Otağda ölüm sükutu var idi. Elə bil matəm evi idi, yada fırtınadan öncəki səssizlik hökm sürürdü, təxminən buna bənzər bir şey. Əgər divardakı köhnə saatın yorğun və bezmiş əqrəbi nəhayət cəsarət tapıb böyük bosa, zamana qarşı üsyan etsə və işləməkdən boyun qaçırsaydı və birdə nəhayət ki bu rayonda elektrik naqilləri ölkənin avropadakı ad-sanına və televizorda göstərilənlərə uyğun olaraq müasirləşib normal işləsəydi və çilçiraqdakı tək yanan lampaya elektrik sabit cərəyanla axıb, onu kiməsə işarə verirmiş kimi göz vurmağa vadar etməsəydi, baxan deyərdiki burda həyat və zaman lap çoxdan, ilk buz dövründə yuvasında qadını ilə şirin-şirin sevgi oyunları oynayarkən qəflətən donan sincabla birlikdə donub. Amma hətta belə olsaydıda bu otaq bu qədər kədərli və dəyişən elektrik cərəyanının nazı ilə oynamaqdan bezmiş lampanın, bir yandan bununla mübarizə apararkən, digər tərəfdəndə analıq instinkti kimi qeyri-iradi olaraq vəzifəsini yerinə yetirərək gecəni aydınlatmasına baxmayaraq qaranlıq görünməzdi. Burda nəsə bir kədər vardı və bu otağın hər yerindən, hər bir əşyasından və hətta havasındanda hiss olunurdu, elə bil havadan kif iyi gəlirdi və elə bəlkədə bu elə həqiqətəndə belə idi. Axı stolun üstündə bir həftədən qalma çörək, pendir, kolbasa və s. kimi şeylər var idi. On beş gün idi ki bu otaqda heç kim təmizlik işləri görməmişdi. Artıq ovçu hörümçəklər otağın yuxarı künclərində öz torlarını ümid və məharətlə qurmuşdular. Əgər masa bu cür şeylərlə dolu idisə deməli onda bir azdan mütləq içəridə müftəxor milçəklər peyda olacaqdılar. Yeni torlar qurmaq üçün burdan yaxşı yer ola bilməzdi, bunu onlara kim xəbər vermişdi bu bilinmirdi amma onlar doğru zamanda doğru yerdəydilər. Hörümçəklər çox ağıllı idilər(milçəklərə nəzərən) və əgər insan olaraq yaransaydılar yüz faiz dünyanın ən yaxşı investorları olardılar.
Döşəmə tamam toz içindəydi, hətta bunu künclərdə yığılan və gözə aydın çarpan toz qalaqlarındanda aydın görmək olardı. Televizorun üstüdə tozlanmışdı. Yerdəki xalının üstündə hər yana səpələnmiş çörək qırıntıları ilə əsl qarışqa çoxaltma təsərüffatı yaratmaq olardı. Əlbətdəki belə çirkli xalının üstündə yaşamağa qarışqalar razı olsaydılar. Orda masanın üstündəki hər qidadan(indi onları ancaq keçmişlərinə hörmət edib özünü məcbur edəndən sonra qida adlandırmaq olardı) qırıntılar var idi.
Divanın üstü otağın ahəngini nəzakətlə pozmayaraq çox səliqəsiz idi və hər tərəfinə səpələnmiş günəbaxan tumu qabıqları ilə bəzədilmişdi. Masa elə bil üstündəkilərdən iyrənib otağın küncünə, divarın dibinə çəkilmişdi. Çirkli boşqablar, içi kif bağlamış və qapağını harda itirdiyindən xəbəri olmayan qazan, çəngəl-bıçaq bacıları və s. Tamam içilmiş və sanki özü bundan sərxoş olaraq ayaq üstə dayana bilməyib böyrü üstünə yıxılmış boş araq butulkası isə otaqdakı ən şən əşya kimi görünürdü.
