ÇALDIRAN – 2. BÖLÜM
Elşən İsmayıl tərəfindən "Digər yazılar" bolməsinə 22:50 16 aprel 2020 tarixində əlavə olunmuşdur

ÇALDIRAN – 2. BÖLÜM

 

“Bitməyən” bir savaşın gizli tarixindən...

(milli-ideoloji, tarixi pyes / ssenari)

 

YAZAR: ELŞƏN İSMAYIL

 

 

O b r a z l a r:

 

ŞAH İSMAYIL SƏFƏVİ / XƏTAİ – Azərbaycan Səfəvilər Dövlətinin hökmdarı, Türk soylu Şah, şair, incəsənət xadimi

YAVUZ SULTAN SƏLİM – Osmanlı imperatoru, Türk soylu Sultan

 

 

*** *** ***

 

MEHMET – Osmanlı kəşfiyyatçısı, Qəmbər Əlinin köməkçisi

BANUNUR - Ərdəbil hakiminin qızı 

QƏMBƏR ƏLİ – Yavuz Sultan Səlimin xüsusi təyinatlı müxbiri, Osmanlı kəşfiyyatçısı

ŞEYX – “Müqəddəs Ali Ocaq”adlı gizli qurumun rəhbəri

“DİLSİZ” ŞAMAN  - mağarada yaşayan bir Şaman

AĞA DƏRVİŞ – Təbrizli bir dərviş

 

 

*** *** ***

 

TACLI BƏYİM – Şah İsmayılın xanımı

AİŞƏ HAFİZƏ SULTAN – Sultan Səlimin xanımı

 

 

*** *** ***

 

HÜSEYN BƏY ŞAMLI -  Şah İsmayılın lələsi, Səfəvilər dövlətinin ilk Əmir-Əl-Ümərası (ordu başçısı) Və Vəkili 

MƏHƏMMƏD XAN USTACLI - Səfəvilər dövlətinin Diyarbəkir bəylərbəyi və Əmir-Əl-Ümərası (ordu başçısı) (1510-1514)

DURMUŞ XAN ŞAMLI - Səfəvilər dövlətinin İsfahan bəylərbəyi

HERSEQLİ ƏHMƏD PAŞA – Osmanlı sədrəzəmi (1 avqust 1512 — 28 noyabr 1514)

QOCA MUSTAFA PAŞA - Osmanlı sədrəzəmi (6 yanvar 1512 — 23 noyabr 1512)

MALKOÇOĞLU TURƏLİ BƏY – Osmanlı sancaq bəyi, ordu başçısı

ŞAHZADƏ SÜLEYMAN  - Sultan Səlimin oğlu,şahzadə, ordu başçısı

 

 

*** *** ***

 

HƏMDULLAH FARSİ – Səfəvi dövlətində yazı işlərinə baxan adam, ənənəvi “Mirzə” ləqəbli adamlardan

ABDULLAH ƏL-VAHAB – Osmanlıda dini idarələrdə çalışan adamlardan biri

FİRUZ XOMEYNİ – Səfəvi dövlətində maliyyə işlərindən sorumlu məmur

ƏBU XİLAF ƏL-BAĞDADİ – əsli Bağdadlı olan Osmanlı taciri

VENESİYA KRALI

ROMA PAPASI

 

Və epizodlarda: MƏHƏMMƏD ŞEYBANİ XAN - Özbək xanı, Şeybani dövlətinin hökmdarı

 

*** *** ***

 

Qeyd: bu əsərdə iştirak edən obrazlar və baş verən hadisələr tarixlə əlaqəli olsa da, süjet xəttinə uyğun olaraq yazar tərəfindən müəyyən əlavələr də edilmişdir. Pyes sırf tarixi mahiyyət daşımır, milli-ideoloji təbliğat və əyləncə məqsədiylə yazılmışdır. Baş verə biləcək hər hansı yanlış anlaşılmalara görə, öncədən sizlərdən üzr istəyirik. Məqsədimiz xalqımızı milli birliyimizə dair çağırışa səsləmək və şanlı tariximizin verdiyi ilhamla maraqlı bir əsər yaratmaqdır. Xoş oxular...

 

 

*** *** ***

 

(Oxuyarkən əsərdən film kimi zövq almaq istəyirsinizsə, o zaman hər bir səhnənin əvvəlində sizə təqdim etdiyimiz linkdəki fon musiqisi ilə birlikdə oxumağı tövsiyə edirik.)

