Dəlixanadan gələn sevgi məktubları
meyxoş abdullah tərəfindən "Hekayə" bolməsinə 14:29 19 noyabr 2018 tarixində əlavə olunmuşdur

                              Dəlixanadan gələn sevgi məktubları...

                                             (poman)

 

             Şəhərdən bir qədər aralı, daş hasarlarla əhatə olunmuş və xarici aləmlə heç bir əlaqəsi olmayan bu yer çoxları üçün qorxunc və lənətlənmiş bir məkan təsiri bağışlayırdı. Nəinki uşaqlar, hətta, şəhərin yaşlı sakinləri də, bu tərəflərdə gəzib-dolanmağa ehtiyat edirdilər. Əslində, daş hasarlarla çəpərlənmiş və içində ruhi xəstələr dolaşan bu səs-küylü, baraklara bənzəyən düşərgə çoxlarının zehnində “Dəlilər məskəni” kimi ilişib qalmışdı. Analar öz övladlarını cəzalandırarkən bu yerlərin sakinlərini onlara xatırladıb: - “Özünüzü ağıllı aparmasaniz, siz də allahın qəzəbinə düçar olub, bu zavallılar kimi ömürünüzün axırına qədər beləcə yaşamağa məcbur olacaqsınız” – deyərək onları qorxudurdular.

            Gecələr şər qarışanda bu dairədən eşidilən əcaib və tükürpədici qadın səsləri hamını vahiməyə salardı. Xaraba və viran olmuş bu diyardan eşidilən vahiməli səslər, sanki gecənin qaranlığında ağız-ağıza verib ulaşan bir sürü çaqqal ulartısını xatırladardı.

         Şəhər sakinləri bu yerlər haqqında qəribə və sehirli əfsanələr uydurmaqdan çəkinməzdilər. Onlar söyləyirdilər ki, guya bu yerlər vaxtilə böyük şəhər olubdur. Şəhərin əhalisi allahın buyuruqlarından çıxıb, yollarını azdıqlarına görə tanrı onların hamısının ağıllarını başlarından almış və dəli etmişdir.

           Amma həqiqət başqa cür idi. “Vellas” adlandırılan və ruhi xəstələr üçün nəzərdə tutulmuş bu düşərgə min doqquz yüz otuz ikinci ildə salınmışdı. Müharibə vaxtı faşistlər bu xəstəxananı ələ keçirərək bütün xəstələri güllələyəndən sonra buradan hərbi düşərgə kimi istifadə etmişlər. Hərbi əsirlərin “Ölüm vadisi” adlandırdıqları düşərgə sonradan ruhi xəstələr üçün daimi bir məkana çevrilmişdi. Şəhərin yaşlı sakinlərinin və müharibə vaxtı burada cəza çəkənlərin söylədiklərinə görə, düşərgənin bir hissəsində tikilmiş ikimərtəbəli və iyirmialtı otaqdan ibarət olan binada o vaxt işgəncələrə dözməyib ağıllarını itirən ruhi xəstələr saxlanılırdı. Həmin xəstələrin üzərlərində aparılan ağlagəlməz cərahiyyə əməliyyatları alman səhiyyəsinin inkişaf etdirilməsinə xidmət edirdi.

            Esterqom şəhərinin əlli kilometirliyindəki Bakon dağlarından əsən sərin meh şəhər əhalisinin ruhunu oxşasa da, “Vellas” düşərgəsinin daimi sakinlərinə bu zərrə qədər də təsir etməzdi. Çünki onlar insanların və tanrının yaddaşından silinmiş biçarə varlıqlar idilər. “Vellas” xəstəxanasının qəribəliklərindən də biri o idi ki, burada ancaq ruhi xəstə olan qadınlar müalicə olunurdular. Deyilənə görə, vaxtilə burada kişilər də saxlanılırmış. Sonradan kişiləri ayıraraq başqa bir yerə köçürürlər. Kişilərin başqa yerə köçürülməsinin səbəbi xəstəxana nəzarətçilərinin səhlənkarlığı və maymaqlığı ucbatından xəstə qadınların, özləri kimi ruhi xəstə olan kişilər tərəfindən zorlanaraq hamılə qalmaları və hər kəsin nəzərindən düşmüş bu biçarələrin siflis xəstəliyinə yoluxmaları idi. Baş verən bu hadisələr o vaxt xəstəxana rəhbərliyini ciddi düşünməyə vadar etmişdi.

            “Vellas” xəstəxanasında yerləşdirilmiş yüz altımış beş nəfər ruhi xəstəyə yeddi həkim, onbir tibb bacısı, altı mətbəx işçisi, beş xadimə, bir ocaqçı, iki gözətçi, iki nəfər sürücü və iki nəfər də kilsə xadimi xidmət edirdi. Baş həkim, onun müavini, gözətçilər və sürücüdən başqa yerdə qalan işçilərin hamısı qadın idilər. Xəstəxanaya Requli Darvoş adlı məşhur psixiatr həkim rəhbərlik edirdi. Yöndəmsiz və kobud bədən qurluşu olan Requli Darvoşdan, nəinki işçiləri, hətta ruhi xəstələr də çəkinirdilər. O, xəstəxanada ciddi qayda-qanun yaratmışdı. İşçilərdən heç biri onun qoyduğu qaydaları pozmağa cəsarət etməzdilər. Çünki Requli hər hansı kiçik bir səhvi də bağışlamağı bacarmırdı. O xəstələrə qarşı da diqqətli olduğu qədər rəhimsiz idi. İtaətdən çıxan xəstələri əyinlərindəki xalatlarının uzun qolları ilə arxadan bağlatdırar, hətta yemək vaxtı da onların qollarını açmağa icazə verməzdi. Tibb bacıları onları körpə uşaq kimi öz əlləriylə yedizdirərdilər.

            Xəstəxanada mənbəyi müxtəlif olan psixi pozuntulu xəstələr müalicə olunardılar. Bunların arasında irsi psixi pozuntuları olanlar üstünlük təşkil edirdilər. Bu xəstələr əlası olmayan xəstələrdi. Ölkənin bir sıra yerlərində bu tip xəstəxanalar fəaliyyət göstərsələr də, burada ancaq əlacı olmayan xəstələr yerləşdirilmişdi. Bunu xəstəxanadan bir azca aralıda salnmış və ildən-ilə artıb çoxalan, üstündə xaç nişanları olan qəbirlər də təsdiq edirdi. Əslində, buraya yerləşdirilmiş xəstələr buradan bir daha götürülmürdülər. Onlar ömürlərinin axırına kimi burada qalıb müalicə olunmağa məhkum olunmuşdular.

            Xəstəxananın ərazisi çox böyük idi, kilometirlərlə uzanıb gedirdi. Çoxlu meyvə və bəzək ağacları ilə əhatə olunmuş xəstəxananın həyəti nə qədər gözəl görünsə də, buranın sakinləri bu gözəllikləri duymaqda və qiymətləndirməkdə asiz idilər. Onları yalnız yemək, özlərindən müştəbehlik və bir-birlərini cırmaqlamaqdan başqa bir iş maraqlandırmırdı.

           Xəstəxananın dəmir darvazasından asfalt yola qədər olan bir kilometirlik məsafə ot-ələf və kol-kosla həmişə örtülü olardı. Sanki bu yolla heç bir ins-cins gəlib getmirdi. Əslində də beləydi, xəstəxanada işləyənlər yalnız on beş gündən bir növbə ilə evə buraxılardılar. Qalan vaxtlarda onlar xəstəxananın həyətindəki iki mərtəbəli binada yaşayırdılar. Qoca Requli Darvoş isə buranı özünə daimi məskən seçdiyindən bütün vaxtını elə buradaca ruhi xəstələrin arasında keçirərdi. O, yalnız zəruri ehtiyac yarandıqda, dərman və yaxud da ərzaq çatışmamazlığı yarandığı zaman, onda da bir-iki saatlığa şəhərə gedərdi. Uzun müddətdən bəri xəstələrlə oturub durduğundan onun özünün hərəkətlərində də, qeyri-dəqiqlik yaranmışdı. Tez-tez hirslənər, dəhliz boyu o baş-bu başa var-gəl edib öz-özünə danışar, bəzən də əlini daz başına çəkərək heç bir səbəb olmadan gülərdi. Requli xəstələrin dilini çox gözəl bilirdi. Saatlarla onların arasında dolaşmaqdan bezikməzdi. Qadınların əksəriyyəti ona vurulduqlarını söyləyirdilər. Hətta, ona aşiq olub, şeir yazan qadınlar da tapılırdı. O da mehribanlıq göstərərək, onların könlünü oxşayar və həmişə işlətdiyi sözləri təkrar edərdi: - “Əlbəttə, əlbəttə... Başqa cür də ola bilməz. Mən də səni sevirəm, mənim gözəl seniyoram”- deyərdi. Requli bu sözləri hər gün təkrar etməkdən yorulmazdı. Bunların hamısı xəstəxanada mualicə olunan ruhi xəstə qadınların könlünü almaq üçün Requli tərəfindən uydurulan təlxək sözlər idi. Həkim özü də xəstə idi. Yaş, artiq öz işini görmüşdü. İki həftə bundan qabaq işçiləri onun yetmiş beş yaşını qeyd etmişdilər. Əslində, Requli yaşından xeyli qoca görünürdü. Piylənmiş qarnı, ensiz ciyinləri və kobud gövdəsi onu lap cürümüş palıd kötüyünə oxşadırdı. Nəfəs çatışmamazlığı, son vaxtlar isə ürəyində yaranmış ağrılar ona olduqca əzab verirdi. Bunlar azmış kimi, böyrəklərində də yaranmış nasazlıq onu əldən salaraq olmazın əzab-əziyyətlərinə düçar etmişdi.

           Valideyinlərini uşaq vaxtlarından itirmiş Requli tibb kollecini bitirdikdən sonra bu xəstəxanaya göndərilmiş və əlli ilə yaxın idi ki, o burada işləyirdi. Onun əmək kitabçasında yalnız bu sözlər yazılmışdı. : - “ Miskolts şəhər tibb kollecinin məzunu Requli Darvoş “Vellas” ruhi xəstəxanasına baş həkim təyin edilsin”. Əmr 103. 02 oktyabr 1932-ci il”

     Requli taleyindən hec vaxt razılıq etməzdi. O, bu barədə danışmaq belə istəməzdi. Həyat ona həmişə ağılagəlməz işgəncələr gətirmişdir. Onun ən çox qorxduğu kecmişini düşünmək idi. Ümümiyyətlə, Requli düşüncələrə dalmağı xoşlamazdı. Bu barədə ondan soruşanda qisaça cavab verərdi - “Tanrı özünün çəkə bilmədiyi ağrıları da mənim çiyinlərimə yükləmişdir. Əlbəttə, o, məni başqalarından uca tutur, mən bununla fəxr etməliyəm.” – deyirdi.

       Bu müəmmalı cavabdan işçiləri bir şey başa düşməsələr də, ondan artiq hec nə soruşmazdılar. Onsuz da soruşmaq əbəsdi, Requli tutuquşu kimi yenə də dediklərini təkrar edəcəkdi. Əslində, belə deyildi, Requlinin xatirlayacağı çox şeylər vardı. Sadəcə olaraq, kecirtdiyi o ağlr anları yenidən yaşamaq istəmirdi. Onun sözlərinə görə ikinci dünya savaşı ölkələrin savaşı yox, Darvoş soyunun kəsilməsi üçün başlamışdı. Bütün qohum-əqrəbasını, dostlarını hətta sevimli arvadını da bu savaşda itirən Requli həyatda demək olar ki, kimsəsiz qalmışdı. Ona ən çox təsir edən sevimli həyat yoldaşı Oqananın öz gözləri qarşısında güllələnməsi idi. O, bu mənzərəni xatırlayanda necə də əzab çəkirdi. Oqana onunla birlikdə bu xəstəxanada işləyirdi, tibb bacısı idi. 1943-cü ilin mayın 12-də faşistlər xəstəxananı hərbi düşərgə elan etdikdən sonra ruhi xəstələri kütləvi şəlikdə güllələməyə başladılar. Onda Requli şəhərə dərman dalısınca getmişdi. Qayıdanda dəhşətli mənzərə ilə qarşılaşdı. Hər yanda insan meyidləri səpələnmişdi. Arvadı Oqananın meydi də onların arasında idi. Requli elə o vaxt xəstəxananı tərk edərək çıxıb getmişdi. Bir də 1945-ci ilin aprel ayında, hərbi düşərgə ləğv edildikdən sonra oraya qayıtdı. Onu buraya qayıtmağa vadar edən səbəb də sevimli arvadı Oqananın xəstəxananın daş divarları arasında dolaşan sərgərdan ruhu olmuşdur.

       Arvadının ölümündən sonra bir daha ailə həyatı qurmayan Requli ömrünü ruhi xəstələrin müalicəsinə sərf etmişdi. O, tənhalığa elə öyrəşmişdi ki, ozünü cəmiyyətdə qərib və yalqız hiss edirdi. Xidməti işi ilə əlaqədar bəzən bir-iki günliyə şəhərə gedəndə də işini tez qurtarib geriyə donməyə can atardı. Gecələr onun üçün daha dəhşətli və üzücü keçirdi. Nə kecmişini xatırlamaq, nə də gələcəyini fikirləşmək istəməyən bu qoca həkim saatlarla gözlərini bir noqtəyə zilləyib qalardı. Belə vaxtlarda onun yöndəmsiz bədəninin divara düşən əksi sanki kicik qaya parçasını xatirladırdı. Tibb bacısı Roza necə illərdən bəri idi ki, bu qoca həkimin şəxsi xidmətcisinə çevrilmişdi. Requli bu gənc qızı doğma ata məhəbbətiylə sevirdi. “Əgər sən olmasaydın, - deyirdi o, - indi ya mən ölmüşdüm, ya da ki, bu xəstələrin hansısa birisi kimi qollarımı brezent xalatımın uclarıyla arxadan bağlayıb, taxta qaşıqla mənə yemək yedizdirirdilər”.

           Tibb bacısı Roza da onun bu məzəli sözlərinə gülərək deyirdi: - “Senyor Requli, axı burdakıların hamısı arvaddırlar. Belə olan tərzdə yəqin ki, sizi başqa şəhərə köcürmüş olardılar”.

           Qoca həkim qızın atmacalarına özünəməxsus şəkildə cavab verərdi : - “ Yox, Roza mənim yerimi dəyişməzdilər. Ona görə ki, artıq mən də elə bu arvadlar kimi bir şeyəm”.

         Requli Darvoşun bu xəstəxanada qalıb işləməsi nə qədər ağır və dözülməz olsa da, o özünü buradan aralıda təsəvvür belə edə bilmirdi. Amma səhhətiylə əlaqədar təqaüdə getmək barədə səhiyyə nazirliyinə bir neçə dəfə müraciət etsə də, onun xahişinin üstündən hələlik vaz keçirdilər. Səbəb də xəstəxanaya rəhbərlik edəsi həkimin tapılmaması idi. Doktor Requli buradan ayrılmağı təsəvvürünə belə gətirə bilmirdi. İllərlə öyrəşdiyi həyatdan yaxa qurtarmaq onun ölümünə səbəb ola bilərdi. O bunları yaxşı başa düşürdü. Əslində o, özü barədə qətiyyən fikirləşmirdi. Onu narahat edən xəstələri idi. Bu zavallıların taleyini fikirləşəndə əzab çəkirdi. Tanrı bu qoca həkimin narahatçılığına son qoymaq üçün bu xəstəxanaya Yuxas Nemet adlı gənc psixiatr həkimi pənah göndərmişdi. Yuxasın buraya göndərilməsi qoca həkimin don vurmuş qəlbinə bir azca hənirti gətirdi. İlk gündən Requlinin bu gəncə “quşu qonmuşdu”.

            Yuxas Devretsen şəhərindəki tibb institutunun psxiatr fakultəsini bitirdikdən sonra təyinatla buraya göndərilmişdi. Bu göndəriş Yuxasın özü üçün də gözlənilməz olmuşdu. Amma onun buna qarşı çıxmaq səlahiyyəti yox idi.

