Dahilik Sindromu
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 15:25 02 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Dahilik Yaradanın yaratdığına bəxş etdiyi əvəzsiz bir nemətdir. Bu sərvəti, nə dəvə karvanlarına yüklənən ləl-cəvahiratla, nə də ki, sultanların qırx illik "gizli xəzinə"si ilə almaq mümkündür. Belə bir məqam yalnız kamillərin simasında təcəlla edir. Elm,istedad və irfan özünü dahilik mərtəbəsində tamamlayır. Dahilik qalıcı olandır. Bu mənsəb sahibləri özlərini daima maddiyatdan uzaq tutar, həyata yalnız bir missiya kimi baxar,dəyərli olan hikmət dolu fikirlərini özündən sonra bir sərvət kimi,xələfləri üçün qoyub gedər. Ağır zamanlarda, qarışıq dönəmlərdə, zalımların zülmlərinin tüğyan etdiyi dövrlərdə dahilər daha mükəmməl yetişərlər. Haqsızlığa qarşı öz zəkası ilə mücadilə etmək, ədalət üçün ədalətsizliyə qarşı savaşmaq dahiliyin təməl daşıdır. Üsyankar şairlərin həyatını vərəqlədikcə, mübariz yazarların əsərlərini oxuduqca onların necə bir məşəqqətli zamanlarda yaşadıqlarını aydın etmək olur. Həyatın bütün sahələrində, istər elmi, istər siyasi,istər dini və istər də hərbi sahələrdə dahilik məqamlarına ucalmışların ortaq bir nöqtəsi var - haqqın və ədalətin bərqərar olunması üçün sonacan mübarizə. Çinli Konfutsidən Afinalı Solonadək, Romalı Mark Avrellidən  həmşəhərlisi Kardanoyacan, Ezopdan üzü bəri Nitşeyədək oxuduqca daha bariz əyan olur ki, onların fikirləri,aforizmləri müxtəlif olsa da,son nöqtə haqqa sığınmaqda özünü tamamlayır.

   Dahilər aləminə baş vurarkən, böyük şəxsiyyət Həzrəti Əlidən yazmamaq fərdi düşüncəmə görə böyük qəbahət olar. 2009-cu ildə İstanbul basın evinin nəşr etdiyi, Adəm Özbay və Faruk Reca tərəfindən qələmə alınan "Həzrəti Əlinin liderlik sirləri və xitabət sənəti" adlı kitabı əldə etdim. Bu kitab o qədər ustalıqla qələmə alınmışdı ki, bunu sözlə ifadə etmək həqiqətən çox çətindir. Usta yazarlar, bu mükəmməl əsəri ərsəyə gətirmək üçün uzun illər zəhmət çəkmiş, tarixi qaynaqları zərgər dəqiqliyi ilə gözdən keçirmışlər. Həyatım boyunca oxuduğum ən dəyərli əsərlərdən birinə çevrildi bu,kitab. Türk dilində dərc edilməsinə rəğmən sırf Anadolu üslubu ilə yazılmışdı. Sadə və tez anlaşılan. Bu əsərin diqqət çəkici məqamlarından biri də,fikirlərin müdrük kəlamlar üzərində qurulması və Hz.Əlinin sadə üsulla oxucuya təqdim edilməsi idi.

 "Allah səni azad yaratmışkən, başqasına kölə olma" Hz.Əli tərəfindən deyilən bu kəlam, bir daha təsdiq edir ki, dahilər hər zaman bəşər övladının öz hürriyəti və istiqbalı uğrunda mücadilə etməsini diləyir və məzlumun yanında qərar tutur. "Öldükdən sonra yaşamaq istəyirsinizsə, ölməz bir əsər buraxın". Hz.Əlinin bu kəlamı bütün zamanlar üçün qiymətsiz bir mirasdır.

 Bəli, dahini dahi edən,onun keçici olanlara deyil,qalıcı olanlara könül bağlamasıdır.Dahilərin həyat tərzinə,yaşam şərtlərinə nəzər yetirdiyimiz zaman, çox ilginc şeylərlə qarşılaşırıq.Bəlkə də,bu,Yaradanın bir lütvüdür. Onlara bəxş olunan maddi qıtlıq və bunun qarşılığında əbədiyyən qalıcı olan mənəvi zənginlik. Deyilənə görə, yunan filosofu Fales (Tales)in, ən dəyərli əşyası cökə ağacından hazırlanan nimdaş su bardağı olub.Fəqət o, həyatından məmnun, Rəbbindən razı görünərmiş.Ezop isə, şəhər bazarlarının yanından keçdiyi zaman, piştaxtalara və yerlərə düzülən maddi nemətlərə ötəri nəzər salıb,rişxəndlə- gör bir nə qədər sərvət,nə qədər nemət var ki,insan onsuz da keçinə bilərmiş-deyərdi...


... dəfə oxunub
Qiymət: 9/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
2+29=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0259 saniye