 

Səhnə fon musiqisi: 

 

TƏBRİZ. ŞAH SARAYI... Şah İsmayıl taxtında oturub böyük şair və xalq ozanı Füzulinin bir şeirini oxuyur.

ŞAH İSMAYIL: Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,

Eşq afəti-can olduğu məşhuri-cahandır!

 

Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!

Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!

 

Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,

Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!

 

Yaxşı görünür surəti məhvəşlərin, əmma

Yaxşı nəzər etdikdə, sərəncamı yamandır!

 

Eşq içrə əzab olduğun ondan bilirəm kim,

Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır!

 

Yad etmə qara gözlülərin mərdümi-çeşmin,

Mərdüm deyib aldanma kim, içdikləri qandır!

 

Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var"

Aldanma ki, şair sözü, əlbəttə, yalandır.

Şeiri bitirdikdən sonra Şah mənalı baxışlarla bir nöqtəyə baxır və bu zaman bir saray qulluqçusu onun hüzuruna çıxır, Şahın icazəsi ilə danışır və qonağının gəldiyini söyləyir. Şah çox sevinir və qulluqçunu göndərir, şeiri bir kənara qoyub gözləyir. Bir müddət sonra qonaq gəlir, Şah dərhal taxtından enir və qonağını gülərüzlə qarşılayır. Qucaqlaşıb salamlaşırlar və başqa otağa keçirlər. Bura sarayın digər otaqlarından fərqli olaraq sirli bir görünüşə sahibdir... Qonaq (Şeyx) əlini açıb ürəyinə qoyur və yalnız Şahın eşidə biləcəyi bir söz söyləyir.

ŞEYX: (təmkinlə) Şah Şahdır, mənim Özüm!

ŞAH İSMAYIL: (eyni şəkildə təkrar etməyə çalışır) Şah Şahdır, Uca Şeyxim!

ŞEYX: (əllərini ruhani şəkildə göyə qaldıraraq) Göy Tanrı da Şahdır, mənim Özüm!

ŞAH İSMAYIL: Göy Tanrı Şahdır, Uca Şeyxim!

Sonra bir-birlərinə gülərüzlə baxırlar və bir-birlərinin əllərini və üzlərini öpürlər. Sonda Şah, Şeyxin mavi qaşlı üzüyünü, Şeyx isə Şahın ətəyini öpür.

ŞEYX: (təmkinlə və səbirlə) biz min illər boyu eyni yolu tutmuşuq. Ancaq görünür, bu dəfə düşmən yolumuzu məhv etməyə yaxındır.

ŞAH İSMAYIL: (maraqlanır və narahat olur) niyə belə deyirsiniz, Şeyxim?

ŞEYX:  düşmənlərlə işləyən (qəzəbli bir üzlə) içimizdəki "ilanlar" daim ölkə daxilində və xalq içərisində öz siyasətlərini həyata keçirməyə çalışırlar. Qərbdə sünni və Şərqdə şiə təbliğatı aparılır. Ancaq əsrlər boyu nə Qərb, nə də Şərq məzhəbi, təriqəti və dini ayrımçılıq etmədən bir-biri ilə qardaşlıq içində yaşamışdır.

ŞAH İSMAYIL: (dərin hüznlə) bilirəm! İllərdir bu torpağa aid olmayan şeylər, yalanlarla birlikdə xalqa təbliğ edilməyə başlandı. Buna görə də mən bu dövləti yaratdım: xalqımızın bizə məxsus olmayanlarla çirklənməsinin qarşısını almaq üçün, amma…

Şeyx, Şahın çox üzüldüyünü dərk edir və gülümsəməyə çalışır. Şah ona sual dolu baxışlarla baxır.

ŞAH İSMAYIL: Şeyxim, bu müharibənin qarşısını almaq üçün nə edə bilərik?

Baxışırlar. Qarşı tərəf səbirlə gülümsəyir.

ŞEYX: çox şey edə bilərik. (dərin baxışlarla) Ancaq illər əvvəl olduğu kimi yenə də gecikməyimizdən qorxuram.

ŞAH İSMAYIL: necə yəni, Şeyxim?

ŞEYX: dünən gecə bir yuxum gördüm. Boğazıma bir qara ilan sarılmış məni boğurdu ...