Sahibə artıq onbeş gün idi ki bu otağa baş çəkməmişdi və deyəsən birdə gəlməyəcəkdi. Baxmayaraq ki onlar Xəlillə bir neçə ay bundan əvvəl ayrılmışdılar ancaq, məhkəmə yanlız on beş gün əvvəl sonlandırılmışdı və Hicran qalan əşyalarınıda götürmək üçün məcbur bu köhnə kənd evinə gəlməli olmuşdu. Amma paltarlarını yığışdırandan sonra bəlkə sadəcə əl alışqanlığı olduğundan, bəlkə içindəki anası tərəfindən az qala əmizdirdiyi südlə birlikdə canına yeridilmiş və onların rayonunda, hətta bəlkədə bütün ölkədə əsl qadın xüsusiyyəti olaraq bilinən təmizkarlıq hissinə məğlub olaraq, yada daha məntiqlisi və az dramatikini düşünsək hər nə qədər bu evlə bağlı acı xatirələri olsada burda keçirdiyi günlərin xətrinə(Xəlilin xətri qalmamışdı artıq) bir az toparlamışdı otağı. Onda o Xəlilin evdə olmamasından və gec qayıdacağından əmin idi, amma, yenədə tələsə-tələsə bir az üstdən təmizlik edib və birdən ayılaraq “mənə nə canım” deyib(buna səbəb qəflətən içində baş qaldıran “birdən Xəlil tez qayıdar və mənlə qarşılaşar,indi onunla qarşılaşmağa heç halım yoxdur” qorxusu idi) tələsik çıxıb getmişdi. Bu onun bu evdən, Xəlillə beş ilini paylaşdığı və zaman-zaman ona doğma görünmüş bu evdən son gedişi idi və o heç melodramtik filmlərdə olan kimi qapıdan çıxanda son dəfə çevrilib nəmli gözlərlə xatirələrinədə baxmadı. Görünür orda, ya nəsə baxmağa dəyəcəcək xatirə yox idi, yada ki bu ucqar kəndə hələ belə filmlər gəlib çatmamışdı. Yoxsa Hicran bunu istəməsədə, hətta, bunun barəsində beynində ən kiçik düçüncə belə olmasada mütləq proqramlaşdırılmış robot kimi o filmlərdə gördüyünü təkar edəcəkdi. Hara, nəyə və niyə baxdığını anlamasa belə. Axı filmlər bizim beynimizə girərək hətta hərəkətlərimizədə təsir edə bilirlər.
Beş il idi ki evli idilər. Xəlil arvadını çox sevirdi(bu kənddə bu istəmək sözü ilə əvəz olunandan çox vaxt keçirdi, insanlar bir-birilərinə sevmək yerinə istəmək deyirdilər). Hicran çox gözəl qadın idi. Belə bir söz var deyirlərki gündüz çıraqla gəzsən də belə gözəlini tapa bilmərsən. Bax Hicran həmin qadınlardan idi və Xəlil böyük bəxtlə onu tapmışdı və necə olmuşdusa Hicranda ona könül vermişdi(atalar deyib ki eşqin gözü kor olar). Xəlildə bu gözəlliyin qarşılığında yaradanın işinə heyranlıqla arvadını dəli kimi sevirdi. Amma olmadı. Neylədisədə olmadı. Hərdən olmur. İndiki zamanda isə tez-tez olmur. Nə isə oldu, bəzən heç nəisənin olmasınada ehtiyac qalmırdı amma bu məsələdə onlar bir az haqlı idilər(ən çoxda Hicran, o Xəlilin arağıda sevməsini qısqanırdı deyəsən). Nəsə oldu və onlar ayrılmağa qərar verdilər. Daha doğrusu Hicran qərar verdi və hakim məhkəmə Xəlilidə bu qərara hörmət eləməyə məcbur elədi. Kimsə üzüldü, kimsə ağladı(bunların hamısını Xəlil daha çox eləmişdi) amma bu heç nəyi dəyişmədi və onlar ayrıldılar. Bu ayrılıq Xəlili tamam bitirmişdi(belə yerdə o atalardan biri sağ olsaydı yəqinki əlini Xəlilin çiyninə qoyub onu təsəlli eləmək üçün deyərdiki “nə olub, ərəb ölüb qan düşüb” yada “dənizdə gəmilərin batıb”). Amma indi hətta qeybdən peyda olmuş dümağ və işıldayan paltarlı və qurşağa kimi sallan uzun saqqalı ata belə onu təəccübləndirib fikirdən ayıra bilməzdi. Hətta əlindəki əsasıyla başına möhkəm bir zərbə endirsəydidə yenədə Xəlilin diqqətini çəkə bilməzdi və yəqinki bu vəziyyətlə əlaqədar bir “söz” deyib küsüb gedərdi. İndi Xəlil üçün elə ərəb ölüb qan düşmüşdü. Yada Suriyadan Floridaya neft daşıyan yüzmin tonluq tankeri Baham adaları yaxınlığında batmışdı. Belə olsaydı da o bu qədər üzgün olmazdı; hətta o tanker neft yox kokain daşısaydıda.
