Cek London "İmperator üçün burun"
Yazar.in tərəfindən "Məşhurlar" bolməsinə 03:50 13 may 2012 tarixində əlavə olunmuşdur

Koreya dövlətinin çiçəkləndiyi bir dövrdə, orda hökm sürən firavanlıq və sakitliyə görə haqqına qədim "Çosen" ("Səhər sükutunun ölkəsi" - Koreyanın adlarından biri - red.) adıyla çağrıla biləcəyi zamanda İ Tsin Xo adlı bir hökumət xadimi yaşayırdı. O, yetərincə bacarıqlıydı, bəlkə də ağlı və fərasətiylə xarici siyasətçilərdən geri qalmırdı. Lakin İ Tsin Xo digər ölkələrdəki qardaşlarından fərqli olaraq, azadlıqdan məhrum olmuşdu. O, ehtiyatsızlıq üzündən dövlətin pullarının arxasına keçdiyi üçün deyil, elə həmin ehtiyatsızlıq ucbatından həddən artıq çox xəzinə pulu mənimsədiyi üçün dustaqxanaya düşmüşdü. Hədsizlik rüşvət məsələsində də fəlakətə səbəb ola bilər, beləcə, İ Tsin Xonun acgözlüyü onun dəmir barmaqlıqlar arxasına düşməsinə rəvac oldu.

Həbsxanada ölüm hökmünü gözləyən bu adam xəzinədən on min manat oğurlamışdı. Amma düşdüyü vəziyyət üstünlüklərdən xali deyildi: İ Tsin Xonun düşüncələrə dalması üçün yetərincə vaxtı varıydı. Və o, bir şey fikirləşməyə müvəffəq oldu. Sonra dustaqxana gözətçisini yanına çağırıb söylədi:

- Ey hörmətə layiq insan, qarşında yer üzünün ən bədbəxt biçarəsi dayanıb! Əgər mənim gecə yarısı buranı yalnız bircə saatlıq tərk etməmə imkan yaratsan, yenidən xoşbəxt ola bilərəm. Sənin bu nəcib hərəkətini ömrüm boyu unutmayacam və gələcəkdə xidməti pilləndə yüksələ bilmən üçün əlimdən gələni əsirgəməyəcəm. Sən sonunda Çosenin bütün dustaqxanalarının gözətçilərinin rəhbəri olacaqsan.

- Nə-nə? - gözətçini heyrət bürüdü. - Nə ağlına gələni çərənləyirsən! Səni bir saatlıq azadlığa buraxmaq? Başının kötük üzərində üzülməsi hər dəqiqə baş verə bilər. Və sən ahıl anasına və azyaşlı uşaqlara çörək pulu qazanan birisinə belə bir təklifdə bulunursan? Əclafın yekəsi!

- Müqəddəs şəhərimizdən səkkiz sahilədək daldalana biləcəyim bir yer mövcud deyil, - İ Tsin Xo cavab verdi. - Mən müdrik adamam, amma həbsxanada bu məziyyət nəyimə gərəkdir? Bax, əgər azadlıqda olsam, başqa məsələ. Dövlətə olan borcumu ödəmək üçün başımın çarəsini qılardım. Bir də ki, düşdüyüm bəladan məni xilas edəcək burnu tanıyıram.

- Nə, burun?! - gözətçinin gözləri kəlləsinə çıxdı.

- Hə, burun, - İ Tsin Xo təsdiqlədi. - Əgər belə demək mümkündürsə, ən qeyri-adi, ən möcüzəli burun.

Gözətçi əllərini göyə qaldırdı.

- Öz aramızdı, yaman kələkbazsan! - o, şaqqanaq çəkdi. - Bu cür ağıllı
başın nə vaxtsa kötük üzərində qalacağını adam təsəvvürünə belə gətirə bilmir!

Gözətçi bunu söyləyib geri çevrildi və kameranı tərk etdi. Lakin təbiətcə mərhəmətli və xeyirxah olan bu adam gecə düşən kimi məhbusun həbsxananı tərk etməsinə şərait yaratdı.

