Çox şey deyir göz yaşları... Bəzən söylənməyən sözlərin səsi, bəzən bir peşimanlıq pəhrizi, bəzən də bir sevginin, həsrətin nəfəsi... səssizliyin, içindəki hayqırışların, təlatümlərin, fırtınanın qışqırıqlarıdır, əslində, göz yaşları...
İnsan övladı qəribədir. Sevinir - ağlayır, həsrət çəkir - ağlayır, qovuşur - ağlayır...
Kəlmələr bəzən kifayət etməyəndə sözləri göz yaşı əvəz edir.
Əslində, ağlaya bilmək, göz yaşı tökmək özü bir nemətdir. Ağlamaq daş qəlbli olmadığımızı göstərir. Amma bəzən istəyib də ağlaya bilməmək, içimizdəki ağrı-acıların göz çeşmələrindən süzülə bilməməyidir göz yaşları... Onlar üzümüzə axıb israf etməzlər özlərini. Çünki daha vacib içləri var - içimizdəki yanğını söndürməyə - haraya çağırılmışlar.
Göz qapaqlarımızın yandığı, boğazımızda nəyinsə düyündəndiyi anda göz yaşlarımızın nə etdiyinə diqqət etdiniz mi? Dəniz coşğun olanda dalğaları sahilə vurmaq üçün necə bir-biri ilə çarpışırsa, gözümüzdən axan yaşlar da o cür isti və sürətlə bir-biri ilə yarışır.
Ağlamaq zəiflikdir mi? Niyə ağlamaq lazım olduğu anda yumruqlarımızı, dırnaqlarımızın ovucumuzu qanadıncaya qədər sıxarıq? Niyə gizlədirik göz yaşlarımızı başqalarından? Zəiflikdən mi? Qürurumuzu sındırmamaqdan mı? Əslində, hər qadının özünə görə səbəbləri var...
Çəkinmədən, utanmadan ağlayıram təklikdə. O qədər ürəyimə axıtdım ki, göz yaşlarımı... Mənim həyatda üç dostum oldu: acılara dözən ürəyim, ürəyimə axan göz yaşlarım və göz yaşlarımı sildiyim əllərim.
Ağlayıram - Yaradana, anama vəfasız olduğum üçün
Ağlayıram - darıxdıqlarım üçün
Ağlayıram - darıxıb da qovuşa bilmədiklərimə
Ağlayıram - içimi incidən qəlb qırıqlarıma
Ağlayıram - istəmədən də olsa, qırdığım qəlblərə
Ağlayıram - inandığım, güvəndiyim və tanıdıqca eybəcərləşənlərə
Ağlayıram - heyif olan illərimə, gəncliyimə, xəyallarıma
Ağlayıram - məhv olan, paramparça olan, basdırdığım, unutduğum arzularıma
Ağlayıram - bir ömür ağlaya bilmədiklərimə
Ağlayıram - hər gecə yorğanımı başıma çəkib, səssizcə içimdə hədər olan qismətimə, taleyimə...
Ağlamayacağam xoşbəxt olunca, bəlkə bir gün o xoşbəxtliyə sahib olaram, o zaman ağlayacam... özümdən asılı olmadan sevinc göz yaşlarımla ağlayaram...
Müəllif: Zeynəb Hüseynli
Düzənlədi: Aysel Abdullazadə