Hicranın ayrılığına daha dözə bilmirdi. Günlərlə yemədi, içmədi, yatmaq dincəlmək bilmədi. Sonra isə rahatlığı ikinci sevgilisinin yanında tapdı və hər gün tamam sərxoş olana qədər araqla sevişdi. Nəhayət elə bir gün gəlib çıxdı ki şeytan onun boynuna keçirdiyi kəməndin ucundan tutub sürüyüb gətirdi bura.
Bir həftədir Xəlil evə gəlməmişdi. Orda burda sülənirdi. Nəhayət son bir həftə durmadan və həvəslə başını doldurandan sonra şeytan onun razılığını aldı, həvəslə və qalib xoşbəxtliyi ilə məsləhət gördü ki bunun üçün ən yaxşı yer elə onun öz evidir. Xəlil gecə yarısı evə gəldi və yuxarı çıxıb işığı yandırdı. Birinci çılçıraqdakı lampanı və sonrada bütün otağı yuxudan oyatdı. Gecə saat on ikidə yuxudan oyadılan otaq gecənin bir vaxtı nəsə hay-küylə oyadılan insan kimi narahat və qorxmuş görünürdü(atalar deyib ki “gecənin xeyrindən gündüzün şəri yaxşıdır”). Sonrasa otaqdan çıxıb getdi və zirzəmiyə düşdü. Hər kəsin yuxudan oyanmasına təkcə saatın əqrəbi sevinirdi. Hər kəs şirin yuxuda olanda dayanmadan fırlanaraq lənətlilər kimi istəmədiyi şeyi təkrar-təkrar eləməkdən bezirdi və içəridə sakitlik içində yatanlara paxıllıq edirdi. İndi Xəlilin qəfil gəlib hər kəsi tappaturupla oyatması ona ləzzət edirdi və dayanmadan isterik gülümsəyirdi.
Lampa çılçıraqdakı daha beş partlamış qohumlarına baxıb kədərlə köks ötürdü. Belə dəyişən cərəyanın verdiyi əzaba dözmək və əhli kef ev sahibinin gecənin bir yarısı gəlib onu işə salması kimi həmişə var olan bir ehtimalla yaşamaqdansa elə partlamaq yaxşı idi. Öz-özünə deyinirdi-əl çəkin qardaş,əl çəkin məndən(atalar deyib ki “yaman günün ömrü az olar”). Hələ üstəlik işığı açanda solundakı qohumu elə indicə balaca bir cızırtı ilə fəğan qoparıb partlamışdı. Həsrətlə ona baxıb içindən kaş sənin yerinə mən partlayaydım deyə bir fikir keçirirdi. Amma həyatdırda, həmişə istədiklərin olmur. Elə Xəlilində həyatı istədiyi kimi deyildi. O Hicranı çox sevirdi və onsuz daha yaşaya bilmirdi. Bu dərdlə hər gün içirdi və elə bu gündə tamam sərxoş olana qədər içib evə elə gəlmişdi. Baxmayaraq ki ayaq üstündə dayana bilmirdi amma içindəki məqsədə çatmaq əzminin verdiyi güclə(əslində yol boyu şeytan(sağ olsun) yıxılmasın onun deyə qoluna girmişdi, qorxurduki yıxılsa Xəlili birdə atağa qaldıra bilməyəcək, Xəlil doğrudanda çox sərxoş idi) bütün yolu yıxılmadan evə gəlib çıxa bilmişdi. Qəti qərarını vermişdi. O indi hətta bu lampadanda çox ölmək istəyirdi və həyatı və dünya indi onun üçün lampadanda dəyərsiz idi, hətta partlamışlardanda. Hər nə qədər həyatı gözündə partlamış lampa qədər dəyərsizləşmişdisədə buna baxmayaraq o lapamdan üstünlüyünün fərqində idi. O lampa deyildi, insan idi. Lampa yaşamaqdan bezib bir gün kiminsə işığı qəfil açması ilə yada birdən çoxalan elektrik cərəyanına dözə bilməyib partlayıb acılarına son verilməsini və dincliyə qovuşmasını gözləməyə məhkum idisə, Xəlil bunu istədiyi vaxt özü edə biləcək qədər şanslı və ali idi. O istəsə elə bu dəqiqə bədbəxt hesab elədiyi taleyi sonlandıra bilərdi və elə elə də edəcəkdi. Zirzəmiyədə bunun üçün düşmüşdü.