Və İ Tsin Xo düz şəhər hakiminin hüzuruna yollandı, onu yatağında tək tutub yuxudan oyatdı.

- Bu ki, İ Tsin Xonun özüdür! - hakim çığırdı. - Gecənin bir yarısı otağımda nə gəzirsən, axı sən indi həbsxanada olmalı və edamını gözləməlisən?!

- Əlahəzrət, məni dinləmənizi rica edirəm! - hakimin yatağının kənarında diz üstə çökən və tənbəkisindən bir qüllab vuran məhbus dilləndi. - Ölünün heç bir faydası yoxdur və özümü mərhum saymaqla hökumətə xeyirsiz birisi roluna girməyim yaxşı olmazdı. Bunun nə sizə, nə də mənə faydası var. Amma əgər əlahəzrət mənə, belə demək mümkünsə, azadlıq verərsə...

- Bu mümkün deyil! - hakim bağırdı. - Sən ölüm hökmünə məhkum olunmusan!

- Əlahəzrət, sizə yaxşı məlumdur ki, əgər borclu olduğum on min manatı xəzinəyə qaytara bilsəm, hökümət məni əfv edəcək, - İ Tsin Xo davam etdi.

- Beləcə, əvvəl də qeyd elədiyim kimi, əgər əlahəzrət məni bir neçə günlük azad edərsə, bütün fərasətimi və ağlımı işə salıb, xəzinə pullarını geri qaytarar və beləcə sizə xidmət etmiş olaram.

- Bəs sənin bu pulları əldə etmək üçün bir planın var? - hakim soruşdu.

- Var, - İ Tsin Xo cavab verdi.

- Onda sabah gecə yanıma gəl və planını gətir. İndisə yatmaq istəyirəm, - hakim əsnəyib, yarıda kəsdiyi xorultusunu davam etdirdi.

İ tsin Xo növbəti gecə dustaqxana gözətçisindən yenə möhlət alıb hakimin yatağının başında peyda oldu.

- Bu sənsən, İ Tsin Xo? - hakim soruşdu. - Planını gətirmisən?

- Bəli, əlahəzrət, - İ Tsin Xo cavab verdi, - plan hüzurunuzdadır.

- Yubatma, söylə! - hakim əmr etdi.

- Plan burdadır, - İ Tsin Xo təkrar etdi. - O, mənim əlimdədir.

Hakim başını yastıqdan ayırıb gözlərini açdı. Və İ Tsin Xo əlindəki kağızı ona uzatdı. Hakim kağızı alıb şam işığına tərəf tutdu.

- Burda burun şəklindən savayı bir şey yoxdur, - təəccüblə dilləndi.

- Azacıq fındıqburundur, əlahəzrət, - dustaq yavaşca söylədi.

- Hə, düz deyirsən, bir az fındıqburundur, - hakim razılaşdı.

- Özü də bu burun yaman ətlidir, xüsusən də düz ucunda, - İ Tsin Xo təsvirə davam etdi. - Əlahəzrət yer üzünü eninə-uzununa gəzər, amma belə burunla rastlaşmaz.

- Yetərincə fərqli burundur, - hakim qeyd elədi.

- Və onun üstündə ziyil var, - İ Tsin Xo əlavə etdi.

- Çox fərqli burundur, - hakim təkrarladı. - Ömrümdə buna bənzər bir şeylə rastlaşmamışam. Amma bu burunun sənin xəzinədən oğurladıqlarını qaytarmağa nə dəxli var?

- Mən bu burnu axtarıb tapacam və onun sayəsində xəzinəyə olan borcumu ödəyəcəm, - İ Tsin Xo cavab verdi. - Sizi məmnun etmək və bir qara qəpiyə dəyməyən başımı kötükdən xilas etmək üçün o burnu tapacam.
Elə buna görə də əlahəzrətdən bu şəklə möhür vurmasını rica edirəm.
Hökmdar qəhqəhə çəkdi, amma dustağın sözünü də yerə salmadı və İ Tsin Xo sevincək otağı tərk etdi. O, bir ay bir gün Kral yoluyla Şərq dənizi sahilinə tərəf getdi və gecənin tən yarısı varlı bir şəhərə çatıb, iri bir sarayın qapısını döyəclədi.

