Daş karxanası
meyxoş abdullah tərəfindən "Hekayə" bolməsinə 10:55 01 noyabr 2018 tarixində əlavə olunmuşdur

Daş karxanası...
(hekayə)

Hər dəfə evə dönəndə söz verirdi ki, bir daha bu lənətə gəlmiş karxanaya getməyəcək, özünə başqa bir iş tapacaqdır. Amma borc sahiblərinin ona verdiyi vaxtın tamamı gələndə gözünü açıb görürdü ki, toz-torpaq içində yenə də daş karxanasında daş yükləyir.
Borcu günbəgün artib çoxalırdı. Borc da elə şeydir ki, “pəncərədən girər o qədər şişər böyüyər ki, axırda qapıdan da çıxa bilməz” - deyiblər.
Onun borcu başqalarının bir gecədə kefə xərclədiyi pulların heç yarıdan yarısı deyildi. Ancaq ona görə, düşdüyü borcun altından çıxmaq cəhənnəm əzabından qurtulmaq kimi bir şeydi. Bilirdi ki, bu borcları qaytarmaq üçün daş karxanasına hələ xeyli ayaq döyməli olacaqdi. Ürəyində yalvarırdı ki, nə olaydı birdən-birə əlinə çoxlu pul gələydi borclarının hamısını birdəfəlik ödəyə biləydi. Arada inciyib canı boğazına yığılanda isə özünə ölüm arzulayırdı. Ölmək onu bu əzablardan qurtarardı, - düşünürdü. Amma balalarını, həyat yoldaşını yadına salanda özünü qınayıb bu fikrindən daşınardı. Ailəsi elə də böyük deyildi, iki azyaşlı qızı, bir də həyat yoldaşı. Özündən başqa işləyəni olmasa da, amma hamısının ağzı işləyirdi. Yemək-içməkləri bir yana, hələ geyim-kecimləri, qohum-əqrabanın xeyir-şərini hesablayanda onun gözlərindən yuxusu da çəkilərdi.
Yaşadığı ətrafda qazanclı iş-güc olsa da, nədənsə onun-bunun qapısında işləməyi özünə sığışdırmırdı, - “adamla adam kimi rəftar etmirlər” – deyirdi. Daş karxanası beləydi ki, orada həmişə iş olurdu, həm də hansı sənətin sahibinə desən orada rast gəlinərdi, fəhləsindən tutmuş müəlliminə kimi. Daş karxanasında hər kəsin çörəyi daşdan çıxırdı.
... Bu dəfəki gedişində daş karxanasındakı işi yaxşı gətirmişdi. Havasat yağışlı-yağmurlu olduğundan daş yükləməyə gələnlərin sayı az idi. Bəxti gətirsəydi iki-üç maşın yükləyəcəkdi. Yamanca sevinirdi, günün sonunda alacağı pulların haqq-hesabını ağlına gətirəndə qollarına bir az da qüvvət gəlirdi. İşdir arvad-uşağı qəsəbədəki ərzaq dükanından əlavə bir şey götürməsələr, bəlkə bu dəfə aparacağı pulla borclarının yarısını qaytara bilərdi - düşündü.
Günün sonuna az qalırdı. Yüklədiyi iki maşının pulunu almışdı. Üçüncü maşın da dolmaqdaydı, axırıncı sıraların daşını atırdı. Çox işlədiyindən qolları tamam keyləşmişdi, ayaq üstə zorla dayanırdı, amma işləməliydi, zarafat deyil bu gün yüz manata qədər pul qazanacaqdı. Neçə müddətdi buraya ayaq döyürdü, amma heç vaxt bir günkü kimi əli gətirməmişdi.
Axırıncı sıranın da daşlarını atıb qurtardıqdan sonra əlinin arxasıyla toz-torpağa bulaşmış boyun-boğazının tərini sildi. Hava soyuq olduğundan tərdən islanmış paltarları bədəninə buz kimi yapışmışdı. Havadan ciyərlərinə dolan toz-torpağın nəmqarışıq qoxusu ürəyini bulandırırdı. Amma kefikök görünürdü, bu günkü zəhməti hədər getməmişdi.
Dərindən nəfəs alaraq əlini cibinə salıb papiros çıxartdı, yandırmağıyla, tüstünü acgözlülüklə ciyərlərinə çəkməyi bir oldu. Soyuqladığından papiros tüstüsü döşünə düşmədi, bir-iki dəfə bərkdən öskürdükdən sonra, əlindəki papirosu ayağının altına atıb əzdi. Elə bu vaxt daş yüklədiyi maşının sürücüsü ona yaxınlaşdı:
- Səid, onsuz da axşam tərəfidir, yolda heç kəs olmur, burayla da razılaşmışam, nə olar, yüz dənə də əlavə daş at, al, bu da sənin beş manatın, kasıb adamsan, dərdivün birinə xərclərsən - deyib pulu onun tozlu şalvarının cibinə dürtdü.
