ÇALDIRAN – 4. BÖLÜM
Elşən İsmayıl tərəfindən "Digər yazılar" bolməsinə 00:02 21 may 2020 tarixində əlavə olunmuşdur

ÇALDIRAN - 4. BÖLÜM

 

“Bitməyən” bir savaşın gizli tarixindən...

 

(milli-ideoloji, tarixi pyes / ssenari)

 

YAZAR: ELŞƏN İSMAYIL

 

O b r a z l a r:

 

ŞAH İSMAYIL SƏFƏVİ / XƏTAİ – Azərbaycan Səfəvilər Dövlətinin hökmdarı, Türk soylu Şah, şair, incəsənət xadimi

YAVUZ SULTAN SƏLİM – Osmanlı imperatoru, Türk soylu Sultan

 

*** *** ***

 

MEHMET – Osmanlı kəşfiyyatçısı, Qəmbər Əlinin köməkçisi

BANUNUR - Ərdəbil valisinin qızı

QƏMBƏR ƏLİ – Yavuz Sultan Səlimin xüsusi təyinatlı müxbiri, Osmanlı kəşfiyyatçısı

ŞEYX – “Müqəddəs Ali Ocaq” adlı gizli qurumun rəhbəri

“DİLSİZ” ŞAMAN - mağarada yaşayan bir Şaman

AĞA DƏRVİŞ – Təbrizli bir Dərviş

 

*** *** ***

 

TACLI BƏYİM – Şah İsmayılın xanımı

AİŞƏ HAFİZƏ SULTAN – Sultan Səlimin xanımı

 

*** *** ***

 

HÜSEYN BƏY ŞAMLI - Şah İsmayılın lələsi, Səfəvilər dövlətinin ilk Əmir-Əl-Ümərası (ordu başçısı) və Vəkili

MƏHƏMMƏD XAN USTACLI - Səfəvilər dövlətinin Diyarbəkir bəylərbəyi və Əmir-Əl-Ümərası (ordu başçısı) (1510-1514)

DURMUŞ XAN ŞAMLI - Səfəvilər dövlətinin İsfahan bəylərbəyi

HERSEQLİ ƏHMƏD PAŞA – Osmanlı sədrəzəmi (1 avqust 1512 — 28 noyabr 1514)

QOCA MUSTAFA PAŞA - Osmanlı sədrəzəmi (6 yanvar 1512 — 23 noyabr 1512)

MALKOÇOĞLU TURƏLİ BƏY – Osmanlı sancaq bəyi, ordu başçısı

ŞAHZADƏ SÜLEYMAN - Sultan Səlimin oğlu, şahzadə, ordu başçısı

 

*** *** ***

 

HƏMDULLAH FARSİ – Səfəvi dövlətində yazı işlərinə baxan adam, ənənəvi “Mirzə” ləqəbli adamlardan

ABDULLAH ƏL-VAHAB – Osmanlıda dini idarələrdə çalışan adamlardan biri, “Üləma” köməkçilərindən

FİRUZ XOMEYNİ – Səfəvi dövlətində maliyyə işlərindən sorumlu məmur

ƏBU XİLAF ƏL-BAĞDADİ – əsli Bağdadlı olan Osmanlı taciri

VENESİYA KRALI

ROMA PAPASI

 

Və epizodlarda:

“ŞAHQULU” XƏLİL AĞA – Osmanlı İmperiyasının şərq əyalətlərindən birində keçmiş məmur köməkçisi, yeni üsyançı

VƏLİD AĞA – Osmanlı İmperiyasının şərq əyalətlərindən birində maliyyə məsələləri üzrə məmur

 

*** *** ***

 

Qeyd: bu əsərdə iştirak edən obrazlar və baş verən hadisələr tarixlə əlaqəli olsa da, süjet xəttinə uyğun olaraq yazar tərəfindən müəyyən əlavələr də edilmişdir. Pyes sırf tarixi mahiyyət daşımır, milli-ideoloji təbliğat və əyləncə məqsədiylə yazılmışdır. Baş verə biləcək hər hansı yanlış anlaşılmalara görə, öncədən sizlərdən üzr istəyirik. Məqsədimiz xalqımızı milli birliyimizə dair çağırışa səsləmək və şanlı tariximizin verdiyi ilhamla maraqlı bir əsər yaratmaqdır. Xoş oxular...