- Mənə bu evin sahibi lazımdır, - o, qorxusundan sarılığını udmuş qulluqçulara bəyan etdi. - Mən hökmdarın əmrilə gəlmişəm.

Onu həmin dəqiqə sarayın geniş yataq otaqlarından birinə gətirdilər və yuxusuna haram qatılmış ev sahibi gözlərini ovuşdura-ovuşdura İ Tsin Xonun hüzurunda durdu.

- Sən Pak Çun Çansan - şəhər hökmdarı. Elə deyilmi? - İ Tsin xo yaxşı heç nədən xəbər verməyən zabitəli səsiylə soruşdu. - Sənin yanına imperatorun məsələsiylə bağlı gəlmişəm.

Pak Çun Çanı əsməcə tutdu. O, imperatorla bağlı məsələnin bədbəxt bir hadisəyə işarə olduğunu gözəl anlayırdı. Biçarənin dizləri əsməyə başladı, bir az da belə davam etsə, döşəməyə sərələnəcəkdi.

- Gecənin xeyrindən səhərin şəri məsləhətdir, - dili topuq vura-vura söylədi.
- Bəlkə sabah ertədən...

- İmperatorun işi gözləmir! - İ Tsin Xo bağırdı. - Tez məni ikilikdə ola biləcəyimiz xəlvət bir yerə apar! Səninlə mühüm bir məsələni çözməliyik. O, birbaşa əlahəzrətlə bağlıdır, - daha sərt səslə əlavə etdi.

Pak Çun Çanın gümüşü qəlyanı titrək barmaqlarının arasında sürüşüb döşəməyə düşdü.

- Məlumun olsun ki, - onlar təklikdə qalanda İ Tsin Xo təmtəraqlı nitqinə başladı, - hökmdarımız ağır xəstədir. Saray loğmanı əlahəzrəti müalicə edə bilmədiyi üçün başıyla vidalaşmalı olub. Hökmdarın dərdinə əlac tapmaq üçün düz səkkiz vilayətdən təbib bir araya gəlib. Onlar uzun müddət məşvərət aparıb və bu qənaətə gəliblər ki, imperatorun sağalması üçün nə az- nə çox, bir insan burnu lazımdır, amma bu burun çox qeyri-adi, fərqli olmalıdır.

Bax, onda imperatorun baş nazirinin özü məni hüzuruna çağırdı. O, mənə bir kağız verdi. Əlahəzrətin möhürü vurulmuş bu kağızda səkkiz vilayətin təbibinin təxəyyülünün məhsulu olan qeyri-adi burun təsvir olunub.

"Get, - əlahəzrətin baş naziri mənə söylədi, - bu burun sahibini axtar, çünki hökmdarımızın vəziyyəti günü-gündən mürəkkəbləşir. Onu tapan kimi yerindəcə burnunu kəs və saraya gətir, çünki əlahəzrət mütləq sağlmalıdır. Get və müvəffəqiyyət qazanmayınca geri dönmə".

Elə həmin gündən yollarda qalmışam, - İ Tsin Xo davam etdi. - Məqsədimə çatmaq üçün ölkəmizi qarış-qarış gəzmişəm, səkkiz vilayət aşmışam, səkkiz sahildə dalğa vuran dənizlər keçmişəm. Budur, indi burdayam.
Sabiq dustaq kəmərinin altından kağızı çıxarıb, onu cidd-cəhdlə açdı və möhtəşəm şəkildə Pak Çun Çanın gözünə soxdu. Kağızda burun şəkli çəkilmişdi.

Pak Çun Çan qorxudan bərələ qalmış gözlərini İ Tsin Xoya zillədi.
- Ömrümdə bu cür burunla rastlaşmamışam... - o kəkələdi.

- Onun üzərində ziyil var, - İ Tsin Xo qeyd elədi.