Birdən otağın qapısı vurulan zərbənin təsirinə dözməyib(deyəsən Xəlil onu təpiklə açmağa çalışmışdı) sürətlə açıldı və özünü toparlaya bilməyərək rütubətdən kağızı qaralmış divara çırpıldı. Pəncərədəki şüşələrin hamısı xorla güclü fəryad qopardılar və sonra dərhal onları saxlayan mismarlara həyatlarını xilas elədikləri üçün dərin təşəkkür elədilər.
Xəlil qapıda göründü. Gözləri bərəlmişdi və yanaqları qızarmışdı. Köynəyi şalvardan çıxmış, yaxası yarıya qədər açılmışdı. Saçları dağınıq idi. Yarıya qədər açıq yaxasından görünən maykası yaşıl və qırmızı rənglərlə bəzənmişdi. Deyəsən hardasa yolda, ya da elə zəhərləndiyi(Hicran həmişə belə deyirdi) kafedə qaytarmışdı. Qucağında bir topa qalın kəndir görünürdü. Açıq boz rəgnli qalın kəndir. Otağ göz gəzdirib sevinclə gülümsədi və sonra kəndirə baxıb dedi
-Buyur, buyur içəri cənab kəndir! Bax bura bizim evimizdir. Təbii ki sən illərdir zirzəmidə qaldığın üçün buranı görməmisən(ya arağın təsirindən yada arvadının ayrılığından otuz beş yaşlı ədabiyyat müəlliminin deyəsən başı xarab olmuşdu).
-Gəl, gəl keç içəri xahiş edirəm-səndələyə-səndələyə içəri girdi, kəndiri qucağında bərk-bərk tutmuşdu. Elə bil əlində yumurta səbəti var idi. Durmadan gülümsəyirdi, amma hər şeydən bezmiş və əsəbi halda.
-Bax bu bizim divanımızdır. Tfu, yenə bizim dedim. Axı daha biz deyə bir şey yoxdu. Hicran bizi məhv elədi-sonra qucağındakı kəndirə məhəbbətlə baxdı-amma istəyirsənsə onu yenə bizim çağıraq. Qoy bu divan səninlə mənim divanım olsun-daha ayaqda dayana bilməyib divanın üstünə yıxıldı. Amma hələdə kəndiri qucağında tuturdu. Bir neçə saniyə nəfəsini dərib yenə danışmağa başladı
-Cənab kəndir, televizora baxaq? Ha. Ha. Ha-dəli kimi gülməyə başladı- nədir, istəmirsən? Yaxşı baxmayaq-sonra arxaya yaslanıb başını divana söykədi və gözlərini tavana dikdi. Səsi dəyişildi və kövrəldi
-Mən onu bilirsən nə qədər sevirəm cənab kəndir? Lap çox. Amma o bunu başa düşmədi. Bilirsən, indi ciyərim yanır. Mən axmaq olmuşam cənab kəndir. Yox, xahiş edirəm məni qoruma. İmkan ver son dəfə ürəyim istəyən kimi özümü günahlandırım. Nə? Yox..qəti, qəti mən ətrafdakıların diqqətini çəkmək üçün ikidəbir özünü günahlandırıb yazıq vəziyyətinə qoyan biri deyiləm. Bilirsən cənab kəndir, mən qürurlu adamam. Həmdə çox. Amma bunu sənə danışdığım üçün məni səhv çıxara bilərsən. Bəlkədə haqlısan amma mən indi səni özümə çox yaxın bilirəm, hətta ondanda yaxın. Həmdəki-yenə səfeh kimi gülməyə başladı-sən bunu heç kimə danışmayacaqsan axı, düzdü?-tamam uğunub getdi-istəsəndə bacarmazsan, ha..ha..ha... Hə, nə deyirdim, yadıma düşdü. Mən çox axmaq olmuşam cənab kəndir. İndi Hicranı qəti günahlandırmıram. Mən sahib olduqlarımın dəyərini bilməmişəm cənab kəndir. Kaş o gün ona sillə vuranda əlim quruyaydı. Mən sərxoş idim cənab kəndir, çox sərxoş. Amma sən haqlısan, bu bəhanə deyil. Mən gərək bunu eləməzdim. Bilirsən cənab kəndir(ağzı söz tutmurdu amma peşəsi kəndirlə belə danışmasına imkan verirdi, Xəlil savadlı ədəbiyyat müəllimi idi) məncə Hicran heçdə onu vurduğum üçün məni tərk eləməyib. Bu sadəcə bardağı daşıran son şey oldu. Uzun müddət idiki biz tez-tez dava edirdik cənab kəndir. Nə?.. Zirzəmiyə gəlirdi səsi?-sakit və aramla danışırdı- Bağışlayın cənab kəndir. Sizi narahat eləmişik. Mən özümü əsl heyvan kimi aparırdım cənab kəndir. Evə hər gün sərxoş gəlirdim və Hicranda haqlı olaraq mənlə dalaşırdı. Amma bunu indi anlamışam. O məni atıb gedəndən və körpə Ayanımı məndən ayırandan sonra-dedi və qarının üstündəki kəndiri qucaqlayıb ağlamağa başladı....
