Ceyms Krüs-Tim Taler və ya satılmış gülüş
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 21:43 15 fevral 2016 tarixində əlavə olunmuşdur

Dünya çəhrayı eynəkdən, yaxşılıq və gözəllikdən ibarət deyil. Amma böyüklərin əksəriyyəti uşaqlara həmişə yaxşılığı və gözəlliyi göstərirlər, gözə və ruha mənfi təsir buraxan buraxan hər şey barədə isə susurlar. Ki, yaxşılıq qədər pislik də var. İşıq qədər qaranlıq da var. Həyat qədər ölüm də  var. Hər şey tarazlıqdadır. İn və Yan.

Nağıl nağıl doğurur. Xoşbəxt nağıllar var ki, hər şey "yalandır." Nağıllar da var ki, sona qədər qəhrəmanın taleyi üçün narahat olursan. Keçmiş Almaniya Federativ Respublikasının yazıçısı Ceyms Krüs belə nağılın müəllifidir. Bəs qəmli olmasından əlavə bədbin sonluqla bitən nağıllar varmı? Əslində C. Krüs nikbin insandır. "Danışan maşın"ı o yazıb. Hansı ki, insan dili ilə quşların və heyvanların bizim haqqımızda nə düşündükləri göstərilir. "Nümunə olan qız və nümunə olmayan qız", "Mənim ulubabam, qəhrəmanları və mən"  kimi əsərlərinin də müəllifi olan Ceyms Krüs uşaqların əyləncələrini, xoşbəxtliklərini, dərdlərini bilirdi.

Alman yazıçısı Ceyms Krüs uşaqlara ideal dünyanın olmadığını, dünyada şeytani varlığın da olduğunu söyləyir. Amma eyni zamanda uşaqlara ümidin var olduğunu inandırır. Bunun ən bariz nümunəsi müəllifin 12+ yaş kateqoriyalı "Tim Taler və ya satılmış gülüş" əsərində öz əksini tapıb.
Hekayə və şeirləri ilə tanınan Ceyms Krüs "Tim Taler"in məcarəsi fonunda hər şeyin alınıb satıldığı dünyada insani dəyərlərlə maddi dəyərlərin çarpışmasını əks etdirir ki, günü bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.

C. Krüs’ün "Tim Taler və ya satılmış gülüş" adlı fantastik povestində yetim Tim Taler’in öz gülüşünü var-dövlət qarşılığında satmasından danışır. Ancaq çox keçmir ki, qəhrəman başa düşür: Var-dövlət onun xoşbəxtliyini, azadlığını, sevincini əvəz edə bilməz. Bütün bunlar isə Tim’in iblisə-baron Natyeş’ə satdığı gülüşündə var idi.

Həm pis, həm də uşaq kimi gülən adam. Təsəvvür edin! Ya da "Şeytanın vəkili" filmində Al Paçino’nun gülüşünə uşaq məsumiyyətini əlavə edin. Əslində baron Natyeş’in adı tərsinə oxunduqda "şeytan" çıxır. Alman nağıl ənənələrində "şeytan" insan cildində olur, damalı kostyumda gəzir, ən qiymətli insani cizgiləri alır. Doktor Faust haqqında qədim əfsanələrdə o, dünyanı dərk etmək istəyir, qarşılığında qəlbini sataraq sevmək, təəccüblənmək, sevinmək kimi cizgilərini itirir. Digər alman müəllifi A. Şamisso yazıq tələbənin öz kölgəsini necə şeytana satmasını yazır. Əslində önəmsiz predmetdir, amma yenə də əzab çəkir. Tim Taler isə öz gülüşü şeytana satır. Doğrudur, Ceyms Krüs’ün fantastik povestində şeytan alman nağıl və əfsanələrində olduğu kimi hər şeyə qadir deyil. Onun gücü var-dövlət üzərində cəmləşir ki, kapitalizm dünyasında bunun inkarı yoxdur. Müəllif də məhz oxucuya çatdırmaq istəyir ki, var-dövlət insanı kökündən dəyişdirə bilər. Belə insanlar sevinə və gülə bilmirlər, göyün və dənizin gözəlliyini görə bilmirlər, quşları və heyvanları hiss edə bilmirlər. Onların həyatı darıxdırıcı olur. Tim Taler isə bunu bilmirdi.

Bəs Tim ögey ailəsindən ötrü imzaladığını sazişi poza biləcəkmi?

Əlbəttə, Tim’i başa düşmək olar: O, ana və atasını itirib, onu sevməyən analığı və ögey qardaşı ilə birgə yaşayırdı. Tim özünü tənha hiss edirdi. Və baronla görüş onun həyatını dəyişdirdi. Gülüşü qarşılığında onunla saziş bağladı. Amma varlı olduqdan sonra Tim xoşbəxt ola bilmədi. Başa düşdü ki, həyatda əsas olan-gülüşdür; hiss etməkdir, sevinməkdir. Ağılla deyil, ürəklə yaşamaqdır. Qəhrəman öz gülüşünün axtarışına çıxır, bu yolda çox öyrənir, böyüyür. Onun xarakteri möhkəmlənir. O, baronun istəklərinə qarşı çıxaraq doğru bildiyini edir.

Qəhrəmanın yolu ona kömək edən və dəstək olan insanlarla kəsişir. Rikert, Kreşimir, Conni. Dostlarının sayəsində gülüşünü geri qaytarır.

Tim Taler-povestin əsas qəhrəmanıdır. Yaşadıqlarına rəğmən o, hər zaman mehriban və qızıl ürəkli kimi yadda qalır. Məhz bu keyfiyyətinə görə gülüşünü geri qaytara bildi.

Natyeş isə ən mənfi obraz olaraq qalmaqdadır. Neçə-neçə bədbəxt insan həyatını var-dövlət qarşılığında dəyişdirmişdi! Amma xoşbəxt ola bilmir. Çünki ağlasığmaz sərvət onu qəlbsiz maşına çevirmişdi. Tim Taler’in gülüşündə isə daxili azadlıq vardı.

Ancaq müəllif əsərini "fantastik povest" adlandırıb. Niyə? Çünki baron Natyeş’dən savayı heç kim nağıl personajı deyil, real həyatdan götürülmədir. Milyonçuların hakimiyyətindən bəhs edilir. İstənilən anda istənilən şəxsi işindən edə bilərlər. Mehriban Rikert, sürücü Conni, stüard Kreşimir’in başına gələnlər kimi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+30=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0589 saniye