Şah heyrət içində Şeyxi dinləyir.

ŞEYX: çırpınaraq qurtulmağa çalışdım. Ancaq bir müddət uğur qazana bilmədim.

Şeyx uzun müddət susur.

ŞAH İSMAYIL: (maraqla) yaxşı, bəs sonra?

ŞEYX:(dərin baxışlarla) içimizdəki xainlər və sahibləri zəif yerlərimizi yaxşı bilirlər, övlad. Müharibəni necə və hansı səbəblərlə başlaya biləcəyimizi, nələrə dözə bilməyəcəyimizi, necə dağılacağımızı ...

ŞAH İSMAYIL: (səbirsizliklə) çıxış yolu yoxdur məgər?

ŞEYX:(dərin baxışlarla) var! Ancaq bu dəfə məsələ bir-birimizlə savaşıb savaşmayacağımız deyil! Əsrlər sonra bizdən sonrakı nəsillərin bizi tarix kitablarında tərif və hörmətlə oxuyub xatirələrimizi yad etmələrini istəyiriksə, onda bu xainləri, “ilan” qiyafəli düşmənləri məhv etməliyik. Bunun üçün lazım olanı edəcəyik. Ocağımız, təşkilatımız artıq bu istiqamətdə işlərə başlamışdır ...

ŞAH İSMAYIL: indi başa düşürəm, Məhəmməd Şeybani Xanla da o vaxt məni onlar düşmən etdi.

Şeyx Şaha təsdiqləyici baxışla baxır.

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

1510. TƏBRİZ. ŞAH SARAYI... Şah İsmayıl otağında bir məktub yazır.

Məktub: Ey, Türküstan Xaqanı, Ulu Başbuğ Çingiz Xanın ulu nəvəsi Məhəmməd Şeybani Xan, yazdığım məktubu oxu və anla, mən də Türkəm, sən də Türksən! Mən Oğuz atamızın soyundanam, sən də. Hər ikimiz Turan Xaqanı Teymurun getdiyi yolu davam etdiririk. Sən Türküstanda, mən Xorasanda və Azərbaycanda hökm sahibiyəm! Ancaq niyə görədir bilmirəm, eyni ideallar uğrunda mübarizə aparsaq da, qılınclarımız düşmənlərə deyil, bir-birlərinə vurulur. Əminəm ki, xain əllərin bu işlərdə bir barmağı var! Bir qardaşın olaraq son dəfə xahiş edirəm, bu mübarizəni kənara qoyaq və eyni iki soylu, eyni qanlı - Oğuz Xan davamçısı olaraq birləşək və hər şeyi elə həll edək. - Turan üzüyünün qaşı - Azərbaycan mülkünün sahibi, Qızılbaş dövlətinin hökmdarı, Türk soyu Səfəvi Xanədanının nümayəndəsi Xaqan Şah İsmayıl Səfəvi…

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

SƏMƏRQƏND. ŞEYBANİ XANIN SARAYI ... Xan taxtında əyləşmiş, Səfəvi elçisi onun qarşısında diz çökmüş, digər tərəfdə isə Xanın bir adamı elçinin gətirdiyi - Şahın yazdığı məktubu oxuyur.

Məktub: Özünü tanımayan, Törədən, Eldən uzaq, Türküstanın varlığına yaraşmayan "xan", bilmək istərdim ki, təhdidkar və işğalçı davranışların məni qorxutmur. Sən, Turan Xaqanı, Teymurun da getdiyi yola təhqirsən! Sən həmişə Türküstana, Xorasana və Azərbaycana düşmən olan məlun kəssən. Şərq sərhədlərimizdə illərlə etdiyin rəzalət, qəddarlıq və zülmü eşitmişəm. Ancaq özümü səninlə eyni səviyyəyə qoymadığım üçündür ki, hələ də murdar başın çirkli bədəninin üzərindədir. Son dəfə xəbərdarlıq edirəm, ağlını başına yığ və gəl əlimdən, ətəyimdən öp! Bəlkə mənə biət etdiyinə görə səni bağışlayaram və Səfəvi Xanədanının Şərq əyalətlərindən birinə "bəy" təyin edərəm. Yoxsa oraya gələcək, daş üstündə daş qoymayacaq, nəslini Türküstan torpaqlarından siləcəyəm! - Turan üzüyünün qaşı - Azərbaycan mülkünün sahibi, Qızılbaş dövlətinin hökmdarı, Türk soyu Səfəvi Xanədanının nümayəndəsi Xaqan Şah İsmayıl Səfəvi…

