Bu şəhər yaddı mənə...
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 22:15 15 aprel 2014 tarixində əlavə olunmuşdur

Bu şəhər yaddı mənə...

 

Bu şəhər yaddı mənə

gecəsi, gündüzüylə,

Gah bu, gah o üzüylə,

Gah səs-küylü, qarışıq,

Gah lal səssizliyiylə

Bu şəhər yaddı mənə...

Qışı məni soyutmur,

Yayı yaxıb qovurmur,

Qarı rəngin dəyişib,

Yağışı heç islatmır.

Gülü, çiçəyi saxta,

Bayramları qondarma

Sakinləri yovuşmaz,

Qonaqları ədalı

Yaşantısı müəmma.

Nə rahatlığı qalıb,

Nə dincliyi ovudur.

Şəhər, şəhər deyil ki!

Dəllalların “ovu”dur...

Bu şəhər yaddı mənə!

 

Alıb dərdli başımı

dağlarda qərar tutum

qoca dərvişlər kimi...

Qayalarda iz salsın

duyğum, düşüncələrim,

Ömrü dilədiyi tək

cilalayan fələyin

şıltaq gərdişi kimi...

Dağlar mənim oylağım,

Rüzgar yatağım olsun,

Yırğalasın qoynunda

Gah coşub, gah səngiyən

Divanə ninnisiylə

Təbiətin səsiylə...

Nədir alan qarşımı

bu yad şəhərdə mənim,

Niyə əlim qandallı,

Niyə buxovluyam ki?!

Nədəndir bu tərəddüd

Mən niyə xofluyam ki?...

Bəlkə uzun illəri,

Acı, xoş xatirələri

Pak xəyal mücrüsündə

Gizlətdiyim o məhsum,

Bakirə istəkləri

Tərk etmək istəmirəm

əxlaqından əngəlli,

ləkəli

yad şəhərdə ?...

Hə...şəhər yaddı mənə!

Bəlkə də tək mənə yox,

Mənim kimi düşünən

Yüzlərlə sakininə?!

Dünənə etinasız,

Sabahı düşünməyən,

İmansız, etiqadsız,

Üzü Allaha doğru,

Dibi günah içində,

Təməli nahaqq dolu...

Kaş aynada görünə

Şəhər özü-özünə!

Məni qınamaz onda,

Baxsa yad görkəminə!

 


... dəfə oxunub
Qiymət: 9/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
10+12=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0337 saniye