            İyun ayında Yuxas bu düşərgəyə gələndə ilk qarşılaşdığı mənzərə ona dəhşətli gəldi. Darvazanın ağzındaca quruyub qalan gənc həkim bir gün də olsun burada işləyə bilməyəcəyini zənn etdiyindən, dönüb onu buraya gətirən hələ də gözdən itməyən taksinin arxasınca boylandı. Hansısa, kimsəsiz adaya düşən adam kimi, içində qərib və ölgün bir ağrı yaşadı. Elə bu vaxt xırıltılı bir səs, onu qoynuna almağa çalışan peşimançılıq hissindən ayırdı:

            - Xoş gördük sizi, Yuxas!

            Yuxas diksindi. Sonra qarşısında dayanmış xoşagəlməz bədən qurluşu olan bu qoca kişini başdan ayağa süzdü. İlk baxışdan Yuxasın onu qarşılayan qocadan xoşu gəlmədi. Onun ağlından keçən bu oldu ki, bu qoca xəstəxananın ya gözətçisidir, ya da ki, ocaqçısı. Amma qocanın xırıltılı səslə dediyi:

            - Tanış olaq, xəstəxananın baş həkimi Requli Darvoş sözləri gənc oğlanı əməlli-başlı çaşdırdı. O, özünü itirdiyindən sağ əlində tutduğu çamadanı da qocaya tərəf uzatdı və:

            - Xoş gördük!.. - dedi.

            Yuxas hələ də həyacan içində olduğuna görə, dönüb yan-yörəsinə baxırdı.

            Qoca həkim ehmalca onun qoluna girib yaxınlığdakı birmərtəbəli binaya tərəf apardı.

            Yuxas titrəyirdi. Onun halı sanki oğurluq üstündə yaxalanmış uşağın cəzalandırılmağa aparılan səhnəsinə bənzəyirdi. Qoca isə öz-özünə danışırmış kimi söylənirdi:

            - Mən səni dünən gözləyirdim. Cənab Qabor Brodi şəxsən özü zəng vurub gəlişinizi bildirmişdi. Amma nədənsə, dünən gəlib çıxmadınız. Nəhayət ki, onlar mənim xahişimi nəzərə aldılar, - deyə qoca gülümsədi. - Bilirsiniz, daha bacarmıram, qüvvəm artıq dükənmişdir. Bircə, onlardan xahiş etmişdim ki, bura vicdanlı və səbirli bir həkim göndərsinlər. Cavan olsun, dözümlü olsun. Burada savad o qədər də rol oynamır, əzizim, əsas səbirdir. – Hə, cavan oğlan, bir də elə düşünməyin ki, bura göndərilməyinizi yuxarıdakılardan mən xahiş etmişəm. Yox, əsla bu belə deyildir, mən insan taleyiylə oynamağı sevmirəm. Tanrı özü də şahiddir ki, mən sizi birinci dəfədir ki, görürəm. Necə bir insan olduğunuzdan da xəbərim yoxdur. Onlar özləri səni seçiblər. Həyat dolaşıqdır, əzizim, bəzən yaxşı insanlara tale qəribə mükafatlar bəxş edir. – Bax, görürsən, sənin kimi gözəl, yaraşıqlı bir oğlan gör hara gəlib çıxıbdır. Məgər bu sənin üçün qəribə gəlmirmi?

           Yuxas qoca həkimin uzun danışığından səbirsizlənərək:          

         - Mənim özümün də burada işləmək arzum olmamışdır və heç kəsdən də xahiş etməmişəm ki, məni buraya göndərsin. – deyə Yuxas bir az şərt şəkildə dilləndi.

            Qoca Requli gülmsəyərək addımımı yavaşıtdı.

         - Mən sizi başa düşürəm, buraya öz xahişiylə gəlmək istəyən yoxdur. Əslinə baxsan, buradakı zavallıların da xahişləri nəzərə alınmadan buraya yerləşdiriliblər. Taxtabitilərin hökmran olduğu bu yerdə yalnız öz xahişiylə işləyən mən qoca sarsağam, başqa heç kəs, - deyə o, gülümsədi. Mənim işçilərim də çoxdan dabanlarına tüpürüb qaçardılar. Onları qınamıram, burada işləmək çox çətindir, amma səni də qorxutmaq istəməzdim, yavaş-yavaş öyrəşəcəksən, necə deyərlər, başına hava gəlincən.

         Qoca həkim danışdıqca Yuxas ətrafına öğrun-oğrun nəzər salırdı. Burada hər şey adama qorxunc görünürdü. Elə bil qəbiristanlıq xofu dolaşırdı buralarda. Sanki bura ölmüş adamların ruhlarının məskəni idi.

            Onlar binanın qarşısına çatanda ətrafda dolaşan tibb bacıları bir anlıq ayaq saxlayıb, əlində çamadan tutmuş gənc və yaraşıqlı oğlana diqqətlə baxırdılar. Yuxas da gözlərini onlardan ayırmayaraq, maddım-maddım onların üzünə baxırdı. “Bəlkə də, qızlar məni bura göndərilmiş ruhi xəstə kimi qəbul edirlər”. – deyə Yuxas fikrindən keçirtdi.

            Həkim Requli Yuxası öz otağına apardı. Bura çox da böyük olmayan, iç-içə tikilmiş arakəsməsi olan iki kiçik otaqdan ibarət idi. Otaqların birində çarpayı qoyulmuşdu. Çarpayının yanındakı stolun üstünə atılmış pijamadan hiss olunurdu ki, bura qoca həkimin yataq otağıdır.

            Yuxas, hələ də əlində çamadan donub ayaq üstündə qalmışdı. Doktor Requli isə otaq boyu o baş-bu başa var-gəl edərək nə haqdasa danışırdı. Gənc oğlan onun səsini eşitsə də, nə barədə danışdığını ayırd edə bilmirdi. Çünki onun fikirləri dolaşıq düşmüş kələf kimi pırtlaşıqdı. Otaqdan ölmüş siçan iyi gəlirdi, bu o qədər kəskin və zəhlətökən iy idi ki, az qalırdı adamın beyni çatlasın. Yuxas özünü ürəkbulanmasından zorla saxlayırdı. Bu anda o, öz taleyi barədə düşünürdü, belə bir şəraitdə qalıb işləmək ona necə də əzab verəcəkd. İlk dəfə olaraq o, seçdiyi həkim peşəsinə acığı tutdu.

            Requli birdən addımlarını yavaşıdıb, donba gözlərini gənc həkimin gözlərinin icinə dikərək, bir xeyli beləcə donub qaldı. Sanki o, gənc həkimin ürəyindən kecənləri oxumaq fikrindəydi.

         Otaqda yaşanmış ölü sükunət Yuxası darıxdırdı. O, gözlərini döşəməyə dikərək, kecirtdiyi iztirabları qoca həkimdən gizlətməyə calışdı. Requli sanki bunları duyurmuş kimi birdən-birə səsləndi:

            - Sən mənim xoşuma gəlirsən, cavan oğlan. Ona gorə də, mən sənə bəzi mətləbləri açmaq istəyirəm. Əgər söylədiklərimə əməl edə bilsən mən bu dünyadan rahatca köçə bilərəm.

            Yuxas onun dediklərinin nədən ibarət olacağının fərqinə varmadan könülsüz halda qoca həkimi dinləməyə məcbur oldu.

            Requli Yuxasa yaxınlaşıb ikiəlli onun çiyinlərindən yapışdı və xırıltılı səslə:

            - Özünü bəlaya salmısan, cavan oğlan. Səni qorxutmuram, amma həqiqəti də səndən gizlətməyə ixtiyarım yoxdur, necə olsa biz kolleqayıq axı. İlk vaxtlar bura sənin üçün çox darıxdırıcı keçəcək, amma vəd də etmirəm sonradan hər şey yoluna düşəcəkdir. Yox, bu bir az qəliz məsələdir, nə bilim, bəlkə də sən bu ağırlığa tablaşa bilməyib, bir gün şələ-şüləni də yığışdırıb çıxıb gedəcəksən. Bilmirəm, bu sənin dəyanətindən aslı olacaqdır. Mən də o vaxtlar belə düşünürdüm. Qaçmaq, bu cəhənnəm kahasından uzaqlaşmaq istəyirdim. Amma get-gedə bu kaha məni özünə elə bağladı ki, mən özümü bir dəqiqə də olsun bu xəstəxanasız təsəvvür edə bilmirdim. Hətta, elə vaxtlar olurdu bəzən qorxurdum ki, birdən məni başqa bir yerə göndərə bilərlər, onda mən nə edərəm? - Bunları sənə xatırlatmaqda sənin yerinə qərar çıxartmaq fikrim yoxdur, amma işdir burada qalmalı olsan sənə bir-iki məsləhətim olacaq, gərək sən də mənə söz verəsən ki, onlara mütləq əməl edəcəksən.

            Yuxas bu qoca həkimin danışıqlarını sayıqlamaq kimi başa düşdüyündən istehza ilə gülümsədi. Onun bu hərəkəti Requlinin gözlərindən yayınmadı.

            - Himm... Mənə gülürsən, cavan oğlan? – Hə, düz eləyirsən. Mən qoca sarsağın söylədikləri, doğurdan da, sayıqlamaqdan başqa bir şey deyildir. Amma mən sənə həqiqiəti söyləmək istəyirəm. Bəzən cinayət etmiş birisi həbsxanaya elə öyrəşir ki, oradan azad olunandan sonra da, yaşadığı həyata öyrəşə bilmir. Onun üçün, divara bərkidilmi soyuq və yöndəmsiz taxta yataq, yumuşaq və rahat yorğan-döşəkdən üstün gəlir. Dostları tanışları, hətta ailəsi də onu islah edib, azad yaşamağa öyrəşdirə bilmirlər. O yenə də darısqal, günəş işığı düşməyən nəm və rütubətli həbsxana divarları arasında keçirtdiyi həyatı üçün darıxır. Bu dəhşətli bir vərdişdir insan üçün. Sən elə düşünmə ki, o insanlığını və düşüncəsini itirmiş bir manyakdır. Yox, əzizim, düzgün fikirləşmirsən, bu belə deyildir. Sadəcə olaraq, o, bunlara vərdiş etmişdir, əzabla dolu həbsxana həyatına öyrənmişdir. Necə ki, mən də uzun müddətdir buna vərdiş etmişəm. Sən də bunlara öyrəşəcəksən, nədənsə mən bu fikirdəyəm, - deyə qoca həkim dərindən köks ötürdü. O bir qədər susduqdan sonra əlavə etdi:

- Ona görə də, məsləhətlərimə qulaq as, yadından heç vaxt çıxartma ki, buradakı qadınlar bir çox vərdişlərindən mərhum olsalar da, güclü ehtiras və qadınlıq hissi onları hələ tərk etməmişdir və tərk etməyəcəkdir də. Çünki ehtiras və şəhvət hissi qadınların özləriylə birlikdə ana bətnindən xaric olunurlar. Unutma, qadın elə bir məxluqdur ki, mahir hekəltaraşın yonduğu onun çılpaq heykəli də ətrafdakıları ehtirasa gətirə bilər. Çünki qadın hər vaxt, hər yerdə qadındır. - Gor əzabsız, yataq qadınsız təsəvvür olunmaz – deyiblər. Burada işləməli olsan sən bunların hamısına göz yummalısan, çünki sən həkimsən, onlarsa ruhi xəstə olan qadınlardır. Buradakı xəstə qadınlar hər şeylərindən, ailə səadətindən, doğmalarından hətta analıq hisslərindən mərhum olanlardırlar. Bir sözlə, bədbəxt biçarələrdirlər. - Hə, nə deyirsən, söz verirsən ki, sən onların sönməkdə olan arzu və istəklərinə bir ümid işığı olasaqsan? – deyə Requli əlini Yuxasın çiyininə qoydu.

            Yuxas qoca həkimin sözlərini tam mənada başa düşməsə də, anlayırdı ki, bu adam uzun illərdən bəri burada böyük bir həyat təəccürbəsi qazanmış və canına-qanına hopmuş bu xəstəxana divarları arasında sürdüyü mənasız ömrünün həyat şərqisinin acı notlarını züm-zümə edir. Bu qırıq-qırıq səslənən həyat şərqisi, bəlkə də qoca Requlinin sona çatmaqda olan öz ömrünə oxuduğu son vida himniydi ki, onu kimlərsə başa düşməkdə aciz idilər.

   Yuxası hələ qarşıda hansı çətinliklərin gözləyəcəyinə baxmayaraq, o, öz-özünə fikirləşdi ki, elə bu dəqiqə bu ixtiyar yaşlı həkimə söz verməli onu razı salmalıydı. Qoca Requlinin bulanıq gözlərində sönən həyat eşqi gənc Yuxası bir azca təpərli olmağa vadar etdi. O, dərindən köks ötürüb:

            - Əlbəttə...əlbəttə, bu belə də olmalıdır. Başqa cür də ola bilməz.

           Yuxasın bu sözlərinə qoca həkim dodaqucu gülümsəyərək başını buladı:

           - Mən sənə inanmaq istəyirəm, oğlum, sənin gözlərindəki o parlaq işartılar məni fikrimdə yanılmadığımı söyləyir. – Hə, yadımdaikən sənə maraqlı bir lətifə danışmaq istəyirəm. Bunu hökmən yadında saxla, işdir əgər çətinə düşsən gərəyin ola bilər - deyə qoca həkim gülümsədi. Deyir; -“Kecmiş zamanlarda bir məmləkətin kralı həkimini yanına çağırıb ona tapşırır ki, elə bir dərman hazırla həmən dərmanı camaata içirəndə onlar ağıllarını tamam itirsinlər və onları idarə etmək asan olsun.

         Həkim çox baş sındırandan sonra dərmanı hazırlayıb gətirir. Kral əmr edir ki, kim bu dərmandan icməsə onun dərhal boynu vurulacaqdır. Canlarının qorxusundan caamat başlayır dərmandan qəbul etməyə. Kimin ki, dilinə bu dərmandan bir azca dəyirsə o dəqiqə ağlını itirir. İş o yerə gəlib catır ki, bütün məmləkət bu dərmanı qəbul edib ağılsız bir kütləyə çevrilirlər. Bircə, kralla həkimdən başqa, onlar əvvəlki vəziyyətlərində qalırlar. Bir müddət ölkəni idarə etmək krala çox asan olur, o nə deyirsə camaat da onun əmrini can-başla yerinə yetirirlər. Bu minvalla bir müddət beləcə ötüb keçir. Bir gün necə olursa, dəli olmuş caamatın krala qəzəbi tutur və onu daş-qalaq etmək üçün saraya tərəf üz tuturlar. Məsələni krala çatdıranda o qorxusundan bilmir ki, nə etsin. Vəziyyəti belə görən kral tez həkimə əmr edir ki, bir çarə tapsın, yoxsa qəzəblənmiş kütlə onu öldürəcəkdir.

             Həkim çox düşünüb, daşınır axırda ağlına gələn fikri krala söyləyir. Deyir ki, kral sağ olsun, bizim başqa çarəmiz yoxdur, bu məmləkətdə əgər hamı dəli, təkcə biz ağıllıyıqsa, onda bizim vəziyyətimiz ağır olacaq, onlar bizi öldürəcəklər. Məsləhətim budur ki, mən həmən dərmandan ehtiyyat ücün bir az saxlamışam, əgər razılıq versəydiniz biz də o dərmandan içib qoşulardıq bu ağılsızlara. Ancaq bu yolla xilas ola bilərik, başqa heç bir carəmiz yoxdur”.

       Requli sözünü qurtarıb xırıltılı səslə:

            - Bir şey anladinmı, cavan oğlan? Bax, görürsən bu qoca, sarsaq həkim bu neçə illəri gör bu zavallılarla necə rəftar etmişdir?

