Darmadağın
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 13:37 14 mart 2015 tarixində əlavə olunmuşdur

Aptekdən çıxarkən sevincinin həddi-hüdudu yox idi. Qanad açıb uçmaq istəyirdi hətta.

Qəlblərini oxşayan gözəl hava vardı bugün. Soyuqlar geridə buraxılırdı. Artıq əlcəksiz əllər donarkən isti nəfəslə qidalanmayacaqdı. Yollar buz bağladığından dolayı tıxaclar yaranmayacaqdı. Şəhərin boz simasında pişiklər və itlər soyuqdan gizlənmək üçün maşın altında istilik axtarmayacaqdılar. Amma soyuqda donan hisslər, param-parça olan ümidlər, yanaqlarda buza çevrilən göz yaşları vardı. Bomjların, qaraçıların gündəlik həyat tərzləri davam etməkdədir. Marşrutlarda “Maşa və Ayı” disklərini satanları görməkdən və səslərini eşitməkdən bezən sərnişinlər dayanacaqlarda düşərək öz yollarına davam edirdilər. Şirniyyat satılan dükanlara girib oradan əlidolu çıxanların qələbə dolu təbəssümləri bir başqadır.

Ləman qapını açaraq evə daxil oldu. Ayaqqabı və gödəkçəsindən azad olduqdan sonra çantasından hamiləlik testini çıxardıb vanna otağına yollandı.

Cavab “müsbət” idi. Gözləri sevincdən ulduztək parıldayırdı. Bundan böyük xoşbəxtlik? Sevdiyi insandan bir uşağı olacaq. Onu 9 ay bətnində gəzdirəcək. Bir də gördün, təpik atdı balaca. Bir də gördün, ana ürəyi nadirən tapılan yemək istədi. Bir də gördün, ata başını ananın qarnına qoyub balacanın səsini dinlədi. Bir də gördün, uşaq dünyaya gəldi, onu qolları arasına aldı, qoxuladı, öpdülər.

Ləman bütün bunları xəyallarında canlandırıb məst olurdu. Əlini qarnına qoyub gülümsədi. Təbəssüm əsnasında sol yanağı batdı. Ülvi axşam işdən qayıdana qədər masa gözəl təşkil olunmalıdır. Beynində romantik səhnələri quran Ləman anidən gələn telefon zənginə dik atıldı. Ev telefonu. Saata nəzər saldı. Ülvinin bu vaxtlar işi başından aşıb daşır deyə zəng etməyi xoşlamırdı. Telefonu əlinə alıb cavablandırdı.

-Alo?

-Ləman xanım?-telefondan gərgin qadın səsi gəldi.

-Bəli, buyurun, eşidirəm,-təəccüblə bildirdi.

-Sizinlə görüşməliyəm.

-Bir dəqiqə. Kimsiniz? Mənim adımı haradan bilirsiniz?

-Ləman xanım, xahiş edirəm, məsələ ərinizlə bağlıdır, daha doğrusu, bizim uşağımızla

-Nə?-eşitdiklərindən dolayı səsi zəif çıxdı.

-Bəli.

-Zarafat edirsiniz?-Ləmanın səsi qəzəbdən titrəyirdi.

-Xeyr, xanım, istəyirsinizsə, uşağı da gətirə bilərəm, kopiya atasıdır.

Ləman kafedə əyləşmiş, o qadınla uşağın yolunu gözləyirdi. Beyni hələ də dumanlı idi. Ruhuna endirilən zərbədən yarasına məlhəm axtarırdı. “Kaş ki, qadının dediyi yalan olaydı” fikri ona bir az təskinlik bəxş etsə də, “əgər doğrudursa?” şübhəsi bircə anlığa ümidini darmadağın edirdi.

