Birinci hadisə: “Savaş başladı”
Azadlıq Marşının sədaları altında, yenicə doğan günəşin al rəngli şüaları rayonun n saylı hərbi hissəsini aydınladırdı. Hərbi hissədə bayram əhval ruhiyyəsi vardı. Kazarmanın qarşısında, həyətdə əsgərlər və zabitlər düzülmüş hərbi hissənin qərargah rəisini gözləyirdilər. Onlardan sağ tərəfdə, gözləmə məntəqəsinin həyətində onlarla valideyn sevincli, fərəh dolu hislərlə nizamla düzülmüş əsgərləri süzür, qadınların yarısı kövrəlmiş, yarısı sevincdən gülümsəyir, bəzilərisə sakitcə dayanmışdılar. Kişilərinsə çoxusu ciddi tərzdə dayanmış, sanki öz əsgərlik zamanlarını yenidən xatırlamış, özlərini yenidən əsgər sanırdılar. Bütün hərbi hissə beləcə özəl bir hal almışdı. Xüsusən də bu mənzərəyə abı-havanı kazarmanın qarşısındaki tribunanın yanında yerləşən səmtdə bir cərgəylə düzülmüş, həvəslə marşı ifa edən hərbi hissənin orkestri verirdi. Şeypurundan tutmuş klarnetinə kimi, barabanından tutmuş kontrabasına kimi bütün alətlər sanki yeni savaş ruhunda köklənmiş, möhtəşəm bir performans sərgiləyirdilər. Elə bu dəmdə birdən kazarmanın qarşısında xüsusi addımlarıyla, özünə xas yerişiylə, olduqca ciddi tərziylə diqqət çəkən orta yaşlı qərargah rəisi polkovnik-leytenant A. Sultanov göründü. Cərgəylə düzülmüş əsgər və zabit heyəti onu görcək daha da ciddi hal aldı və həyəcanla onun komandasını gözlədilər.
Sultanovun özünə xas ədalı davranışı, hərbi formasının çiyinlərində parıldayan ay və bir cüt ulduz hərbi hissədəki hər kəsi daha “gərgin notlara yükləyir”, hər kəsdə döyüş ruhu yaradırdı. Necə də olmasa o birinci Qarabağ savaşında iştirak etmiş və dövlət başçısından döyüşlərdə fərqləndiyinə görə bir medal da almışdı. İndi onun medalı özün qarışıq hər kəsə həddindən artıq xüsusi fəxr hissi bəxş edirdi.
Sultanov cərgə önünə gəldi və özünə xas, ciddi hərbi salam verdi. Heyətin ən önündə dayanmış olan kapitan İ. Məhəmmədov düz onun qarşısınadək gəldi və 3 çevik əsgəri addım ataraq öncə hərbi salam verdi, sonra ona hərbi hissə, şəxsi heyət və təlimlər haqqında məruzə etdi. Daha sonra Sultanovun əmriylə yerinə qayıtdı. Eyni hadisə hərbi hissə komandiri polkovnik T. Mütəllibovun cərgə qarşısına çıxmasıyla təkrarlandı. Amma bu dəfə kapitan Məhəmmədovu qərargah rəisi Sultanov əvəz etdi.
Mütəllibovun gəlişi Sultanovdan daha zəhmli, daha gərgin bir abı-hava yaratdı. Mütəllibov yaşca Sultanovla eyni yaşda idi. Amma hərbi təcrübəsi, bacarığı qat-qat ondan üstün idi. O da birinci Qarabağ savaşında iştirak etmiş, hətta sağ qıçından yaralanmışdı. Ona görə yeriyəndə azacıq axsayırdı. Bu axsaq yeriş isə ona daha da xarizmatik, daha da ciddi görünüş verir, hərbi hissədə hörmətini artırırdı. Hətta zabitlər onun haqqında danışarkən onu Türklərin tarixi qəhrəmanı, möhtəşəm hökmdarı Əmir Teymura bənzədirdilər. Bilinmir necə təsadüf idi, amma onun da adı Teymur idi. Polkovnik Teymur Mütəllibov. Bu adı ona babası qoymuşdu. Babası da ikinci dünya müharibəsində iştirak etmiş, bir neçə orden, medal almışdı. Hərbi qayda qanun necə deyərlər bu nəsildə irsən keçmə idi.
Mütəllibov elə yenicə heyətlə salamlaşıb tapşırıqlar verəcəkdi ki hərbi hissəyə birdən hay-həşir düşdü. Özəlliklə zabitlər qorxudan titrəməyə başladılar. Gözləmə məntəqəsindəki valideynlər nə olduğunu anlamağa çalışırkən, hərbi hissə komandiri bir anda çılğın tərlan kimi yerindən atlandı və qaçaraq buraxılış məntəqəsinə doğru yol aldı. Bir neçə saniyə sonra hər kəs məsələnin nə olduğunu anladı – hərbi hissəyə korpus komandiri gəlmişdi. Özü də kim – birinci Qarabağ savaşının öncülərindən, Azərbaycan Respublikası Milli Qəhrəmanı general-leytenant Murad Xasıyev.
Haqqında danışılanlara inanarsaq Xasıyev qatıldığı hər bir döyüşdə təkbaşına ən azı 20 erməni dığasını gəbərtmişdi. Elə bu bəs idi onun bütün rayonda nüfuzlu adam kimi tanınmasına. Nəinki rayonda Xasıyev bütün respublikada tanınmış, mərd insan idi. Ümumiyyətlə yeni nazir dəyişiləndən sonra hərbidə əməlli-başlı canlanma baş vermiş, komanda yerli-dibli dəyişilmiş, özəlliklə yüksək vəzifələrə olduqca vicdanlı, vətənpərvər insanlar gətirilmişdi...
