Bu gecə yuxuma qar yağacaq…
Muzafferus tərəfindən "Hekayə" bolməsinə 10:44 17 iyul 2017 tarixində əlavə olunmuşdur

Xəstə yatağında keçirtdiyi ayların sayını itirmişdi 8 yaşlı uşaq. Hələ həyat onun üçün indi başlamırdımı? Bəlkə həyat budu elə: xəstələr və onları ziyarət edən yaxınları, birdə xəyallarındakı uzaq şəhərlər. Bütün dünya bundan ibarətdi? “Dünya” deyə adlandırdıqları gördükləri və xəyal edə bildikləridirmi sadəcə? Uşaq idi, bu haqda heç düşünmürdü. Gözlərindəki solğunluqdan həyata qarşı olan küskünlüyü hiss olunurdu.

İkil il əvvəl… Hələ təzə-təzə ətrafı anlamağa başlayırdı. Hələ də xatırlayır, pəncərənin qarşısında oturub həyətdə qaçışan yaşıdlarına baxırdı. Atasını işdən gəlməyini gözləyirdi. Bərabər həyətə düşəcəkdilər. Qar yağırdı. Atasıyla birgə qarla oynayacaqdı. Ərdəbilə hər deyəndə qar yağmır. Bəlkə çox az, gec-gec yağdığından bu qədər sevilirdi? Həyat da belə deyilmi, nəyin ömrü azdırsa, daha çox sevilər.

Həkim gəlib həb və bir stəkan su verdi sağalmayacağını bildiyi xəstə uşağa. Anası daxil oldu otağa, üzünü sığallayıb öpdü övladının. İllər öncə saçlarını tumarladığı şirin balasının… Köks ötürdü, qalxıb pəncərəni açdı. Otağa soyuq dekabr havası daxil oldu. Dərin nəfəs alıb pəncərəni bağladı, niyə açdığını heç özü də bilmirdi. Bəlkə də gözlərinin yaşardığını xəstə oğlunun görməsini istəmirdi…

Xəstəlik nədir? Müəyyən bir virusa yoluxmaq? Sadəcə viruslarmı xəstəlikdi? Bəlkə elə gülmək də xəstəlikdi, ağlamaq da? Bəli, sevmək də xəstəlikdi, nifrət etmək də. Xəstəliklər fərqlidir. Hisslər fərqlidir. Hamı xəstəliyə yoluğmur. Hər kəs fərqli-fərqli xəstəlikləri daşıyır.

Bir dəfə atası onu Təbrizə aparmışdı. Şahgölündə katerə minmişdilər. Çox sevmişdi Təbrizi. Bir günlük səyahətindən bəri tez-tez yuxusunda görürde Təbrizi. Eyni küçələri, xatırlaya bildiyi binaları… Ola bilsin ki eyni yuxu idi, təkrar-təkrar görürdü.

Bəlkə dünya təkrarlardan ibarətdir elə. İki cür insanlar doğulur, təkrar-təkrar. Bir qismi xəstə olub ömdünü xəstəxanada çürütmək üçün, digər qismi xəstə yaxınlarını ziyarət etmək üçün. Həyat dəvam edir. Sırayla insanlar xəstələnir. Yaxınları onları ziyarət edir. Xəstələr ölür. Sonra başqaları xəstələnir, yaxınları onuları ziyarət edir. Təkrar-təkrar eyni hadisə əvam edirdir. Fəqət, bəzən xəstələr sağalır, uzun illər yaşayır. O zaman da sağalanlar ikinci növ insanlara çevrilir, xəstə yaxınlarını ziyarət edir.

Atası işsən tez gəlmişdi qar yağan gün. Qalın paltarlarını geyinib, şərflərini boğazlarına keçirtmişdilər. Əlcəklər əllərində, papalar başlarında qarla oynamaq üçün tam hazır idilər. Uşaqlıq tələskənlikdi, necə ki böyüməyə tələsirik. Pilləkənlərdən düşərkən yıxılmış, başını bərk çırpmışdı betona, huşunu itirmişdi. Həmin gün xəstəxanada beyin xərçəngi olduğu məlum olmuşdu. Ölüm sanki başqalarına aiddi, biz sonsuz ömür sürəcəyikmişik kimi. Artıq o da başqalaşmışdı, çünki bir gün öləcəkdi.

Ölüm nədir? Ölüm virusdur bəlkə, hər kəsin bədənində anadangəlmə var olan. Bir-birindən fərqlənən milyarlarla qar dənəciyi kimi. Bəlkə ölüm xəstəlikdir, sağalmayan xəstəlik. Bəs biri ölərkən nə deyirik? “Dünyasını dəyişdi”. Başqa bir dünyanın varlığına inancımızdanmı qaynaqlanır bu ifadə? “Gözlərini əbədi olaraq yumdu”. Yoxsa bir heçlik, sonsuz yoxluğamı inanırıq?

Anasını səslədi balaca uşaq, söz deyəcəkdi. Anası yaxınlaşdı ona, sığalladı üzünü övladının. Pıçıltıyla və uşaqcasına şirin bir səs tonuyla dillənsi:
-Anacan, heç kimə demə, bu gecə yuxuma qar yağacaq…

Həmin gecə Təbrizə qar yağdı.. Amma uşaq nə Təbrizi görə bildi, nə də ki yuxusuna qar yağdığını. Çünki yuxu görmədən dünyasını dəyişmişdi, gözlərini əbədiyyətəcən yummuşdu…


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+22=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
muzefferpasazade@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0303 saniye