Budur, qapı açıldı. Gənc qadın və əlindən tutan balaca qız. Göz bəbəkləri böyüyərək ürək döyüntülərini artıma doğru sürüklədi. Onlar yaxınlaşdıqca gözlərini balaca qızdan qoparda bilmirdi. Üzbəüz əyləşdikdən sonra stəkandakı suyu tamamilə içib bitirdi. Bir daha qıza baxdı. Sanki bir almanı yarıya bölmüşdülər. Eynən o sima. Bir tək gözlərinin rəngi fərqlidir.

Qadın ağzını açmağa macal tapmamış Ləman kəskin sürətlə onu qabaqladı.

-Aydındır. Artıq izahata ehtiyac yoxdur. Təşəkkürlər,-deyərək masa arxasından qalxdı və kafedən çıxışını etdi.

“Axı niyə? Niyə mənim xoşbəxtliyim bircə anın içində pozuldu?”.

Göz yaşlarını sərbəst buraxıb yaxınlıqdakı skamyaya çökdü.

Əvvəllər əri ilə restorana gedib ləzzətlə pizza yeyərdilər. Kinoteatra getməyə vaxt olmadığından dolayı gecədən xeyli keçənədək film izləyərdilər. Başını Ülvinin dizlərinə qoyub söhbət edərdilər. Çox sevdiyi yasəmən gülünü güldana qoyub birlikdə iyləyərdilər.

Bəs indi necə olacaq?

“Niyə mənə heç nə demədin?”

Göz yaşları yanaqlarını, dodaqlarını yandırırdı.

Qadın məsləhətxanasında tapdı özünü. Abort masasına uzandı. Qaşıqla qaşıdılar.

Duyğularını, arzularını məhv edərək bir daha simurq quşu kimi küllərindən doğulmaması üçün əbədilik daş-qalaq etdi.

Evə gəldi. Artıq burası “o”na məxsus deyildi. Soyuq, boş, hissiyatsız. Çamadanı açıb geyimlərini dolabdan, şkafdan götürməyə başladı. Məktub yazıb masaya buraxdı.

“Sənin bir uşağın var, get ona atalıq et. Əlvida!”

Anası qızını qarşısında darmadağın, əli dolu görcək sanki nəfəsi çatışmadı. Beyni bu dəqiqəcə iflic edərək həyata bir son verəcəkdi.

-Ləman, nə oldu? Bu...nə deməkdir axı?

Anasına bir baxdı, çiyinlərini quruca çəkdi və dəvət gözləmədən ata evinə ayaq basdı...

Anadangəlmə görmə əngəli olan qardaşı Seymurla gəzintiyə çıxdı. Qara eynək və qatlanan ağ əsa ilə diqqətləri öz üzərinə cəmləşdirirdi qardaşı. Amma Seymurun bir insanın içinə bal kimi yayılan təbəssümü var idi ki, imtinaedilməz sayılırdı.

-Bacı, necəsən?

-Yaxşıyam, Seymur, narahat olma.

-Səsindən, qoxundan hiss edirəm, mənə yalan söyləmə.

-Bağışla...Nə bilim...Heç özüm də bilmirəm necəyəm...Darmadağın kimiyən...Sanki barbarlar gəlib abidələrimi məhv ediblər, vandalizm qoxusu hələ burnumdadır...

Ülvi dəfələrlə qapıda bitirdi, qapını az qala vurub dağıdırdı, göz yaşları içində hayqırırdı, bəzən gecəni qapı ağzında keçirirdi, amma nə fayda?! Anası Ləmanı yola gətirməyə çalışırdı,olmurdu. Atası onunla soyuq davranırdı, sanki olanlar Ləmanın günahıdır. Bir tək Seymur anlayışlı idi.

Bəzi gecələrdə gözünə yuxu getməyəndə tavana zillənməkdən bezib Seymura gəlirdi. Onu oyatdığı üçün az qala vicdan əzabı çəkirdi, amma qardaşı dərhal məsələni dəyişdirib onun əhvalını açırdı.