 

                                                               ***

 

     Beş aydan artıq idi ki, Yuxas Requlinin yerinə “Vellas” xəstəxanasında baş həkim işləyirdi. O, dözülməz çətinliklərlə qarşılaşmışdı. İşləri elə əzablı və yorucu idi ki, o, gecə yuxuda da sayıqlayırdı. Səhərdən axşamacan düşərgənin həyət-bacasında dolaşan Yuxas qarşılaşdığı hər bir xəstədən çəkinərək, onları görəndə canına vəlvələ düşürdü. Xəstəxanada onbeş yaşından həşdat yaşa qədər ruhi xəstəlikdən əziyyət çəkən xəstələr yerləşdirilmişdi. Həşdat yaş son hədd deyildi, sadəcə olaraq “Vellas” ruhi xəstələr müalicə olunan xəstəxananın ən yaşlı sakini Sabo adlı qoca bir qarı idi. O alkoqol epilepsiyası xəstəliyi ilə müalicə olunurdu. Alkoqolun təsiri nəticəsində canında qıcolma, ağ isitmə əmələ gəlmiş, sonradan isə düşüncəsinin pozulması və sidikburaxma halına düşmüşdür. Elə bu halıyla da buraya yerləşdirilmişdi. Əslində “Vellas” xəstəxanasındakı xəstələrin hamısı eyni dərddən olan xəstələr idi. Onların hamısı sağalmaz xəstəliyə düçar olmuşdular.

            Qoca Requli, artıq son günlərini yaşayırdı. Bir həftədən çox idi ki, yataqdan qalxa bilmirdi. Köməkçisi Roza bir anlıq da olsa onun yatağının önündən kənara çəkilməyib, qoca həkimin son günlərində ona qulluq edirdi. Bütün ömrünü ruhi xəstələrə həsr etmiş bu insanın indi özünün azacıq da olsa qayğıya ehtiyacı vardı. O, son günlərini əzablar içərisində keçirirdi. Canındakı dəhşətli ağrılar onu gecələr yatmağa da qoymurdu. Səhərə qədər onun üzücü və iniltili zarımasını eşitmək olurdu. Ağrıları o qədər dəhşətli idi ki, ağrıkəsici iynələrin də bir xeyri olmurdu. Quru öskürək onun sinəsini deşirdi. Heç nə yeməyən, ancaq qaynar su içən qoca Requlinin halı günbəgün ağırlaşırdı. Sifəti avazımış, gözləri çuxura düşən bu ixtiyar qocanın yaddaşı da itmişdi. O, artıq heç kəsi tanımırdı.

            Qoca Requli həftənin şənbə günü canını tapşırdı. Xəstəxananın işçiləri onun ölümünə göz yaşları axıtsalar da, qocanın üzüntülü xəstəlikdən canını birdəfəlik qurtarmasına görə bir qədər rahat idilər. İndi dostları Requlinin ruhunun o dünyada rahat olması üçün Tanrıdan mərhumun bağışlanmasını diləyərək xaç çəkirdilər.

       Requlini arvadının məzarı yanında dəfn etdilər. Zavallı Requli bu günü çoxdan idi ki, gözləyirdi.

       Requlinin ölümünü ruhi xəstələr hiss etsələr də, onlar bu barədə hec bir şey soruşmurdular. Əslində, yataqda olduğuna görə son bir-iki ayı Requli onların gözünə görünməmişdi. İndi onları maraqlandıran gənc və yaraşıqlı həkim Yuxas idi. Yuxas xəstələr arasında az-az dolaşırdı. Bu işdə onu köməkçisi əvəz edirdi. O yalnız iki dəfə bir səhər, bir axşamüstü xəstələrə baş cəkərək onlara edilən qulluğun vəziyyətiylə maraqlanırdı. Qalan vaxtlarda isə, öz otağında xəstəxananın kağız-kuğuzları arasında eşələnərdi. Qoça Requlidən zəngin bir arxiv qalmışdı ona. Əslində, bu arxiv onun işinə çox yarayırdı. Bu arxivdə xəstələrin hər biri haqqında ayrı-ayrılıqda qovluqlar qorunub saxlanılırdı. Yuxas üçün bunlar çox lazımlı idi. Az vaxta o böyük bir təcrübə toplamışdı burada. Köməkçisi Roza Yuxasın bu bacarığına öz təəccübünü gizlədə bilməyərək:- “Cənab Nemet, adama elə gəlir ki, sanki necə illərdir siz burda işləyirsiniz. Deyəsən, get-gedə xəstələrə bağlanırsınız”.

       Yuxas qızın bu atmacasına özünəməxsus bir yumorla cavab vermişdi: - Hə, Rozacan hiss edirəm ki, başımda yavaş-yavaş hansısa dəyişikliklər gedir.

         “ Vellas” xəstəxanasına çox az xəstə qəbul edilirdi. Bura müalicəsi mümkün olmayan və kimsəsiz xəstələr göndərilirdi. Çünki başqa ruhi xəstəxanalardan fərqli olaraq, “Vellas” xəstəxanasında müalicə olunan xəstələrin yanına hec kəs buraxılmırdı. Əslinə baxsan bura hec gələn də yox idi. Bu sarıdan xəstəxana çox sakit, həm də xarici aləmdən tədric olunmuş təsiri bağışlayırdı admlara. Amma buna baxmayaraq xəstəxana daxildən qaynar qazanı xatırladırdı. Burda bütün sutka ərzində çaığır-bağır, hay-küy höküm sürürdü. Nə qədər cətin olsa da, Yuxas yavaş-yavaş bu çətinliyə öyrəşirdi. Bu işdə Rozanın ona çox böyük köməyliyi dəyirdi. O vaxtiylə qoca Requlinin də işlərinə çox yarımışdı. Bu təcrübəli qadın hər an Yuxasın yanında olardı. Yoxsa, burdakı xəstə qadınlar ona elə bir dərs verərdilər ki, Yuxasın ömrünün axırına kimi yadından çıxmazdı. Uzun muddətdən bəri bu xəstəxanada çalışan Roza üçün xəstələrlə dil tapmaq o qədər də çətin deyildi. “Lalın dilini anası bildiyi kimi” Roza da xəstələrin dilini yaxşı bilirdi. O, bir az yaşlansa da hələlik ailə həyatı qurmamışdı. Arada rəfiqələrinə bu barədə zarafatla deyərdi: - Bizləri heç kəs bəyənmir, burada işlədiyimizə görə elə bilirlər ki, biz də dəliyik. Heyif ki, yaxınlıqda ruhi xəstəlikdən müalicə olunan kişilər olmur, yoxsa biriylə sözləşərdik. Onsuz da onların dilini, xasiyyətini bizdən yaxşı bilən yoxdur. – deyə zarafat edərdi.

            Yuxas buraya gələn gündən Rozanın da geyimində, sir-sifətində bəzi dəyişiliklər hiss olunmaqdaydı. Amma bunların hamısını o, qadın marağından irəli gəldiyi üçün edirdi. Çünki Yuxasla onun arasında xeyli yaş fərqi vardı.

       Günlər sürətlə ötüb keçirdi. Yuxas da, get-gedə öz iş yerinə öyrəşirdi.   Bir gün “Vellas” xəstəxanasına gənc bir qız gətirdilər. Qız düşərgədən yüz kilometirlərlə aralıda yerləşən Mistolts şəhərindən idi. Yetimlər evində böyümüş, sonra da Ovud şəhərindəki pedaqoji Universitetə daxil olmuşdu. Çox savadlı və bacarıqlı bir qız olmuşdu. Universitetdə hamı bu qızı tanıyırdı. Həm gözəlliyinə, həm də çalışqanlığına görə müəllimlərin və tələbələrin sevimlisi olmuşdu.

       Anqa adlı bu qız üçüncü kursda oxuyarkən ehtiyasızlıq etdiyindən, yaşadığı tələbə yataqxanasının beşinci mərtəbəsindən yıxılaraq ölümcül halda şəhər xəstəxanasına yerləşdirilmişdi. Tam yeddi ay koma vəziyyətində orda müalicə olunmuşdur. Baş-beyin travması alan Anqa bu travmadan sonra anlaqsız hala düşərək həkimlərin işini yaman çətinləşdirmişdi. Onda tez-tez baş verən fiziki və psixi yorğunluq, potoloji həssaslıq, özünə qarşı kəskin inamsızlıq, qarabasmalar və qicolmalar qızı müayinə edən həkimlərin ümidlərini heçə endirirdi. Qan təzyiqinin tez-tez enib qalxması, qeyri-sabitliyi, əllərin və ayaqların daimi tərləməsi, huşsuzluqdan, yaddaşın pisləşməsindən, və yuxu pozuntusundan həkimlər Anqanın tutulduğu bu xəstəlikdən hələ çox illər, bəlkə də ömrünün axırına kimi müalicə olunacağını qərarlaşdıraraq onu “Vellas” xəstəxanasına köcürmək qərarını vermişdilər. Həkimlərin hamısını heyrətləndirən bir şey vardı, Anqanın ani olaraq yaddaşının qayıdan vaxtları o, həyat və insanlıq haqqında elə mülahizələr irəli sürürdü ki, hamı ona təəccüb qalırdı. On doqquz yaşı yenicə tamam olmuş Anqanın insanlara sevgisi necə də gözəl və təsirli idi. Amma çox heyif ki, bunlar ani olurdu. Onu tanıyanların hamısı bu zavallı qızın halına acıyırdılar.

         Anqa “Vellas” xəstəxanasına bazar ertəsi, yeni iş günü gətirildi. Əslində, burda yeni və köhnə iş gününün nə vaxt başlayıb, nə vaxt qurtarmasını ayırd etmək çox cətin idi. Çünki istər xəstələr, istərsə də onlara qulluq edən həkimlər daim öz yerlərində idilər. Həftənin günlərini və ötüb kecən ayları yalnız divara vurulmuş kalendardan bilmək olurdu.

         Təcili yardım maşınından düşürüləndə Anqanın qolları uzun xalatın ətəkləri ilə arxadan bağlanılmışdı. Bu üsul təkcə ruhi xəstələrə tətbiq olunurdu.

         Xurmayı sacları pırtlaşıq halda çiyinlərinə dağılmış bu qızın görkəmi su pərisinə daha çox bənzəyirdi. O çox gözəl idi. Tanrının belə bir gözələ qiymasınin səbəbi onun özündən başqa heç kəsə məlum deyildi.

         Maşından düşən Anqa bir qədər duruxub qaldı. Sanki ətrafdakılardan qorxurmuş kimi ürkək baxışlarıyla hamını bir-bir nəzərdən keçirməyə başladı. O, bu görkəmi ilə ovçu toruna düşmüş hürkək ceyran balasına bənzəyirdi. Dəlisov baxışları, həyəcandan titrəyən çiyinləri bu zərif məxluqun necə də həyəcan keçirməsindən xəbər verirdi. Bir azdan o, sakitləşərək boynunu çiyninə qoyub yaxınlıqda dayananların üzlərinə maddım-maddım tamaşa etməyə başladı. Onun bu görkəmindən məsumluq, bir azda qorxaqlıq yağırdı.

       Tibb bacıları onun qollarından yapışıb içəri aparmaq istəyəndə dəhşətli bir mənzərəylə üzləşdilər. Qız quş kimi çırpınaraq onların əlindən çıxıb qaçmağa çalışdı. Ancaq onun bu cəhdi əbəs idi. Uzun illər bu həngamələrə öyrəşmiş təcrübəli işcilər bir anın içindəcə zərif qızcığazı ram edib sakitləşdirə bildilər. Çığır-bağırın mənasız olduğunu hiss edən Anqa bu dəfə ağlaya-ağlaya yalvarmağa başladı:

         - Xahiş edirəm, mənə toxunmayın. Söz verirəm ki, özümü ağıllı aparacağam, yeməkdən və yatmaqdan imtina etməyəcəyəm, hec kəsin də üz-gözünü cirmaqlamayacağam.

Amma bunların hamısı mənasız idi, tibb bacıları onun qoluna girərək, xəstəxananın qapısından içəri salmağa çalışdılar. Anqa gözləri bərəlmiş halda ətrafa boylanaraq özünə qahmar çıxan bir kimsə axtarırdı. Oradakıların heç birindən özünə qarşı mərhəmət görməyən Anqa bu dəfə başqa vasitəyə əl atmalı oldu:

-   Mən ağıllı olacağıma söz verirəm, mənimlə işiniz olmasın. Xahiş edirəm, qollarımı açın, mənə niyə bu qədər əziyyət verirsiniz. Siz niyə məni incidirsiniz. Məni buraxın, istəyirsiniz sizə yeni yazdığım şeirimi oxuyum, - deyə o, hec kəsdən təklif gözləmədən şer oxumağa başladı:

 

                                 Dənizlər göz yaşlarımdan yarandı...

                                 Dağlar ahımdan təpələndi, dikəldi..

 

        - Hə necədi, xoşunuza gəlirmi? Bunları mən özüm yazmışam. İstəsəniz hələ nə qədər də deyə bilərəm, deyə o, yenə nə isə deməyə hazırlaşırdı ki, Yuxas amiranə şəkildə dilləndi:

         - Onu icəri aparın!...

         Qız səsdən diksindi. Bir qədər özünü yığışdırıb Yuxasa tərəf boylandı. Cavan oğlanın buranın böyüyü olduğunu yəqin ki, başa düşdüyündən ona tərəf getmək istədi. Lakin qollarından möhkəmcə yapışan tibb bacılarının səyi nəticəsində yerindəcə sakitləşdirildi. Qızın baxışları hələ də Yuxasın üzərində dikilib qalmışdı. Yuxas isə ona əhəmiyyət verməyərək səsini bir az da ucaltdı:

       - Sizinləyəm , onu icəri aparın!

       Anqa otağa aparılarkən hələ də gözlərini Yuxasın üzərindən çəkməyərək pıçıldadı:

       - Mən səni tanıyıram... sən göydən enmiş mələksən... sən məni incitməzsən, elə deyilmi?

       Anqanın bu sözləri ətrafdalıların heyrətinə səbəb oldu. Yuxas bir söz deməyib başını bulayaraq gülümsədi.

       Anqa ilk iki günü hec bir şey yeməyərək çarpayısının üstündə qollarını sinəsində çarpazlayaraq büzüşüb oturdu. Onun düşdüyü vəziyyət xəstəxana işçilərinin ürəyini ağrıdırdı. O qeyrı-adi bir qız idi. Başqa xəstələr kimi qeyli-qal salmaqla arası yox idi, özünü bacardıqca çox sakit aparırdı. Bütün günü nə haqdasa fikirləşirdi. Yastığının altında gizlətdiyi dəftər vərəqlərində nə isə qeydlər aparırdı. Bir az keçməmiş yazdıqlarını cırıb tullayar, az sonra yenidən yazmağa başlardı. Anqa xəstəxanada müalicə olunanların heç biri ilə yaxınlıq etməz, bacardıqca onlardan uzaq gəzərdi. Onun bu adamayovuşmamazlığına görə, burada uzun müddətdən bəri müalicə olunan ruhi xəstə qadınların ondan xoşu gəlməzdi. Bir neçə dəfə fürsət tapıb onun baş gözünü yolub, üz-gözünü didib parçalamışdılar. Belə vaxtlarda Anqa divarın dibinə sığınıb, saçları üz-gözünə dağılmış halda dizlərini qucaqlayaraq oturar, saatlarla yerindən tərpənməzdi. Tibb bacısı Roza onu yerindən qaldırıb yemək yedirər, yaxud dərmanlarını içirərdi. Başqa heç kəsin sözləri Anqaya təsir eləməzdi. Təsadüfü hallarda Yuxas tibb bacılarının müşahəti olmadan xəstələrin otağına baş çəkərdi. Bu da o vaxt baş verərdi ki, xəstələr arasında hansısa xoşagəlməz hadisə baş versin. Qalan vaxtlarda o, Roza ilə birlikdə palataları gəzər və xəstələrə öz göstərişlərini verərdi.