-Bilirsən cənab kəndir, məhkəmə qərar çıxarıb ki mənim Ayanla görüşməyim uşağın sağlamlığı və psixologiyası üçün təhlükəlidir. Mən daim sərxoş olan mütrüfəm! Küçə həyatı yaşayan səfil! Heç sənə demirəm-birdən nəsə yadına düşdü və kəndirə tərəf maraqla baxdı-xəbərin var? Keçən həftə məni məktəbdən atıblar. Bəli, bəli cənab kəndir! Sən haqlısan. Mən həyatımı özüm məhv eləmişəm(atalar deyib ki “özü yıxılan ağlamaz”). Amma düzəldəcəm. Hər şeyi düzəldəcəm və bunda sən mənə kömək edəcəksən. Edərsən cənab kəndir?... Hə, çox sağ ol. Sənə ölənədək minnətdar olacam. Amma cənab kəndir-birdən ağlına gələn fikirlə kəndirə baxmağa başladı-sən bacararsan? Hə? Gücün çatar məni daşımağa? Qoy bir baxım-dedi və kəndiri dartışdırmağa başladı-hə, sən çox möhkəmsən. Məncə bu işin öhdəsindən asan gələcəksən. Elə məndə...- sonra yenədə susdu və gözlərini tavana zillədi. Sərxoşluqdan gözlərini açıq tuta bilmirdi. Üzündə təbəssüm əmələ gəlirdi. Deyəsən yenədə ağlına nəsə gəlirdi. Sonra piyan beynində hər şey aydınlaşdı və o gülərək xatırladığlarını kəndirədə danışmağa başladı.
-Ha. Ha. Ha , bilirsən nə yadıma düşdü cənab kəndir, baş ağrısı deyil ki? –sualla kəndirə baxdı və sanki ondan istədiyi cavabı alıb yenidən gülümsədi-Hə lap yaxşı. Deməli keçən yay, onda Ayanın üç yaşı vardı, axşam üstü evdə oturub çay içirdik. Cənab kəndir, sən bilirsən Hicran necə gözəl nərd oynayır?! Hə, məndəndə yaxşı. Ona bunu atası öyrədib. Onun belə yaxşı nərd oynamasını heç sevmirdim. Hərdən Həsənlədə oynayırdılar onda lap dəli olurdum. Qadın nədir, nərd nədir. Düz demirəm cənab kəndir? Nə isə o gün yenə şitliyimiz tutmuşdu və biz nərd oynamağa başladıq. Açığı onun mənimlə oynamasını sevirdim. Yubkasının ətəyini ayaqlarının arasına yığıb həvəslə nərdə girişməsi hələdə gözümün önündədir. Biz başladıq oynamağa amma Hicran mərc kəsdi ki kim uduzsa axşam yeməyini o bişirəcək. Məndə razılaşdım, kefimiz kök idi. Oynadıq və mən uduzdum. Ürəyi getmişdi gülməkdən. Amma mən uduzmuşdum və kişi kimi sözümün üstündə dayanmalıydım. Yaxşı bəs nə bişirim? Ağlıma ancaq bir şey gəlirdi. Pomidor və yumurta. Düşüb evin arxasındakı balaca bostandan bir neçə pomidor dərdim-dayanmadan gülürdü-sonrasa keçib toyuqların hinindən üç ədəd yumurta tapdım. Yumurtaları götürəndə xoruzun üstümə atılması bir yana qalsın hələ üstəlik çıxanda başımı tavandakı paslı mismarada ilişdirdim. Hicranla Ayan ana-bala mənə baxıb qəşş eləmişdilər. Elə bir sirk göstərirdim. Sonra min bir əziyyətlə yeməyi hazırladım və onlar keçib masa ətrafında yerlərini tutdular. Amma mən tavanı stola gətirəndə əlim yandı və tavanı yerə atdım. Yeməyin hamısı döşəmənin üstünə dağıldı. Əsəbimdən az qalırdım partlayam amma gülməkdən ürəkləri getmiş həyatımın qadınlarına baxanda məndə yumşaldım və onlara qoşuldum-sonra birdən kəsildi və yenədə səsi qəhərləndi.
