Çalışqan fərdlər lüğəti - 2
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 20:48 21 noyabr 2015 tarixində əlavə olunmuşdur

EZAMİYYƏT – xidməti tapşırıqların daimi iş yerindən kənarda yerinə yetirilməsindən ötrü işçilərin göndərilməsi. Bununla bağlı edilən xərclər ezamiyyət xərcləri adlanır. Ezam edilmiş işçinin özü tərəfindən edilmiş xərclərin əvəzi onu göndərmiş, yaxud dəvət etmiş təşkilat tərəfindən ödənilir.

Özünüməşğulluq — əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir;

ƏMƏK – insanın, insanların dərk edilmiş, enercitutumlu, hamı tərəfindən məqsədəuyğun sayılan, səylərin göstərilməsini, işin görülməsini tələb edən fəaliyyəti, istehsalın dörd amilindən biri.

ƏMƏK BAZARI – işçi qüvvəsinə tələb və təklifin formalaşdığı sfera. Əmək bazarı yalnız o vaxt mümkün ola bilər ki, fəhlə özünün əmək qabiliyyətinin sahibi olsun. Əmək bazarı vasitəsilə işçi qüvvəsinin müəyyən müddətə satışı baş verir.

Əmək birjası — (məşğulluq xidməti) – müəyyən ərazidə əhalinin məşğuluğunun təminatını həyata keçirən və işsizliyi aradan qaldırmağa yönələn dövlət təşkilatıdır. Bu qurumlar yeni iş yerləri və vakant vəzifələr haqqında məlumatları toplayaraq müxtəlif formalarda (KİV-də elanlar, məlumat lövhələri, sərgilər və s.) əhaliyə çatdırırlar. Əhatə etdiyi bölgənin spesifik tələbatlarını nəzərə alaraq ixtisasartırma, ixtisasdəyişmə və hazırlıq kurslarınin təşkili, işsizlərin qeydiyyatı və tələbatın öyrənilməsi əsas vəzifələrindən hesab olunur.

ƏMƏK BÖLGÜSÜ – 1) beynəlxalq əmək bölgüsü, yəni ayrı-ayrı növ əmtəələrin istehsalının coğrafi mövqe, iqlim və təbii sərvətlər, əmək resursları və kapital baxımından iqtisadi cəhətdən sərfəli olduğu ölkələrdə cəmləşməsi. İstehsalın bu cür bölgüsü sonrakı əmtəə mübadiləsi nəticəsində onda iştirak edən ölkələr üçün sərfəli olur və tələbatların daha yaxşı ödənilməsinə, məşğulluğunu artırılmasına, lakin eyni zamanda qarşılıqlı asılılığın güclənməsinə xidmət edir; 2) əmək fəaliyyətinin onun ayrı-ayrı növlərinin fərqləndirilməsinə və həyata keçirilməsinə gətirən ixtisaslaşması. Şaquli əmək bölgüsündə bölgü səviyyələr üzrə keçirilir, məsələn, istehsal istehsalın idarə edilməsindən ayrılır. Üfüqi əmək bölgüsündə isə eyni səviyyə daxilində fəaliyyət növlərinin bölgüsü baş verir. Məsələn, məmulatın hissələrinin hazırlanması, emalı və onlardan məmulatın yığılması fərqləndirilir.

ƏMƏK HAQQI – görülmüş işlərə, göstərilmiş xidmətlərə görə verilən haqdır, əməyə görə pul mükafatı, əməyin yaratdığı məhsulun dəyərinin bir hissəsidir, onun satışından olan gəlirdir, işçiyə onun işlədiyi müəssisə, idarə, yaxud başqa icarədar tərəfindən verilir. Əmək haqqının miqdarı ya vəzifə maaşı şəklində, ya tarif şəbəkəsi ilə, ya da müqaviləyə müvafiq olaraq təyin edilir. Onun həddi qanunla müəyyən edilmiş minimal əmək haqqının səviyyəsindən aşağı ola bilməz. Bazar tipli iqtisadiyyat şəraitində əmək haqqının yuxarı həddi adətən məhdudlaşdırılmır. Onun müxtəlif formaları vardır: vaxmamuzd, işəmuzd, vaxtamuzd mükafatı.

