Dağın ahı
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 20:54 10 dekabr 2015 tarixində əlavə olunmuşdur

Yasunari Kavabata 1899-cu il iyunun 11-də qədim Osaka şəhərində dünyaya göz açıb. Valideynlərini erkən yaşda itirib. Tanınmış həkim olan atasının ölümündən bir il sonra anası da dünyadan köçüb. Ana tərəfdən babası və nənəsi Yasunari ilə bacısını öz himayələrinə götürüb. Bundan bir neçə il sonra onun nənəsi və bacısı da vəfat edib. Yasunarinin bu dünyada tək doğma adamı və pənahı babası olub. Yeniyetməlik çağında Yasunari rəssam olmaq xəyalıyla yaşasa da 12 yaşına çatanda özünü söz sənətinə, ədəbiyyata həsr etmək qərarına gəlib. Onun öz kəşməkəşli həyatı barədə 1914-cü ildə qələmə aldığı ilk hekayə çox sonralar, 1925-ci ildə işıq üzü görür. Əsərin adı «On altı yaşlı gəncin gündəliyi» idi. Çox keçmədən Yasunarinin babası da vəfat edir. Təkrar yaxın qohumlarının himayəsinə sığınan oğlan Tokioda orta məktəbdə oxuduğu dövrdə Avropa mədəniyyətinə və ədəbiyyatına böyük maraq duyur. Leonardo da Vinçinin, Mikelancelonun, Rembrandtın və Sezannın əsərləri onda silinməz təəssürat oyadır. 1920-ci ildə Tokio Universitetinin ingilis filologiyası fakültəsinə daxil olsa da, Kavabata doğma yapon ədəbiyyatına sonsuz maraq bəsləyir. Universitetin son kursunda oxuyarkən tələbə jurnalında çap etdirdiyi bir məqalə tanınmış yazarlardan Kan Kikutinin diqqətini çəkir. O, «Bunqey sündcü» (Zəmanə ədəbiyyatı) ədəbi jurnalı ilə əməkdaşlıq təklifiylə Kavabataya müraciət edir. Həmin dövrdə gənc Kavabata yapon ədəbiyyatında «sinkankakuxa» (neosensualizm) adıyla bilinən modernizmə meyl salmışdı. Özü kimi gənc yazarların təsis etdiyi «Bunqey dziday» (Müasir ədəbiyyat) jurnalında Kavabatanın çap etdirdiyi əsərlərdə o dövrün dəbdə olan yazarlarından Ceyms Coysun və Gertruda Staynın təsiri açıq-aşkar sezilməkdəydi. 1925-ci ildə işıq üzü görən "İdzulu rəqqasə" povesti gənc yazara ad-san qazandırır. Kavabatanın sonradan və bütün yaradıcılığı boyu dönə-dönə müraciət edəcəyi bir cüt personaj – müəllifin öz surəti və məsum qız – ilk dəfə bu əsərdə oxuculara təqdim olunur. Yasunari Kavabata üslubunun davamçılarından sayılan Yukio Misima (1925-1970) bununla bağlı yazırdı: «Bakirəlik kultu – onun yaradıcılığında həm saf lirizm, həm də nəhslik və çarəsizlik əhval-ruhiyyəsi yaradır, çünki bəkarətin pozulması bəzən məsum həyatın sonu kimi də alqılana bilir...» Onun 1933-cü ildə çap etdirdiyi «Quşlar və heyvanlar» kitabının baş qəhrəmanı insan toplumundan baş götürüb qaçan və meşədəki vəhşi heyvanlar arasında könül rahatlığı tapan subay kişi idi. Bununla belə, bu adam dəliqanlı çağlarında dəlicəsinə sevdiyi qızın surətini daim qəlbində yaşadır, dipdiri və canlı tutur. Ömrünün bir neçə ilini Kavabata «Qarlar ölkəsi» romanını yazmağa həsr eləyir. Əsərin ilk versiyası 1937-ci ildə, son variantı isə 10 il sonra nəşr olunur. Yaşa dolmuş, tokiolu sərgərdan ilə bir kənd qeyşasının məhrəm münasibətlərindən bəhs edən bu roman XVII əsrdə yapon şeirinin geniş populyarlıq qazanan şeir şəkli «hayku» janrında yazılıb, ellipsvarı struktura malikdir və altmənalarla zəngindir. 