Buz qəsrin şəhzadəsi
Cəmilə Məmmədli tərəfindən "Hekayə" bolməsinə 23:39 30 noyabr 2014 tarixində əlavə olunmuşdur

Bir zamanlar, uzaq diyarların birində ilin hər  fəsli qarla örtülü olan bir ölkə varmış. Zülmət hakim imiş bu yerlərə.  Bu ölkədə ildə yalnızca bir gün Günəşin  şuaları qara buludları dəlib, buzdan bir qəsrin qübbəsində bərq vurarmış. Ah, lakin bu solğun şualar buz qəsri əridə bilməzmiş əsla. Bu möhtəşəm qəsrin tək bir sakini və sahibi varmış. Qar qədər bəyaz dərisi, buzun soyuq parıltısını içinə həps etmiş mavi gözləri və qəsrin daxilindəki zülmət qədər qara saçları varmış. Böyük qəsrin tək pencərəsinin qarşısındakı mavi buzdan düzəldilmiş, qar dənəcikləri ilə bəzədilmiş taxtında əyləşər və ucsuz-bucaqsız qar çöllərini izləyərmiş...

Yenə ilin o günü, zəif şualar qara buludların bağrını dəldiyi o anda ilk dəfə bu soyuq və səssiz zülmətdə bir qəhqəhə eşidilmiş. Büllur cingiltisinə bənzəyən bu qəhqəhə getdikcə daha yaxından eşidilməyə başlamış. Aha, budur artıq qəsrin dəhlizlərində cingildəyir qəhqəhələr. Bəs bu zülmət diyarında gülməyə cəsarət edən kim idi?!

“Qığılcım”... Günəşin minlərlə kiçik pəri qızından biri olan Qığılcım, buludların arasındakı yarıqdan zülmət diyarına qaçmışdı.  Ah, o dəcəl pəri həmişə belə nadincliklər edib, Günəşi hirsləndirirdi.  Lakin artıq gec idi, qara buludlar çoxdan işığın yolunu bağlamışdı. 1 il... 1 il gözləmək lazım idi söz dinləməz Qığılcımı geri qaytara bilmək üçün.

Buz qəsrin soyuq şəhzadəsi narahat idi. ilk dəfə idi ki, biri bu zülməti, sükutu pozmağa cəsarət etmişdi. Buz qəsrin pilləkənlərinin məhəccərlərindən sürüşüb, şən qəhqəhələr çəkən Qığılcımın səsi,  kiçik və şəffaf qanadlarından yayılan işığın buz divarlardakı parıltısı, isti nəfəsinin hənirtisi qıcıqlandırırdı şəhzadəni. Amma  əsrlərdi  oturduğu yerdən tərpənib, bu dəvətsiz gələn qonağı qova bilməzdi. Ürəyində o səs-küylü fəlakətin otağına gəlməməsini diləyərək, sonsuz qar çöllərinə baxmağa davam edirdi. Amma bir gün qorxduğu başına gəldi. Bütün qəsri ələk-vələk edib, oynanılacaq hər şeylə oynayan, dəyərli buzdan əşyaları sındıran Qığılcım sıxılmağa başlamışdı. Neçə vaxtdır gözünü qəsrin tək kilidli otağına dikmişdi. Açarın yerini tapa bilməsə də, zərif qanadlarını asta-asta tərpədib qapıya yaxınlaşdı. Buzdan qıfılın ətrafında dolanıb bir zəif nöqtə, istiliyini verib əridə biləcəyi boşluq axtardı.  Lakin boşuna, əsrlərdir  donub qalmış kilidi əridəcək qədər istisi yox idi. Axı o sadəcə bir qığılcım idi. Hirsindən qırmızı yanaqları daha da pörtdü. Əsəbdən kiçik qanadları belə alovlandı. Hətda bu odlu qəzəbi buzdan tavanı azca əritdiyindən bir-iki soyuq damla başına düşdü. Bu onu sakitləşdirdi. İçəri əsla girə bilməyəcəyini dərk edib, kədərlə başını əydi. Incə əllərini irəli uzadıb, barmaqlarının ucları ilə kilidə toxundu və möcüzə! Buzdan kilid öz-özünə açıldı. Qığılcımın sevincinin həddi-hüdudu yox idi. Sevincək öz ətrafında dövr edib, aralanmış qapıdan içəri sıvışdı. Ax, bu otaq ki boşdur! Içində onu əyləndirə biləcək, ya da ən azından “təsadüfən” qıra biləcəyi heç nə yoxdur. Bir tək pencərənin qarşısındakı əzəmətli taxt. Uçmaqdan yorulub yerə qondu. Kiçik addımlarla taxta tərəf getdikcə, ayağının toxunduğu yerlərdə buzdan döşəmədə balaca gölməçələr yaranırdı. Biraz daha və...