-Bilirsən cənab kəndir, mən onlar üçün çox darıxıram-sonra fikrə getdi və nəsə düşünüb yenidən sual dolu sərxoş gözlərlə cansız kəndirə baxdı-səndən bir şey soruşa bilərəm cənab kəndir? Deyə bilərsən niyə? Hə? Cənab kəndir səncə hər şey niyə belə oldu?-ondan cavab gözlədi amma kəndirdən səs çıxmadı-səncədə hər şeyin günahı məndədir? Hamı belə düşünür. Hicranda, Həsəndə, anamda, Hicranın qohumlarıda, məhkəmə hakimidə, hətta mənim vəkilimdə, bəlkə Ayanda-dahada kövrəldi- və yəqin ki tanrıda. Bəs səncə?-gözlədi- dinmirsən. Bilirəm səndə elə düşünürsən-üzgün əminliklə dedi və sonra yenədə gözlərini tavana zillədi və qucağındakı kəndir topasını əli ilə sığallayıb əzizləməyə başladı. Sonra yenədə nəsə yadına düşdü. Güclə ayağa qalxdı və kəndiridə özü ilə qaldırıb səndələyə-səndələyə televizorun yanına gəldi.
-Cənab kəndir, bax sənə nə göstərəcəm-sevincək televizorun yanında bir az yuxarıda divara vurulmuş tozlu çərçivəni göstərdi-bax bu bizim ailəmizdir. Burda Ayanın iki yaşı tamam olur. O çox gözəldir, hə? Hə,elədir. O çox gözəl qızdı-artıq əsəbləri tamam tarıma çəkilmişdi-bax həmin gün-stola tərəf döndü, insanı qorxudacaq şəkildə gülürdü-mən o yeməyi yerlə bir etdiyim gün, bax Hicran burda oturmuşdu, Ayanda burda. Elə hey gülürdülər-yenədə üzü düşdü-amma indi onların yerləri boş qalıb. Niyə cənab kəndir? Səncə niyə?-gözlədi amma yenədə kəndirdən cavab gəlmirdi, tamam əsəbləşmişdi və qorxuducu tərzdə baxırdı, gözləri dönmüş cəlladlara oxşayırdı. Sakit tərzdə amma elə başlanğıcından bir azdan şiddələnəcəyi anlaşılan acıqla kəndirə dedi
-Sən axı niyə hey susursan cənab kəndir? Yəni sən bu qədər duyğusuz və laqeyd qalmağı bacarırsan insan taleyinə. Bunu kimdən öyrənmisən axı. Mənidə onunla tanış elə zəhmət olmasa-getdikcə dahada əsəbləşirdi-ya ümumiyyətlə mənim danışdıqlarımın sənə heç bir dəxli yoxdur? Hə çəkinmə, əgər belədirsə açıq de. Mən inciməyəcəm, söz verirəm. Ya nəsə başqa səbəb var? Hə? ... Nədir? Olmaya sən gözləmək istəmirsən? Hə? İstəyirsən mən bunu bir an öncə eləyim? Mənim ölməyimi çoxdan gözləyirdin? Hə? Bunu çoxdan arzulayırdın? Düzünü de- yenə gözlədi amma bu səfərdə kəndirdən heç bir cavab gəlmədi. Bu dəfə isə artıq o tamam özündən çıxdı və bayaqdan bəri içində yığılıb qalan əsəbin hamısını birdən birə bayıra çıxardı
-Cavab ver, cavab ver-dəli kimi qışqırıb kəndir topasını var gücüylə stolun üstünə çırpırdı, boş araq butulkası ilk zərbədən tullanıb yerə düşdü və baş verənlərin ona heç bir dəxli yox imiş kimi diyirlənib divanın dalında gözdən itdi, yazıq boşqablar isə hər zərbədən daha kiçik hissələrə bölünür, çəngəl-bıçaq bacıları birbirindən ayrı düşmüşdülər-cavab ver it oğlu it. Sənə deyirəm cavab ver. Cavab ver,cavab ver, cavab, cavab, cavab......-nəhayət yorulub dayandı və masanın üstünə aşdı. Başı qazana dəydi və qazan astaca yana doğru çevrildi. İçindəki kifli və yağlı, ifunət iyi verən yemək qalığı qaynar lava kimi yavaş-yavaş axıb saçını islatdı. Bu anda isə bir birinə qarışmış gözünün, ağzının və burnun suyu qırıq boşqab parçasının qırağından süzülərək masa örtüyünü isladırdı. Özünün xəbəri yox idi amma balaca bir şüşə parçası qaşlarının bitişdiyi yerdən bir santimetr aşağıda burunun üstünə batmışdı və yaradan tünd qırmızı qan axırdı. Bir anlıq sükut oldu və içəridəkilərə elə gəldiki hər şey keçdi, xətər sovuşdu. Amma daha bir neçə saniyə sonra Xəlil daha əsəbi və qorxulu halda ayağa qalxdı və var gücü ilə kəndiri divanın üstünə çırpdı.