1940-50-ci illərdə yazar Mancuriyaya dəfələrlə səfər edir və XI yüzildə yazılmış klassik yapon romanı sayılan «Gendzi haqda saqa»nı araşdırır. Adıçəkilən qədim əsərin təsiri Kavabatanın 1949-cu ildə oxucuların mühakiməsinə verdiyi «Minqanadlı durna» povestində aşkar hiss olunmaqdadır. 1954-cü ildə yazar «Dağın ahı» romanını tamamlayır. Bu əsəri bir çox tənqidçilər Kavabatanın ən mükəmməl əsərlərindən sayırlar və o, ənənəvi yapon ailəsində yaşanan ciddi mənəvi böhrandan bəhs edir. Həmin il çap olunan «Göl» povestində isə yazıçı "şüur axını" texnikasından yararlanaraq, insanın məhrəm və erotik yaşantılarını qələmə alıb. 1961-ci ildə işıq üzü görən «Yatmış dilbərlər xanəsi» romanı isə özünün gərgin süjeti və fəlsəfi altyapısının çoxqatlılığı ilə diqqəti çəkir. Romanın baş qəhrəmanı olan ahıl qoca işrətxanaya gedir ki, içinə çökən qüssə və yalqızlıqdan bəlkə birtəhər qurtula. Bədənini pula satan qadınlar narkotik maddə qəbul etdiklərindən kişinin orada olduğuna əsla məhəl qoymurlar və sonra baş verən əhvalatlar ahıl qocanın dilindən təqdim olunur. 1960-cı ildə Kavabata ABŞ-ın nüfuzlu universitetlərində yapon ədəbiyyatı ilə bağlı silsilə seminarlar keçirir. Tələbələrə öyrədir ki, çağdaş yapon ədəbiyyatı hər nə qədər öz klassik ənənələrinə söykənsə də, Avropa ədəbiyyatının güclü təsiri ondan yan ötməmişdir. Bütün həyatı boyu siyasi hadisələrdən uzaq duran, siyasətə qoşulmayan Kavabata 1960-cı illərin sonlarında Çində yürüdülən amansız «Mədəni inqilab» siyasətinə etiraz bəyannaməsinə imza atmışdı. Deyilənlərə görə, bu sənədi imzalamağa onu sevimli tələbəsi Yukio Misima təhrik edibmiş. 1968-ci ildə o, yapon yazarlar arasında ilk dəfə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. Mükafatın jüri heyəti «Yapon düşüncə tərzinin məğzini ustalıqla çatdıran bir yazar kimi» ona bu ödülü vermək qərarına gəlibmiş. Adıçəkilən mükafat Kavabatanın həyatında ilk ödül deyildi: 1937-ci ildə o, "Ədəbiyyatın inkişafına görə", 1952-ci ildə isə Sənət Akademiyasının ədəbiyyat üzrə mükafatı ilə təltif olunmuşdu. 1959-cu ildə Frankfurt şəhərində ona Göte adına medal, 1960-cı ildə isə Fransanın Sənət və Ədəbiyyat ordeni verilmişdi. 1972-ci ilin aprelində Yasunari Kavabata narkotik asılılıqdan qurtulmaq üçün müalicə aldığı klinikanı tərk edir. Aprelin 16-da isə Cusidəki evində özünü soba qazıyla boğaraq, intihar edir. Özündən sonra o, bu intiharın səbəbləriylə bağlı heç bir məktub-filan qoymur. Bəzi təxminlərə görə, intihar onun qələm dostu Yukio Misimanın iki il əvvəl xarakiri etməklə öz canına qıymasının bir növ əks-sədasıydı.

Bu yazını Nobel ödülünün təqdimat mərasimində Kavabatanın çıxışından bir abzasla bitirmək yerinə düşərdi: «İnsanın dünya-aləmdən qopmuşluğu, öz taleyinə, alın yazısına asiliyi hansı səviyyədə olursa-olsun, intihar heç vaxt bir etiraz üsulu sayıla bilməz. Hər nə qədər ideal biri olsa belə, öz canına qıyan insan müqəddəslikdən xeyli uzaqdır.Sən həmişə məni sevəcəksən. Mən sənin heç vaxt etməyə  cəsarətin çatmayan  bütün  günahları təqdim edirəm.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+8=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0223 saniye