Yenə əlimdə qələm nəsə yazmalıyam. Ya da ki, bir suala cavab axtarmalıyam: “ İnsan arzuladığı kimi, yoxsa bacardığı kimi yaşamalıdır? “
Deyəsən, düşündürücü və çətin sual oldu. Amma bu suala cavab vernək üçün bir dəlinin xatirələrini mütləq qurdalamalıyam.
Mənim sevgi hekayəmin nə əvvəli, nə də sonu var. Əvvəli də, sonu da yadımdan çıxıb. Ona görə də hər şeyi ortadan danışacam. Sualın cavabı da bunun içindədir.
Mən onunla payız yağışında tanış oldum. Yadımda deyil harada və ayın neçəsi. Əvvəllər düşünürdüm ki, payız sarısı yalnız kədər və romantikadan ibarətdir. O Mələyi görən kimi anladım: payız həm də gözəllik, sevgi və xəzandır. Onun dəniz mavisi gözləri məni tilsimə saldı. İstəyirdim onun dəniz dalğasıtək qıvrım saçlarını qoxulayım, incə dodaqlarında ölüm. Gözlərindəki kədər olum, məhəbbət dənizində üzən gəmi. Onun dəniz gözlərində üzüm və dalğalarla çarpışım.
Bunlar yalnız arzu və utopiya idi. Necə ki, mənim onunla noyabrda (deyəsən tarix yadıma düşdü), payız yağışının altında rəqs etməyim kimi. Gecə saat birə işləyirdi. Ona zəng edib pəncərəyə çağıraraq yolun ortasında boya ilə 1 gün əvvəl yazdığım “ İnsan arzuladığı kimi, yoxsa bacardığı kimi yaşamalıdır?” sözlərini göstərdim. O qışqıraraq cavab verdi: “ Arzuladığı kimi yaşamalıdır!”.
Dedim, gəl düş aşağı, rəqs edək. Sən gəldin.Biz heç kimdən utanmadan, çəkinmədən və camaatın bizi dəli adlandıracaqlarını düşünüb qorxmadan rəqs edirdik. Göy gurultusu musiqimiz, buludların göz yaşlarının şırıltısı isə sözlərimiz idi. Bizim danışmağa ehtiyacımız yox idi. Biz hey gülə-gülə rəqs edirdik. Birdən biz nədənsə qəribə hiss keçirib dayandıq və diqqətlə baxışdıq. Saçlarımız və paltarımız su içində idi. Elə bu an mən sənin öpüşə susamış ehtiraslı dodaqlarından öpdüm. Dünya yox oldu, zaman dayandı. İstəyirdik ki, dodaqlarımız yorulana qədər rəqs etsin. Qışqırtı eşidildi. Qışqıran sən yox, bu yağışlı gecədə bizə baxan qonşu qadın idi. O, bizi tərbiyəsiz, əxlaqsız adlandırdı. Sonra hay-küy salıb başqa qonşuları da səslədi. Hamısı birlikdə bizi təhqir elədilər, əxlaqi məsləhətlər verdilər, adı olub, özü olmayan qeyrətdən danışdılar.
Gördüm ki, mənimlə rəqs eləyən Mələk narahat olur. Rəqsimiz ləngiyir. Mən onu necə də çox sevirəm. Mən onu əksər oğlanlar kimi gözəl üzünə və bədən fiqurasına görə yox, saflığına və ürəyinə görə sevirdim. Dözməyib qıza dedim:
-İstəyirsən onları susdurum?
Onun gözləri mənim üzümə zilləndi, qulaqlarının eşitdikləri isə söyüşlər və gic-gic məsləhətlər idi. Mənim güldüyümü görüb özü də güldü və dedi:
-Susdur onları!
-Baş üstə, madmuazel!
- Nə olub, nə qışqırırsız? Deyəsən, səsiniz qulağınıza xoş gəlir,hə? Nə olub, nə həyasızlıq salmısız? Gecə saat birə qalır. Siz gedin ərlərinizin qeydinə qalın. İndiyə qədər hardadırlar? Mən sevdiyim qızın yanındayam, bəs sizin ərləriniz hardadır? Sizdən soruşuram, cavab verin! Bəlkə pula satılmışlarla birlikdədirlər? Noldu, səsiniz batdı?! Onlar orda kef eləyəndə, maymaq arvadları da bizi tənqid eləyirlər. Birinci, gedin öz gözünüzdəki çöpü görün, sonra başqasına əxlaq dərsi keçin. Bildiz?