Qığılcım nəfəsini tutdu. Sanki qarşısındakı gözəlliyi öz isti nəfəsi ilə əritməkdən qorxurdu. Buzdqəsrin şəhzadəsi gözəl idi. Bu lənətə gəlmiş buz qəsrindəki digər oyuncaqlar kimi yox! O bir başqa gözəl idi... Qar qədər bəyaz dərisi, buz mavisi gözləri və zülmət gecə saçları... Qığılcım bir addım daha atmaqdan qorxaraq, uzaqdan şəhzadəni seyr edirdi. Kiçik qanadlarını tərpədib, ürkək bir səslə pıçıldadı:

- Sən gözəlsən...

Bu cümlə Buz qəsrin divarlarında əks-səda versə də, şəhzadədən cavab gəlmədi. Qığılcım şəhzadənin yatmış, hətda ölmüş ola biləcəyini fikirləşdi. Bu düşüncədən dəhşətə gəlib, başını var gücü ilə yelləyərək öz-özünə dedi: “Yox, ola bilməz! Bu gözəllik ölə bilməz! Həm gözlərində həyat parıltısı var və o harasa baxır.”. Qığılcım şəhzadənin hara baxdığını öyrənmək üçün pencərədən boylandı. Tək gördüyü boş qar çölləri idi. Bu mənzərədən tez sıxıldı Qığılcım. Ağ qarlarda baxılacaq nə var idi axı?! Gözləri yenə şəhzadəyə çevrildi...

Qığılcım, qalan günlərini də beləcə keçirdi. Hər gün şəhzadənin yanına gələr, onu danışdırmağa çalışar, ətrafında pərvanə tək uçub nəğmələr oxuyardı. Amma boşuna, şəhzadə bir dəfə də olsun ona cavab verməmişdi... Eşqi qarşılıqsız idi. “Bəlkə bu soyuq onu qəlbini dondurub?!”- deyə düşündü Qığılcım. Əlbətdə, axı bu soyuqda qanadlarını tərpədib istilik yaymasaydı özü də donardı! Daha çox yaxınlaşdı şəhzadəyə. Artıq onu əritməkdən qorxmurdu, əksinə, ürəyindəki buzları əridə bilmək üçün əlindən gələni edirdi. Lakin bunlar da faydasız idi... Kiçik bir qığılcım, donmuş qəlbi ərdiə bilməzdi...

Bir il tamam oldu. Günəş şuaları ilə qara buludları aralayıb, öz qızını-Qığılcımı çağırdı. Qığılcım getmək istəmirdi, amma bu buzdan qəsirdə qala bilməzdi. Artıq öz hərarətini, parıltısını itirməyə başlayırdı. Bu soyuq ölkədə sönürdü qığılcım... Son bir dəfə şəhzadəsinə baxdı. Yaxınlaşıb  isti dodaqlarını, onun buz kimi soyuq dodaqlarına toxundurdu. Kiçik, məsum bir öpüş... Bu da şəhzadəyə təsir etmədi. Qığılcım pəncərədən uçub, qanadlarını tez-tez tərpədərək Günəşə tələsdi. Bir anlıq dönüb arxaya baxdıqda şəhzadənin ona baxdığını sandı. Yenə var gücü ilə başını yelləyib “ Yox! Mən xəyal görürəm!” – deyə düşündü. Kiçik qanadlarını daha sürətlə çırpıb, son anda buludlardaki kiçik bir dəlikdən keçib anasının – Günəşin qollarına atıldı.

Buzdan qəsrdə bir cingilti əks-səda verdi. Şəhzadənin soyuq mavi gözlərindən süzülən damla, şaxtalı havanın təsrindən donub buzdan döşəməyə düşüb, çilikləndi. Qığılcım nə bilərdi ki, onun zərif qanadlarının hənirtisi çoxdan şəhzadənin qəlbini isitmişdi... O gündən şəhzadə gözlərini boş qar çöllərindən çəkib, boz buludlarla örtülü səmaya dikmişdi. Hər il səbirsizliklə o günü – uzaqdan gələn büllur cingiltisinə bənzər qəhqəhəni eşidəcəyi o anı gözləyirdi. Həmin an buz soyuqluğu çökmüş gözlərində, Günəşin al-əlvan şüaları bərq vururdu sanki. Kim bilir, bəlkə bir gün yenə dəcəl Qığılcım anası dinləməz və zülmət diyarına qaçar.  Və yenə buzdan qəsr onun qəhqəhəsi ilə cingildəyər. Axı burda onu gözləyən biri var – Buz qəsrin şəhzadəsi...”

Müəllif: Cəmilə Məmmədli


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0224 saniye