Səid yazıq-yazıq sürücünün üzünə baxdı. Bu baxışlarıyla demək istədi ki, vallah ölürəm, yorulmuşam, gücüm çatmaz. Amma borclarını yadına salanda razılaşmaqdan savayı çarəsi qalmadı. Əlcəklərini əlinə keçirtdi və yerdən bir daş götürüb maşındakı daşların üstünə atdı. Sonra yenə də bir neçə daş qovzadı. Yorulduğundan atdığı daşlar ona çox ağır gəlirdi, həm də, maşındakı daşların sırası qalxdıqca, yerlə maşın arasındakı məsafə bir az da uzaqlaşırdı. Ayaqlarının altına daş düzdü ki, bir az hündürə qalxa bilsin. Pəncələrinin üzərinə qovzanmaqdan ayaqlarının damarları rezin kimi dartılaraq onu incidirdi. Möhkəmcə yorulmuşdu halı özündə deyildi, bunu maşının sürücüsü də hiss edirdi. Odur ki, əlini onun çiyninə toxundurub: - az qalıb, üç-dörd dənə də atsan daha bəsdir - deməsini də güclə eşitdi.
Səidin gözlərinə qaranlıq çökdü, başının üzərinə qaldırdığı daş əlində səndələdi. O, son gücünü toplayıb daşı maşının kuzovuna tullamağa çalışdı. Elə bu vaxt ayağının altında üst-üstə çinlədiyi daşlar tərpəndi. Əllərini yanına salmağa macal tapmamış başına düşən ağır daşın təsirindən dizləri üstə çöküb xırıldadı. Bir anın içindəcə üst-başındakı ağappaq daş unu al-qırmızı rəngə boyandı... Səidin sir-sifəti al-qanın içərisindəydi. Ağzı torpağa qapananda son dəfə gözlərini dolandırıb sürücünü axtardı. Sürücü isə dizə çöküb əlindəki cib dəsmalıyla onun başından axan qanı dayandırmağa çalışırdı. Çaşqın və qorxu içində Səidə yalvarırdı:
- Heç nə olmayıb, qorxma, azacıq başın qanayıb, indi səni xəstəxanaya çatdıraram, bir az möhkəm ol, qardaş.
Səidin isə başından axan qan dayanmaq əvəzinə bir az da gurlaşırdı. O, artıq get-gedə haldan düşərək xırıldayırdı.
Sürücü isə çaşqın halda ona yalvarmaqda davam edirdi.
Səid son dəfə gücünü toplayıb əlini şalvarının cibinə saldı və oradan kağıza bükülü bir şey çıxarıb sürücüyə uzatdı və zarıya-zarıya dedi:
- Bu, bayaq yüklədiyim iki maşın daşın puludur. İmkanın olsa sən də maşınının pulunu qoy bu borc siyahısının arasına verərsən bizimkilərə, deyərsən borclarını qaytarsınlar.
Səidin cansız bədəni sürücünün qolları arasından sürüşüb toz-torpaqlı yerə düşəndə onun köksündən güclə eşidiləcək bir inilti qopdu.
... Bərk yağış yağırdı. Maşın qəsəbənin lap qurtaracağında məftillə çəpərlənmiş balaca bir komanın qarşısında dayandı. Qəsəbənin işıqları da sönmüşdü. Hər tərəf zülmət qaranlığa büründüyündən sürücü maşının işıqlarını söndürmədi. Göz-gözü görməyən zülmət qaranlıqda bu güclü işıq seli gecənin bağrından qopan alova bənzəyirdi. Bu alovun şöləsi yaxınlıqdakı komanın miskin görkəmini bir anlıq da olsa nura boyamışdı. Güclü yağış damlaları gur işığın altında göydən yerə səpələnən, sanki gümüşü rəngli oxlara bənzəyirdi. Bu oxlar ardı-arası kəsilmədən elə hey göydən səpələnərək yerə sancılırdı.
Bir azdan komanın qapısı açıldı. İçəridən qucağında uşaq olan gənc bir qadın çıxıb qapıda dayandı. O, əlini gözlərinin üstünə qoyaraq komadan bir az adalıda dayanmış maşına tərəf baxdı. Az keçməmiş bir qızcığaz da yuxulu gözlərini ova-ova qapıda göründü. Gözlərinə düşən güclü işıqdan qorunmaq üçün anasının arxasına keçib ona sığındı.
Maşının gur işığında onların kasıb və üzgün çöhrələri apaydın görünürdü. Hər şeydən xəbərsiz olan bu biçarələr, yəqin ki, daş karxanasından geri dönən əzizlərinin qayıtdığını zənn etmişdilər.

2014- ci il


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+29=
Hesaba giriş
Müəllif

meyxoş abdullah
Haqqında
Meyxoş Abdullah- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, "Doktor Qəzənfər", "Didərgin ruhlar", "Şeytan gülüşü", "Anakonda ovu", "Əsir qadın" və "Qapısı gecə döyülən qadın" kitablarının müəllifi. Evlidir 4 övladı, 8 nəvəsi var.
Əlaqə
Tel.:
0506420309
E-mail:
meyxos.abdullah@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0261 saniye