BÜTÜN ZAMANLARIN QALİBİ və ya ROMANTİZMİN MAYASI.
Mushfiq Shukurlu tərəfindən "" bolməsinə 20:14 31 dekabr 2012 tarixində əlavə olunmuşdur

Etiraf edirəm... Təkcə xəyallar qarşısında aciz qaldığımı etiraf edirəm. Əslində mən zəif deyiləm. Hərdən qəlbimin lap dərinliyində mənə tanış olmayan hansısa qeyri- adi bir gücün dil açıb danışan bir canlı kimi köksümün əngin fəzasında ayaq alıb yeridiyini hiss edirəm. Nə addımlarının həssaslığı, nə də pıçıltılarının xəlvəti, görünməz incəliyi məni bunu duyub hiss etməkdən məhrum etmir. Əksinə, bu həssaslıq, bu incəlik qəlbimin sarı siminə toxunaraq bəsirət dağının üstünü örtən qalın buz pərdələri son anınacan əridir, açıqgözlülüyün sonsuzluğa açılan pəncərələrini bütünlüklə oyanış amallı titrəyişlərə bürüyür. Ruhuma, bədənimə müvəqqəti də olsa hakim olan bu əsrarəngiz gücün, qüvvətin vahidi, ölçüsü hamıya məlum enerjidən qat- qat yüksəkdə olduğunu da unutmuram. Həmin məlum enerjinin müəyyən anda bitəcəyini bildiyim halda, məndə olduğu müddətcə bu gücün, qüvvətin, bu işığın həcm və ölçünün sərhədlərindən kənarda sonsuzluğa qovuşduğunu da. Bax, bu zaman səs tellərimin köksümə doğru titrəyişlərini duyur, hiss edirəm: “ Səninlə bacarmadığım bir şeyi göstər mənə!.. Səninlə aşa bilmədiyim sıldırım qayalardan, dağlardan danış mənə!.. Birlikdə qalxa bilmədiyimiz yüksəkliklərdən şikayətlən!.. Yox!.. Həmin kiçik zirvələri demirəm!.. İndi fəth edə bilməyəcəyimiz ürəkləri de!.. Hə!.. Niyə susursan?!. İndi addımla!.. İndi pıçılda!.. Başqa şeylərə nə hacət!.. “ Susur. Bəli, susmalıdır da. Çünki həmin güclə, o əsrarəngiz qüvvətlə, qeyri- adi işıqla edə bilməyəcəyim bir şey yoxdur( ən azından indiyəcən belə bilirdim ). Və irəlilədikcə irəliləyirəm. Böyüdükcə böyüyürəm. Uğur üzərinə uğur. Son ana, son nöqtəyə çatmaq. Layiq olduqlarına qovuşmaq. İstəklərin ötəsindəki əcri, mükafatı qazanmaq...

Ancaq qarşıda kiçik bir qaraltı... Qeyri- adi bir kiçiklik... Elə kiçik ki, hər şey böyük məharətlə onun arxasında gizlənmiş: dağ da, daş da, insan da, maddə də, toxuna bilmədiklərimiz də, görmədiklərimiz də, ümid də, inam da, cəsarət də, həya da... hər şey, hər şey. Onun arxasında gizlənmiş. Onun- xəyalın. Bəs o nədir? Kimdir o? Keçə bilmədiyimiz yoldur. Aşa bilmədiyimiz dağ. Eşidə bilmədiyimiz səsdir. Və girə bilmədiyimiz ürək.

Həmişə biləcəyəm. Onu ki, mən özümə xoş və əziz olan o xəyallardan çox-çox aşağılarda məskən salmışam. Ona əl uzadan, əl çatmayan da mənəm. Ona əl uzadan, əl çatmayan da əqidəmdir. Və bütün fikirlərim... Və ruhum, bədənim. Daxilimdəki həmin əsrarəngiz güc, qüvvət həcm və ölçünün sərhədlərini nə qədər aşsa da, həmin sərhədlərin kənarında sonsuzluğa nə qədər qovuşsa da bu qanunauyğunluqla barışmağa məcburdur. Və əbədi yol yoldaşım, ömürlük şahidimlə etiraf edirəm... Vicdanımın səsi ilə etiraf edirəm. Təkcə xəyallar qarşısında gücsüz, zəif, aciz qaldığımı etiraf edirəm.


... dəfə oxunub
Qiymət: 6/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
4+8=
Hesaba giriş
Müəllif

Mushfiq Shukurlu
Haqqında
1994 təvəllüdəm. Jurnalistika fakültəsində oxuyuram.
Əlaqə
E-mail:
mshukurlu@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0384 saniye