Kimsə sənə olmadı həyan, bala.
Ağlayıram əhvalına, can bala.
Üz çevirib bəxt səni tərk eyləyib,
Düşman olubdur sənə dövran, bala.
Pul ilə ölçər çoxu insanlığı,
Yoxsa pulun, yoxdur həm ad-san, bala.
Pul səni də saldı axır müşkülə
Axtaracaqsan hələ çox an, bala.
Çarəni banklarda görüb yüyürdün,
Bank da səni qoydu lütüryan, bala
Varlığı bu dünyaya nöqsan olan
Axtaracaq səndə də nöqsan, bala.
Doğruya zülmətdi cahan sərbəsər,
Nura batıbdır fəqət yalan, bala.
Uyma dəxi dünya çalan ritmə sən,
Qoy səni oynatmasın şeytan, bala.
Cinan, haqq sözü bir kimsə dinləməz,
Haqq sözünü dinləyir zindan, bala.