Bir ömrə sığmayan ruhlar yığınıyam
Bəzən mənəm, bəzən bizik,
Gah gülüb gah ağlayıram,
Bilirəm dünyadan uzaqlaşdığımı...
Əyirəm başımı:
ruhsuz hüceyrəlilər sinfinə salam:
Funksional vərdişləri: meyoz bölünmə
Mən isə ruhumla bölünüb boyüyürəm
Canlı olmaq başqa, yaşamaq başqa...
Ayrı bir dünyam var sənlə bağlaşdığım:
O dünyada həm güclü, həm fağıram
Göz yaşları içində çal-çağıram
Hər dəfə duyuram uşaqlaşdığımı,
pillələr aşıram içimə doğru:
Ruhun üç çevrilməsini yaşamışam,
Susqun dəvətək yüklənmişəm,
Çılğın aslantək kükrəmişəm,
İndi isə asudə bir uşağam...
Yenə bir müddətlik isixazm,
Sənsə məni sükutda öldüm bilərsən
Mən günəş deyiləm qürub görəsən,
nə də ki, göy üzü, dolub qaralım...
Sanmıram ki, nə isə dəyişiləcək,
Görəndə səssizcə 'tək'ilməkdəyəm,
Ardımdan bir sürü axmaq sevinəcək
Bilmirlər dənizdəki çəkilmələrtək
Geri çəkilmirəm mən, içimə çəkilirəm...
Hər dəfə dartındıqca zəncirlərim qırılır,
Həyat şərabı çəkirəm sənsizliyimdən,
İçimdə şəninə badələr qaldırılır
Bir az sözümə baxsa,
İçəcəyəm qismətimin sağlığına da...
Sən də hərdən zəncirlərini qır,
Gəl bir sor halımı, ağlımı yoxla,
Ancaq kimsəyə demə, sirr kimi saxla
Öz-özümə sənlə danışdığımı...