Görüşünə gəldim bir yaz günündə
Ürəyim nədənsə narahat oldu,
Birdən buz nəfəsli qəfil təmasdan
Qəlbimə sərt qışın soyuğu doldu.
Soyuq əllərinin buz toxunuşu
Əlimi, üzümü dondurdu mənim,
Ruhumu qarsıtdı soyuq salamın
İsti gülüşümü soyutdu mənim.
Saçımı oxşadı buz barmaqların
Ürəyim də dondu buz nəfəsindən,
Yox, biz uzaq idik bu gün baharın
Ruha sığal çəkən yaz nəfəsindən.
Soyuq gülüş axdı dodaqlarından
Bu isti yaz günü sərt buza döndü,
Gözlərim üşüdü baxışlarından
Həzin bahar mehi ayaza döndü.
Dondum, buz bağladım bu yersiz qışdan,
Soyuqdan dilim də tutuldu bir an,
Soyuq öpüşündən, buz dodağından
Qaynar məhəbbətim utandı inan!
Sənmisən qarşımda buz heykəl kimi?!
Ruhumu donduran soyuq, səninmi,
Alovlu sevgisi dastana dönmüş,
Dəliqanlı aşiq nə oldu indi?
Bir vaxt ürəyimi yandırıb-yaxan
Hanı od ələyən isti baxışın?
Nə vaxt buza döndün, söylə, nə zaman?
Niyə aciz oldun önündə qışın?
Gedirsən, buz əllər ayrılır məndən
İndi buz görüşün sona çatacaq,
Ancaq səndən sonra bumbuz xatirən
Burda bitməyəcək, hələ qalacaq!