Daha doğrusu, Azərbaycan Dövlət Neft Akademiyası
Nihat Atabəyli tərəfindən "Hekayə" bolməsinə 11:28 27 aprel 2016 tarixində əlavə olunmuşdur

İki il sonra akademiyamıza qayıtdığımda özümü istəməsəm belə yad hiss edirdim. Orda təhsil aldığım müddətdə də qrup yoldaşlarım xaric tanıdığım o qədər də şəxs yox idi. Ancaq bu dəfəki yadlıq hissi tamamiylə fərqli görünürdü. Sanki binaya ilk addımımı atdığım andan etibarən hər kəs mənim burda yad olduğumu hiss edirmiş təssüratı oyadırdı. Söhbətimin mərkəzindəki akademiya Neft Akademiyasıdır. Daha doğrusu Azərbaycan Dövlət Neft Akademiyası. Adını dəyışmələri belə mənim oranı Neft Akademiyası kimi yadda saxlamağıma mane olmur. Necə ki, bizim nəsildən əvvəlkilər oranı AZİ deyə bilirlər. Neft Akademiyası deyəndə çoxları 2009- cu ildəki terroru xatırlayır, bəziləri də dörd il ora ancaq siqaret çəkmək üçün ayaq döydüklərini. İki il sonra bura gəldiyimdə diqqətimi elə iki il əvvəl olduğu kimi öz üzərinə çəkən işçi heyətindən olan həmişə tələsən dayı oldmuşdu. Adını mən belə qoymalı oldum, çünki heç zaman söht edib adını öyrənməyim üçün zəmin yaranmamaşdı. Doğrusu dövlət qurumlarından tutmuş özəl sektora qədər iş dünyasında ən çox hörmət etdiyim insan qrupu xadimələrdir. Sadəcə öz zəhmətləri ilə qazandıqları pullarına görə. Ancaq mənim bu dəfəki baş rol ifaçım bu qrupa aid deyil. Dəqiq nə işin sahibi olduğunu demək olduqca çətin məsələdir, ancaq o həmişə qaçhaqaçda olurdu deyə mənə elə gəlir ki, o kuryerdir. Kuryer deyərkən ağlıma gələn ilk şəxs motesklində əyləşən dəri gödəkçəli cavan oğlan olur. Ancaq o bir qədər fərqli texnologiyadan istifadə edirdi. Bu dəfə də ona rast gəldiyimdə o qaçırdı. Elə bir neçə il əvvəl diqqətimi ilk dəfə öz üzərinə çəkdiyi zaman onu gördüyümdə olduğu kimi. Təqribən üç ya da dördüncü kursun sonları olardı. Yaz yenicə girirdi. Hava bir qədər isti idi, parklar cütlüklərlə dolu, mən isə təzə- təzə öyrənməyə başladığım proqramlaşdırma kursunun kağızlarını copyalamaq üçün birinci mərtəbədəki kiçik nəşriyyat otağına gedirdim. Hər zaman qaçan orta yaşlı dayını o vaxta qədər bir neçə dəfə görmüşdüm. Lakin o heç vaxt diqqətimi cəlb etməmişdi. Nəşriyyata daxil olub vərəqlərimi copyalayan xanıma təqdim etdikdən sonra bir az gözləməyim tələb olunurdu. Ora qəribə bir yer idi. İçərisi kağız vərəqlər ilə dolu, bir tərəfdə kitab üzləri pressləmə cihazı, digər tərəfdə üz çıxartma avadanlıqları, o biri tərəfdə isə bilinməyən gizli bir təşgilatın idarə heyəti vardı. Vərəqləri copyalayan xanımın yanında gözlədiyim ərəfədə birdən içəri həmişə qaçan dayı daxil oldu. Tələsik və iri addımlar ilə gizli təşgilatın idarə heyətinin olduğu hissəyə getdi. Arakəsməni dönüb nə isə dedi və mən buna fikir verməyəcək qədər məşğul idim deyə diqqətimi çəkmədi. Lakin