-Yaxşı, yaxşı it oğlu it. Qoy sən deyən kimi olsun. Elə bilirsən bunu eləməyə mənim gücüm çatmayacaq? Ha ..ha..ha... Yox əzizim, sən yanılırsan. İndi mən sənə sübut edərəm. İstədiyin budu? Darıxma lənətə gələsən. İndi sənin istədiyini verəcəm. Az gözləyin kəndir həzrətləri, bu saat-dedi və aşa-aşa otağın küncünə getdi. Çoxdandır işsiz qalan stullardan birinin qulağından yapışdı və onu arxasıycan sürüyə-sürüyə otağın ortasına doğru gəlməyə başladı. Bir yandanda durmadan deyinirdi
-İndi mən sənə göstərərəm. Elə hamınıza göstərəcəm. Mən bunu bacararam. Bunu hamıya sübut edəcəm-stulun ayağı xalının ucuna ilişdi və o Xəlilin əlindən sürüşüb düşdü. Həm buna görə, həm stul yerə düşərkən çıxardığı səs Xəlilin sərxoş başında əsl atom bombası kimi partladığına, həmdə ki onsuzda indi əsəbləşmək üçün bəhanə axtardığından Xəlil stulu iki əli ilə yerdən qaldırdı və var gücü ilə masanın üstunə çırpdı
-Hamınızın canı cəhənnəmə. Görüm lənətə gələsiz-dedi-indi, indi sizə göstərəcəm.
Stulu sürüyüb çılçırağın altına gətirdi və düz otağın ortasında qəribliklə yerləşdirdi. Sonra divanın üstündə qarmaqarışıq dayanan kəndirə baxıb gülümsəyib dedi
-Əvvəlcə yoxlamaq lazımdır. Düz deyil cənab kəndir? Hə mütləq. Bu çox dəqiq işləyən əməliyyat olacaq-sonra güclə stulun üstünə çıxdı və əlləri ilə çılçırağın buynuzlarından tutub ayaqlarını azca stuldan üzdü və çılçıraqdan sallandı. Tavandan nəsə cırıltıya oxşayan səs gəldi amma çılçıraq Xəlilin ağırlığına dözdü. O buna əməlli başlı sevinib gülümsədi və kəndirə həvəslə baxmağa başladı.
-Hə cənab kəndir! Gördün o mənim ağırlığıma dözür. Buda son cənab kəndir və sən arzuna çatırsan. Sadəcə səni çılçırağa bərkidib boğazıma keçirirəm və stulu ayaqlarımın altından itələyib atıram. Vəssalam. Qurtardı-beynin içində kimsə bunu eləməməsi üçün xahiş elədi-nə? Sən indidə deyirsən ki bunu eləməyim? Nədi məni ələ salırsan? Yox bu baş tutan iş deyil. Bura gəl əbləhin biri. Mən sənə göstərərəm-dedi və kəndiri divanın üstündən yığışdırıb götürdü. Səndələ-səndələyə stulun üstünə çıxdı və kəndiri çılçırğa bərkidməyə başladı.
-Siz bir buna baxın. Məni ələ salır. Yox əzizim mən heç kimə buna icazə vermərəm. Heç çalışma, onsuzda mən fikrimdən dönməyəcəm. Vəssalam. Qurtardı-kəndiri boğazına keçirmişdi, elədiyinin ciddiyyətini anlamaqdan çox uzaqda idi.