Xan bu məktubdan qəzəbləndikcə, Səfəvi elçisi təəccüb və qorxu içində donub qalır. Çünki onun bildiyi məktub belə deyildi. Ancaq Xan heç kimə qulaq asmadan bir neçə saniyə ərzində böyük hirslə ayağa qalxır. Qəzəbli pələng kimi coşur, qılınc çəkir və elçinin başını bədənindən ayırıb yerə atır. Qan hər kəsin üzünə sıçrayır. Şeybani Xan qəzəbli gözləriylə ilə bir nöqtəyə baxır ...

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

TƏBRİZ. ŞAH SARAYI ... Səfəvi Ordusunun komandiri Məhəmməd Xan Ustaclı Şahın hüzurundadır. Hər ikisi əsəbidir, Şahın əlində Şeybani Xandan gələn məktub var.

ŞAH İSMAYIL SƏFƏVİ:(əsəbi və kədərli) heç nəyə baxmayaraq onunla dost və qardaş olmağa çalışdım, amma mənə yazdıqlarına bir bax. (məktuba sonuncu dəfə baxır və yerə atır) - Türk oğlu Türkə "Sasani müsvəddəsi" deyib, (daha da əsəbiləşir) "Əcəm vilayətinin mirzəsi" də bardağı daşıran son damla oldu ...

MƏHƏMMƏD XAN USTACLI: (itaətkar) Şahım, bilirəm ki, bu mənim həddim deyil, amma…

ŞAH İSMAYIL SƏFƏVİ: de görək!

MƏHƏMMƏD XAN USTACLI:  (şübhəli) məncə bu məsələdə bir şey var!

ŞAH İSMAYIL SƏFƏVİ: (əsəbiləşir) nə olacaq, illərdir bu adam yavaş-yavaş Xorasanın bir hissəsini işğal etmirmi?

MƏHƏMMƏD XAN USTACLI:  edir, amma…

ŞAH İSMAYIL SƏFƏVİ: o zaman kəlam bitmişdir! (əsəbi halda ayağa qalxır) Son sözü qılınclarımız deyəcəkdir! (belindəki qılıncını çıxarır)

Şah çox qəzəbli görünür, gözləri qızarmağa başlayır.

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

ŞİRAZ ... Qaranlıq bir məhəllə ... İki nəfər bir-birinin ardınca gəlir və köhnə bir malikanəyə girir ... Bir neçə dəqiqədən sonra onlar bir otaqda üz-üzə oturur.

 

1-ci şəxs: (hiyləgər baxışlarla) planlarımız yaxşı işləyir. Şahla Xanı bir-birinə düşmən edə bildik. İndi seyr edək.

2-ci şəxs: (gülür) o məktubu necə dəyişdin?

Birinci şəxs hiyləgər baxışlarla gülümsəyir və naməlum bir nöqtəyə baxır ...

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

BİR NEÇƏ AY ƏVVƏL ... Xorasanda bir karvansara ... Səfəvi elçisi otağında yatır. Bu anda iki nəfər gizlicə içəri girir və biri dərmanı dəsmal ilə elçinin burnuna tutur, digəri isə çantasını yoxlayır. Şahın məktubunu tapır, ona bənzər bir başqa məktub ilə əvəz edir. Sonra yavaş-yavaş oranı tərk edirlər. Çölə çıxanda birinin qolunda "Xaşxaşilərin" möhürü görünür ...

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

ŞİRAZ ... Qaranlıq bir məhəllə. Köhnə bir malikanə…

2-ci şəxs: (bir qədər narahat) ikimiz də Səfəvi dövlətinin məmurlarıyıq. Bu işin üstü açılarsa, hər kəsdən öncə biz yanacağıq.

1-ci şəxs: (gülümsəyir) narahat olma, nə vaxta qədər Türklər arasında “torpaq, hökmdarlıq, dünya imperiyası” və digər mövzular olacaq, o vaxta qədər də biz istədiyimizi əldə edib arzuladığımız mövqeyə çata biləcəyik.

İkinci şəxs rahatlaşır və gülümsəyir.

2-ci şəxs: o zaman planları davam etdirək?

