Salamlaşmaqdan yoruldum. Hər salam ardınca sağolu gətirər zatən.
Doğulmaq ölümü, nəfəslər gedişi gərəkdirər..
Haradan çıxdınsa azadlığa, o yerdən məhkum edilirsən həbsə.
İçin xarabalıq, sərxoşdur hava.. Əlini uzatdığın hamının əlil olduğunu görürsən...
Onlarsa sənə uzaqdan baxıb, "ah, necə xoşbəxtdir, sağ əli mənim başıma" deyərlər. Sənsə baxışlarını gedişlərindən ayırmadan "əlimi kəsdim" deyərsən...
Ruhundan o qədər bezmiş olursan ki, susqunluq yayılır hər hüceyrənə.. Nəyləsə başını qarışdırmaq istəyirsən. Amma hər cümlədə, hər hərfdə eyni dərddə tapırsan özünü. Sözlər içində səmazəndirlər, xəbərin yox..
Dərdlər içində qumar oynayır, sənsə onlara ağlayırsan gizlədərək.
Birisi gəlsə, desə ki, "gəl, cəsarətim var, səni bu izdihamdan sağ çıxarmağa"..
Amma indiyə kimi kimlə əlaqə qursam qorxaq oldu. Aciz oldu...
Özünə inanmadı. Həmişə büdrədi. Sənsə bu sərxoşluqları başına vurmamaqçun özünü yuxulu göstərdin. Mən sənin içini oxuyuram, ey insan övladı...
Hamımız eyni torpaqdan yaranmadıqmı məgər?
İndi oxuduqca de.. De ki, necə bədbəxtdir bunu yazan şəxs.
Necə də uzaqlaşmış ətrafındakı boşluqlardan.
Sən demə, ölü imiş. Sən onları dediyin vaxt isə mən güləcəm. Çünki həqiqət acı olarmış..
Xoşbəxtliyin də, bədbəxtliyin də ömrü qısa olarmış.. Yaz və qış kimi...
Dözənə qədər.. Dözənə qədər yaşadığın ən dərdli hadisə təzələnər, xoşbəxtlik gözlədikcə vaxtı yetişər.. Sənsə o vaxt xoşbəxtliyi görə bilməzsən, çünki onda sənin başın qarışıq idi. Dərdlərin ayaqlarını döndərməyə çalışırsan səndən uzağa..
Necə qəribədi, hə?
Mən indi bilirəm ki, mən daxil hamınızın qayğıya ehtiyacı var. Kimisi öz əziziləri tərəfindən əzilib. Kimisi yıxılıb dizi qanayıb, amma anası yanında olmayıb ki, sığal çəksin.. "Gəl, öpüm, keçsin" desin..
Yox ki, indi ruhdaşımızın heç vaxt vaz keçə bilmədiyimiz dərin baxışları. Oysa, ruhumu. ruhunuzu dəlib keçirdi, hə?
Yox ki, indi bir çiyin.. Başını söykəyib ağlayasan doyunca.
Yox ki, indi bir musiqi.. Həqiqətən yoxdur, artıq məni heç bir mahnı ovutmur. Bir çatışmamazlıq duyğusu yüklənib kürəyimə. Daşı daşıya bildiyin qədər..
İndi var.. Hamıya qarışıq təklik..
İndi var, susqunluqdan dilini unutmaq..
Hardaydı həqiqətən mənim dilim?
Qəlbimdəmi? Beynimdəmi?
Var indi şikayət, 1001 dərdin 1000 dərmanı..
Tək bir dərdin dərmanı yox ki.. Çünki o təkdir..
İndi isə dur cəhənnəm ol. Get o dərmanı axtar. Bir az əlini aç yuxarılara. Bəlkə eşidər?
Hər addımbaşı qışqırarlar axı.. "Təvəkkül.."
Heç bilmədən onun dərinliyini...
Get, get... Sən də get, unut yazdıqlarımı.. Boş ver. Hər gün bir dəli doğulur, bir dahi ölür..
Get, get.. Mən də gedirəm. Görüm tapırammı ruhdaşımın çiyinlərini?