-Hə. Əlvida vəfasız həyat. Mən sənə və ailəmə layiq ola bilmədim. Əlvida mənim əzizim kəndir. Əlvida Hicran-pıçıltıyla dedi və qəhərlə əlavə elədi-və əlvida mənim mələyim Ayan. Atan səni çox istəyir....-şərabın təsirindən büdrədi(kim bilir bəlkədə şeytan daha dözə bilməyib arxadan onu itələmişdi) və stul ayaqlarının altından qaçdı. Kəndir taram gərildi və az qaldı Xəlilin başını qoparıb atsın. Kəndir boğazını elə sıxdı ki, nəfəsi tamam kəsildi və gözləri ölü dananın gözləri kimi dombalıb çıxdı və ancaq o anda elədiyinin və öldüyünün fərqinə vardı və peşman oldu. Hər şey çox qısa vaxtda baş verdi. Kimsə birdən birə Xəlilə bütün baş verənlərə görə hələdə yaşamağa dəyərdi dedi və elədiyinə görə hər iki dünyada əbədi peşman olacağını ona elə hiss elətdirdiki Xəlil geri qayıtmaq üçün kəndiri qıra bilməyən barmaqları ilə az qaldı boğazını dağıdıb özünü elə xilas eləsin. Elə bu vaxt bir şey baş verdi və hansısa sirli və gizli qüvvənin çılçıraqdakı tək qalan lampaya yazığı gəldi, evin köhnə tavanı cırıldayıb qopdu və çılçıraq yerdə düşdü. Lampa döşəməyə çırpılıb çilik-çilik oldu və xoşbəxt bir cingilti qoparıb əbədiyyətdə itdi. Xəlil yerə düşdü və çılçıraq öz ağırlığı ilə onun başına çırpılıb başını yardı. Bir anın içində yaradan axan qan kirli xalıya yavaş-yavaş(elə bil xalıdan iyrənirdi) hopdu. Xəlil sanki başından axan qanla bayaqdan arzusunda olduğu dincliyə qovuşdu və gözlərini yumdu. Deyəsən şeytan bacarmadığını görüb acıq edib getmişdi.
İşıq kimi sürətli balaca bir qığılcım zamanın pərdəsini yararaq arxasına keçdi və bir göz qırpında bəlkə beş yüz bəlkədə min il keçmişə uçaraq baş verənləri gecə vaxtı ocağın başında oturub camaata nağıl danışan bir atanın qulağına pıçıldadı və sonra ocağın içinə uçub yox oldu. Ata onun sözlərini dinləyib dedi ki anası namaz üstündə olub.
Həsən Xəlilin xalası oğlu həmdə uşaqlıq dostu idi. Düzü Xəlillə dost olmağı tam olaraq özü seçməmişdi. Qohumlar arasında və ümumiyyətlə onların kəndində(bura balaca kənd idi) onunla dostluq edəcək yaşda olan yeganə oğlan Xəlil idi. Xəlil elə uşaqlıqdan zay idi amma Həsən çarəsiz onunla dostluq edirdi. Sonralarsa zaman onları doğmalaşdırmışdı. Bu məsələdədə ən çox üzülənlərdən biri də Həsən idi. O dəfələrlə Xəlili xəbərdar eləmişdi amma Xəlil onu dinləməmişdi. Gecə hardansa qayıdanda gördüki Xəlilgilin evinin işığı yanır. Uzaqdan baxanda ona elə gəldi ki zirzəminində işığı yanır. Nəsə ürəyinə damdı və içindəki həyəcanı boğa-boğa evə tərəf getdi. Həyətə girib bir-iki ağız Xəlili səslədi amma səsinə səs verən olmadı. Dahada narahat olub yuxarı çıxdı və içəri girəndə boğazında kəndir, yerdə al qan içində yatan Xəlili gördü. Özünü cəld Xəlilin üstünə atdı və ilk olaraq boğazından nəbzini yoxladı. Zəif idi amma nəbzi atırdı. Həsən Xəlili cəld çiyninə atıb kənd xəstəxanasına tələsdi. Üç gün sonrasa Xəlil rayon mərkəzi xəstəxanasında idi. Başına yeddi tikiş düşmüşdü. Elədiyi hərəkətdən çox utanırdı amma yaxşı dərs çıxarmışdı. Bundan sonra adam olacağına söz vermişdi. Hələ üstəlik Hicran Ayanla onu ziyarətə gələndə isə həyata dörd əllə sarılmışdı....
12.06.2015