Bretzel diametri 10-15 sm və Almaniyanın Bavariya əyalətinə xas olan çörək növüdür. Bretzelin tərkibi buğda unu, bitki mənşəli yağ, süd, cücərdilmiş buğda və çörək mayasından ibarətdir, üstünə zirə səpilir. Dənizçi düyününə bənzər formaya malikdir. Üzərinə həmçinin, iri duz səpilir və bu şəkildə yeyilir. Bageldən daha yumşaq olur və ağızda dağılır. Xüsusilə, Bavariyada hər il təşkil olunan ənənəvi "Oktoberfest" pivə festivalı ərzində bretzelə tələbat yüksək olur.
Dəqiq olmayan məlumata görə bretzel 610-cu ildə İtaliyada bir keşiş tərəfindən monastırda dualarını əzbərləyən uşaqlara mükafat olaraq verilirdi. Tarixi sənədlərə əsasən bretzelin təsvirinə 1111-ci ilə aid Cənubi Almaniyada yerləşən çörəkçi gildiyalarının emblemində rast gəlinir.
Almaniya və Avstriyada çox sevilən bretzelin şöhrəti Amerikaya da çatmışdır. Hazırda ABŞ bretzelin ən çox istehlak edildiyi ölkələrdən biridir. Amerikalı bretzel zənciri "Auntle Anne's"in 2007-ci ildə satışlarının 300 milyon dollar olması bunun göstəricisidir.