 

*** *** ***

 

(Oxuyarkən əsərdən film kimi zövq almaq istəyirsinizsə, o zaman hər bir səhnənin əvvəlində sizə təqdim etdiyimiz linkdəki fon musiqisi ilə birlikdə oxumağı tövsiyə edirik.)

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

ƏRDƏBİL ... Gecə saatları ... Mehmet bir neçə kişi ilə küçədə gəzir. Daha əvvəl danışıldığı kimi, gizli bir yerdə Qəmbər Əli ilə görüşəcək və fikir mübadiləsi aparacaqlar. Ancaq heç nə planlaşdırıldığı kimi getmir. Yerə çatdıqları anda Ağa Dərviş onları uzaqdan tanıyır ... Və Səfəvi əsgərləri bir neçə dəqiqə sonra məkanda görüşən Osmanlı kəşfiyyatçılarını həbs edirlər...

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

VENESİYA ... Papa və Kral bir qondola ilə üzərək şəhərin gözəlliyini seyr edirlər. Onları qoruyan çox sayda mühafizəçi, ətrafdan onları qondolalar ilə əhatə etmişdir. Papa sakitdir, Venesiya kralı bir az narahatdır.

VENESİYA KRALI: Osmanlıya nəzarət etmək üçün ərəblərə səlahiyyət verməliyik!

ROMA PAPASI: ancaq bunu edə bilməmiz üçün Şərqdə Osmanlı İmperiyasına kömək etməliyik. (pis baxışlarla gülümsəyir)

VENESİYA KRALI: (gülümsəyir)eyni şeyi düşünürük, elə deyilmi?

ROMA PAPASI: (hiyləgərcəsinə baxışlarla) Osmanlını Avropadan mümkün qədər uzaq tutmalıyıq! Buna görə Sultan Səfəvi sərhədlərini keçib Məmlükləri məhv etməli və Məkkəyə ən qısa müddətdə getməlidir ki, Xəlifəlik Osmanlıya keçsin!

VENESİYA KRALI: Bizans vaxtilə xəlifələri casuslarla aldadaraq ərəbləri Türklərlə necə düşmən etdiysə, indi də Osmanlı “Xilafət” olaraq bütün Türk dünyasının düşməni olacaq!

Qarşı-qarşıya gülümsəyirlər.

VENESİYA KRALI: bəlkə saraya qayıdaq (gülümsəyərək)? Bir şüşə içki içək, söhbətə elə davam edək.

ROMA PAPASI: (gözləri parlayır) məncə gözəl fikirdir! Planlarımızı geniş-geniş müzakirə edərik.

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

AZƏRBAYCAN. ƏRDƏBİL ... Qəmbər Əli, Mehmet və dostları ayrı hücrələrdə saxlanılır ... Şeyx bir neçə adamı ilə qaranlıq bir hücrəyə gəlir. Hər kəs getdikdən sonra, Şeyx döyülmüş və bərk əzilmiş Qəmbər Əlinin yanına gəlir. Səpələnmiş saçlarını bir tərəfə çəkir və təbəssümlə üzünə baxır. Qəmbər Əli də ona qarşılıq verir.

QƏMBƏR ƏLİ: (gözlərini güclə açır) Şah, Şahdır, Şeyxim!

ŞEYX: (nurani baxışı ilə) Şah, Şahdır, övlad!

Şeyx Qəmbər Əlinin əllərini açır və onlar bir-birlərini qucaqlayırlar. Bir az sonra ayrılırlar.