- Amma mən onunla heç yerdə... - Pak Çun Çan kəkələməkdə davam etdi.
- Tez ol, atanı bura gətir! - İ Tsin Xo qəzəbli səslə onun sözünü ağzında qoydu.

- Mənim möhtərəm atam indi yatır, - Pak Çun Çan cavab verdi.

- Özünü gic yerinə qoymağın xeyri yoxdur, - İ Tsin Xo təbirini dəyişımədən hökmlü səslə davam etdi. - Şəkildəkinin atanın burnu olduğu sənə gün kimi aydındır. Tələs, yoxsa səni çuğullayaram.

- Rəhm elə! - diz üstə çökən Pak Çun Çan yalvardı. - Bu, mümkün deyil!
Bu, qətiyyən mümkün deyil! Atamı burnundan məhrum etməməlisən. O, qəbrə burunsuz girə bilməz. Biçarə atam adamların gülüş hədəfinə çevrilər, ona lətifələr qoşarlar, günümü qara eləyərlər. Rəhm elə! Saraydakılara de ki, belə bir burun tapa bilməmisən. Axı sənin də atan var.

Pak Çun Çan İ Tsin Xonun dizlərini qucaqladı, onun göz yaşları qonağın çəkmələrinin üstünə damcıladı.

- Sənin göz yaşların məni yumşalda bildi, - İ Tsin Xo söylədi. - Mən də övladam və valideynlərimə dərin hörmət bəsləyirəm. Amma... - O, sanki nəyəsə qərar verirmiş kimi azacıq dayanıb, sonra düşüncələrini dilə gətirdi:

- Bu, mənim başımın qiymətidir.

- Sənin başının qiyməti nə qədərdir ki? - Pak Çun Çan qətiyyətsiz səslə soruşdu.

- Heç nəylə gözə çarpmayan adidən adi başım var, - İ Tsin Xo söylədi. - Olduqca adi başdır. Amma səfehliyimə salıb, onu yüz min manatdan aşağı dəyərləndirmirəm.

- Qoy olsun, - ayağa qalxan Pak Çun Çan razılaşdı.


- Pulları aparmaq üçün mənə at lazım olacaq, - İ Tsin Xo qeyd etdi, - üstəlik də mühafizəçilər, çünki yolumun üstündə sıra dağlar var. Məmləkətimiz başdan-ayağa soyğunçularla doludur.

- Hə, ölkəmizdə soyğunçular çoxdur, - Pak Çun Çan kədərli səslə təsdiqlədi. - Qoy hər şey sənin arzuladığın kimi olsun, axı hər şeyə rəğmən, möhtərəm ahıl atamın burnu yerində qalacaq.

- Amma bir şeyi qulaqlarında yaxşı-yaxşı sırğa et, aramızda danışılanlar haqda heç kəsin yanından ağzından qaçırma, - İ Tsin Xo onu xəbərdar etdi, - yoxsa hökmdara məndən sadiqli birisi bura gəlib, atanı burunsuz qoyacaq.

Beləcə, sevincdən ürəyi fərəhlə dolan İ Tsin Xo şən mahnı oxuya-oxuya yola düzəldi. Dağlar aşan dustaq pulla yüklənmiş ponilərn zınqırovlarının səsindən hayıl-mayıl oldu.

Bizsə hekayəmizin sonuna gəldik. İ Tsin Xonun işləri günü-gündən irəlilədi. Onun sayəsində dustaqxana gözətçisi bütün həbsxanaların işçilərinin başında durdu. Hakim sonralar Müqəddəs şəhərə gəlib padşah yanında baş nazir vəzifəsini tutdu, İ Tsin Xo isə özünün şən, tox həyatı boyu imperatorun süfrəsinin başında əyləşdi. Pak Çun Çanın taleyinəsə yaşadığı müddətdə bədbinliyə qapılmaq yazıldı. Və o hər dəfə hörmətli ahıl atasının burnuna baxanda kədərlə başını yellədi, gözlərində bilaixtiyar yaş dənəcikləri parladı.


Çevirdi: Kifayət Haqverdiyeva

Kulis.az


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+17=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0309 saniye