            Bir dəfə günorta vaxtı palataların birində bərk qışqırıq qopdu, Nahar fasiləsi olduğuna görə tibb bacıları istirahət edirdilər. Yuxas da öz otağına çəkilib mürgü vururdu. O, bu qışqırığı eşidəndə əvvəlcə əhəmiyyət vermədi, çünki hər gün baş verən hadisdələrdən biriydi. Amma get-gedə qışqırıq səslərinun ucaldığını və daha dəhşətli dərəcədə olduğunu görüb ayağa qalxdı və səs gələn tərəfə getdi. Səs, yenicə xəstəxanaya yerləşdirilmiş Anqanın otağından gəlirdi. Yuxas qapını açıb içəri girəndə iki xəstə qadın Anqanın baş-gözünü yolurdular. Qızın ağız-burnundan axan qan onun ağ xalatını al-qana boyamışdı. Həkimi görən kimi xəstə qadınlar qızı buraxıb, yazıq görkəm aldılar. Anqa isə ağlaya-ağlaya Yuxasa tərəf süründü. Qızın bu görkəmi Yuxası bərk təsirləndirdi. O, qızın yanağından süzülən göz yaşlarından təsirlənərək bir neşə addım geri çəkildi. Anqa isə əllərini ona uzadaraq imdad diləyirdi. Qızın ona uzanmış əllərinin üstündə çayır kimi göm-göy damarlar şaxələnmişdi. Sir-sifətindən süzülən qan taxta döşəmənin üzərində nöqtə-nöqtə qırmızı ləkələr qoymuşdu. Üz-gözünə səpələnmiş uzun saçları Anqanın görkəmini necə də ecazkar hala salmışdı. “O necə də gözəldir” – deyə Yuxas ürəyindən keçirtdi. Amma tezcə də ağlına gələn bu axmaq fikri özündən uzaqlaşdırmaq istəyi ilə tibb bacısı Rozanı səslədi.

            Roza otağa girəndə Anqa Yuxasın ayaqları altına sərilərək əllərini ona uzadıb imdad diləməkdə davam edirdi. Tibb bacısı bir qədər duruxub qaldı. Sonra isə məsələnin nə yerdə olduğunu bilirmiş kimi dilləndi:

            - Belə getsə bu yaramazlar onu döyüb şikəst edəcəklər. Sabahdan onun yerini dəyişdirərik. Sonra o, Anqanı kötəkləyən xəstə qadınları otaqdan çıxarıb aparılmasını tapşırdı.

             Tibb bacıları qadınları otaqdan çıxartdılar. Roza Anqanın qolundan tutub ayağa qaldırdı. Qız hələ də qorxudan titrəyirdi. Onun zəif vicuda nanə yarpağı kimi əsim-əsim əsirdi. Roza onu otaqdan eşiyə çıxaranda Anqa Yuxasın bərabərində bir anlıq dayanıb, gülümsər gözləri ilə onu süzüb güclə eşidiləcək səslə pıçıldadı:

            - Sən mələksən, göydən enmiş bir mələk... Mən səni yuxularımda görürəm. Tanrıma and olsun sən hər gecə mənim yuxularıma gəlirsən, saçlarımı sığallayırsan, yanaqlarımdan öpürsən. Sənin şirin öpüşlərin var, şipşirin. Sən məni öpəndən sonra yuxuya gedirəm.

            Yuxas bir söz deməyib başını aşağı saldı. Roza isə qızın bu sözlərindən azacıq qımışan kimi oldu.

            Gənc həkim Yuxas üçün bunların hamısı çox qəribə gəlirdi. Qəribə olduğu qədər də təsirli idi. O nə edəcəyini də bilmirdi. Belə hallarda o çaşıb qalır, köməkçisi Rozanın üzünə maddım-maddım baxaraq ondan kömək umurdu. Bu işlərdə səriştəsi olan Roza hər şeyə adi baxırdı.

            Tibb bacısı Rozanın göstərişi ilə Anqanın yerini dəyişərək onu ümumi palatadan ikiotaqlı palataya köçürtdü. O indi yaşı altımışı haqlamış qoca Sabo ilə birlikdə qalırdı. Qoca Sabo otuz yaşından burada idi. Həyat yoldaşı öləndən sonra ağlını itirən Sabo səhərdən axşamacan “Kavac...”, “Kavac...” deyə səslənirdi. Kavac Sabonun həyat yoldaşı olmuşdu. Qocanın çərənləməsindən belə çıxırdı ki, onlar Rome və Cülyetta kimi biri-birilərini dəlicəsinə sevmişdilər. Əgər doğurdanda bu qadın həyat yoldaşının ölümündən sonra ağlını itirmişdisə, bu sevgiyə qibtə etməyə dəyərdi.

         Anqa ilə Sabo bir-biriləriylə tez “dil” tapa bildilər. Burada Anqa üçün rahat idi. Ona ğörə ki, yaşlı qadın Sabo günün çox hissəsini yataqda kecirərdi. O bütün günü öz keçmiş xatirələrini danışırdı. Qoca qadına elə gəlirdi ki, otaq yoldaşı onun danışığına həvəslə qulaq asır. Ona görə də o, danışdıqca danışırdı. Onun yuxusu sanki, ərşə çəkilmişdi, bir qırıq da olsun gözünə yuxu getmirdi, çox vaxt səhəri dirigözlü açırdı. Buna gorə də, gecə növbəsində çalışan tibb baçılarının sərt baxışlarıyla üzləşən Sabo, onların qorxusundan adyalı başına çəkərək onun altında mızıldanmağa davam edirdi.

       Yuxas hər səhər xəstələrə baş çəkər, onların vəziyyətləriylə maraqlanardı. Xəstə qadınların ona qarşı maraqları güclüydü. Onlar öz sevgilərini Yuxasa açmaqdan belə çəkinməzdilər. Xəstə qadınların yersiz hərəkətləri Yuxası acıqlandırsa da, o bunlara dözərək onlara qarşı öz qayğısını əsirgəmirdi. Başa düşürdü ki, başqa çarəsi yoxdur. Anqanın ona qarşı marağı daha güclüydü. Qız Yuxas otağa girərkən ayağa qalxar və o otağı tərk edənəcən yerindən tərpənməyib maddım-maddım onun üzünə baxardı. Bəzən də üzünü Yuxasa tutub:

       - Cənab doktor, mən dərmanlarımı içmişəm, yeməyimi də yemişəm. Mən ağıllı qızam elə deyilm?

         Yuxas da çarəsizlikdən onun sözlərini təsdiqləyərək deyərdi:

         - Əlbəttə...əlbəttə sən hamıdan ağıllısan...

         Anqa həkimin bu sözlərindən sonra uşaq kimi atılıb düşər və növbəti günün səbirsizliklə gözləyərdi.

         Beləcə günlər ötüb kecirdi. Artıq Yuxas bu sahədə xeyli təcrübə toplamışdı. O xəstələrlə davranmağı, onlarla dil tapmağı öyrənmişdi. Qəribə də olsa, az vaxt ərzində Yuxas buralara elə öyrənmişdi ki, nə vaxtsa buralardan çıxıb getmək barədə ağlına belə gətirmirdi. Bura həkimlərin söylədiklərinə görə tilsimlənmiş bir dairə idi. Ilk baxışdan üzücü və darıxdırıcı bir yer kimi görünən xəstəxana şəraiti bir qədər kecəndən sonra adamı özünə elə bağlayırdı ki, adam düşdüyü sehrdən ayrılmaq belə istəmirdi. Buradan uzaqlaşıb getmək sanki kor və köməksiz bir insanı yarıyolda taleyin ümidinə atıb getmək kimi bir şeydi. Düzdür, “Vellas” xəstəxznzsına gəlməkdən imtina edən, buranın adı gələndə qulaqlarını tutub qaçan həkimlər vardı. Onlar illərlə işsiz qalmağı, burada işləməkdən üstün tuturdular. Onları qınamaq, çarəsizlikdə günahlandırmaq insafsızlıq olardı. Həyat nə qədər geniş və qəhrəmanlıq göstərmək üçün bir meydan olsa da, heç də hamının könlündən qəhrəman olmaq keçmirdi. Qəhrəmanlıq yalnız fədəkar olanların payına və qismətinə düşürdü

            Yuxasdan diqqət və qayğı görən Anqanın könlü bir az açılmışdı. O daha əvvəlki kimi özünə qapılıb qalmırdı. Bütün günü otaqboyu var-gəl edib nə isə mələklər haqqında danışırdı O, Yuxası həqiqətən də göylərdən enmiş bir mələk sanırdı. Ona görə də Yuxas hər otağa daxil olanda onu mələk kimi qarşılayırdı. Arada da Yuxasa qəribə suallar verirdi. Bir dəfə ondan soruşmuşdu ki, bəs sənin niyə qanadların yoxdur? Axı sən mənim yuxularıma gələndə qanadların olur, niyə qanadlarını taxmırsan? - soruşmuşdu. Onun bu sözlərinə otaqdakılar, hətta Yuxas özü də gülmüşdü. Amma qıza cavab verməyə bir söz tapmamışdı. Qız isə onu hey sorğu-suala tutub, niyə qanadının olmamasını soruşurdu. Axırda Yuxasın canını Roza Anqanın əlindən qurtara bildi.

            - Anqa, mən sənə söz verirəm ki, əgər sən özünü ağıllı aparsan doktor Yuxasın mütləq qanadları çıxacaqdır.

            Anqa tibb bacısının bu sözlərindən sonra çarpayısının üzərinə çöküb məzlum-məzlum Rozanın üzünə baxdı və onun sözlərinin həqiqət olduğunu dəqiqləşdirmək üçün soruşdu:

            - Doğurdanmı, mən özümü yaxşı aparsam mənim mələyimin qanadları çıxacaqdır?

            - Hə, əlbəttə... Bəs sən nə bilmişdin.

            - Aldatmırsan ki?...- deyə Anqa israr etdi.

            Roza əsəbləşdi:

            - Bir az da baş aparsan, sənin öz qanadlarını arxadan elə bağlatdıracağam ki, gecələr ağzıüstə yatmaqdan cana doyacaqsan.

            Tibb bacısının bu sözlərindən sonra Anqa səsini içinə çəkib kiridi.

            Rozanın sərtliyini bəzən də acığı tutanda xəstələri kötəklədiyini oradakılar yaxşı bilirdilər. Bunu Anqqa bir neçə dəfə öz gözləriylə də görmüşdü.

            Onlar otaqdan çıxanda Anqa əlindəki xırda kağız parçasını Yuxasa uzadıb astaca pıçıldadı:

            - Mənim mələyim, bu məktubu sizə yazmışam, alın, amma xahiş edirəm oxuyun ha...

            Yuxas qızın ona verdiyi kağız parçasını alıb ovcunda gizlətdi və:

            - Hə oxuyacağam, mütləq oxuyacağam. – İndi isə uzan çarpayına bir az istirahət elə.

            Qız əllərini qoynunda çarpazlayaraq ayağa qalxdı və ürkək səslə:

            - Xahiş edirəm, elə indi oxuyun, qoy bunlar da eşitsinlər. Qoy bunlar da bilsinlər ki, sən mənim mələyimsən, mən səni sevirəm.

            Roza tərs-tərs qızın üzünə baxanda Anqa özünü yığışdırdı və bayaqkı yerində oturdu.

            Yuxas səhər yoxlamasını qurtaranda artıq saat on ikiyə işləyirdi. Bu gün o bərk yorulumşdu, həm də bu gün düşərgədə xoşagəlməz hadisə baş vermişdi. Ruhi xəstə olan iki qadının bir-birlərinə əl qatması digərinin gözünün çıxmasıyla nəticələnmişdi. Bu hal xəstəxanada ara-sıra baş verən hadisələrdən olsa da, hələ təcrübəsiz, kifayət qədər səriştəsi olmayan Yuxasa pıs təsir etmişdi. O həmkarlarına nəzarəti bir az da gücləndirməyi tapşırmışdı.

            Günirta vaxtıYuxas öz otağına çəkiləndə düşdüyü vəziyyətin ağırlığı barədə bir daha götür-qoy etməyə başladı. Keçmiş günlərini xatırladı. Qəribəydi, Yuxas uşaq vaxtı dəli adamlardan bərk qorxardı. Onların yaşadığı məhəllədə Xelli adlı dəli qadını görəndə keçirtdiyi qorxu hissi hələ də canından çıxmamışdı. Yadından çıxara bilmirdi ki, bir dəfə anası onu yolun o biri tərəfində olan mağazadan qatıq almaq üçün göndərmişdi. O, qatıq bankalarını əlinə alıb, o biri səkiyə keçmək istəyəndə, birdən dəli qadın Xelli ilə rastlaşdı. Yuxas qorxudan göm-göy göyərdi. O elə qorxdu ki, əlindəki qatıq bankaları asfaltın üzərinə düşüb çilik-çilik oldu. Yuxas evlərinə tərəf götürüldü. O, özünü otağa necə atıb, qapını içəridən bağladısa, anası Martanı da qorxutdu. Ana oğlunun niyə görə belə təlaş keçirtdiyini öyrənməyə çalışdığı vaxt birdən qapı döyüldü.

            Ana qapını açanda dəhlizdə tumanının uzun ətəklərini qurşağına qədər çırmamış səfeh qadın Xellini gördü. Xelli ağlayırdı. Marta məsələnin nə yerdə olduğunu indi anladığından özünü gülməkdən zorla saxladı. Martanın gülümsər gözləri Xellinin də sifətinin qırışlarını açılmasına səbəb oldu. O tumanının balağını əlindən buraxanda oradakı şüşə qırıntıları qatığa bulaşmış toz-torpaqla birlikdə döşəmənin üstünə töküldü.

            Martanın duruxduğunu görən xəstə qadın qorxa-qorxa dilləndi:

            - Oğlunuzun qatığıdır, yerə tökülmüşdü, yığıb gətirmişəm. Tanrıya and olsun ki, qatıq bankalarının sınmasında mənim heç bir günahım yoxdur. Sizin oğlunuz, deyəsən dəlidir, məni görən kimi qatıq bankalarını yerə atıb qaçmağa başladı, - deyə xelli kəkələyə-kəkələyə xaç çəkdi.

            Marta təəccüb dolu baxışlarıyla həm döşəmədəki qatığa, həm də qorxusundan titrəyən Xelliyə baxıb gülməyə başladı. Anasının gülməyi küncdə gizlənmiş balaca Yuxası da oradan çıxmağa məcbur etdi. O, qorxa-qorxa anasına yaxınlaşdı. Artıq ruhi xəstə olan Xelli də oradan uzaqlaşıb getmişdi. Keçmiş anları xatırladıqca Yuxas dodaqucu gülümsəməyə başladı.

            O günorta yeməyindən yeməmişdən qabaq bayaq Anqanın ona verdiyi kağız parçasını cibindən çıxarıb baxdı. Kağız parçası o qədər qatlanmışdı ki, onun qırışları orada yazılanları oxumağa imkan vermirdi. O, kağız parçasını dizinin üstünə qoyub bir-neçə dəfə sığallayandan sonra gözlərinin qarşısına tutdu. Kağızda gözəl xəttlə bu sözlər yazılmışdı:

            - “Salam mələyim, necəsən? Nə olub, məni görməyə niyə gəlmirsən? Səndən bir şey soruşum, bu məni çox-çox düşündürür. Amma fikirləşdiklərimin cavabını özüm də, bilmirəm anlasaydım səni də başa salardım ki, mələklər necə sevişirlər?”

            Yuxas fikirə getdi. Əvvəlcə kağızda yazılanların sərsəri bir adamın xam xəyallarından başqa bir şey olmadığına özünü inandırmağa çalışmaq üçün kağızı cırıb zibil yeşiyinə atmaq istədi. Sonra nə fikirləşdisə onu yenidən oxudu və qatlayıb pencəyinin döş cibinə qoydu. Əsəbi halda otaqda var-gəl etməyə başladı. Yuxas bunların hamısının anlaqsız bir qızın yazdığı mənasız cızma-qaradan başqa bir şey olmadığını düşündü. Amma Anqanı xəyalında canlandıranda onun necə də məsum bir qız olduğunu fikirləşdikcə, onun haqqındakı yanlış düşüncələri Yuxası bir azca pərt etdi. Anqa məsum olduğu qədər də zavallı bir qız idi, - o düşündü.