ƏMƏK HAQQI FONDU – müəssisənin, təşkilatın öz işçilərinə əmək haqqını ödəmək üçün nəzərdə tutduğu pul vəsaitləri fondudur.

ƏMƏK HAQQI İNDEKSİ – müəyyən dövr ərzində fəhlə və qulluqçuların orta aylıq əmək haqqının dinamikasının, artması və ya azalmasının göstəricisi.

ƏMƏK HAQQINDAN TUTULMUŞ MƏBLƏĞLƏR – işçinin əmək haqqından tutulan bütün növ pullar, vergilər, cərimələr, alimentlər, kredit ödəmələri, eləcə də qanunla, hakimiyyət orqanlarının qərarları ilə nəzərdə tutulmuş hallarda edilən tutulmalar.

ƏMƏK QABİLİYYƏTİ – insanın əmək əməliyyatlarının yerinə yteirmək, əmək fəaliyyətində iştirak etmək qabiliyyəti. İnsanın yaşı və səhhətinin vəziyyəti ilə müəyyən edilir.

ƏMƏK QABİLİYYƏTSİZLİYİ – adamdan asılı olmayan səbəblər üzündən əmək fəaliyyətini həyata keçirməyin mümkünsüzlüyüdür. Əmək qabiliyyətini itirmə yaşla və sağlamlığın vəziyyəti ilə əlaqədar ola bilər. Əmək qabiliyyətsizliyinin müvəqqəti, qismən, tam formalarını fərqləndirirlər.

ƏMƏK MƏHSULDARLIĞI – əmək resurslarının, əmək amilinin istifadəsi səmərəliliyinin göstəricisi. Bir işçinin müəyyən vaxt (saat, gün, ay, il) ərzində istehsal etdiyi məhsulun natural, yaxud pul ifadəsində miqdarı ilə ölçülür.

ƏMƏK MÜBAHİSƏLƏRİ – müəssisələrin işçiləri ilə müdriyyət arasındakı əmək haqqı, əmək şəraiti, məzuniyyətin müddəti, işə götürülmə və işdən çıxarılma ilə bağlı olan fikir ayrılığı.

ƏMƏK MÜQAVİLƏSİ – işə götürənlə muzdlu işçi arasında yazılı formada, müəyyən müddətə, yaxud konkret işin görülməsi (podrat) müddətinə bağlanan onun işinin xarakteri, şərtləri və ödənişi haqqında razılaşmadır, müqavilədir. Belə müqavilə sınaq müddətinə, işin yerinə yetirilmə müddətinə, müəyyən və qeyri-müəyyən (ömürlük) müddətə bağlana bilər. Əmək müqaviləsini, həmçinin əmək kontraktı da adlandırırlar. Tərəflərin hüquqları, öhdəlikləri və məsuliyyəti, əməyin ödənilməsi şərtləri və təşkil edilməsi müqavilə iştirakçıları tərəfindən sərbəst müəyyən edilir. Kontraktın müddəti bitəndən sonra, tərəflərdən heç biri əmək münasibətlərinin ləğv edilməsini tələb etmədikdə onun vaxtı avtomatik qaydada qeyri-müəyyən müddətə uzadılır.

ƏMƏK POTENSİALI – ölkənin, regionun hal-hazırda və yaxın gələcəkdə malik olduğu, əmək qabiliyyətli əhalinin sayı, onun peşəkar və təhsil səviyyəsi, digər keyfiyyət əlamətləri ilə səciyyələnən əmək imkanları.

ƏMƏK RESURSLARI – iqtisadi fəal, əmək qabiliyyətli əhali, əhalinin əmək fəaliyyəti ilə məşğul olmaqdan ötrü fiziki və mənəvi qabiliyyətlərə malik hissəsi.

ƏMƏK ŞƏRAİTİ – işçinin əmək qabiliyyətinə və səhhətinə təsir edən amillərin cəmi, məsələn, istehsal – texniki, sanitariya – gigiyena, məişət amilləri.

ƏMƏK TUTUMU – məhsul vahidinin istehsalına sərf edilən əmək məsrəfləri, iş vaxtı. Əmək tutumu bir işçiyə düşən əmək məhsuldarlığının tərs göstəricisidir.

