Cahilliyə, mövhumatçılığa qarşı eyhamla işlədilən bu ifadə Yusif Vəzir Çəmənzəminlinin 1913-cü ildə yazdığı "Cənnətin qəbzi" hekayəsi ilə məşhurlaşıb. Yazıçı cənnətə düşmək üçün axunddan qəbz almaqdan ötrü olmazın zülmünü çəkən kasıb bir adamın faciəsini təsvir etməklə cəhaləti, insanların avamlığını tənqid edir. O vaxtdan "cənnətin qəbzini" ifadəsi məşhurlaşır.
Bundan sonra isə Cəlil Məmmədquluzadə felyetonlarının birində bu ifadəyə müraciət edir: "Əli şiəsi elə bir yaranmışdan ibarətdir ki, onun gecə-gündüz fikri-zikri cənnətin qəbzini mollalardan yalvarıb istəməkdir".
Amma məsələ burasındadır ki, "cənnətin" qəbzi və ya müasir deyimlə ifadə etsək, "cənnətin bileti"ni əldə etmək istər indiki, istərsə də XX əsr maarifçilərinin iddia etdiyi kimi təkcə müsəlmanlarda deyil, xristianlar arasında da məşhur olub. Təəssüf ki, keçmiş və indiki qələm sahibləri ya tarixi bilgi qıtlığından, ya da müsəlman ictimaiyyətinə antipatiya səbəbindən bütün cahilliyin kökünü müsəlmanlıqda axtarmaqda meylli olsalar da "cənnətin qəbzi" ilk olaraq orta əsrlər Avropasında yayılmış fərmanla başlayıb. Roma papası III İnnokentinin (1198-1216) zamanında imzalanmış günahların bağışlanması haqqında kilsə fərmanına (indulgensiya) görə guya kim bu rəsmi kağızı alsa, Allah onun bütün günahlarını bağışlar, həmin şəxs cənnətə gedərmış. "İndulgensiya" dilimizdə "cənnətin qəbzi" kimi ifadə olunur.
İnsanlar indulgensiyanı - cənnət qəbzlərini kilsə qarşısında elədikləri xidmətlər və ya müəyyən pul müqabilində ala bilərdilər. İstənilən şəxs qəbzi həm özü, həm də dünyasını dəyişmiş başqa birisi üçün almaq imkanına malik idi.
Bu tarixi faktı yazmaqla demək istəyirəm ki, görəsən öncəliklə qərbdə formalaşmış və geniş tətbiq olunmuş bu cənnət biletləri nəyə görə şərq insanında daha çox gözə batır? Bəlkə də müsəlmanın fani dünya ilə yanaşı axirəti düşünməsi ona daim "o dünyası"nın da rahatlığını təmin etmək istəyindən qaynaqlanır?! Belə bir deyim var: "Bir gözün bu dünyanı, bir gözün axirətini görsün" və ya "Hər bir müsəlman kəfənini qabaqcadan hazırlamalıdır". Təbii ki, bu tövsiyələr hədislərdən, dini qaynaqlardan gəlir, amma dərindən düşünəndə bir insanın əbədiyyətə hazır olmasında pis nə var?! Haqq-hesab, mizan-tərəziyə inam və hazırlıq şəxsin bu dünyadakı əməllərinə daha diqqətli, daha məsuliyyətli, daha vicdanlı olmasına zəmin yaradar.
Qəbz və ya ilahi sənəd məsələsinə yenidən qayıtmaq istəyirəm: xüsusilə XX əsr maarifçilərinin əsas hədəfi olan sadə müsəlman xalqının bir adəti də vardı - Allaha, peyğəmbərə, imamlara məktub (və ya ərizə) yazmaq. Belə ki, şəxs arzu və istəklərindən ibarət məktubunu dini ocaqlara (əsasən Məşhəd, Kərbala, Nəcəf şəhərlərinə. O yerlərə gedə bilməyən daha yoxsul təbəqə isə yaşadığı ərazilərdəki pirlərə) qoyardılar. Buna hətta indi də rast gəlmək mümkündür. Valideynlərim Məşhəd ziyarətinə gedərkən qonşuluqdakı bir qadının "Həsrət Abbasa ərizə" adlı bir kağızı gətirib anama verdiyinin şahidi olmuşdum (O zaman buna çox gülmüşdüm. Amma sonralar belə bir adətin digər dinlərdə də olduğunu və hətta psixoloqların bu ənənə haqqında gəlirli kitablar yazdığını görəndə peşman oldum.).
