Çox darıxıram
Günel Fərhadqızı tərəfindən "Esse" bolməsinə 10:46 01 dekabr 2015 tarixində əlavə olunmuşdur

Övladını fiziki və ya mənəvi baxımdan

itirən analara, itirilmiş övladlara həsr edirəm...

Bilirsən, səni çox sevirdim, sevirəm, sevəcəyəm... Sənin üçün çox darıxdım, darıxıram, darıxacağam... Nə qədər pozitiv insan olsam da, üzüm gülsə də, gözlərim kədərlidir, qəlbimdə sevinc yoxdur deyə... Bilən bilir dərdimi, həsrətimi, bilməyən isə çətin bilər, anlayar... İtirən insan bilər itirdiyinin acısını, kədərini, dərdi, həsrəti... İtirməyən sadəcə kənardan baxar və qınayar, müzakirə edər... Yol ilə gedirəm, hər dəfə yolda uşaq görəndə, sən gəlirsən gözlərimin önünə... Əl-ələ tutub, gəzməyimizi yadıma salıram o an... Hər dəfə anasının əlindən tutan uşaq görəndə, əlimdən tutmağını xatırlayıram... Gəzinti zamanı, bağçaya gedərkən əlimdən tuturdun axı... Hər dəfə oynayan uşaq görəndə, sənin oynamağın düşür yadıma... Hər dəfə anasının qucağında uşaq görəndə, sənin o yaşlarda olduğun anlarını canlandırıram gözlərim önündə... Hər dəfə anasını, məni uşaq qucaqlayanda, sənin qucaqlamağını hiss edirəm sanki... Hər dəfə ana deyən uşaq səsini eşidəndə, sanki sənin səsini eşidirəm... Uşaq geyim, oyuncaq mağazalarının önündən keçəndə, sənlə o mağazalara girməyimiz, alış-veriş etməyimiz düşür yadıma... Hər dəfə bir uşaq ağlayanda, sənin ağlamağını salıram yada... Hər dəfə bir uşaq güləndə, sənin sevincini, gülüşünü görürəm sanki... İçim parçalanır, yanıram həsrətdən, sənin yoxluğunla barışmamışam, səni itirməyimə alışmamışam... Sənin geyindiyin paltarı, qız uşağını görəndə, sanki sənsən, elə bilirəm... Hər dəfə evə gələndə düşünürəm ki, qapını açacağam, sən sevincək duracaqsan qapının önündə, mənim gəlişimi gözləyəcəksən, içəri girən kimi sevincək sarılacaqsan boynuma, qucaqlayıb öpəcəksən, "Ana, səni, sevirəm" deyəcəksən, əlimə baxacaqsan, biləcəksən axı, sənə sürprizim var... Hər dəfə marketə gedəndə, sənin seçimlərinə baxıram, yadıma düşür, birlikdə bazarlıq etməyimiz... Hər dəfə yemək bişirəndə, mənə verdiyin yemək sifarişlərin necə düşməsin yadıma?! Bişirdiyim yeməklər əvvəlki tək dadlı deyil, sevgisiz, həvəssiz bişirirəm onları məni... Hər dəfə noutbooku açanda, şəkillərə, cizgi filmlərinə baxıram, sən yanımda olarkən, bunu edirdik birlikdə... Yemək yeyəndə, fikirləşirəm, indi nə edirsən, nə yeyirsən... Yatanda düşünürəm, yuxuya getmisənmi, məni yuxunda görürsənmi? Yatan zaman mənsiz yuxuya getməməyini, məni qucaqlamağını, öpməyini, yatarkən yuxuda gördüyün nəyəsə gülməyini tamaşa edərkən, necə xoşbəxt idim?! Yatan zaman məni bərk qucaqlayıb yuxuya gedərdin, üstümdə uzanardın, başını qoyardın sinəmə, oyanarkən üzümə baxıb gülümsəyərdin... Hələ də yadımdadır... Hər dəfə səni danlayarkən, ya da hansısa istəyinə "yox" deyərkən, məndən inciməyini, sonra tez barışmağımızı unuda bilmirəm... Hər dəfə körpə uşağı alanda qucağıma, uşaq qoxusunu qoxlayanda, sanki sənsən o uşaq zənn edirəm mən... Evdə bir yerə yığmışam, paltarlarını, oyuncaqlarını, sənə aid olan hər şeyi, üstünü də örtmüşəm ki, baxıb əzab çəkməyim... Olmur, sənsiz yaşaya bilmirəm... Atanı daha çox sevməyini, ona bağlandığını, onu seçdiyini anlayıram, dağ çəkirsən qəlbimə qızım, hər gün yadımdasan, unuda bilmirəm, unutmaq istəmirəm... Sənin gülüşün, qoxun, sevincin, inciməyin, oynamağın, yatmağın, gəzməyin, əlimdən tutmağın, qucaqlamağın üçün çox darıxıram... Məni sevirsən bilirəm. Hava yaxşı olanda babanla parkda gəzdiyin zaman məni görən kimi babanı tək qoyub, mənim yanıma qaçmağını, sevinməyini unuda bilmirəm, qızım... Xatirələr, varlığın, sənə sevgim unutdura bilmir səni... Dəli oluram, üzülürəm, ana fəryadı, ana həsrəti, ana sevgisi nədir, ana olanlar bilər... Əziz qızım, Safiya, harada olsan belə, məndən uzaqda olsan da, anan səni çox sevir, sənin üçün çox darıxır, bunu unutma! Bir gün gəl, məni tap, həsrətimi bitir... Sənsiz nə sevinə bilirəm, nə də ki, xoşbəxtəm mən... Hər dəfə uşaq görəndə, kövrəlirəm, gözlərim dolur, ağlayıram içimdə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+10=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
e.gunel@azti.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0337 saniye