FİZİKİ ŞƏXS – iqtisadi fəaliyyətdə iştirak edən, bu fəaliyyətin tam hüquqlu subyekti kimi çıxış edən vətəndaş, adam. Fiziki şəxslərə hazırki ölkənin vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər aid edilir. Onlar iqtisadiyyatda müstəqil fiqur kimi hərəkət edən, şəxsən müəyyən təsərrüfat əməliyyatları aparan, başqa şəxslərlə və təşkilatlarla iqtisadi münasibətləri tənzimləyən, hüquqi şəxslərlə əlaqəyə girmək hüququna malik şəxslərdir. Fiziki şəxs öz adından hərəkət edir, hüquqi şəxslərə zəruri olan firma, müəssisə yaratmağa və qeyd etdirməyə onun ehtiyacı yoxdur.

HƏMKARLAR İTTİFAQI – öz hüquqlarının müdafiəsi və vəziyyətlərinin yaxşılaşdırılması üçün birləşən çoxsaylı işçilər qrupu. Qrupun əsas vahid marağı əmək haqqının artıroması, iş vaxtının azaldılması, əmək şəraitinin yaxşılaşdırılmasıdır. Şirkətlərin təşəbbüsü ilə yaradılan həmkarlar ittifaqları administrasiyanın tam nəzarəti altında olur. Bütün sahənin işçilərini əhatə edən həmkarlar ittifaqı sahə miqyaslı təşkilatdır. Kiçik miqyaslı həmkarlar ittifaqları da olur, məsələn, sex miqyasında.

İCRAÇI DİREKTOR – inzibatçı direktor – rəhbər inzibatçı, operativ idarəetmə məsələlərini həll edən.

İDARƏ HEYƏTİ — hər hansı bir idarənin, təşkilatın və s.-nin başında duran seçkili orqan.

İDARƏETMƏ – sudyektlər, orqanlar tərəfindən adamlara və iqtisadi obyektlərə şüurlu, məqsədyönlü təsiretmədir. Onların hərəkətlərini istiqamətləndirmək və istənilən nəticələri almaq məqsədilə həyata keçirilir.

İXTİSAS DƏRƏCƏSİ — işçinin peşə səviyyəsini müəyyən edən və onun əmək haqqına təsir göstərən sıra rəqəm şəklindəki göstərici. İxtisas attestasiya komissiyası tərəfindən təyin edilir.

İXTİSASLAŞMA – 1) fəaliyyətin nisbətən məhdud, xüsusi istiqamətlər, ayrı-ayrı texnoloci əməliyyatlar, yaxud məhsul növləri üzrə cəmlənməsi; 2) müəyyən sahədə xüsusi biliklərin və bacarığın əldə ediləmsi; 3) əməyin növlərə, formalara görə bölgüsü.

İQTİSADİ İNSAN – öz planlarını və hərəkətlərini maksimal mənfəət əldə etmək almaq prinsipi üzərində quran, ağıllı düşünən subyekt kimi insan haqqında ümumi şərti anlayış.

İlk dəfə iş axtaranlar — əmək fəaliyyətinə ilk dəfə başlamaq istəyən və əvvəllər işləməyən əmək qabiliyyətli şəxslərdir.

İMİC (ing.image) – 1) işgüzar şəxs haqqında ətrafdakıların təsəvvürü, fikri; 2) firmanın (əmtəələrin, xidmətlərin) onun bazardakı mövqeyini, alıcının firma markasına sadiqliyini təmin edən siması.

İMMİQRASİYA (lat.immigrare-daxil olmaq) – xarici ölkə vətəndaşlarının müəyyən ölkənin ərazisinə müvəqqəti və ya daimi yaşamaqdan ötrü gəlməsi.

İŞ – 1) insanın əmək fəaliyyətinin növü və yeri; 2) əmək fəaliyyətinin həyata keçirilməsi, əməkdə iştirak, insan, kollektiv tərəfindən müəyyən tapşırıqların yerinə yetirilməsi; 3) məşğuliyyət dairəsi, bilik, bacarıq, peşə sahəsi; 4) hər hansı bir fakt, hadisə üzrə inzibati və ya məhkəmə araşdırması; 5) fakta, suala, şəxsə aid olan sənədlərlə dolu qoyluq.