Bu adət də zaman-zaman qərbmeylli maarifçilərin tənqid hədəfi olub. Amma adlarını dərin hörmətlə andığımız, jurnalistikamızın, ədəbiyyatımızın realist nümayəndələri özlərindən təxminən 20-30 il sonra tərəqqi və müasirliklərini əldə rəhbər etdiyi qərb məşhurlarının "ilahi məktublarla" zəngin kitablarını görsəydilər nə deyərdilər?..
Məsələ burasındadır ki, sadə xalqın bu ənənəsindən qaynaqlanan psixoloqlar və yazarlar insanların Tanrıdan və digər müqəddəslərdən yazılı sürətdə diləyini məqbul hesab edirlər. Hətta bunu kitablara töküb xeyli gəlir də əldə ediblər. Belə yazarlardan ən məşhuru olan amerikalı ədib Napoleon Hill, sonuncu versiyası "Düşün və varlan" (zaman-zaman başqa adlarla da nəşr olunub) kitabında bu məsələyə toxunub. Onun sözlərinə görə, arzu öncə niyyət halında şüurun altına yerləşir və sıx-sıx təkrarlandıqca cücərir və nəhayət öz bəhrəsini verir. Əslində bu fikirdə yeni heç bir şey yoxdur. Sadəcə işin maraqlı tərəfi odur ki, N.Hill bu istəyin Tanrıya ünvanlanaraq kağıza yazılmasını və göz önündə bir yerə qoyulmasını tövsiyə edir. Onun fikrincə bu, hər şeydən öncə Tanrı və insanı bir-birinə yaxınlaşdırır, yazılı istək insanın içində arxayınlığa çevrilir və onda fövqəlgücə inamı artırır, həmçinin arzularının həyata keçməsi uğrunda təkcə bəxt faktoruna da etibar etmir, özü də bu istiqamətdə ciddi hərəkətə gəlir. Sadəcə olaraq insan nə istədiyini və konkret hansı zaman üçün lazım olduğunu dəqiq yazmalıdır. Psixoloq buna konkret misallar da çəkib: dünyanın ən tanınmış avtomobil markasının sahibi Henri Ford vaxtilə eyni üsula əl atıb (elə N.Hill də Fordun tövsiyəsi ilə həmin kitabı yazıb). Dünya şöhrətli idmançı-aktyor Bryüs Li isə "Mən 2 ilə bütün dünyada məşhur, zəngin aktyor olmaq istəyirəm. Elə bir aktyor ki, hətta mən öləndən sonra da haqqımda danışılsın" yazaraq hər gün nahar etdiyi kafedəki masanın üstünə yapışdırıb - artıq məlumdur ki, Linın Allaha məktubu cavabsız qalmayıb.
Bütün bunlara nəzər saldıqda bir inciklik baş qaldırır: nəyə görə qərblinin dini ənənəsi tərəqqi, şərqlinin isə cəhalət hesab olunur? Qərb insanının zaman-zaman şərqi tənqid etməsini hardasa anlamaq olar - ekzotik, müəmmalı, dünyadakı əhəmiyyətli icadları, rəqsi, mədəniyyəti, adət-ənənəsi, zəngin mətbəxi və bir çox xalqlarının hələ də öz milli-tarixi geyimlərini bu günə qədər saxlaması - bütün bunlar qərblidə həsəd, qısqanclıq yarada bilər. Bəs şərqli niyə özü-özünü bəyənmir, niyə əli qələm tutan hər kəs elə tarixin bütün dönəmlərində öz şərqlisini, xüsusilə də müsəlmanını aşağılayır, onun özündə saxladığı inanc və adətləri cahilliyə bağlayır?! Göründüyü kimi avropalı və ya amerikalı öz insanının inanclarını tənqid etmir, əksinə ondan ilhamlanıb psixoloji kitablar bağlayır. Olmazmıydı ki, bizim tərəqqipərvər maarifçilərimiz də sadə müsəlman xalqını rusla, erməniylə və avropalılarla tutuşdurmaq əvəzinə xalqın lap elə ən cahil düşüncələrindən N.Hill və ya başqaları kimi xariqələr yaratsınlar? Sualların cavabını hər düşünən beyin öz vicdanında axtarsın. Amma cəhaləti qaldırmaq, insanları maarifləndirmək üçün oturub-durub xalqı tənqid etmək əvəzinə həmin inancların elmi izahını axtarmaq lazım idi - lap elə həsrətində olduqları qərblilər kimi!