Həyat bizi ayrılıqla sınadı,
Keçən hər gün dərd üstə dərd qaladı,
Unutdurdu keçmişimdə nə vardı,
Təkcə sənin özün üçün darıxdım.
Sənsiz illər ötüşsə də, keçsə də,
Sənli anlar xəyala çevrilsə də.
Ürəyində kədər tüğyan etsə də,
Gülümsəyən gözün üçün darıxdım.
Bu da, yəqin, bir qismətdir yazılmış,
Taleyimə sənsiz olmaq yozulmuş,
Bir ömürlük yaddaşıma iz salmış,
Bircə kəlmə sözün üçün darıxdım.