1-ci şəxs: (gülümsəyir) əlbəttə!

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

1512. TƏBRİZ. ŞAH SARAYI ... Böyük bir otaqda Hüseyn bəy Şamlı və Məhəmməd Xan Ustaclı oturub söhbət edirlər.

MƏHƏMMƏD XAN USTACLI: (fikirli və narahat) mən həmişə fikirləşirdim, niyə şahımız Şeybani Xanı məğlub etdikdən sonra başını kəsməyi əmr etdi? Ancaq düşünürəm ki, indi başa düşürəm.

HÜSEYN BƏY ŞAMLI: (gülümsəyir) səncə də niyə?

MƏHƏMMƏD XAN USTACLI: (qürurla) bax, indi bizim gücümüzə qarşı kim dayana bilər? Sərhədlərimiz demək olar ki, Əmir Teymurun zamanının böyüklüyünə çatdı. Bu cahanda bizdən və Osmanlılardan güclü bir dövlət varmı?

HÜSEYN BƏY ŞAMLI: artıq yox, ancaq nə demək istəyirsən, başa düşmürəm.

MƏHƏMMƏD XAN USTACLI: Şahımızın o hərəkəti, dövlətimizin və Ali Xanədanımızın nüfuzunun artması, düşmənlərimizin bizdən daha çox qorxması və bundan sonra xainlərin bizimlə bacarmayacağını düşünmələri üçün yetərli deyilmi?

HÜSEYN BƏY ŞAMLI: haqlı ola bilərsən, amma bir həqiqət də var ki, içimizdəki xainlər vasitəsilə bəzi güclər bu cür hadisələri gələcəkdə tarixə yanlış təqdim edə bilərlər. 

MƏHƏMMƏD XAN USTACLI: necə yəni?

HÜSEYN BƏY ŞAMLI: hər şeyi təriqətə, dini müharibəyə, bölgəsəl ayrı-seçkiliyə və ya "Fars-Türk" müharibəsi kimi gülünc bir hadisəyə çevirə bilərlər.

Məhəmməd Xan fikrə gedir.

HÜSEYN BƏY ŞAMLI: ancaq təbii ki, arif olanlar bunun bir müharibə ənənəsi olduğunu və ulu əcdadlarımız - qədim Skiflərə söykəndiyini biləcəklər. Qədim Türklər düşmənlərinin və rəqiblərinin başlarını kəsərək, içini oyub ya saman və otla doldururlardı, ya da qızıl suyuna çəkib badə düzəldərdilər. Sonra da şərab və ya digər qırmızı içkilərdən içərdilər. Bu müharibə mərasimi idi və bunu edən hökmdar dostlarına qüdrətini göstərir, düşmənlərinə isə xəbərdarlıq edərdi. Bir başqa sözlə, görənlər, eşidənlər və ətrafında olanlar bilsin və anlasın sıradakının o olacağını.

MƏHƏMMƏD XAN USTACLI: (heyranlıqla) əcdadlarımız düşmənçilik və dostluqları mərdcə yaşayıblar.

HÜSEYN BƏY ŞAMLI:  bəli! İndiki xainlərin davranışı isə mərdliyə, kişiliyə aid deyil! Buna görə də çox ehtiyatlı olmalıyıq! İçimizdə gizlənən “ilanlar” bizi gec-tez zəhərləyə bilər. Hər şey bir yana, bundan sonra təki zehnimiz zəhərlənməsin! Yoxsa qardaş qardaşa düşmən olmağa davam edəcək!

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

İSTANBUL ... Qəmbər Əli ilə Mehmet uzun qara paltarda kamuflyaj edilmiş qaranlıq bir küçədə görüşürlər ...

MEHMET: məni çağırdığına görə, deməli yenə gizli tapşırıq var?

QƏMBƏR ƏLİ: bəli. Bu dəfə Sultan özü əmr etdi və biz bunu nəyin bahasına olursa olsun etməliyik!

MEHMET: hara gedirik?

QƏMBƏR ƏLİ: Ərdəbilə - Səfəvilərin qəlbinə!

Mehmet sual dolu baxışlarla Qəmbər Əliyə baxarkən, o da hər şeyi bilən adam kimi bir ifadə ilə gülümsəyir ...

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

TOPKAPI SARAYI ... Yavuz Sultan Səlim və Malkoçoğlu Turəli bəy danışır. Sultan əsəbi, Malkoçoğlu narahatdır.

