Daş bilir,danışır mənim dərdimi....
Daş bilir,danışır mənim dərdimi,
Dərdlərim min olub,dəvası yoxdu.
Daş yanır,alışır mənim halıma,
Cəfasın çəkmişəm,səfası yoxdu.
****
Dünyanın sirrini bilə bilmədim,
Ömrümü vermişəm yelə,bilmədim.
Bəlkə toxunmuşam telə,bilmədim,
Fələyin peymana vəfası yoxdu.
***
Bir loğman istərəm sarsın yarəmi,
Çöllü-biyabanda tapdım çarəmi.
Bəxtimə köklənən "Yanıq Kərəmi"
Hələ yazılmayıb,havası yoxdu.
***
Nələr yada düşür bisən,ah,nələr,
Alıb dincliyimi əldən bəlkələr.
Dünya bir dəryadır axıra qədər
Üzüb çata bilən qəvvası yoxdu.
****
Artır gündən-günə,artır məlalım,
Dərdlərin əlində acizmi qalım?
Mövludam,qəriblik gəzir xəyalım,
Qərib durnalartək yuvası yoxdu.
22.10.2014.Zərdabi.Mövlud Ağamməd.