           Yuxas yemək stolunun arxasında oturub könülsüz halda nahar eləməyə başladı. Onun xəyalından hələ də Anqanın surəti çəkilib getməmişdi.

            Xəstəxanada sanitar qaydalarına ciddi əməl olunurdu. Qayda əsasında günorta yeməyindən sonra xəstələrə dərmanlarını içirib, sonra onları iki saata qədər yatmağa məcbur edirdilər. Bu yeni qayda-qanun deyildi, xəstəxana binə olandan bəri hökm sürən intizam idi. Yuxasın bura gəlməyinin altıncı ayının keçməsinə baxmayaraq, o burada mövcud olan qanunların heç birini, nəinki dəyişdirməmişdi heç əlavə də etməyə səy göstərməmişdi. O əvvəlki qayda-qanunlara uyğun olaraq, işləyirdi. Yuxası

burada qərar tutmağa vadar edən iradəsi, daxilindəki qürur hissiydi. Başqa bir şərait və yaxud da yer olsaydı çıxıb gedərdi. Amma buradan getməyi o ağlına belə gətirmirdi. Onu buranı tərk edib getməyə qoymayan bir neçə səbəb vardı ki, onlardan da biri qoca Requlinin vəsiyyəti idi. O gənc idi, iyirmi beş yaşı yenicə tamam olmuşdu. Həyat onun üçün indi-indi şirinləşirdi. Onunla bir yerdə təhsil alan həkim dostları indi iri şəhərlərdəki xəstəxanalarda çalışırdılar. İşdən sonra isə qızlarla kinoya, teatra gedib zalın arxa cərgələrinə bilet alaraq, işıqların sönməsini gözləyərdilər. Bunların hamısını Yuxas çox gözəl bilirdi. Amma onun taleyi belə gətirmişdi. Hipokrat andına sadiqliyini sübut etmək üçün sanki həyat ona bu fürsəti yaratmışdı. Yuxas öz taleyi barədə hələlik heç nə fikirləşmirdi daha doğrusu, bu barədə fikirləşməyə onun vaxtı belə yox idi. Gərgin iş rejmi ancaq ona xəstələrlə vaxt keçirməyə çatırdı. O bəzən Anqanın taleyi barədə də fikirləşirdi. Onun xəstəlik tarixini dönə-dönə oxumuşdu. Bu xəstəlikdən sağalan xəstələrə rast gəlinməsə də, tibb elmi inkşaf etməkdəydi. Anqanın bu xəstəlikdən sağalmaq risqi möcüzə olardı. Hər halda Yuxas hər şeydən öncə bir insan idi. O, bir həkim kimi öz qayğılarını Anqadan əsirgəmirdi. Ümumiyyətlə o, bütün xəstələrə qarşı diqqətliydi, onun təsəvvüründə buradakı xəstələr hər şeydən öncə insan idilər.

            Bir gün səhər həkim Yuxas xəstəxanaya gətirilmiş ərzaq və dərman ləvəzmatlarını qəbul etdiyi üçün səhər yoxlanışında həkim Nidaş və Roza iştirak edirdilər. Tibb bacıları isə xəstələri səhər yoxlanışına hazırlayırdılar. Onlar xəstələrin yataqdan qalxmalarına, geyinib təmizlik işləri aparmasına, sonra da çarpayılarının üstündə oturub baş həkimin otağa girməsini gözləməsinə yardımçı olurdular. Bu neçə ilin qayda-qanunu idi ki, davam edirdi.

            Anqa səhər yoxlanışının vaxtını dəqiq bilirdi. Ona görə də, onu yerindən qaldırmağa və hazırlıq işləri aparmasına tibb bacıları təsadüfü hallarda kömək edərdilər. Çox vaxt o bunların hamısını özü edərdi. Qızın səliqə-səhmanlı olması xəstəxana işçilərini də təəccübləndirirdi.

           Anqa ötən gecə çox narahat yatmışdı. Gözlərinin altında tuluqlanmış qırışlardan hiss etmək olurdu bunları. O, əlindəki kiçik kağız parçalarını səliqəylə üst-üstə qatlayaraq ovcunun içində gizlətmişdi.                      

         Qapı açılanda o ayağa qalxdı. Nəzərləri yad həkimə və tibb bacısı Rozaya dikiləndə bir qədər məyyusluq hissi keçirtdi. Amma aradabir boylanaraq qapıya tərəf baxırdı, sanki kimi isə gözləyirdi.

            Roza Anqanı müayinə etdi, qızda xeyli irəlləyiş vardı, bir qədər ətə-qana dolmuşdu. Xəstəxanaya düşdüyü ilk günlərdən fərqli olaraq ondakı əhval-ruhiyyə xeyli dəyişmişdi. Roza ondakı bu irəliləyişin hansı səbəbdən olduğunu çox gözəl bilirdi. Hələ vaxtilə xəstə qadınların qoca Requliyə aşiq olub, ona eşq elan etdiklərinin dəfələrlə şahidi olmuşdu. Hətta, bir dəfə altımış iki yaşlı Zina adlı bir xəstə qadın Requlinin “onun eşqinə ehtinasız olduğunu səbəb gətirərək şüşə qırıntısıyla qolunun damarlarını kəsmişdi. O vaxt onu zorla ölümün pəncəsindən almaq mümkün olmuşdu. Bundan qorxuya düşən Requli bir qədər ehtiyatlı davranırdı. İndi Anqanın da Yuxasa bu cür münasibət bəsləməsi tibb bacısını açmırdı. Bu cəfəng eşq məcarasının sonunun yaxşı qutarmayacağını o bilirdi. Ona görə ki, Yuxas qoca Requlidən fərqli olaraq cavan idi, cazibədar idi, ən başlıcası isə bu sahədə təcrübəsi yox idi.

         Roza qızın vəziyyətini soruşanda Anqa ona cavab verməyib, qapıya tərəf boylanmaqda davam edirdi. Tibb bacısı bir də səslənəndə, Anqa ağlamsınaraq titrək səslə soruşdu.:

            - Mənim mələyim hardadır?

            Roza qızın bu sualı qarşısında gülümsəyərək:

            - Sənin mələyin bir günlük göylərə uçub getdi. Tapşırdı ki, sənə çatdıraq ki, darıxıb eləməsin sabah tezdən gəlib çıxacaqdır.

            Anqa əllərini sinəsində çarpazlayıb yazıq bir görkəm aldı:

            - Bəs məni niyə xəbərdar etmədi, axı mən onunçün darıxıram?

            Roza bir qədər ciddi şəkildə:

            - Səni narahat etmək istəmədi, sən yatırdın yuxudan oyatmağa da qıymadı.

            - Mən yatırdım? Yalan deyirsən, mələklər yatmırlar... Mələklər sizin kimi insan deyirlər axı, yatsınlar! – deyə Anqa gözləri bərəlmiş halda Rozaya baxdı.

            - Düz deyirsən Anqa, siz mələklər atlar kimi ayaq üstə yuxunuzu alırsınız, - deyə tibb bacısı Roza gülərək həkim Nidaşa baxaraq göz vurdu.

            Anqa tibb bacısının ona güldüyünü görüb pətr oldu və əlləriylə üzünü qapayıb ağlaya-ağlaya:

            - Siz mənə gülürsünüz? Siz Allahın mələyini lağa qoyub gülürsünüz? Qorxmursunuz ki, Allahın qəzəbinə gəlib öləsiniz?

            Roza onun könlünü almağa çalışdı:

            - Sakitləş, əzizim, onsuz da hamımız allahın qəzəbinə düçar olmuşuq. Bircə, Allahın əzrayıla buyruq verməsi qalır ki, bircə anın içində bizim nəfəsimizi kəssin. Sən ağıllı qızsan, bir az sakitləş. Mələyin gəlib səni belə qəmli görsə bizə nə deyər, bəs?!

            Anqa tibb bacısından bu sözləri eşidən kimi gözlərinin yaşını silib soruşdu:

            - Doğurdanmı mələyim məni bu vəziyyətdə görsə sizlərə acığı tutar, hə?

            - Əlbəttə...əlbətdə. Sənin mələyin səni o qədər sevir ki, gəlib səni bu vəziyyətdə görsə bizim hamımızı işdən qovar, - deyə Roza gülümsər gözləriylə yanındakı həkim Nidaşa baxıb dediklərinin doğruluğunu təsdiq etmək üçün sanki ondan kömək istədi.

             Həkim Nidaş da tibb bacısı Rozanın fikirlərini o dəqiqə anladığından tezcə də dilləndi:

            - Xahiş edirəm Roza xanım, bu barədə həkim Yuxas bir şey bilməsin, yoxsa bizim üçün yaxşı qurtarmaz. O, bu səhvi bizə bağışlamaz.

            Anqanın sevincdən gözləri parıldayırdı. O, bu qədər xoşbəxt görünməmişdi.

            Onlar otağı tərk etmək istəyəndə Anqa arxadan səsləndi:

            - Mənim mələyimə yazdığım məktublarım var, bəs mən onları neyləyim? – deyə o,   ovcunda gizlətdiyi bir yığın kağız parçasını onlara göstərdi.

            - Bura ver, mən onları sənin mələyin Yuxasa çatdıraram, - deyə Roza əlini qıza tərəf uzatdı.

            Anqa tezcə əllərini arxasında gizlədib həyəcanlı və titrək səslə:

            - Yooox... Bu məktublarda başqa sözlər yazılıb, sizə aid deyil. Sizin belə işlərdən başınız çıxmaz, siz nə bilirsiniz sevgi nədir? Sizin qəlbinizdən xəstəxana iyi, bir də ot-ələf qoxusu gəlir. Sevənlərin qəlbindən gərək gözəl ətir iyi gəlsin. Siz mənim və mələyimin qəlbindən gələn ətirli güllərin qoxusunu siz hiss etmirsiniz?

            - Deyirəm axı, bu otaqdan niyə görə belə behişt ətri gəlir. - deyə Roza özünü gülməkdən zorla saxlayaraq dönüb dəhlizdə təmizlik işləri aparan xadimənin üstünə qışqırdı: - Sizə dəfələrlə tapşırmışam ki, səhərlər otaqların nəfəsliklərini açın, qoyun otağa təmiz hava gəlsin. Görmürsünüz burada yaşlı qadın olur, - deyə o, çarpayıda zarıyan xəstə qadın Sabonu xadıməyə göstərdi. Sonra otağı tətr etmək istəyəndə Anqanın ağlamsınaraq dediyi sözləri eşitdi:

            - Xahiş edirəm, mənim mələyimə çatdırın ki, mən onsuz... mələksiz yaşaya bilmirəm. Ona deyin ki, o mənim üçün göylərdən enmiş bir mələkdir, mən onu o qədər sevəcəyəm ki, o bir daha göylərə dönmək istəməyəcəkdir.

            - Dediklərinin hamısını ona çatdırarıq, bir şərtlə ki, sən özünü yaxşı aparasan, eşitdin? – deyə Roza incik halda dilləndi. Sonra o, qapıdan çıxarkən başını bulaya-bulaya pıçıldadı: - Tanrım, özün kömək ol, burada hər şey düzəlmişdi, qalmışdı eşq-məhəbbət məcəramız..

            Günotra yeməyindən sonra Roza Yuxasın otağına gəlib xəstəxanadakı ümumı vəziyyət barədə ona məlumat verdi. Həm də, zarafatyana ona bildirdi ki, deyəsən, xəstəxanada müalicə olunan Anqa adlı qız ona vurulubdur.

            Yuxas tibb bacısının bu sözlərinə əhəmiyyət verməyərək onu maraqlandıran başqa işlər barədə soruşdu:

            - Xəstələrin halı necədir? Qoca qadın Sabo indi özünü necə hiss edir? Tibb bacılarına tapşırın ki, qoca qadına diqqəti bir az da artırsınlar. O, deyəsən son günlərini yaşayır.

            - Narahat olmayın, bütün işlər nəzarətdədir. Qoca qadına gəlincə, doğurdan da, onun vəziyyəti ağırdır. Hər gün şəxsən özüm ona nəzarət edirəm. Onunki xəstəlikdən deyil, yaş öz işini artıq görməkdədir. – Hə, bir də sözümü qəribçiliyə salmayın, - deyə Roza fikrini tamamlamağa çalışdı, - xəstə qız Anqa sizə möhkəmcə vurulubdur. Belə getsə vəziyyəti heç də yaxşı olmayacaqdır. Bu gün yenə də sizi soruşurdu. Sizi göydən enmiş mələk adlandırır. Bu gün səhər yoxlamasında həkim Nidaşla onu zorla sakitləşdirə bildik. Sizi görmək istəyir. Əlində də sizə yazdığı bir yığın məktubları vardı. Onları sizə çatdırmağı dedik razı olmadı, bildirdi ki, sizin belə şeylərdən başınız çıxmaz.

            Həkim Yuxas gülümsəyərək:

            - Qızı sakit buraxın, o yenicə bura gəlmişdir. Hər halda darıxdığından özünə həmdəm olan birisini axtarır. O gün qadınların da onu döyüb, incitməsi zavallı qızı bərk qorxutmuşdur. – Bir də, olmaya Anqanın mənə sevgisi kimisə bərk qısqandırmışdır? - deyə Yuxasın dodaqları qaçdı.

            Roza Yuxasın gözlənilməz atmacasından qızardı və sanki bu cavan həkimin onun qəlbindən keçənlərdən agah olduğunu bildiyindən çaş-baş qaldı. Amma özünü o yerə qoymayaraq:

            - Bizlərin sevgisi adi bəndə sevgisindən artıq olmayacaq ki, cənab Yuxas. Əsl sevgi Tanrı sevgisidir. O sevgini də Allah Anqanın qəlbinə salmışdır, - deyə Roza gülümsədi.

            Həkim Yuxas Anqanın ona olan münasibətini sezmişdi. Amma bunu ötəri bir həvəs olaraq qəbul edirdi. Tibb bacısı Rozaya gəlincə Yuxas onun qəlbindən keçənlərdən də xəbəri vardı. Bu işdə onu qınamırdı, düşünürdü ki, gəncdi, gözəldi, onun da sevib, sevilmək haqqı vardır. Amma Yuxas ona bacarıqlı tibb işçisi kimi nə qədər hörmət bəsləsə də, qızın qəlbindəki sevgi hisslərinə bir o qədər biganə idi.

            İki gün sonra xəstə və qoca Sabo adlı qadının vəziyyəti birdən-birə kəskinləşdi. Qadının sir-sifəti avazıyaraq kül rəngini aldı. Həkim Yuxas və işçiləri xəstə qadınının ömrünün son dəqiqələrini yaşadığını hiss etdiklərindən durub sakitcə ona baxırdılar.

            Anqa həyəcanlı idi, o gah Yuxasa, gah da nəfəsi kəsilməkdə olan Saboya baxaraq göz yaşları axıda-axıda pıçıldayırdı:

            - Siz onu niyə öldürürsünüz? Onun günahı nədir? Niyə ona kömək etmirsiniz, o yazıqdır, axı? Sonra Anqa üzünü Yuxasa tutub:

            - Məni də belə öldürəcəksiniz? – soruşdu.

            Yuxas qızı sakitləşdirməyə çalışaraq:

            - O, qoca və xəstə qadındır. Onun ömrünün sonu, artıq çatmışdır. O, tanrı dərgahına qovuşur, biz ona kömək etməkdə acizik. Onu tanrı çağırır, o mütləq getməlidir.

            Anqa bir az qorxmuş və həyacanlı halda:

            - Söz ver ki, nə vaxtsa Tanrı məni də öz dərgahına çağırsa, məni ölməyə qoymayacaqsan. Çünki mən Tanrıya yox, sənə qovuşmaq istəyirəm. Mənim Tanrım sən ol!.. O tanrı adamları öldürüb, sonra da öz dərgahına aparır. Mən isə sən Tanrıma diri olaraq qovuşmaq istəyirəm.