ŞEYX: (Qəmbər Əlinin yaralarına məlhəm sürtür) səni yaman döyüblər. (gülümsəyir)

QƏMBƏR ƏLİ: (özünə gəlməyə çalışır) başqa cür görüşə bilməzdik, elə deyil?

ŞEYX: (gülümsəyərək) bu məsələni qısa zamanda həll etmək lazımdır!

QƏMBƏR ƏLİ: mən vəziyyətimdən məmnunam! (gülümsəməyə çalışır və öskürür)

ŞEYX: hə, necə də düz deyirsən. (gülümsəyərək işini bitirir və geri çəkilir)

Ciddiləşirlər.

QƏMBƏR ƏLİ: siz soruşmadan deyim ki, sanki Sultan müharibəyə hazırdır. Bir tək dövlətin çox əziyyət çəkməsini istəmir.

ŞEYX: (əhvalı pozulur) necə yəni?

QƏMBƏR ƏLİ: Osmanlı İmperiyasında bu müharibəni istəyənlər çoxdur! Bəziləri yeni vəzifə, kimisi torpaq, kimisi qənimət, kimisi öz eqosuna görə... Ancaq Sarayda vəziyyət fərqlidir. Əvvəl Sultan digər dövlət adamları kimi bu müharibəni istəmirdi. Lakin son vaxtlar Səfəvi sərhədlərinə yaxın vilayətlərdə baş verən hadisələr və ölkədə yayılan dedi-qodu, bəzi mövzular onun fikrini dəyişdi.

ŞEYX:(düşünür) hər şeydən xəbərdaram. Osmanlıda və Səfəvilərdə xainlər var. Və bu xainlər bu müharibənin baş verməsi üçün gecə-gündüz çalışırlar. Bizim vəzifəmiz Osmanlı İmperiyasını əhatə edən ölü bir cəsədə bənzəyən daxili problemi həll etməkdir, Sultanla işimiz yoxdur.

QƏMBƏR ƏLİ: məndə də şübhələr var, amma təəssüf ki, sübut yoxdur! Heç bir sübut olmadıqda ... (üzgün görünür)

ŞEYX:(üsyankar) taleyə boyun əyməyəcəyik! Lazım gələrsə, siz, mən, bütün təşkilat məhv olacağıq, amma bu xainlər gec-tez tapılacaq!

QƏMBƏR ƏLİ: (qürurlu) başım yoluna qurban olsun, Şeyxim!

Şeyx məmnunluqla gülümsəyir, digər tərəfdən də fikirli baxışlarla ətrafda gəzir ...

ŞEYX: nə Səfəvilər, nə də Osmanlı daxili düşmənlərə məğlub olacaq qədər gücsüz deyil! Bunu tezliklə sübut edəcəyik!

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

İSFAHAN yaxınlığında bir kənd ... Köhnə bir məhəllə. Firuz və Həmdullah köhnə bir evdə söhbət edirlər. Firuz alçaq səslə danışır, ətrafına narahat baxışlarla baxır.

FİRUZ XOMEYNİ: (əsəbi) təşkilatdan bəzi adamlarla danışdım. Adamlarımız İsfahanda rahat hərəkət edə bilmirlər.

HƏMDULLAH FARSİ: niyə?

FİRUZ XOMEYNİ: İsfahan Bəylərbəyi ciddi rejim elan edib ... Düşünürəm ki, biz onu məhv etməli olacağıq!

HƏMDULLAH FARSİ: Durmuş Xan Şamlını?

Firuz təsdiqləyici tərzdə baxır, Həmdullah bir müddət düşünür və…

HƏMDULLAH FARSİ: yaxşı olar. Planlarımızı tezləşdirək. Bu məsələni bir neçə casusla həll edə bilərik.

FİRUZ XOMEYNİ: (sevincli) istəsək, İsfahan və ətrafı əbədiyyən fars torpağı ola bilər.