MALKOÇOĞLU TURƏLİ BƏY: Sultanım, keçən ilki üsyanların lideri olan "Şahqulu"-nun adı bu il də bəzi Şərq əyalətlərində meydana çıxır.

YAVUZ SULTAN SƏLİM: (əsəbi və gərgin) necə? Bəs o keçən il Sivasda Xadım Əli Paşa ilə müharibədə ölməyib?

MALKOÇOĞLU TURƏLİ BƏY: öldü! Ancaq məncə, bu başqa Şahquludur!

YAVUZ SULTAN SƏLİM: necə yəni?

MALKOÇOĞLU TURƏLİ BƏY:  üzr istəyirəm, amma deməliyəm ki, bəzi bölgələr var ki, dövlətimizə biət etmək istəmirlər. Onların bəyləri və bəzi adamlar bəzən mərkəzi hakimiyyətin hər hansı bir qüsurunu və ya zahirən yanlış görünən davranışlarını fürsət bilib üsyan etmək istəyirlər. Bu, onlardan biridir. Düşünürəm ki, bu "Şahkulu"-lar get-gedə daha da artacaq.

YAVUZ SULTAN SƏLİM: nə demək istəyirsən?

MALKOÇOĞLU TURƏLİ BƏY: (bir az çəkinir) Səfəvi sərhədlərinə yaxın və onlarla qonşu olan bölgələrdə Qızılbaşlıq aktiv bir mənəvi gücdür. Əlbəttə ki, bu, bəzən fürsətçilərin xeyrinə olur, istər Qızılbaşlardan dəstək alsınlar, ya almasınlar, axırı bir bəhanə ilə üsyan edə bilirlər.

YAVUZ SULTAN SƏLİM: ancaq keçən səfər sədrəzəm Qoca Mustafa Paşa bəzi vilayətlərdə rüşvət və dələduzluq kimi problemlərdən bəhs etmişdi.

MALKOÇOĞLU TURƏLİ BƏY: (düşüncəli) təbii ki, o da var!

Sultan bir az düşünür və qərar verir.

YAVUZ SULTAN SƏLİM: qısa müddətdə divan çağıraq. Gəlin bu məsələni dövlətimizin böyükləri ilə müzakirə edək və birgə qərar verək. O zaman “Şahkulu” adlı bir üsyançı ilə görüşmək üçün bir heyət də yaradarıq. Hər şey yaxşıca araşdırılmalıdır. Xüsusilə şahın və ya Səfəvilərin bu hadisələrlə əlaqəsi olub-olmaması! (əsəbi şəkildə) Yox, əgər Şahkulu həqiqətən də özünü "Şahın xidmətçisi" sayırsa, deməli onun başını kəsmək haqdır! (əlini qılıncına aparır) Və ehtimal bir döyüş hazırlığı görüləcəkdir!

MALKOÇOĞLU TURƏLİ BƏY: (düşüncəli və narahat) kimlə, yoxsa Qızılbaşlarlamı?

Sultan gərgin baxışlarla Malkoçoğlu ilə baxışır.

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

ƏRDƏBİL ... Mehmet yerli paltarla tədbiri-qiyafət olub və bir qəsəbəyə tərəf gedir və bu zaman təpədə bir bulaq görür. Susuz olduğunu xatırlayır və içmək üçün o tərəfə gedir. Və bu anda bulaqdan su doldurmağı gözləyən bir neçə qız görür. Onların orada olmasına baxmayaraq, Mehmet oraya gedir. Bu an Banunur onun diqqətini cəlb edir. Bir neçə saniyə ərzində ikili göz-gözə gəlirlər. Hər şey bundan sonra başlayır. Gənclər sanki donmuş halda baxışırlar. Və ətrafdakı insanları görmədən, bir-birlərinə yavaş-yavaş yaxınlaşırlar. Bu zaman Mehmet arxadan ona yaxınlaşmaqda olan adamların da ayaq səslərini eşidir və gün işığında görünən kölgələri görür ...

 

*** *** ***

 

 

BÖLÜMÜN SONU

 

RƏYLƏRİNİZİ VƏ YENİ BÖLÜMLƏ BAĞLI TƏXMİNLƏRİNİZİ GÖZLƏYİRİK.

 

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+14=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0283 saniye