            Qızın bu sözləri həkim Yuxası təəccübləndirdiyindən:

            - Anqa ağıllım, mən Tanrı deyiləm, mən sadəcə olaraq Tanrının kiçik bir mələyiyəm. Sənə demişəm axı, mələkləri çox sorğu-suala tutub incitmək olmaz, günahdır. Sən get sakitcə uzan yatağında, bizə mane olma. Sən ağıllı qızsan, elə deyilmi?

            Anqa yumuruqlarını qoşalaşdırıb çənəsinə dayadı və itaətkarcasına təzim edərək dilləndi:

            - Mənim mələyim, bütün tapşırıqlarınıza əməl edəcəyəm, amma indi bir xahişim var, sizə yazdığım bu məktubları alın, amma söz verin ki, bunları oxuyacaqsınız.

            Yuxas qızın ona tərəf uzatdığı qat-qat qatlanmış bir yığın kağız parçalarını alıb cibinə soxdu və:

            - Əlbəttə, söz verirəm ki, işlərimi qurtaran kimi onların hamısını oxuyacağam.

            Anqa məktubları həkim Yuxasa verəndən sonra geri-geri addımlayıb çarpayısının üstündə büzüşərək oturdu və pıçıltıyla köhnə bir mahnının sözlərini zümzümə etməyə başladı: -“Bu sevgi köhnədi, bu ülfət yeni, bal verir sən verən qüssənin qəmi, öldürsən ruhum da sevəcək səni, bağla əllərimi bağlaya bilsən”.

            Oradakılar qızın bu hərəkətini ruhi xəstəliyin əlamətlərindən savayı bir şey olmadığını anlayaraq, ona əhəmiyyət vermədilər.

            Qoca Sabo axşama yaxın keçindi. Kilsə xadimi onun üçün dəfn mərasimi təşkil etdi. Dini ayinlər oxunub qurtardıqdan sonra onu xəstəxananın yaxınlığındakı qəbiristanlıqda dəfn etdilər.

            “Vellas” xəstəxanasının sakinlərinin ölümləri də onların yaşam tərzləri kimi çox bədbin və müti halda keçirilirdi. Onların dəfnlərində nə bir yaxınları, nə də dost-tanışları iştirak etmirdilər. Xəstəxana işçiləri isə sadəcə olaraq, öz vəzifə borclarını yerinə yetirməklə kifayətlənirdilər. Kilsə xadimlərinin etdikləri dualar isə sanki Tanrı dərgaına çatmırdı. Əslində, adama elə gəlirdi ki, Tanrının özünün də nə bu zavallılardan, nə də onların ruhlarından xəbəri vardı.

            Yuxas axşam otağına çəkiləndə çox yorğun idi. Səhərdən ayaqüstə dayanmaqdan onun sümükləri də sızıldayırdı. Başındakı küt ağrılar onun əsəblərini də tarıma çəkmişdi, hər şeyə qarşı həvəssiz olmuşdu. O, gənc olduğuna görə insan ölümünü çox ağır qarşılayırdı. Xəstəxanaya baş həkim təyin olunandan sonra ilk çətin işiydi ki qarşılaşırdı.

            Yuxas da qoca Requli kimi otaqda tək yaşayirdı. İlk əvvəllər təhnalıq ona məzar kimi cansıxıcı görünürdü. Sonra yavaş-yavaş bu şəraitə öyrəşmək məcburiyyətində qaldı. O vaxtını gah kitab oxumaqla, gah da xəstəxanada müalıcə olunan xəstələrin xəstəlik tarixçələrinin yazıldığı qovluqların arasında eşələnməklə keçirərdi. Bu gün də o, başını qatmaq üçün nə isə bir işlə məşğul olmaq istədi, amma könülsüz olduğuna görə nəyə əl vurdusa, ürəyinə yatmadı. Dünən axşam oxuduğu kitabı götürüb ardını oxumaq istədisə, göz qapaqlarındakı ağır yük onun hövsələsini daraltdığından kitabı qatlayıb kənara qoydu. Yatmaq istədi, çarpayıya uzansa da yuxusu gəlmədiyindən əllərini başının altında daraqlayıb gözlərini tavana zillədi. Tavanın küncündəki hörümçək torunda qara bir milçək ilişib qalmışdı. Milçək vızıldayıb tordan xilas olmaq üçün nə qədər çabalasa da, bir o qədər də tora ilişib qalırdı. Yuxasın beynindən tora ilişib qalmış milçəyin yerinə öz həyatı gəlib keçdi. Sanki o da, bu xəstəxana divarları arasında qurulmuş gözəgörünməz bir tora ilişib çabalayırdı. Bu çabalamaq nə vaxta qədər davam edəcəkdi, onu bir olan Tanrı bilirdi.

            Birdən Yuxasın yadına bir az bundan əvvəl Anqanın ona verdiyi “məktublar” düşdü. O tez çarpayısından qalxıb pencəyinin cibindəki kağız parçalarını götürüb stolun üstünə tökərək əlinin arxasıyla onları hamarlayıb sahmana saldı. Yazıların heç birinin altında tarix yazılmadığına görə onların hansının əvvəl, hansınınsa sonra yazıldığını müəyyən etmək çətin idi. Ona görə də, Yuxas əlinə gələn kağızdan başladı. Orada yazılmışdı: - “Gecələr səni sevdiyim qədər uzun olsaydı, inan ki, yer üzünə heç günəş də doğmazdı. Səni nə qədər sevdiyimi kaş biləydin”.

            Yuxas bu sözləri oxuyandan sonra kağız parçasını kənara qoyub sözlərin mənası barədə düşünməyə başladı. Çox mənalı və dəyərli sözlərdir; - “Gecələr səni sevdiyim qədər uzun olsaydı, inan heç günəş də doğmazdı”. Həqiqətən düşündürücü sözlərdir deyə o, bu sözləri bir neçə dəfə təkrarladı. Maraq Yuxasa güc gəldiyindən o, kağızlardan birini də götürüb orada yazılanları oxumağa başladı: -“Mələyim, balaca qəlbimdə böyük “Sən” yaranıb. Böyük qəlbində balaca “Mən” yarada bilərsənmi?”

       Yuxas gülümsədi. Onun canından qeyri-adi bir istilik keçdi, sanki bu sözlər kimin tərəfindən yazılmasına baxmayaraq onu sehirlədi. O kağızın digərini götürdü: - “Mələyim, yuxuma gəlmişdin səni doya-doya sevdim. Elə şirin idin ki, mən ömrümdə belə şirinlik görməmişdim. Amma yuxudan ayılanda sən getmişdin Gedişin elə acı, elə kədərli oldu ki, bu acılıq bütün canıma zəhər kimi yayıldı”.

            Axırıncı məktub o birilərinə nisbətən geniş idi.

            - “Bir gün qaranlıq gecə səni darıxdırsa işıq istəsən gözlərimin nurunu istə, mən ki, sənsiz heç nə görmürəm. Yalqızlıq bir gün səni üşütsə, qorxma ürəyimi istə verərəm oduyla, atəşiylə qızdıraram səni. Bir gün ayrılıq həyatından yorulub sevinc, gülüş istəsən dayanmadan qanadlı quş kimi yanına uçaram, dodaqlarına qonaram.

            Bir yay axşamı sərinlənmək istəsən ahımdan paralanıb göydə bulud olaram, yağış kimi yerə səpələnib saçlarını, sinəni isladaram. Son damlama qədər yağaram, bəlkə onda göz yaşlarım birdəfəlik quruya. Mələyim, məndən ölüm dilə, ayrılıq diləmə Məndən xatirə istəmə, sənsiz keçən ömrümü istə. Sənsiz keçən ömrümü varaqlasan halıma yanarsan. Bir gün məni düşünsən, həqiqət kimi çağırarsan. Bir gün insaflı günündə məni həyata qaytarsan əgər istəsən yaşadarsan, istəsən öldürərsən. Özün bilərsən”.

            Yuxas məktubları oxuyub qurtarandan sonra fikrə getdi. Düşdüyü bu gülünc vəziyyətə özü də mat qalmışdı. Anqanın sözlərini heç də sərsəri bir qızın çərənləməsi kimi başa düşmək olmazdı, - düşündü. Onun sözlərində ciddilik və insan qəlbini riqqətə gətirən bir ağrı vardı. Bu biçarə xəstə qız ona qəlbən vurulmuşdu. Bunu açıq-aydın hiss etmək olurdu. İndi o, nə etməliydi, hansı qərarı çıxartmalıydı? Necə etməliydi ki, arada peşimançılıq olmayaydı. Əgər qızın gözlərinə bir daha görünməmək fikrinə düşərdisə, bu işin həlli üçün bir çıxış yolu deyildi, həm də bu uzun müddət davam edə bilməzdi. Çünki, ruhi xəstə olan Anqanın vəziyyəti bir az da kəskinləşəcəkdi. Yox, əgər bir həkim kimi hər gün səhər yoxlamasında qızı görüb onun ürəyini yenidən yerindən oynadacaqdısa, bu nə vaxta kimi davam edəcəkdi? Heç cür bir çıxış yolu tapa bilmirdi. Getdikcə fikirləri haçalanır, bu çalpaşıq fikirlər içərisində dolaşıb qalırdı. O, bu kələf kimi dolaşmış fikirlər içərisində yatağına uzanıb yatmaq istədi. Yuxu çox dərdlərin dərmanıdır, - düşündü. Nə vaxt yuxuya getdiyini özü də bilmədi.

         Yuxas səhərə yaxın yatağından həyəcan içəridində oyandı. Tövşüyürdü. O, yatağının içində oturaraq gördüyü yuxunu xatırlamağa çalışdı. Yuxuda Anqanı görmüşdü. Anqa çılpaq vəziyyətdə onun yatağına girərək Yuxası isti öpüşlərə qərq edirdi. Yuxas ona: - “Axı, mən mələyəm, səninlə sevişməyə mənə icazə vermirlər” - desə də, Anqa onun bu sözlərinə məhəl qoymayaraq yenə də onu çılğınlıqla öpürdü. Bu vaxt o, qoca Requlini Yuxuda gördü. Requli qapıda dayanaraq onlara tamaşa edir və arada da təəssüf hissiylə başını bulayırdı. Yuxas nə qədər qışqırıb haray-həşir salsa da, onun səsini heç kəs eşitmirdi. Səsi elə bil dərin quyunun dibindən gəlirmiş kimi, boğuq və xırıltılı idi. Yuxas gördüyü qorxunc yuxunun təsiri altında bir müddət yatağından qalxmayaraq donmuş vəziyyətdə qalmışdı. Handan-hana özünə gələrək bunun aşikar yox bir röya olduğuna özünü inandırmağa çalışdı. Amma hər halda bu yuxu onu yaman qorutmuşdu. O qərara aldı ki, bir müddət Anqanın gözünə görünməsin, ondan uzaq qalsa yaxşıdır.

            Otaq yoldaşı qoca qadın Sabonun ölümü Anqaya təklikdən başqa bir şey gətirməmişdi. Onsuz da o, həmişə öz xəyal aləmində olardı. Onunçün otaqda kimin olmasının o qədər də fərqi olmazdı. Anqa bütün günü çarpayısının üstündə oturub öz-özünə danışar, arada da yastığının altında gizlətdiyi dəftər vərəqlərinə nə isə yazardı. Onun bu sakit həyat tərzi xəstəxana işçilərinə də rahatlıq gətirirdi. Onsuz da, hər gün burada baş verən xoşagəlməz hadisələrdən onlar cana doymuşdular. Ona gərə də, Anqa kimi sakit və həlim bir xəstəyə minnətdarlıq hissiylə yanaşırdılar.

            Bir neçə gün idi ki, Yuxas səhər yoxlamasında içtirak etmirdi. Əslinə qalsa, o, Anqa olan otağa gəlmirdi, digər xəstələrin isə yoxlanışında iştirak edirdi. Həmişəki kimi Anqanı tibbi yoxlamadan həkim Nidaşla, tibb bacısı Roza keçirirdilər.

            Anqa qapı açılan kimi oturduğu yerdən dik qalxar və həsrtətlə gələnlərin üzlərinə baxardı. Yuxası onların arasında görməyəndə qızın əhvalı pisləşir və soruşurdu:

            - Mənim mələyim hardadır, o niyə görünmür?

            Tibb bacısı Roza çox vaxt onun bu suallarına heç bir cavab vermədən qızın dərmanlarını içirib otağı tərk edib gedərdi.

            Belə vaxtlarda Anqa üzüntülü halda qapıya qədər onların arxasınca gedib; - “Mənim mələyim hardadır, niyə o məni görməyə gəlmir? Bəlkə mən tez-tez məktub yazıb onu narahat edirəm? Ona deyin məni bağışlasın. Mənim məqsədim onu narahat etmək deyil, sadəcə olaraq, o bilsin ki, mən onu unutmadığım üçün yazıram. Bir də ona deyin ki, külək onsuz da onun iyini mənim burnuma gətirir. Mən küləyi doya-doya öpürəm Ona deyin üzünü küləyə tutsun, qoy külək mənim yerimə onu öpsün”.

            Anqa belə hallarda verilən yeməklərdən də imtina edərdi. O, çarpayıda dizlərini qucaqlayıb oturar və: - “Mən ölsəm, mələyim, kim ağlar? Mənsiz qalsan, mələyim, ağlarsanmı? – deyib göz yaşları axıdardı.

            Yemək yemədiyinə görə Roza onu bir neçə dəfə cəzalandırmışdı da. Onun əllərini arxadan xalatının uzun qollarıyla bağlayaraq üzüstə yatmağa məcbur etmişdi. Anqa Rozadan çəkinirdi, onu görəndə nəfəsini içinə çəkərək səssiz-səmirsiz büzüşüb oturardı. Roza onun yazdığı məktubları da Yuxasa çatdırmırdı. Məktubları bəzən özü də oxumadan cırıb zibil qutusuna atardı.

            Anqa gecələr Yuxasın həsrətiylə qovrulanda onun xəyalıyla danışardı. – “Sənin yolunu gözləyirəm, mələyim, sən indi hardasan? Niyə mənim görüşümə gəlmirsən? Qəlbimi sənə açdım, dərdlərimi sənə danışdım, səni dünyada hamıdan yaxın bilirəm özümə, bəs niyə belə etdirsən? Sən mənim bu dünyada hər şeyim deməksən, sən mənim tək varlığımsan, dərdlərimə məlhəm yaranmısan. Ən kədərli günlərimdə sevinc bəxş etmisən mənə. Göylərdə parlayan ulduzum, dərdli gecələrimdə şirin pöyam olmusan. Həyatım qaranlıq bir zindan idi, zülmət gecə idi, sən gəldin sanki ömrümə bir nur çilədin, tamam başqalaşdım, sevilməyi yox, sevməyi öyrəndim səndən. Səni ilk sevdiyim gündən sənə olan məhəbbətim bütün varlığıma hakim kəsildi. Səninlə nəfəs alıram, sankı yaşantılarımın mənası kimi ömrümə gəlmişdin. Amma hər açılan sabahlarda səndən soraq gözləyə-gözləyə yaşayıram. Nə idi bu dözülməz əzablarımın günahı, ya rəbbim, bilmirəm.”

Bir gün səhər yoxlaması zamanı Anqa yataqdan qalxmadı. Roza qızın yatağına yaxınlaşanda onu qızdırma içərisində yanan gördü. Anqanın sir-sifəti qızdırmadan pörtmüşdü. Gözləri sulanmış, dodaqları cadar-cadar olmuşdu. Roza onun halına acıdı, əlini alnına qoyub: - Anqa nə olub sənə, niyə belə edirsən? – soruşdu.

