İlk illərindən acını daddım. Digər uşaqlar həyətdə oynayarkən, məktəbə gedərkən həsrətlə baxıram arxalarınca. Qonşular öz uşaqları haqqında danışarkən mən sadəcə dinləyib gülümsəyirəm. İllər keçir, mən hələ də savaşın içindəyəm. Özümlə, onunla, hər kəslə. Çünki autizmlə yaşamaq çətindir. Hələ sənin canından, qanındandırsa, daha çətindir. Hər beyindən bir səs çıxır, ağıl vermələr havada uçuşur, nəsihət infilyasiyası yaşanır. Hər kəs sözdə mənim yanındadır, amma ehtiyacım olduğundan heç birini tapa bilmirəm yanımda.
Autizm illər içində böyüyür, mən isə yorğunam, düşünürəm: “Məndən sonra nə olacaq?”. Bir çıxış yolu tapa bilmirəm, çökmüş kimiyəm. Yaşıdları universitetdədirlər, dillərə dastandırlar, amma mən hələ bu gecəni düşünürəm. “Cənnətliksən” deyirlər. Özləri cənnətə girmək üçün uşaqlarını fəda edərlərmi? “Sənin sınağındır” deyirlər, davranışlarının öz sınaqları olduğunu unudaraq.
Başqa bir dünyanı düşünə bilmirəm. Bəzən susuram, “Yoruldum” deyirəm, amma ən kiçik olayda autizm özünü göstərir, həm də heç acımadan. Əslində həyatımın bir parçasıdır, sanki daha öncə başqa bir həyat yaşamamış kimiyəm. Zaman-zaman çöksəm də, mübarizəni buraxmıram. Hər kəsin bir həyat mübarizəsi var, amma tək bir fərqlə: Mən çox vaxt nəfəs almağa belə vaxt tapa bilmirəm. Şikayətim autizmə deyil. O, mənim üçün yük deyil, ən böyük sevgimdir.
Amma hər şeyə rəğmən mən güclüyəm, çünki “çətin uşaq” cənnətdən mənə əmanətdir...