HƏMDULLAH FARSİ: gələcəkdə Türk tarixçilərini də yanılda bilərik.

Gülüşürlər.

FİRUZ XOMEYNİ: lazım gələrsə, tarixi yenidən yazarıq, təki farsın soyu ucalsın!

HƏMDULLAH FARSİ: (hiyləgərcəsinə gülümsəyərək) din və dil bu işdə bizə çox kömək edəcəkdir!

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

ƏRDƏBİL ... Şeyx və Qəmbər Əli hücrədə danışırlar. Qəmbər Əli daha yaxşı görünür.

ŞEYX: hər şey hazırlanıb. Saxta bir qaçış təşkil edəcəyik ki, qayıda biləsiniz. Ancaq təşkilatdan olmayan adamları inandıra bilmək üçün qaçdığınız zaman həqiqətən savaşa bilərsiniz.

QƏMBƏR ƏLİ: (kefsiz) öz soyumdan olanlara qılınc çəkə bilmərəm.

ŞEYX: etməsən, daha böyük fəlakətlərin qarşısını ala bilmərik!

Qəmbər Əli bir müddət düşünür və razılaşır.

QƏMBƏR ƏLİ: yaxşı.

ŞEYX: mümkün qədər Qızılbaşlarla üz-üzə gəlməyin. Daha asan olar sizin üçün.

QƏMBƏR ƏLİ: yaxşı.

ŞEYX: ancaq hər şeyin inandırıcı olması üçün bir neçə adamın həbsdə qalacaqlar!

QƏMBƏR ƏLİ: razıyam! Nə mümkündür onu edək!

Qucaqlaşırlar.

ŞEYX: Yolunuz açıq olsun, övlad!

QƏMBƏR ƏLİ: Tanrı sizi qorusun, Şeyxim!

ŞEYX: Şah, Şahdır!

QƏMBƏR ƏLİ: Şah, Şahdır!

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

Osmanlı İmperatorluğunun şərq əyalətlərindən birində bir bazar ... Hər şey normal görünürkən, qəfildən bir qrup maskalı quldur bazara, dükan sahiblərinə, oradakı adamlara hücum etməyə başlayır ... Bir müddət sonra ora gələn Yeniçərilərlə dərin qarşıdurma olur və quldurlar məğlub edilir, bir neçəsi də sağ ələ keçirilir ...

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

ƏRDƏBİL ... Qəmbər Əli Qızılbaş əsgərləri ilə vuruşur ... İstəksizcə başlayan bu qarşıdurmada Qəmbər Əli qalib gəlir və bir neçə Qızılbaş yaralanır. Qəmbər Əlinin adamlarından biri ölür, digəri isə yaralanır. Qəmbər Əli qalan adamları ilə Ərdəbili tərk edir ...

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

TƏBRİZ ... Şah Sarayı ... Sarayın bir küncündə qaranlıq bir yerdə, Şeyx, üzü bağlı, qara hicablı bir qadınla görüşür ... Qadın bir müddət sonra üzünü açır və Şeyx onun üzü gördüyü anda təzim edir.

ŞEYX: (tabekar) Şahbanu!

TACLI BƏYİM: (gülümsəyir) Şeyxim! Sizin hüzurunuzda mənim Şahbanu olmağımın bir fərqi yoxdur!

ŞEYX: biz ədəbi və ərkanı (nurani və ədəbli bir ifadə ilə) Şeyx Səfiəddinin ardıcıllarından öyrənmişik, Şahbanu! Buna görə də lazımı şəkildə davranırıq.

TACLI BƏYİM: (məmnun) necə istəyirsiniz elə də olsun, Şeyxim! Buyur, nə soruşacaqdınız?

ŞEYX: (sakit və ciddi) "Bacılar" necədir, hansı vəziyyətdədir?

TACLI BƏYİM: Tanrıya şükür ki, biz yaxşıyıq! Təşkilatımız sizin sayənizdə gücünü artırmağa davam edir.