Anqa gözlərini açaraq başının üstündə tibb bacısı Rozanı görcək qorxdu. O təlaş içərisində dilləndi:

         - Məni niyə öldürürsünüz, mənim günahım nədir? Məyər mən mələyimi sevə bilmərəm? Sevmək üstündə adamı öldürərlər? Sabonu da öldürdünüz, o da əri Karacı sevirdi. Siz pis adamlarsınız, kimki, sevir onu öldürürsünüz. Çünki özünüzün ürəyiniz yoxdür, siz daş kimi bir şeysiniz, heç kimi sevə bilmədiyiniz halda başqalarını da sevməyə qoymursunuz. Baxarsınız, siz məni öldürsəniz Tanrının qəzəbinə gələcəksiniz. Mənim mələyimi də siz qoymursunuz məni görməyə gəlsin. Sonra Anqa ağlamağa başladı: - Yalvarıram sizə, nə olar məni öldürəndə, qoyarsınız mələyim yanımda olsun. Mən onun yanında ölmək istəyirəm. İsəyirəm ki, mən öləndə mələyimin gözlərinin qarşısında ölüm. O mənim ölümümə baxıb ağlasın və bilsin ki, məni ona görə öldürüblər.

            Roza bu zavallı qızın halına acıdı. O, Anqanı sakitləşdirməyə çalışdı:

            - Anqa, sən bir azca xəstələnmisən, narahat olma, indi müalıcə edərik hər şey yoluna düşər. Sənin mələyin də göylərdədir, bu günlərdə gəlib çıxar. Çalış tez sağal ki, mələyin gəlib səni bu vəziyyətdə görməsin.

            Anqa gözlərini Rozanın üzünə dikərək:

            - Yalan deyirsən, mənim mələyim heç yerə getməyib, o buralardadır. Göylərə necə gedib ki, hər gecə o mənim yanıma gəlir, mənimlə birlikdə yatır, mənim saçlarımı sığallayır, dodaqlarımdan öpür. Bilirsən necə şirin öpüşləri var onun. Amma səhər açılanda baxıb görürəm ki, mələyim mənə demədən çıxıb gedibdir. Bilirəm ki, o yaxındadır, onu siz qoymursunuz məni görməyə gəlsin.

            Roza qızın axırda bu əzablardan öləcəyini fikirləşdikcə ürəyi ağrıyırdı. Yuxasa qarşı onun qəlbində sevgi hissi olsa, da bu məzlum və biçarə qızın sevgisi qarşısında öz sevgisinin necə də cılız olduğuni hiss etdi. Roza dərk edirdi ki, Yuxas bir neçə gün də Anqanı yoluxmağa gəlməsə bu qız həyatıyla vidalaşacaqdır.

            Roza onun çarpayısının qırağında oturub əlini qızın alnına qoydu. Anqa qızdırmanın təsirindən tövşüyürdü. Gözlərinin kənarlarından süzülən isti göz yaşları boyun-boğazını islatmışdı. Təəccüblüsü də, bu idi ki, qız bu görkəmdə daha gözəl görünürdü. Avazımış sifətindən bir məsumluq yağırdı. Qabarmış sinəsi, uzun boğazı, dalğalanaraq çiyinlərinə səpələnmiş gur saçları onu daha da cazibədar edirdi. Roza Anqanın bu gözəlliyi qarşısında Allahın özünün də mat qaldığına heç bir şübhə etmirdi.

            - Anqa, ağıllım, dərmanlarını iç, yeməyini ye, söz verirəm ki, sənin mələyini tapıb gətirəcəyəm yanına. Bax mən sənə söz verirəm, - deyərək gülümsər gözləriylə onu süzdü.

            Anqa tibb bacısının bu mehribanlığı sayəsində taqətsiz bədənini güclə də olsa qaldırmağa çalışdı. Roza ona kömək edərək çiyinlərindən yapışıb yatağının içində oturtdu. Dərmanlarının içirəndən sonra ona bir-iki iynə də vurdu. Daha sonra səhər yeməyi üçün otağa gətirilmiş düyü sıyığını öz əliylə ona yedirtməyə çalışdı. Anqa düyü sıyığından bir-iki qaşıq yeyəndən sonra ürəyinin bulandığını deyib, yeməkdən imtina etdi.

Roza otaq nəzarətçilərinə tapşırdı ki, Anqanı nəzarətdə saxlasınlar, vati-vaxtında onun qulluğunu tutsunlar. O qalxıb otağı tərk edəndə, yenə də Anqadan soruşdu:

            - Mənə bir istəyin varmı:

         Qız gözlənilmədən soruşdu:

            - Mənim mələyimi sən gizlətmisən, onu mənim yanıma gəlməyə sən qoymursan? Niyə qoymursan o məni görməyə gəlsin? Bilirəm, sən istəmirsən ki, o məni sevsin. Ona görə ki, sən onu mənim əlimdən almaq istəyirsən, istəyirsən ki, mələyim sənin olsun. – Axı, mən yazığam, onsuz yaşaya bilmərəm. Nə olar, səndən xahiş edirəm mənim mələyimdə işin olmasın. Tanrı onu mənim üçün göylərdən göndərib. O mənimdir, sizin heç biriniz ona layiq deyilsiniz. Mən bu dünyanı ada-alova qalayaram bir kimsə mənim mələyimə toxunsa.

            Roza qızın sözlərindən dəhşətə gəlirdi. Bu vəziyyətdə ona bir söz demək onun tərəfindən ağılsızlıq olardı. O hiss edirdi ki, Anqanın vəziyyəti uzun müddət belə davam edə bilməz. Çünki qızın halı gün-gündən xarablaşırdı. O yaranmış vəziyyəti Yuxasa çatdırmalıydı. Yuxas belə işlərdə təcrübəsizdi, bu işin sonu pis qurtara bilərdi.

            Günortadan sonra Roza Yuxasın otağına gəldi. Yuxas çarpayıda uzanıb kitab oxuyurdu. Rozanı görən kimi kitabı qatlayıb kənara qoydu və çarpayısından dikəldi. Tibb bacısnın sir-sifətindəki həyəcan və qorxu hissi Yuxasın da narahatlığına səbəb oldu. Roza səbirli və təmkinli qız idi, hər xırda şey üstündə əsəbləşməzdi. Onun bu vəziyyətə düşməsi nə isə xəstəxanada yaranmış xoşagəlməz bir hadisəylə bağlı olmalı idi, - Yuxas düşündü. Odur ki, o, Rozadan soruşdu:

            - Nə olub Roza, bir hadisəmi baş verib, niyə belə həyəcanlısan?

            Tibb bacısı dərindən kök ötürərək:

            - Cənab Nemet, belə getsə, deyəsən xoşagəlməz hadisə tezliklə baş verəsəkdir?

            Yuxas:

            - Anqaımı barədə deyirsən?

            - Hə, onu deyirəm... Qızın vəziyyəti çox ağırdır. Bir dəqiqə də olsun sizi unuda bilmir. Səhərdən axşama kimi sizin arxanızca səslənir. Belə getsə bu işin sonu yaxşı qutarmayacaqdır. - Siz nə fikirləşirsiniz? Onun gözlərinə görünməməkdə, deyəsən heç də yaxşı iş görmürsünüz. Bu hal qıza olduqca pis təsir edir, o ölə bilər, - deyə Roza Yuxası xəbərdar etdi.

            Yuxas dərin fikrə getdi. Əlinin arxasıyla çənəsini ovuşdura-ovuşdura gözlərini Rozanın gözlərindən çəkməyərək, sanki bu ağır vaxtında azacıq da olsa ondan kömək umurdu.

            - Mən nə edim Roza, heç özüm də bilmirəm? Bu iş axı necə oldu ki, baş verdi, heç anlamıram? Tamam başımı itirmişəm, heç cür bir nəticəyə gələ bilmirəm. Bılirsən o, nələr yazır mənə? Adamın inanmağı gəlmir ki, bu sözləri ruhi xəstə olan bir qız yazır. Mən ömrümdə birinci dəfədir ki, belə bir çətinliklə qarşılaşıram. – Nə deyirsən, bəlkə rəhbərlikdən xahiş edək onun yerini dəyişdirsinlər? Bir müddət keçər olub-keçənləri unudar, hər şey də yoluna düşər, - deyə Yuxas çıxış yolu tapmış kimi sevincək dilləndi.

            Roza çiyinlərini çəkərək:

            - Bu ağlabatan təklif deyildir, cənab. Birincisi, rəhbərlik heç vəclə bu addımı atmaz. Ona görə ki, bu xəstəxanaya göndərilən xəstələr bir də heç vaxt buradan başqa bir yerə dəyişdirilmirlər. Onlar yalnız bir dəfə, onda da dəfn olunmaq üçün qəbiruistanlığa köçürülürlər. İkincisi də, əgər Anqanın yerinin dəyişdirilməsi baş verərsə, o buna tablaşa biləcəkmi?

            - Bəs mən nə edim, Roza? – deyə Yuxas yazıq-yazıq qızın üzünə baxdı.

            - Bilirsən Yuxas, - deyə Roza gülümsəyərək, - belə bir fikir var, deyir, - birlikdə yaşaya biləcəyin biri ilə deyil, onsuz yaşaya bilmədiyin biriylə ol. Qaldığı zaman boşluq dolduran birisini yox, getdiyi zaman yeri dolmayan birisini sev.

         Yuxas təəccübdən çiyinlərini çəkərək:

            - Sən nə danışdığını dərk edirsənmi? Mən onu necə sevə bilərəm? O ki...

            Roza qıyğacı nəzərlərlə Yuxası süzərək:

            - Düzünü deyin, cənab həkim, sizin məyər qəlbinizdə azacıq da olsa Anqaya qarşı bir istək, sevgi yoxdurmu?

            - Bilirsən Roza, nə qədər gülməli olsa da deməliyəm ki, o qızin əksi bir anlıq da olsun gözlərimin önündən getmir. Qəribə də olsa deməliyəm ki, elə bil onda bir ovsun vardır. Bu ovsun get-gedə mənim ruhumu əlimdən almaqdadır. Yazdığı məktublar o qədər güclüdür ki, təsirindən çıxmaq olmur. Hiss edirəm ki, gec-tez onun sevgisi məni öz təsiri altına salacaqdır. – Ona görə də, deyirəm bəlkə, mən özüm buradan uzaqlaşım, başqa bir yerə gedim. Görəsən, bu alınarmı?

            - Hara gedirsən? – deyə Roza maraqlandı.

            Yuxas:

            - Xahiş edərəm, mənim yerimi dəyişərlər, başqa bir xəstəxanaya.

            - Yox, bu da mümkün olan iş deyil. Soruşmayacaqlar ki, səbəb nədir? - deyə Roza soruşdu.

            - Onda həqiqəti söyləyərəm.

            Roza gülümsədi:

            - Bəs, onda deməzlərmi səni ora xəstələri müalicə etməyə göndərmişdik, ya onların həyatlarını məhv etməyə.

            Yuxas çiyinlırini çəkərək:

            - Onda mən nə edim, özümü asıb öldürümmü? Ya da, burada qalıb iztirablara dözə-dözə gözləyim ki, nə vaxtsa başıma hava gələcək, mənə də uzunqollu bir xalat geyindirib qatasınız bu zavallıların arasına, hə?

            Roza onu sakitləşdirməyə çalışdı:

            - Bir az sakitləş, özünü ələ al. Səbr etsən hər şey öz yerini tapacaqdır. Deyir, səbirsiz adam imandan uzaqdır, görək nə edirik. Mənə qalarsa, sən o qızın gözlərinə bir müddət də görünmə. Düzdür, bu ona çox çətin olasaqdır. Heç bilmirəm bu iztirablara dözə biləcəkmi? Hər halda, səbr etmək lazımdır, bəlkə vaxt ötdüksə səni unuda bilsin.

            Həkim Yuxas tibb bacısı Rozanın məsləhəti ilə bir aylıq məzunuyyət götürüb, müvəqqəti olaraq “Vellas” xəstəxanasını tərk etməli oldu. Xəstəxanadan ayrılarkən Rozanın köməkliyi ilə son dəfə Anqanın otağının pəncərəsindən ona baxdı. Məqsədi qızı sonuncu dəfə görmək idi. Bu zaman Anqa çarpayısının üstündə, dizlərini qucaqlayaraq dərin fikrə getmişdi. Qızın saçları çiyinlərinə səpələnərək ona ecazkar bir görkəm verirdi. Əvvəlkindən xeyli sınıxmışdı. Onun bu halı Yuxasın ürəyini ağrıtdı. O, başını bulayaraq pıçıltıyla:

            - Bilməzdim ki, mən sənin həyatına bu qədər ağrılar gətirib, yaşayişinı cəhənnəmə döndərəcəyəm. Sənin onsuz da puç olmuş arzularına bir az da mən zəhər qatmış olacağam. Sənə ümid və təsəlli olacağım halda, bir az da ümidsizləşdirib, gözlərini yollarda qoyacağam. Bağışla məni, qarşında günahkaram. Bunlara görə, onsuz da Tanrı məni cəzalandıracaqdır. Mən Tanrının cəzasından deyil, məni bağışlamamağından qorxmuram. Belə olarsa, bu mənim üçün həyatda ən dəhşətli və dözülməz bir günah olacaqdır. Bu günah mənə ömrümün sonunadək əzab verəcəkdir. Yuxas bu sözləri deyərkən yamanca kövrəlmişdi, göz yzşlarını heç cür saxlaya bilmirdi.

            Roza onun qolundan yapışıb pəncərənin önündən kənarlaşdırdı:

            - Həyat amansızdır, onun amansızlığı qarşısında bu kövrək ürəklə dayanmaq sizə çox çətin olacaqdır, cənab Nemet. Çalışın özünüzü bir qədər ələ ala biləsiniz, axı siz həkimsiniz.

            - Bacarmıram, Roza. Mənim ucbatımdan bir insanın həyatı məhv olub gedir, mən isə onu xilas edə bilmirəm.

            Roza bir qədər toxtaq səslə:

            - Unutmayın ki, bura ruhi xəstələr müalicə olunan bir məkandır. Burada insan düşüncəsindən kənar, ağlagəlməz hər bir hadisə baş verə bilər. Olanlara səbrlə yanaşmaq lazımdır.

            Yuxas başının hərəkətiylə tibb bacısının sözlərini təsdiqlədi:

            - Hə, düz deyirsən Roza, səbr etməkdən başqa çarəmiz qalmayıb. Görək, bu ayrılıq bizə nə verəcəkdir. – Amma səndən xahuiş edirəm, hər şeyə özün nəzarət elə. Bir də, rica edirəm onun məktublarını mənə göndərərsən. Hiss edirəm ki, ondan tamamılə ayrılmaq mənim özüm üçün də çətin olacaqdır.

            Roza Yuxasın halına acıdığından:

            - Arxayın olun, hər şey siz düşündüyünüz kimi olacaqdır.

            Yuxas xəstəxananı bazar ertəsi tərk etdi. Onun işləri müvəqqəti olaraq həkim Nidaşa həvalə edilmişdi.

            Anqa narahat günlərini yaşayırdı, gecələr onun yuxusu da ərşə çəkilmişdi. Demək olar ki, bir-iki saatdan artıq yata bilmirdi. İynə-dərmanın da ona bir xeyiri olmurdu. Xeyli arıqlamış, gözlərinin altı tuluqlayaraq göyərmişdi. Ona bir müddət kağız-qələm verməyi də qadağan etmişdilər. Bu yolla Yuxası ona unutdurmağa səy etsələr də, buna nail ola bilmədilər. Çünki, bir şey yazmayanda onu sakitləşdirmək mümkün olmurdu, aləmi vurub bir-birinə qatırdı. Həm də, yazmamaq onun sakitliyini də pozurdu. Necə ki, əlinə qələm-kağız keçirdi bir küncə çəkilib sakitləşirdi.

            Yuxasın birdən-birə yoxa çıxması qızı dəli-divanə etmişdi, otağa gələn hər kəsdən onu soruşardı. Tibb bacısı Roza hər gün bir neçə dəfə Anqaya baş çəkər, onunla maraqlanardı. Aradabir oturub onunla söhbət də edərd. Anqa son vaxtlar Yuxasın vəfasızlığından danışardı, deyərdi ki, onun qar kimi məhəbbəti mənim qəlbimi üşütmədi, əksinə bir az da alovlandırdı, yandı mənim qəlbim. Neçə illərdir ki, sakit sakit, aram-aram tüstülənir mənim bu ürəyim. Mən onu unuda bilmirəm, çünki o mənim kədərim, əzablarımdır. Mənə əzab verən bu dərdləri necə unuda bilərəm.

