Darıxmışam...
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 17:47 21 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Darıxmışam…

gözünün xoş baxışı, rəngiyçün,

Darıxmışam…

səsinin həzin, bəm ahəngiyçün,

Pıçıltıyla dodaqdan

ürəyimə süzülən,

ən şirin kəlmələrdən

yağan söz çələngiyçün.

Darıxmışam…

saçının saçlarıma qarışan

zərif, meyxoş ətriyçün,

qələmim həsrət çəkir

sənə ithaf olunan

şeir, nəğmə sətriyçün.

Kaş...

içi sənlə daşan,

hərdən ürkək, utancaq,

hərdən həddini aşan

xəyallar ağuşunda

xumarlanıb uyuyam,

Arzuların qoynunda,

Əbədi eşq yolunda

quş kimi qanad açam.

Darıxmışam,

Telefondan süzülən,

Özgələrdən gizlənən,

Gah qısılıb, qırılıb,

Gah inci tək düzülən,    

Gah qüssəli, təlaşlı,

Gah da ki, şən səsinçün.

Darıxmışam,

Üzümdə, dodağımda gəzişən

şirin, nəm nəfəsinçün.

Ah… necə darıxmışam

Bu yasaq sevgimizdən

Əzab çəkən üzünçün

İnan, çox darıxmışam

Mənə hər kəsdən əziz,

Təkrarlanmaz, əvəzsiz

Yalnız sənin özünçün.  


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+21=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0231 saniye