birdən içəridən elə bir reaksiya gəldi ki, həmişə tələsgən dayı bir andaca mənim real həyat qəhramanları adlı siyahıma daxil oldu. Orda iki nəfərin, cavan bir oğlanın və olduqca gözəl bir xanımın əyləşdiyini bilirdim. Və əmin idim ki, az öncə onun üzərinə qışqıraraq nəyisə tapmalı olduğunu deyən şəxs həmin cavan oğlan idi. O məndən bir neçə yaş böyük, hər zaman mavi kostumda görməyə öyrəşdiyimiz, rahat masaya sahib olduğu üçün özünü planetin mühafizəsindən sorumlu bilən özündən razı görünüşlü bir tip idi. Nədənsə mənə elə gəlirdi ki, həmişə qaçan dayı arakəsmələrlə ayrılan otaqdan çıxdığında onun ardınca əsəbi halda gəlib nəşriyyatın ortasında ona qıcanan oğlanın əsas məqsədi birlikdə işlədiyi xanımın diqqətini cəlb etmək idi. Çünki o özünü müdafiəsiz birinin üzərində elə fərqləndiridi ki, əlimdə tutduğum telefon olmasaydı mən az qala quldarlıq dövründə yaşadığımızı zənn edəcəkdim. Ona dayı deməyimin əsas səbəbi əslində elə ən az dayımla yaşıd olması idi. Geyindiyi paltar köhnə və çirkli idi və mənə elə gəlirdi ki, bu onun həm iş, həm də malim olduğu tək libasıdır. Onun möhkəm əzablar görmüş üz quruluşu diqqətimi çox çəkmişdi. Havanın isti olmasından və daha çox da son tapşırığına qaçdığı üçün alnından axan təri arada bir yun köynəyinin qollarına silirdi. Onun burda yüksək əmək haqqı aldığı üçün qarşısında həqarət edən yaşca kiçik birinə dözdüyünü fikirləşmirdim. Müəllimlərin belə 200- 300 manat aldığı bir mühitdə onun əmək haqqısını təsəvvür etmək o qədər zoruma gəkirdi ki, bunu sözlərlə ifadə etmək çətindir. Güman ki, o sadəcə məcbur idi deyə sözün əsl mənasında dişlərini sıxıb dayanmışdı. Qarşısındakı kostumlu gənc onu uşaq kimi danladıqca o hər an partlamaq ehtimalı olan barıd yeşiyinə daha çox bənzəməyə başlayırdı. Lakin o heç nə demədi. Bəlkə də artıq bu hala öyrəncəli olduğu üçün, ya da bilirdi ki, deyəcəyi ilk kəlməsindəcə işdən qovulduqdan bir neçə həftə sonra övladının aclıqdan halsızlaşan gözlərinə bir daha baxa bilməyəcəkdi. Bütün hallarda o yeni təlimatlarını aldıqdan sonra yenidən qaçmağa başladı. Sonralar onu bir neçə dəfə də gördüm. Əlində üst- üstə yığılmış printer kağızları vardı. Ağır olduqlarını onun qeyri- məmnun üz quruluşu və axsayan ayağını ehmalla yerə basmasından bilmək olurdu. Və mənə elə gəlirdi ki, bu qeyri- məmnun üz quruluşu kağızlara görə yox belə bir həyatı sonuna qədər yaşamağa borclu olduğunu dərindən başa düşməsindən qaynaqlanırdı.

21.04.2016


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+25=
Hesaba giriş
Müəllif

Nihat Atabəyli
Haqqında
Gözəllik aşiqi olan biri üçün gözəlliyi görüb də onu seyr etmək zövqündən özünü məkrum edəcək qədər qəddar seçim ola bilməz
Əlaqə
E-mail:
nihatatabayli@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0237 saniye