Birlikdə yaşamağın ən böyük üstün 
tərəflərindən biri təhlükələrə qarşı daha yaxşı qoruna bilməkdir. Çünki 
birlikdə yaşayan heyvanlardan hər hansı biri təhlükəni sezdiyində səssizcə 
hadisə yerindən qaçmaq əvəzinə var gücü ilə ətrafındakı digər heyvanları da 
xəbərdar edir. Hər bir canlı növünün özünə məxsus xəbərdarlıq forması var. 
Məsələn, dovşanlar və bəzi marallar təhlükəni hiss etdikləri anda 
ətraflarındakı heyvanları xəbərdar etmək üçün quyruqlarını dik tuturlar. 
Ceyranlar isə maraqlı tullanma hərəkətləri edir, sanki tullanaraq rəqs edirlər. 
Bir çox kiçik quşlar düşməni hiss etdiklərində dərhal cəh-cəh vurmağa 
başlayırlar. Sarıköynək quşu kimi quşlar xəbərdarlıq edərkən dar tezlik aralığı 
olan və yüksək səs çıxarırlar. İnsan qulağı bu xəbərdarlığı incə fit səsi kimi 
qəbul edir. Bu səsin ən mühüm xüsusiyyəti isə səsin gəldiyi istiqamətin aydın 
olmamasıdır. Bu, sürüsünü xəbərdar edən quş üçün əhəmiyyətli bir üstünlükdür. 
Çünki quş əslində düşməni gördüyü an cəh-cəh vuraraq diqqəti öz üzərinə çəkir. Ancaq 
səsin istiqaməti müəyyən olmadığı üçün təhlükə nisbətən azalır. 
 Koloniya halında yaşayan böcəklərdə də təhlükəni ilk sezən böcək bütün 
koloniyanı xəbərdar edir. Ancaq xəbərdarlıq verən böcəyin ifraz etdiyi həyəcan 
qoxusu düşmənin də diqqətini cəlb edir. Bu yolla koloniyanı xəbərdar edən böcək 
özü ölümü gözə alır.
 Preri itləri böyük koloniyalar halında yaşayırlar. Sanki şəhəri xatırladan 
yuvaları təxminən 30 heyvanın sığışdığı hissələrdən ibarətdir. Bu şəhərdəki 
heyvanların hamısı bir-birini tanıyır.
 Daima tunelin xaricində və girişlərində olan təpəciklərin üzərində hər 
istiqaməti görə biləcək tərzdə arxa ayaqları üzərində dayanaraq keşik çəkən 
heyvanlardır. Keşikçilərdən biri düşmən görərsə, fit şəklində hürməyə başlayır. 
Bu xəbərdarlığı eşidən digər keşikçilər də eynilə həyəcan siqnalı verir və 
beləliklə təhlükədən bütün koloniya xəbərdar olur. 
 Canlıların bir-birlərini xəbərdar etməsi, əlbəttə, düşündürücüdür. Ancaq daha 
da maraqlı olanı onların bir-birlərini “anlamalarıdır”. Yuxarıda qeyd etdiyimiz 
canlılardan biri, məsələn, dovşan quyruğunu dik tutduğu zaman ətrafındakı digər 
canlılar bunun təhlükə həyəcanı olduğunu həmin an başa düşür və tədbir alırlar. 
Oradan uzaqlaşmaları lazım gələrsə, dərhal uzaqlaşır, əks təqdirdə gizlənirlər. 
Burada düşündürücü məqam budur: Əgər bu heyvanlar həyəcan işarəsini gördükləri 
anda qaçmalı olduqlarını bilirlərsə, bu heyvanların əvvəlcədən öz aralarında 
danışaraq qərara gəlməsi lazım gəlir ki, xəbərdarlıq əmri verilən kimi hərəkətə 
keçsinlər. Bu təbii ki, ağıl sahibi insanın qəbul edəcəyi bir şey deyil. Bütün 
bu heyvanlar tək Yaradıcı tərəfindən yaradılmışdır və Onun ilhamı ilə hərəkət 
edirlər. Digər misalda isə quşların xəbərdarlıq edərkən çıxardıqları səsi 
üzərilərində yaşadıqları kərgədanların başa düşüb reaksiya verməsindən bəhs 
etmişdik. Burada diqqətdən kənarda qalmayan, şüurlu davranışlar var.
 Şübhəsiz bir canlının digərini təhlükəyə qarşı xəbərdar edən hərəkəti 
“düşünməsi” və digərləri ilə razılaşdırılmış hərəkət kimi həyata keçirilməsi 
mümkün deyil. Belə halda qarşımıza çıxan bu şüurlu hərəkətlərin bir izahı var: 
Bu canlıların hər birinin sahib olduqları bacarıqlar, nümayiş etdirdikləri 
hərəkətlər onlara öyrədilməlidir. Bütün bunları həmin canlılara öyrədən və 
tətbiq etdirən, hər şeyin Yaradıcısı olan, yaratdıqlarını qoruyan, sonsuz 
şəfqət və mərhəmət sahibi olan Allah’dır.