Bütün olanları öz yerində sakitcə dayanıb izləyən əsgər Mirzə Qacar isə hər kəsdən ayrı bir sevinc içindəydi. Çünki bu gün onun hərbi xidmətindən düz 40 gün keçirdi, yəni bu gün onun “and içmə” mərasimi idi. Mülküdə olduqca sakit, mütəvazi həyat tərzi keçirən Mirzə bu 40 günə öyrəşməyə çox çətinlik çəksə də vətən borcunu yerinə yetirəcəyi üçün çox sevinir, bütün çətinliklərin öhdəsindən gəlməyə çalışırdı. Ata-anası onu çox gözəl tərbiyə etmiş, əsil Türk kimi böyütmüşdülər. Hər işinə uşaqlıqdan ciddi yanaşan Mirzə Qacar öncə universitetə daxil olmuş, hüquq fakültəsini müvəffəqiyyətlə bitirmiş, sonra öz vətən borcunu yerinə yetirmək üçün hərbiyə yollanmışdı. Nənəsi seyid olan Mirzənin uşaqlığı ulu babaları haqında maraqlı və ibrətamiz hekayə və rəvayətləri dinləməklə keçmişdi. Bütün cəmiyyət həyatında, toplu halda qatıldığı bütün məclislərdə öz nəslindən keçmişindən ürək dolusu danışan Mirzə həmişə fəxrlə deyərdi:
- Mən Ağa Məhəmməd Şah Qacarın nəslindənəm.
Bütün dostları da ona xüsusi tərzdə yanaşır, xətrini çox istəyirdilər. Tələbə həyatında uğurlu dostlar qazanmış Mirzə Qacar burda - əsgərlikdə də qısa müddətdə özünə sadiq dostlar qazandı. Onlarla söhbətində həmişə Türkün şanlı tarixindən, Turan ideyasından danışan Mirzə Qacar kimsənin xəbəri olmasa da tələbə vaxtı bir milli təşkilata da qoşulmuşdu. Bu təşkilatsa onun gələcək taleyini müəyyənləşdirmişdi. O bilirdi ki, artıq hər kəs kimi sadə həyat tərzi yaşamayacaq. Çünki onu seçən, ona tapşırıqlar verən təşkilat rəhbərliyi onun gələcək potensialını görür və gələcəkdə dövlətimiz, millətimiz üçün necə vacib bir şəxsiyyət olacağını bilirdilər...
Korpus komandiri çıxış edib qurtardıqdan sonra xüsusi əmriylə and içmə mərasimi başladı. Hər kəs kimi Mirzə Qacar da xüsusi qaydada and içdi. Amma hər kəsdən fərqli olaraq sanki onun ürəyinə dammışdı bu and içmə onuncun müqəddəs bir savaşın başlanğıcı olacaq. Elə də oldu.
Mərasim iki hissədən, rəsmi və bədii hissədən ibarət idi. Birinci hissədə öncə and içmə mərasimi, sonra zabit və valideyn çıxışları, daha sonra istedadlı əsgərlərin iştirakı ilə şeir-mahnı çələngi bütün hərbi hissəni bürüdü.
Bütün mərasim bitdikdən sonra rəhbərliyin icazəsiylə əsgərlər valideynlərlə çölə çıxdılar. Hər kəs ana-atasıyla vaxt keçirməkdən zövq alarkən, Mirzə Qacarınsa fikri elə hərbi hissədə qalmışdı. Sanki ona bəlli olmuşdu hərbi hissəyə dönən kimi xüsusi əmrlə cəbhəyə göndəriləcəyi. Çünki axşama yaxın Ali Baş Komandanın əmriylə hərbi səfərbərlik elan edilmişdi. Yəni illərdir Azərbaycan Türklərinin arzuladığı an gəlmişdi – ikinci Qarabağ savaşı başlamışdı. Son bir həftə içində bədxah qonşularımız dinc dayanmamış, çaxnaşma, təxribat və s. şeylərə cəhd etmişdilər. Dövlət aparatınınsa bu kimi dələduzluğa dözmək fikri yox idi. Son olaraq bir sıra müttəfiqləriylə razılaşandan sonra ölkə başçımız axır ki gərəkən əmri verdi. Əlbət ki bütün bu proses dövlət sirri kimi saxlanmış, son bir həftə baş verənlər mediadan gizlədilmişdi. Çünki hər şey dəqiqləşməmiş xalqı narahat etmək olmazdı. Əks halda ölkədəki bəzi müxalif qüvvələr, xarici dövlət agentləri dərhal anti-təbliğata başlar və ölkəni arzuolunmaz bir səmtə yönəldərdilər. Amma bütün bunlar son bir həftədir Mirzənin ürəyinə dammışdı. Yuxularında özünü Qarabağ savaşında görürdü daima...
Mirzə ana-atasıyla sağollaşıb hərbi hissəyə qayıtdı. Elə o andaca xüsusi əmrlə korpusa göndərildi. Bir həftə sonra isə artıq cəbhə xəttindəydi. Sistemə həməncə öyrəşən Mirzə savaş başladığı üçün çox sevinirdi. Bir ay sonra xüsusi əməliyyata göndəriləndə isə adəta özünü ulu babası Ağa Məhəmməd Şah Qacar yerində hiss edirdi. O vaxt ki Ağa Məhəmməd Şah at belində öz ordusuyla Qarabağa yollandı, torpaqları düşmən işğalından xilas etmək üçün...
Elşən İsmayıl