ŞEYX: (razılıqla gülümsəyərək) çox gözəl. Bilirsiniz, qədim Türklərdən qalan böyük bir törə var! Kişilər dövlətin əsgəridirsə, qadınlar da güvənliyi, dayağıdır! Qadınların mənəvi gücü kişilərin fiziki gücündən daha təsirlidir və güclü bir kişinin arxasında həmişə böyük bir qadın dayanır!

TACLI BƏYİM: (gülümsəyir) bəli, Şeyxim! Ancaq biz "Bacılar" əsrlər boyu kişilərimizlə bərabər, cinah-cinaha savaşdıq, bilirsiniz!

ŞEYX: əlbəttə. Tomris qanı var sizdə! Ancaq ehtiyatlı olun! Osmanlı İmperiyasındakı "Bacılar"ın gücünün qalmadığını eşitdim. Bəzi ərəb qafalı məmurlar qadınların sarayda və digər dövlət işlərində olmaları ilə narahat oldular və zaman keçdikcə qadınlar ikinci plana keçdi.

TACLI BƏYİM: (üz ifadəsi dəyişir) əslində elə deyil! Keçmişdə Böyük Səlcuqlunu məhv edənlər indi də Osmanlılara dadanıb və oradakı dostlarımız özlərini və təşkilatlarını qorumaq üçün bir az geri çəkiliblər. Ancaq gec-tez əvvəlki gücümüzü orada da bərpa edəcəyik!

ŞEYX: Tanrı sizə köməkçi olsun! Millətimizin və dövlətimizin sizə ehtiyacı var!

TACLI BƏYİM: (gülümsəyir) sizə də!

Baxışırlar...

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

İSTANBUL ... Topqapı Sarayı ... Sultan Səlim taxtında oturmuş, yanında saray adamları var. Dövlət işlərindən danışırlar. Bu zaman bir xidmətçi gələrək baş əyir və danışmağa izn istəyir, sonra Qəmbər Əlinin gəldiyini söyləyir. Sultan bütün adamları yola salır. Bir müddətdən sonra Qəmbər Əli Sultanın hüzuruna çıxır.

YAVUZ SULTAN SƏLİM: (maraqlanır) Ərdəbil ziyarətin necə oldu? (yaralarını görür)

QƏMBƏR ƏLİ: yaxşı sayılır, Sultanım. Bir neçə xoşagəlməz hal yaşansa da, istəyimizə çatdıq.

YAVUZ SULTAN SƏLİM: necə? Açıq danış!

QƏMBƏR ƏLİ: onu deyə bilərəm ki, Qızılbaşlar artıq mənə tamamilə etibar edirlər. "Müqəddəs Ali Ocaq" uzun müddətdir onlar üçün işlədiyimi zənn edir. (gülümsəyir)

YAVUZ SULTAN SƏLİM: (gülümsünür) yaxşıdır. Deməli sənə etibar etməkdə yanılmamışıq.

QƏMBƏR ƏLİ: başım sizə qurban olsun, Sultanım! (təzim edir)

YAVUZ SULTAN SƏLİM: növbəti tapşırığa hazırsanmı?

QƏMBƏR ƏLİ: hər zaman!

Sultan məmnuniyyətlə gülümsəyir və düşüncəli tərzdə uzun müddət bir nöqtəyə baxır.

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

Osmanlı-Səfəvi sərhədinə yaxın bir yer ... Şahkulu və Vəlidin adamları dağlıq bir ərazidə qarşı-qarşıya gəlirlər. Savaş başlamazdan əvvəl Osmanlı ordusunun uzaqdan gəldiyi görünür...

 

*** *** ***

 

4.BÖLÜMÜN SONU

 

RƏYLƏRİNİZİ VƏ YENİ BÖLÜMLƏ BAĞLI TƏXMİNLƏRİNİZİ GÖZLƏYİRİK.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+29=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0289 saniye