Çalışqan fərdlər lüğəti - 1
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 20:43 21 noyabr 2015 tarixində əlavə olunmuşdur

ABSENTEİZM ƏMSALI – işə çıxmama günlərinin sayının ay, il ərzində iş günlərinin ümumi sayına olan nisbəti.

ADAM-SAAT – iş vaxtının ölçü vahididir. O, bir adamın bir saat faktik işinə uyğun olur.

ADAPTASİYA (UYĞUNLAŞMAQ) – (latınca uyğunlaşma mənasını verən adaptatio sözündən) – iqtisadi sistemin və onun ayrı-ayrı subyektlərinin, işçilərinin dəyişkən xarici mühitin şəraitinə, istehsal, əmək, mübadilə və həyat şəraitində uyğunlaşması. Məsələn, mərkəzləşdirilmiş iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövründə müəssisələr və onların işçiləri bazar mühitinə və bazar münasibətlərinə adaptasiya etməlidirlər.

AQENDA (ing. aqenda – gündəlik) – işgüzar görüşlərdə, iclaslarda müzakirə edilməli məsələlərin siyahısı; iştirakçılara əvvəlcədən göndərilir, çatdırılır.

ATTESTASİYA – 1) işçinin bilik və ixtisas səviyyəsinin, həmin işçinin tutduğu vəzifəyə, tutmaq iddiasında olduğu yerə müvafiqliyinin müəyyən edilməsi; işçinin ixtisasına müvafiq olaraq ona əmək haqqı kateqoriyasının müəyyən edilməsi; 2) işçilərin işgüzar keyfiyyətləri və bilikləri barədə rəy.

AVROPA SOSİAL FONDU — məşğulluq problemlərinin həllində iştirak edən Avropa Birliyi fondu. 1959-cu ildə təsis edilmişdir, 1971-ci ilin islahatı nəticəsində, onun fəaliyyətinin daha dəqiq prioritetləri müəyyənləşdirilmişdir. Fond peşə təhsilinin inkişafı üçün, məşğulluğun artırılması proqramlarının maliyyələşdirilməsi üçün, zəif inkişaf edən sahələrin inkişafı, immiqrantlara və qadınlara işə düzəltməkdə kömək etmək üçün subsidiyalar verir. Xüsusilə 25 yaşa qədər gənclərin işə düzəltməsi üzrə proqramların maliyyələşdirilməsinə böyük diqqət yetirilir.

BAŞ DİREKTOR – böyük, çoxprofilli firmanın direktoru, onun müavinləri firmanın ayrı-ayrı bölmələrinin, yaxud fəaliyyət istiqamətlərinin direktorları, rəhbərləri rolunda çıxış edirlər.

BƏYƏNİLMİŞ ŞƏXS — firmanın işçisi olmayan, lakin onu nəzarətdə saxlayan şəxs. Məsələn, şirkətin, korporasiyanın, bircanın, bankın idarə heyətinin kənardan cəlb edilmiş üzvü.

BONUS (latın bonus sözündəndir, mərhəmətli, yaxşı deməkdir) – əlavə mükafat, həvəsləndirmə, ödəmələrə əlavələr.

BOSS (ing.boss) – işin, təşkilatın sahibi, rəhbər.

BRİQADA (briqade fransız sözündən) – sexin, şöbənin müəssisə və təşkilatın, kənd təsərrüfatı kooperativlərinin, fermer təsərrüfatlarının istehsal kollektivinin bir hissəsi, işçilər qrupu. Briqada istehsalat zərurəti ilə əlaqədar olaraq ya daimi, ya da müvəqqəti dövr üçün istehsal işçilərinin bir qrupu kimi yaradılır. Müxtəlif sahələrə aid olan inşaatçılar, təmirçilər, mexanizatorlar, neftçilər, pambıqçılar və s. briqadalar məlumdur.

BRİQADA PODRATI – əməyin, iş proseslərinin, pul hesablaşmalarının, əməyin ödənilməsinin təşkilinin bir sistemidir. Bu sistemə əsasən briqadaya iş cəbhəsi verilir, qazanılmış pul vəsaitləri briqadanın sərəncamına daxil olur və hər bir işçinin əmək xidmətinə görə (əməkdə iştirak əmsalına görə) briqada üzvləri arasında bölüşdürülür.


Vakansiya — işəgötürənlərin boş olan və iş qüvvəsi tələb edən iş yeridir;

ÇIXARIŞ – sənədin bir hissəsinin əks etdirilməsi, məsələn, müştərinin bank hesabından çıxarışı müəyyən hesabın tarixi vəziyyətini göstərir.

ÇOX ZƏRURİ TƏLƏBATLAR – insanların çox vacib, lazımlı tələbatları və ehtiyaclarıdır, onlar ödənilmədən insanlar ötüşə bilməzlər.

ÇOXTƏRƏFLİ MÜQAVİLƏ – iki tərəfdən çox tərəflər arasında bağlanan müqavilədir.

DANIŞIQ TAKTİKASI – danışıqların baxılan məsələlərin əvvəlcədən hazırlanmış ardıcıllıqla və onların arzu edilən qaydada təqdim edilməsi şəklində konkret məqsədə nail olmaqdan ötrü keçirilməsi sxemi.

DEPARTAMENT (fransız departement sözündəndir) – 1) inzibati-ərazi vahidi; 2) ali inzibati orqanlar aparatında bölmə, idarə, şöbə; 3) nazirliyin, müəssisənin adı.

DİREKTOR – müəssisənin, təşkilatın, firmanın birinci, əsas rəhbəri.

DİREKTORLAR ŞURASI — səhmdar cəmiyyətinin, korporasiyanın səhmdarlar tərəfindən seçilən icraedici orqanı. Ümumi iclaslar arasındakı dövr ərzində səhmdar cəmiyyətinin idarə edilməsinin prinsipial məsələlərini həll edir və cəmiyyətin fəaliyyətinə operativ rəhbərlik üçün idarə heyətini yaradır.

DOSYE (fransız dossier sözündəndir) — müəyən məsələyə, işə, şəxsə aid olan sənədlər komplekti, həmçinin bu sənədlər saxlanan qovluqdur.

DUNKANIN FƏRQLƏR İNDEKSİ — peşə əlamətinə görə müəyyən edilmiş qruplarda kişilərin və qadınların sayını bərabərləşdirməkdən ötrü peşəsini dəyişməli olan kişilərin və qadınların faizini müəyyən edən əmsal.

EKSPERT (lat.experus-təcrübəli) – müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin, hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisi.

EKSPERT QRUPU – müəyyən edilmiş proqnoz vəzifəsinin həlli üçün bəlli qaydalar üzrə təşkil edilmiş ekspertlər kollektivi.

ETİKET – 1) ictimai yerdə, başqa şəxslərin yanında, onlarla ünsiyyətdə olduqda davranış qaydaları(məsələn, beynəlxalq biznes-etiket); 2) malın adını və qiymətini, onun digər parametrlərini göstərməklə malı müşayiət edən yarlık.

EV İŞÇİSİ – işi, əmək fəaliyyətini müəssisə ilə bağladığı müqaviləyə əsasən evdə yerinə yetirən şəxs. Adətən bu cür fəaliyyət müəssisə tərəfindən ayrılmış və satın alınmış istehsal vasitələrindən istifadə edilməklə görünür. Evdə görülən əməyin nəticəsi olan məhsul müəssisəyə təhvil verilir və haqqı onun tərəfindən ödənilir.

Ardı olacaq...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+28=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0217 saniye