Onların hamısı bir nəfər kimi susdular. Pəncərələrini möhkəm çırpıb, pərdələrini örtdülər. Zənnimcə, bu iynəli və yandırıcı sözlərimdən sonra ərlərinə düz 37 dəfə zəng edərlər. Nə qədər çalışsalar da onlara cavabsız zənglərdən başqa heç nə qalmayacaqdı. Əsəb gərginliyi , qısqanclıq və gözləmək cəhənnəmi onları bir az incidəcəkdi.
Mənim heyrətlənmiş Mələyimlə isə rəqsimiz və dialoqumuz davam etdi. Amma bu uzunmüddətli olmadı. Elə bil küpəgirən bir cadugərin sehrinin qurbanı olduq. Ya da ki, iblsin şeytani fırıldaqlarının toruna düşdük. Hər şey gözlənilmədən dəyişdi. Valideynlərin səni gözəl və gələcəyin xoşbəxt ailəsi adı ilə pula satdı, əzizim. Dedilər ki, pul olan yerdə xoşbəxtlik də var. Day demədilər ki, pul olan yerdə həm də bədbəxtlik də var. Onlar sənin bədbəxtliyində öz xoşbəxliklərini gördülər. Sən hansısa pullu rüşvətxora ərə getməyə hazırlaşdığını mənə deməsən də, sonuncu görüşümüzə sənin sevgi dolu ürəyinlə bərabər əllərində bəhanələrlə gəlməyinlə anladım.
Sən birinci bəhanəni ürək ağrısı ilə dedin:
-Sən dalaşqan, vurub-sındıran, diribaş oğlan deyilsən. Qızların belə olmayan oğlanlardan xoşu gəlmir.
Cavab verdim ki:
-Mən ömrümü razborkalarda çürütmək istəmirəm. Heyvanlar danışa bilmədikləri üçün savaşırlar. Biz isə insanıq.
Bir – sıfır. Mənim xeyrimə.
-Sən yaraşıqlı oğlan deyilsən. Səni sevmirəm!
-Nə olsun, nə Şekspir, nə də Puşkin yaraşıqlı deyildilər. Amma qadınlar onları əsərlərinin qazandığı şöhrətə görə sevirdilər. Bəlkə sən də məni yazılarıma görə sevəsən.
Mən – iki, o isə sıfır. O, yenə bəhanə gətirdi:
-Sənin pulun yoxdur. Yaxşı yaşamaq və arzularımızı həyata keçirmək üçün bizə çoxlu pul lazımdır.
- Düzdür, pulum yoxdur, amma səni sevən ürəyim var.
- Hə, düz deyirsən, acından öləndə də ürəyini bişirib yeyərik!
- Əzizim, bu vampirlik səndə hardandır? Niyə axı hər şeyi belə dramatikləşdirirsən? Səninlə nə baş verib? Sənə alicənab, arvadına, uşaqlarına bağlı namuslu ər lazımdır, yoxsa varlı-imkanlı, yeyib kəmərinin altını bərkidib iki-üç məşuqəsi olan kişi?
O susdu. Hesab: 3-0. Yenə də mənim xeyrimə. Lakin bu sərt cavab onun xətrinə dəydi. Mənə “ tərbiyəsiz” dedi və üzümə yağlı bir şillə vurub çıxıb getdi. Mənsə onun arxasınca qışqırdım:
-Neyləyim, bu zibil həyat belədir!
O çevrilib dedi:
-Həyat belə deyil, insanlar belədir!
Hə, o, düz deyirdi. Bir xal da o qazandı: 3-1. Yenə mənim xeyrimə. Qalibəm. Amma məğlubiyyətə uğramış qalib! Lap gic olmuşam. Qız məni tərk edir, mənsə burda futbol oynayıram. Əslində susmaq istəmirdim, axırıncı dediyi sözün cavabını vermək istəyirdim. Demək istəyirdim ki, insanlar belə olsa da, biz bu cür olmayaq. Bizim sevgimiz hər şeyi dəyişə bilər. Təki biz mübarizə aparmaqdan yorulmayaq.
