Bu gün sevdiyim bir şairdən yazmaq istəyirəm. İlk dəfə bir şairin yazdıqlarının içində öz qəlbimi gördüm. İlk dəfə bir şairi görmək, tanımaq, onunla dərdləşmək istədim. Hər kəsi oxumuram, mən və hər kəsi bəyənmirəm. Oxuduğum bir neçə şair var. Sezayi Karakoç, Mikayil Müşfiq, Hüseyin Cavid ( Onun dramlarını daha çox sevsəm də “ Mənim tanrım gözəllikdir, sevgidir” şeiri ən çox özümə oxuduğum şeirlərdən biridir), Şəhriyar.
Bir də “ Bu sevdanın göz yaşını, bizə yazana qurbanam “ deyən Nəriman Həsənzadə. Bu ağ saçlı şairi, uca, qarlı bir zirvəyə bənzətməyəcəm. O, elə ağ saçlı, sevgi ətirli bir şairdir. Onda köhnə kişilərə xas olan bir vüqar görürəm, hər dəfə şeirlərini oxuyanda. Neçə gündür elə hey, onun şeirlərini oxuyub, onun gözləri ilə ağlayıram. Mən bu şairi çox sevdim.
“ Bir qadın ömrünü girov qoymuşam, bir şair ömrünü yaşatmaq üçün” deyirdi Nəriman müəllim. Mən də onun bu sözlərindən ürəklənib “ Bir şair ömrünü öldürürəm, bir qadın qəlbinə yol tapmaq üçün” yazmışdım. Bu sözləri, bu cavabı şairin oxumasını çox istərdim.
O, qadın itgisini çox yaxşı bilirdi. Öncə anası, sonra sevdiyi Sara xanım. Bəlkə də onu mənə sevdirən bu itgi, onun qəlbindəki saf sevgidir. Axı, mən də sevdiyim qadınları itirdim bir neçə dəfə, mən də sevdiyim qadınlar üçün ağladım.
Kimin eyhamını sən duyacaqsan,
Kimin şərəfini qoruyacaqsan,
Kimin yastığına baş qoyacaqsan,
Kim ata olacaq,sən ana, gülüm...?
Bu sözləri oxuyub doyunca ağlamaq olar, məncə. Bu cür şeirlər yazmaq istərdim mən də sevdiyim qadına, daha doğrusu sevdiyim qadınlara. Ancaq mən şair deyiləm, ürəyimin dili yoxdu ki, acılarını anlatsın. Həsənzadə mənim acılarımı da yazıbsa, o şeirləri oxuyub ağlaya bilərəm ürəklə.
Bu gün şagirdlərimə onun şeirlərini oxumuşam, bir dərs boyunca. Birlikdə duyqulanıb, ədəbiyyatın sonsuz nəhirlərinə baş vurmuşuq.
Qapımızın ağzında,
Əvvəl ancaq ikiydi,
Onlar da mənimkiydi.
Dörd oldu sonra bir gün,
Üç il keçdi sərasər,
Gah axşam, gah da səhər
Hey açılıb örtüldü
Bizim doğma qapılar.
Bir gün də altı oldu
Həmin ayaqqabılar.
Bu şeiri sevdiyim qızdan dinləmişdim. Onunla eyni paltarı, eyni ayaqqabıları geyib, birlikdə gəzmək istədiyimi, daha sonra bu ikiliyə bir balacanın da qoşulacağını deyəndə, söyləmişdi bu gözəl şeiri. Həqiqətən bir ailənin, bir sevginin gözəlliyini qapıdakı ayaqqabılarla ifadə etmək üçün gərək usta bir qələm sahibi olasan.
Sanki, bir dağ çayı ilə yol gedirsən. Quşların nəğməsi, çayın səsi səni banbaşqa bir aləmə aparır.Balaca bir yarpaq budağından qopub içində olduğun qayığa düşür. Və sən burada tək deyilsən, sevdiyin qadın da səninlə birgə dinləyir bu təbiət nəğməsini. Bax bu duyquları yaşayır insan bu şeirləri oxuyarkən.
Sonra bir külək əsir və alır sevdiyini səndən. Daşları sevdiyin insanın əvəzinə əzizləyib, şeir deyirsən. Yalnız qayıdırsan, soyuq evinə. Öz evin düşür gözlərindən. Onunla bir cənnət yuvası olan ocağın, ondan qalan yadigarların hesabına sənə məzar olmur.
Bəzən düşünürdüm ki, kaş bu dünyaya onunla bir zamanda gəlməyəydim. Sonra “Nərdivan” şeirini oxudum və Nəriman müəllimin də bu cür düşündüyünü gördüm və anladım ki, bu həyat, bu təbiət sevgiyə, gözəlliyə düşməndi. Axıracan qoymaz kimsənin sevgisini..
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya.
Gözəl bir ömür yaşasaq, yaşaya bilsək, məncə yaşamağa dəyər. Nəriman Həsənzadə zirvəsinə yüksəlmək, ancaq onun oğluna dediyi kimi, onun təkrarı yox davamı ola bilmək, yəqin ki, bu fani dünyada bir iz qoymaq olardı.
Allah ürəyini hər daim var eləsin, ustad.