İŞ BURAXMA (proqul) — işçinin üzürsüz səbəblərdən bütün iş günü ərzində, yaxud iş yerində icazəsiz 3 saat ərzində olmaması.

İŞ DÖVRÜ – Fond bircasında ticarət sessiyasının aparılması dövrü.

İŞ QÜVVƏSİ – 1) insanın əmək qabiliyyətini, onun əmək imkanlarını bildirən marksist siyasi iqtisad termini. Müasir iqtisad elmində iqtisadi fəal, əmək qabiliyyətli əhali kimi terminlərdən daha çox istifadə edilir; 2) 16 yaşından başlayaraq ölkədə təqaüdə çıxıldığı yaşa qədər olan iş qabiliyyətli, işləyən və işsiz (iş bacarığı olmayanlar istisna edilməklə) olanların ümumi sayı. Hərbi zidmətdə olan şəxsləri daxil etməklə ümumi işsi qüvvəsini və həqiqi hərbi xidmətdə olanları çıxmaqla mülki işçi qüvvəsini fərqləndirirlər.

İŞ STAJI – əmək fəaliyyətinin təqaüd almağa, əmək haqqının artırılmasına, güzəştlərin verilməsinə hüquq verən müddəti.

İŞ VAXTI – vaxt, dövr, zaman – onun ərzində işçi işdə olmalı və xidməti vəzifələrini yerinə yetirməlidir; işin icrasına sərf edilən, yaxud işdə birbaşa xidməti vəzifələrin yerinə yetirilməsinə sərf edilən vaxt. Real olaraq, iş yerində olma vaxtının qeydi sənədində göstərilən vaxt iş vaxtı hesab edilir.

İŞ VAXTI BALANSI — müəssisə və təşkilatların işçilərinin iş vaxtı resursunu və onun müxtəlif növ işlərə sərf olunmasını xarakterizə edən balansdır. Bu balans iş vaxtının iş növləri üzrə bölgüsü göstəricilərini əks etdirən cədvəl şəklində tərtib olunur. Onun əsasında iş vaxtından istifadənin üsulları və onun kifayətliliyi haqqında mühakimə yürütmək mümkündür.

İŞ VAXTINDAN ARTIQ İŞ — iş vaxtı müddətindən sonra yerinə yetirilən iş. Bir qayda olaraq buna icazə verilmir. Əmək qanunvericiliyində iş vaxtından artıq işlərə icazə verildiyi müstəsna hallar göstərilir. Başqa hallarda buna icazə verilmir. İş vaxtından artıq işlər yüksək həcmdə ödənilir. Qanuni əsaslarda və müəyyən edilmiş qaydalarda tətbiq edilən iş vaxtından artıq görülməli olan işdən işçinin üzürsüz səbəbdən imtina etməsi əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilir.

İŞ VAXTINDAN İSTİFADƏNİN ÇEVİK QRAFİKİ — iş vaxtının istifadə edilməsi üsuludur. Bu halda iş vaxtının yalnız uzunluğu qeyd edilir, halbuki işçinin öz istəyi və imkanlarından asılı olaraq iş vaxtı öz şəklini dəyişə bilər. Məsələn, sex 10 saatlıq qrafiklə işləyir, yəni gündə 10 saat, lakin açılma, bağlanma, nahar saatı həftənin günündən, yaxud mövsümdər asılı olaraq təyin edilir. İkinci misal – fəhlə gündə 8 saat işləməlidir, ancaq işin başlanma və qurtarma vaxtı, işçi yaxud onun rəhbəri tərəfindən dəyişilə bilər. Çevik qrafiki həm də çevik recimli iş vaxtı adlandırırlar.

İŞ YERİ — müəyyən peşə sahibi olan bir işçinin əmək funksiyalarının icrası üçün uyğunlaşdırılmış yer və işlərin görülməsi üçün oradakı istehsal vasitələri, əmək alətləri. Müəssisədəki iş yerlərinin sayı, iş qrafiki və növbəliyi, məzuniyyətlər nəzərə alınmaqla onda işləyən işçilərin sayına bərabər olmalıdır.

İŞ, ƏMƏLİYYAT KARTI – kart və yaxud formulyardır, işçi onun üzərində yerinə yetirəcəyi konkret detallarını və bu iş üçün sərf edəcək vaxtı göstərir.