Amma bunları demədim, içimdə saxladım. Onsuz da saqqız kimi uzanmış söhbəti bir az da uzatmaq istəmirdim. Yaxşı bilirdim o, nə cavab verəcək: “Bəsdi, söhbəti çürütdün!” Təəssüfləndim ki, gedəndə ayrılıq öpüşü vermədi, məni bundan məhrum elədi.
O, getdikcə məndən daha çox uzaqlaşırdı. Birdən mənə ondan mesaj gəldi:
“ Səni ölənə qədər, son nəfəsimə kimi sevəcəm. Bədənim başqasının olsa da, ürəyim və sevgim əbədi sənindir”.
Mən onun arxasınca baxa-baxa qaldım. Yəqin deməyə ehtiyac yoxdur – biz ayrıldıq.
İndi isə palatanın pəncərəsindən baxıram ki, bəlkə o, nə vaxtsa qayıtdı. Kim bilir, dostlarımdan öyrənər ki, mən dəlixanadayam, mənə baş çəkməyə gələr. Ağlım yerində olsa da özümü dəliliyə vuraram ki, mənə yazığı gəlsin, məni sığallasın, öpsün. Nə olsun ki, o, başqa kişinin qollarında olub. Əsas odur ki, o qayıdıb və mən onu dəlicəsinə sevirəm. Qoy o, həmişə mənim yanımda olsun, mənim ona olan məhəbbətimdən dəli olduğumu düşünsün. Mənim üçün isə onun kim olmağının fərqi yoxdur: istəyir gəzəyən olsun, istəyir dəli. Amma dəli olmağı mənə sərf eləyər. Biz bir yerdə olarıq. Yox, onu qadınlar palatasına yerləşdirəcəklər. Mənimsə burda kişi dostlarım var, olmaz. Amma əsas odur ki, biz bir-birimizi görə biləcəyik.
Mənim dəlixanaya düşməyim təsvir üçün maraqsız olsa da danışmalıyam. Sevgilim məni tərk edəndən sonra dəniz kənarına gedib onu gözləməyə başladım. İnanırdım və ümid edirdim ki, o, gəmiylə nə vaxtsa bir gün qayıdacaq. Ona görə qayıdacaq ki, mən onu sevən ürəyimlə burda gözləyirdim. Hər dəfə günün axırında o gəlməyəndə coşmuş dənizə hayqıraraq deyirdim: “ İnsan arzuladığı kimi yaşamalıdır, yoxsa bacardığı kimi?... İnsan arzuladığı kimi yaşamalıdır, yoxsa bacardığı kimi?... Elə buna görə məni ambulansa qoyub psixiatrik xəstəxanaya apardılar. Mən onlara etiraz edib dedim ki, mənə dəniz lazımdır, o, mütləq qayıdacaq, gəmiylə üzüb gələcək mənə görə. O, məni gəlib görməsə geri qayıda bilər. Dəniz!.. Dəniz!..
Onlar isə mənə dedilər:
-Narahat olma, səninçün akvarium alarıq, balıqlara baxarsan. İstəsən bir gəmi düzəldərik, istəyirsən üzdürərsən, isəyirsən batırarsan.
Bu hekayəni palatanın pəncərəsindən yolların kənarında əmələ gələn gölməçələrdə üzən gözəl yarpaqlara baxa-baxa yazdım. Bir ümidsiz ümid var idi ki, o, nə vaxtsa gələcək, mənim həyatıma təzədən qayıdacaq və heç vaxt getməyəcək. Bu hekayəni dinləyən dəli dostlarım və qadın həkimlər isə bilmirlər ağlasınlar, yoxsa gülsünlər. Sevgi mələyi isə qulağıma uzunmüddətdir düşünüb tapa bilmədiyim sualın cavabını pıçıldayır: “ Sən arzuladığın kimi yaşamaq istəsən də, bacardığın kimi yaşadın”.
11 mart 2012