-Bacı, bilirsən, necə şirin yuxu idi? Əlimi sürtürəm, iri gövdəli ağacdır. Burnuma çiyələk ətri gəlir. Bir az yuxarı uzadıram, piroqa bənzəyir deyəsən, əlimə ağacın piroqlarından birisi alıram. Deməli, çiyələk qoxusu buradan gəlirmiş! Mmm, nə ləzzət!!!

-Axı korlar yuxu görmürlər?

-Bizim yuxularımız səs, hiss, qoxu üzərində qurulur...

Ləman evə yaxın məktəbdə müəllimə vəzifəsinə düzəldikdən sonra hər dəfə oraya gedib uşaqları görmək onun rahatlığını əlindən almağa başladı. Axı öz uşağının qatili idi! Bəzən gözləri dolardı, tələsik başını aşağı salardı ki, uşaqlardan kimsə görməsin. Kolleqaları onun qeybətini edirdilər...

Günlərin birində uşaqlıq rəfiqəsi ilə rastlaşarkən onunla birgə kafedə əyləşib isti şokolad qəbul edirdi. Oradan-buradan danışarkən birdən kənardan kiminsə baxışlarını öz üzərində sezdi. Adam cəld gözlərini aralayıb masadan qalxdı. Az sonra ofisiant Ləmana kağız verdi.

“Buraya gələndən bəri sizi izləyirəm. Kaş ki, xəyallarınız olaydı və məni də o xəyallara daxil edəydiniz. Bilmirəm nə yaşamısınız, amma həyat hələ qabaqdadır. Hörmətlərlə.”

Deyəsən o adamdan idi...

Bir dəfə də axşam vaxtı Seymurla gəzintiyə çıxarkən qarşılaşdığı mənzərədən özündən utandı. Bomj olan bir qadın küçələrdən tapdığı yetim uşağı polisə verməkdən qəti imtina edirdi. “Ay qardaş, mənim uşağım yoxdur, qayınanam buna görə bizi ayırdı da. Yalvarıram, barı 2-3 gün məndə qalsın, ona doyunca baxım, sonra hara aparırsınızsa aparın.” Amma polislər kobudluqla körpəni bomj qadından ayırdılar...

Dayanacaqda marşrutu gözləyirdi. Qol saatına nəzər saldı. Gecikirdi, amma, deyəsən, vecinə də almırdı. Bir tanışı vardı. 15-16 yaşlarında ikən yaş böhranı ilə mübarizədən məğlubiyyətə uğramış, 5 günlük ağıl xəstəxanasına yazılmışdı. Oranın illik sakinlərindən biri keçmiş gitaraçı Fəridin sözləri hələ də qulaqlarındadır: “Bəzən səhv qatar səni düz tunelə çıxardır.” Onun sayəsində rəssamlığa başladı. Atası isə buna hiddətlənirdi ki, adam balası ol. Tələbədir, adı da Tuncaydır, uşaq simalıdır. Gecələr barmenlik edirdi. Tez-tez danışır ki, gecələr insanların həyatı daha aydın olur. Bütün maskalar düşür deyə. Bəlkə də haqlıdır. Yuxular maskalara əngəldir sadəcə. Tuncayın bir qəribə hobbisi vardı. Daimi sakinlərdən nəsə yadigar almaq.

Budur, marşrut uzaqdan görünməkdədir. Sərnişin olarkən sürücü radionun səsini qaldırdı. FM aparıcısı Zümrüd qu quşları haqqında maraqla danışırdı.

“Qu quşları xüsusi foto-yaddaşa malikdir: onların ömürlərinin sonuna qədər cütlük halında yaşamaları bu nəticəyə əyani sübutdur. Xatırladaq ki, qu quşlarından ibarət cütlükdən biri öldükdə, o biri özünü havadan yerə çırpır və ya ümumiyyətlə heç bir qida qəbul etməyərək, belə demək mümkünsə, intihar edir.”

Ləman darmadağın həyatına bir istiqamət vermək istəyirdi, amma bəzən qulaqlarında körpə çığırtısını eşidirdi...

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+24=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0504 saniye