anasının - atasının yanında.

Səhərəcən yata bilmədim. Həmin gün zorlanan dizlərimdə uyuyan gənc qızın günahkar bədəni yox, elə günahın özü idi. O, gün dostluğu, inamı, güvəni zorlamışdılar. Bir qızın dünyanı, insanları tanımaq arzularını, onun yad insanlara güvənərək yaşamaq xəyallarını zorlamışdılar. Başqa inancın sahiblərini əxlaqsız hesab edən həmin kəslər o, gün həm də öz əxlaqlarını, vicdanlarını və onlar üçün müqəddəs olan hər şeyi zorlamışdılar.

Biz vidalaşarkən belə gözlərimin içinə baxmağa utanırdı. Boynumu qucaqladı. Nə isə demək istəyirdi, amma bacarmadı. Gözlərindən axan yaşları silib başını köksümə sıxıb sadəcə - “İnan mənə. Hər şey yaxşı olacaq Anna” deyə bildim...

Hava limanından çıxdım. Bütün küçələr dar, bütün otaqlar qaranlıq, bütün təbəssümlər ümidsiz idi. İnsanların qəhqəhəsi zorlanan bir qızcığazın iniltisini xatırladırdı. Həyatı heç vaxt bu qədər rəngsiz görməmişdim. Onun bütün rənglərini Annanın göz yaşları yuyub aparmışdı.

Uzun zaman gözləsəm də Annadan bir xəbər almadım. Onu son gördüyüm gündən iki aydan çox vaxt keçmişdi. Dekabrın ilk bazar günü hava bərk soyuq olduğu üçün bütün günü evdə olmuşdum. Axşama yaxın naməlum nömrədən zəng gəldi. Danışan bir kişi idi. Ruscasından hiss edilir ki, əslən ukraynalıdır.
Alo! Salam. Siz məni tanımırsınız. Ancaq mən sizi tanıyıram?. Əslində sizə çoxdan zəng etməliydim. Ancaq olanlardan sonra toparlanmağımız çətin oldu.

- Sizi anlamlram?!

- Mən Annanın atasıyam. Qızım bizə hər şeyi danışmışdı. Əslində gec də olsa sizə təşəkkür etməli idim, amma...

Kişinin sözünü yarımçıq kəsib tələsik - Mən Annanın zəngini gözləyirdim. O, indi necədir?! Hardadır?! deyə soruşdum.

Telefonun o biri başında kişinin xırıldadığını eşitdim. O, sadəcə hıçqırır, heçnə demirdi.

Uzun fasilədən sonra özünü ələ alıb sözlərinə davam elədi - Bilrisiniz mən yaxşı ata deyiləm. Bunu çox gec anladım. Çox gec. Mən öz balaca mələyimi qoruya bilmədim. Başa düşürsünüz məni? Qoruya bilmədim. Annaya yaxşı ata ola bilmədim. İndi bunları danışmaq əhəmiyyətsizdir. Bütün hallarda mən sizinlə danışmağa borclu idim. Artıq Anna bizim aramızda deyil. Mənim pişiyim daha bizilərin arasında yoxdur. O, hər şeydən vaz keçdi. O, bizlərdən anasından, atasından arzularından, xəyallarından və sonunda həyatından vaz keçdi. Mənim qızım qayıdandan bir həftə sonra özünə qəsd elədi.

Telefonu var gücümlə qulağıma sıxmışdım. Mənə elə gəlirdi ki, onu saxlamağa gücüm çatmır. Əllərim titrəyirdi. Boğazımda düyünlənən qəhər məni boğur, otaqdakı bütün əşyalar başıma fırlanırdı.

Kişinin dəli bir hönkürtüsünü eşidirdim. Bu səs o, zamana kimi eşitdiyim ən qorxunc fəryad idi. O, çətinliklə də olsa özünü ələ alıb : “Bir şeyi də deyim ki, mən heç vaxt yarıyacan dolu içki şüşəsini atmağın bədbəxtlik gətirdiyini söyləməmişəm. Bunu o, özündən uydurmuşdu. Qoy tanrı sizi qorusun. Biz sizi heç zaman unutmarıq. Əlvida!” deyib mənim nə söyləyəcəyimi dinləmədən dəstəyi asdı. Elə bil ki, heç nə deməyəcəyimi, deyə bilməyəcəyimi hiss etmişdi...

Xəyallarımdakı Qırmızı dəniz həmişəki kimi sakit və saxtakar idi. Əslində o, heç vaxt qırmızı olmamışdı. Həmin günəcən Annanın gözləri kimi dəniz mavisi olan Qırmızı dəniz düşüncələrimdə bomboz bir rəngə boyanmışdı. O, gün qarşıma çıxan bütün qadınlar məsum Annanı, bütün kişilər isə iyrənc və günahkar Validi xatırladırdı.

Mən daha heç vaxt Qırmızı dənizin boz sahillərinə qayıtmadım.

Annanın əbədi xatirəsinə...

Əli Məhərrəmli


Bakı. 7 fevral 2016

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+32=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0399 saniye