İŞÇİ – işi yerinə yetirən, müəssisədə, təşkilatda işləyən şəxs.

İŞDƏN AZAD EDİLMƏ – müdriyyətin təşəbbüsü ilə işçi ilə əmək müqaviləsinin dayandırılması.

İŞDƏN ÇIXARILMA MÜAVİNƏTİ – işdən öz günahları olmadan azad edilmiş şəxslərə pul ödəmələri.

İŞƏ BƏRPA EDİLMƏ – işdən qeyri-qanuni azad edilmə halında, işçinin əvvəlki işə və əvvəlki vəzifəyə qaytırılması.

İŞƏMUZD ƏMƏK HAQQI – əmək haqqının işçinin təyin edilmiş keyfiyyətlə istehsal etdiyi məhsulun miqdarından asılı olaraq müəyyən edildiyi əməyin ödəniş forması. Bu zaman hər məhsul vahidinə görə müəyyən pul məbləği ödənilir. Əməyin ödənilməsinin bu formasının inkişaf etdirilməsi çox vaxt məhsulun miqdarı müəyyən həddən artıq olduqda hər bir məhsul vahidinin qiymətinin qaldırılmasından ibarətdir ki, bu da işəmuzd-proqressiv əmək haqqı adlanır.

İŞLƏR – işin yerinə yetirilməsinin əsas sayıldığı və haqqının işlərin həcmindən, görülməsi müddətindən asılı olaraq ödənildiyi fəaliyyət növləri. Məsələn, tikinti, quraşdırma, torpaq, təmir işləri.

İŞSİZ – əmək qabiliyyətli vəziyyətdə və yaşda olan, işləmək bacarığı və həvəsi, arzusu olan, lakin ondan asılı olmayan səbəblərdən işləməyən, gəlirli olmayan şəxsdir. İşsiz adam CV yazıb iş tapa bilər.

İşsiz vətəndaş — işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında* işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir;

İŞSİZLİK – əmək qabiliyyətli, aktiv əhalinin bir hissəsinin iş tapa bilmədiyi, işlə təmin olunmadığı sosial-iqtisadi vəziyyətdir. Bu halda öz ixtisası, peşəsi üzrə iş axtaran əmək qabiliyyətli, aktiv əhalinin sayı ölkədə mövcud olan iş yerlərinin sayından artıq olur. Əhalinin əmək qabiliyyətli, iş axtaran, öz təhsilinə, peşəsinə, sənətinə uyğun olaraq real iş yeri tapmayan, əmək bircasında qeydiyyatda duran hissəsi işsiz sayılır. Müasir dünyamızın bir çox ölkələrində işsizlik nəzərə çarpır. Onun səviyyəsi məşğul əhalinin 5%-i qədərdir. İşsizliyin bir çox formaları vardır: mövsümi, friksion, struktur, silsiləvi və regional.

İŞSİZLİK SƏVİYYƏSİ — işsizliyin sayının fəal əhalinin ümumi sayına nisbəti.

İŞSİZLİYİN DAVAMLILIĞI – insanın işsiz olduğu dövr.

KADR AGENTLİYİ - işçi heyyətin tapılması və və məlumat bazasının formalaşdırılması xidmətini göstərən agentlik

KARYERA (fran. carriere) – 1) hər hansı bir fəaliyyət sahəsində müvəffəqiyyətli irəliləyiş; 2) fəaliyyət, iş növü, peşə.

Kvota — müvafiq icra hakimiyyəti orqanları** tərəfindən işəgötürənlərə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin etmək üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayıdır;

KOLLEKTİV (lat.collektivus – tooplu, toplanmış) – eyni müəssisədə, təşkilatda çalışan insanlar qrupu, toplusu. Daha geniş mənada, ümumi ideya, maraqlar ətrafında birləşən insanlar. Eyni müəssisənin işçi kollektivini bəzən əmək kollektivi adlandırırlar.

Məşğulluq — Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra vətəndaşların) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir;

Müvəqqəti məşğulluq — vətəndaşların müəyyən müddət ərzində ictimai-səmərəli fəaliyyətidir;

Rekrutinq – işçi heyyətin tapılması və və məlumat bazasının formalaşdırılması prosesi

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+29=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0355 saniye