            Roza qızda olan bu qeyri- adiliyə özü də mat qalmışdı. O ömründə birinci dəfəydi ki, belə bir hadisəylə qarşılaşırdı və inana bilmirdi ki, nə vaxtsa Anqa Yuxası unudub yadından çıxara bilsin. Çünki bu istək onun qəlbində gün-gündən alovlanırdı. Bu istəyə qarşı çıxmaq isə tanrının qəzəbinə düçar olmaq demək idi, - Roza fikirləşirdi.

            Yuxas gedəndən bir həftə sonra Roza Anqanın məktublarını onun dediyi ünvana yola saldı. Yuxas anası Marta ilə birlikdə yaşayırdılar. Çoxdan bəri oğlunun üzünə tamarzı qalan Marta ana Yuxasdan bir anlıq da olsun kənar dura bilmirdi. Oğlunun halının pərişan olduğunu sezsə də bunu ağır iş şəraitinin olmasıyla əlaqələndirərək, tezliklə hər şeyin yoluna düşəcəyini zənn edirdi. Ana bilirdi ki, oğlu hələ cavandı, bərkə-boşa düşməmişdir. Ruhi xəstə olan insanlarla, özü də qadınlarla işləmək ona, əlbəttdə çətin gəlməliydi. Anası bunların hamısını başa düşdüyü üçün oğlunun halına acıyır və azacıq da olsa öz məsləhətləriylə ona təsəlli olmağa çalışırdı.

         Bir gün səhər Yuxas Anqanın məktublarını aldı. Uşaq kimi sevinirdi. Özü də bilmirdi ki, məktubları alanda o niyə bu qədər sevinir.

            Roza Yuxasa Anqanın iki məktubunu göndərmişdi. Əvvəlki məktublara nisbətən bunlar bir az geniş yazılmışdı. Görünür get-gedə qız darıxmağa başlamışdı, - deyə Yuxas fikirləşdi.

Anqanın qalan iki məktubu daha kədərliydi. O yazırdı:

            - “Bir gün dönəcəyini gözləyirəm. Ümidlərinlə, xəyallarınla yaşayıram. Sənsiz adlı bir dünyada yaşasam da, səni hər gün, hər an gözləyirəm. Bəlkə, sən də nə vaxtsa sevməyi bacardın. Bax, o zaman mənim nə çəkdiklərimi anlayarsan. Kaş ki, səni sevməzdim, sənə vurulmazdım bu qədər. Çünki sən neçə illik məhəbbətimi, sənə bəslədiyim hisslərimi məhv edirsən. Nə üçün, nəyə görə? Mən səni dünyalar qədər sevdim. Sən isə bu sevgimin qarşılığında mənə əzablardan başqa bir şey bəxş etmədin. Sənə bəslədiyim məhəbbət mənə - Sənli dünyamı, Tanrımı sevməyə qol-qanad verdi. Sənin məhəbbətin mənə nə verdi: - göz yaşı, ürək ağrısı, daima üzümdən əskik olmayan kədər, nahkam məhəbbət? Səninlə necə gözəl xəyallarım vardı. Mən sənsizlik deyilən bir boşluqda odlanıram, şam kimi damla-damla əriyirəm. Sənli günlərimi ömrümə qaytarmaq istəyirəm, amma sənli günlərə qayıda bilmirəm. Sevgi nədir bilməzdim. Səni sevən gündən bildim. İndi anladım ki, həyat nədir, işgəncə nədir, qəm-qüssə nədir? Bunların hamısını səni sevdiyim üçün Tanrım mənə bəxş etmişdir, əzizim”.

            Anqanın ikinci məktubu daha kədərliydi:

            - “Hərdən məni acızləşdirən və məni alçaldan bu sevgiyə nifrət edirəm və ölmək istəyirəm. Mən səni heç vaxt qınamıram. Çünki ürəyə hökm etmək olmur. Hərdən də özümə qapılaraq, sənin xəyalınla yaşayıram. Sənin xəyalını isə heç kim, heç vaxt məndən ala bilməz. Heç vaxt belə sevgi arzulamamışdım özümə. Nə edim, mən də insanam, mənim də sevmək haqqım vardır. Elə bildim mən də sevə bilərəm, məni də sevə bilərlər. Bilirəm, ömrümboyu bu sevgiyə görə əzab çəkməli olacağam. Ona görə yox ki, sən məni sevmədin, bu ağrılı eşqimə cavab vermədin, bu sevgidən çəkdiyim cəhənnəm əzabına görə, quruca “sevirəm” sözünə həsrət qaldığım üçün. Mən ona görə əzab çəkəcəyəm ki, sənin kimi daş qəlbli birisinin qarşısında öz qürurumu sındırmışam. Ən əsası odur ki, sevilməyə layiq olmayan bir alicənabı sevmişəm. Bu illərdə sən məni yaşada-yaşada öldürdün, öldürə-öldürə yaşatdın. Mən sənin ömrümdə əlçatmaz kimi qalacağam. Sən isə mənim bu ölmüş sevgimi bahar kimi qarşılayıb, payız kimi yola salacaqsan. Mənim ata-anam, qohum-əqrabamdan bir kimsəm yox idi, mən sənə sığınmaq istəyirdim. Taleyin mənə bəxş etdiyi bu acı həyatımı sənlə bölüşmək istəyirdim Sən isə kimsəsiz bir qızın ümidlərini ayaqların altına atdın.

            Unutma ki, qırdığın bu ürəyin ah-naləsi sənə heç vaxt xoşbəxtlik gətirməyəcəkdir. Mənim gecə-gündüz axıtdığım göz yaşları nə vaxtsa səni şirin yuxularında, dəryada qərq olmuş gəmi kimi batıracaqdır. Sənə uzanan köməksiz əllərimi geri qaytardığın üçün Tanrının dərgahında nə qədər günah sahibi olduğunu bir gün anlayacaqsan. Kədərimi, son sözümü dünyamın “Səninə” deyirəm və səndən soruşuram: - Nəydi görəsən, mənim bu dözülməz əzablarımın günahı?

            Bu məktubları oxuyandan sonra Yuxas dərin fikrə getdi. Artıq o, qəti qərara gəlmək üzrəydi. Yuxas özü də bu işgəncə dolu sevgi iztirablarına tab gətirə bilmirdi. Anqanın son məktubları onu elə bil yuxudan ayiltmışdı. O, indi-indi anlayırdı ki, Anqa onsuz yaşaya bilməyəcəkdir. Onun sevgisinin bu qədər cavabsız qalması, Anqanın əllərinin birdəfəlik bu həyatdan üzülməsi demək idi. Yuxas özünün də rahatlığını pozan, ona işgəncə dolu bir həyat bəxş edən bu sevginin dairəsindən çıxmağın nə qədər çətin olduğunu anlayırdı. Ona görə də o, nəyin bahasına olursa olsun bir çarə yolu tapmalıydı.

            Oğlunun bu qədər sarsıntı və əzab keçirməsi Marta ananın da gözlərindən yayınmırdı. Ona görə də, məqam axtarırdı ki, bu üzüntünün səbəbini ondan soruşsun. Yuxas anasının fikirlərini azdırmağa çalışsa da buna nail ola bilmədi. Çünki anası ona həyatda ən əziz insan, gözəl dost idi. O fikirlərini həmişə anasıyla bölüşməyə çalışmışdı. Marta da atasız böyütdüyü oğlunun bütün əzablarını çəkməyə qadir olan ana idi. Bir gün çay süfrsəsi arxasında ana oğlundan soruşdu:

            - Yuxas, mənim balam, evə dönən gündən səni fikirli görürəm, olmaya bir hadisə baş veribdir, məndən gizlədirsən? – deyə ana yanında oturmuş oğlunun qara, cod saçlarını sığalladı.

            Yuxas təmkinini pozmayaraq:

            - Yox, anacan, elə də mühim bir hadisə baş verməyibdir. Sadəcə olaraq, xəstələrlə işləmək məni yorub əldən salmışdır, bəlkə ona görədir.  

       Marta ana oğlunun xasiyyətini yaxşı bilirdi, bilirdi ki, o, işdən yorulan adam deyildi. Çünki Yuxas uşaqlıqdan bacarıqlı və zirək olmuşdu. Onu heç bir iş qorxuza bilməzdi. Odur ki:

            - Yuxas, əziz balam, sənin bu qədər iztirablı görünməyin işdən aslı olan bir şeyə bənzəmir, doğrusunu söylə görüm, nə baş vermişdir?

            Yuxas onsuz da, bu boyda yükü ürəyində gəzdirməyə gücü çatmırdı, həm də o, baş vermiş bu hadisədən çıxış yolu tapmaqda, doğurdan da, aciz idi. Birdə ki, o, hələ uşaqlıqdan bütün dərdlərini anasıyla bölüşmüşdü. Anasının məsləhətləri onu həmişə doğru yolla apardığından, o, bu gün də açıb hər şeyi anasına danışmaq qərarına gəldi. Çünki başqa çarəsi yox idi,

            - Ana, məni xəstəxanada Anqa adlı bir qız sevir. Əslinə qalsa, mən də onun sevgisinə biganə deyiləm. Amma... - Yuxas sözlərinin arxasını deməkdə çətinlik çəkirmiş kimi pörtüb qaldı.

            Anası oğlunun bu çalpaşıq fikirlərindən bir şey anlamayırmış kimi soruşdu:

            - Burada nə var ki, mənim balam? Qız səni sevir, bir halda ki, sənin də ona meylin var, onda nədir anlaşılmayan?

         Yuxas bir qədər tərəddüt etdikdən sonra:

            - Bilirsən ana, məsələ ondadır ki, qız ruhi xəstədir, xəstəxanada müalıcə olunur! – dedi.

            Oğlunun sözlərini yaxşı qavramadığı üçün Marta ana donuq baxışlarla onun üzünə baxmağa başladı. Yuxas sözlərinə davam etdi:

            - Hə, ana, Anqa ruhi xəstədir. Amma ilk gündən mən onu hamıdan ağıllı olduğunu başa düşdüm. Mənə elə gəlir ki, o heç də belə deyildir, qız çoxlarından ağıllı davranır. İnan mənə, anacan, neçə illərdir ki, o bu sevgidən əzab çəkir. Amma onun bu sevgisi qarşısında mən bir dəfə də olsun onun qəlbini ovudası bir söz deməmişəm. Hər dəfə onun fikirlərini özümdən yayındıraraq, qızı əzab çəkməyə vadar etmişəm. Günlərlə gözlərinə görünməyərək qəlbinə elə ağrılar vurmuşam ki, kaş bunları öz gözlərinlə görəydin, ana. Mənim ona qətiyyən meylim olmayıb, sənki məni yaxşı tanıyırsan, anacan. Bu necə baş verə bilərdi. Amma get-gedə onun çəkdiyi iztirablar qarşısında dözüm gətirməyə aciz qaldım. Onun sevgisi adi insan sevgisi deyil, ilahi bir sevgidir. Mələklər öz Tanrısına necə aşiqdilərsə, o da mənə elə aşiq olubdu. Əvvəllər elə başa düşdüm ki, bu ötəri bir hissdir, nə vaxtsa onun qəlbindən yox olub gedəcəkdir. Amma bu belə olmadı, günlər otdükcə bu eşq onu elə bir hala saldı ki, indi o ağır xəstə yatır. Mən onun əlindən baş götürüb bura gəlmişəm, ana. Hər onunla rastlaşanda, keçirtdiyi iztirabları görəndə rahatlıq tapa bilmirəm. İndi özün qərar ver, ana, mən nə etməliyəm?

            Marta oğlunun bu sözlərindən sonra məsələnin nə yerdə olduğunu, deyəsən, anlamağa başlamışdı. Amma o, bu məsələyə o qədər də ciddi yanaşmadığından dedi:

            - Bu bir anlaqsızlıq məsələsidir, oğlum. Səbr eləsən hər şey öz yerini tapar. Çalış belə şeyləri beynindən çıxart, sən hələ cavansan belə işlərlə qarşıda çox rastlaşacaqsan. Bir az dözümlü ol.

            Yuxas bilirdi ki, anasını başa salmaq ona çətin olasaqdır. Əslinə qalsa, o, anasını qınamırdı, çünki bu hadisənin şahidi olmayan hər bir kəs elə onun anası kimi düşünərdi. Yuxasın başqa çarəsi yox idi o, Anqanın məktublarını anasına vermək qərarına gəldi. İstəyirdi ki, anası bu məktubları oxuyub məsələdən özü hali olsun. Bilirdi ki, anası duyumlu qadındır, neçə illərdi ki, müəllimə işləyirdi hər halda bu məktubları oxuyandan sonra hansısa bir qərara gələ bilərdi. Odur ki, Anqanin məktublarını anasına verib xahiş etdi ki, onları oxusun. Əvvəlcə, anası Yuxasın bu sadəlövhlüyünə qarşı biganəlik göstərmək istəsə də, oğlunun bu işdə ciddi olduğunu anlayıb məktubları ondan götürdü. O gecə səhərə qədər yatmayıb, Anqanın Yuxasa yazdığı məktubların hamısını oxudu. Səhəri gün Marta bu işin ciddi bir iş olduğunu Yuxasa söyləyəndə oğlu anasının onu başa düşdüyünə çox sevindi. Anası isə hələ də oxuduğu məktubların təsiri altığında olduğunu oğlundan gizlətməyərək dedi:

            - Yox, oğlum, bu məsələ mən düşündüyümdən də qat-qat qəliz bir işdir. Doğrusu, bu məsələnin bu qədər dərin olduğunu ağlıma belə gətirməzdim. Bu işə barmaqarası baxmaq olmaz. Mən müəlliməyəm, iyirmi beş ildən artıqdır ki, pedoqoji sahədə calışıram. İnsanların fikir və düşüncələrini çoxlarından pis bilmirəm. Mənə elə gəlir ki, bu işi belə qoymaq olmaz, axırı yaxşı qurtarmaz. Belə bir fikrim var, Anqanı tezliklə oradan götürmək lazımdır. Bu iş başqalarına necə gülməli görünsə də mən gəlinimi orada qoya bilmərəm, - deyə Marta ana oğlunu qucaqladı.

            Yuxas anasının dediklərini sanki eşitmirmiş kimi donuq baxışlarla onun üzünə baxırdı. Doğurdan da o, anasının nə dediyini anlamamışdı. Anasınının sözləri boşluqda əks-səda verən qırıq səslər kimi onun qulaqlarında cingildəyirdi.

            Anası oğlunun quruyub qaldığını görüb yenidən dilləndi:

            - Yuxas, sən məni anlamadınmı? Deyirəm, sevgilini oradan götürmək lazımdır, sən buna necə baxırsan?

            Yuxas sanki röyadan ayılırmış kimi:

            - Anacan, bunlar sənin həqiqi sözlərindirmi? - Demək, məni anlayırsan... Demək, Anqanın sevgisinə sən də inanırsan? Hə, anacan, doğurdanmı, bu olanları sən də bir həqiqətmi sanırsan?

            Marta ana oğlunun həyəcanlandığını görüb onu sakitləşdirməyə çalışdı:

            - Elədir mənim balam. Mən bu sevgiyə inanıram. İnanıram ki, qızın sənə bəslədiyi sevgi saf və ülvidir. Mən onun yazdıqlarından çox mətləblər anladım, orada yalan heç nə yox idi. O sözlər təmiz qəlblə sevən gənc bir qızın könül çırpıntıları, həyata və yaşamağa ümid dolu baxışlarıydı. O ümidi qırmağa, onun sevgisini rədd etməyə sənin haqqın yoxdur oğlum. Sən dərhal geriyə, oraya qayıtmalı və qızı oradan götürməlisən. Bu yolda hansı manelər olsa belə biz onu dəf etməliyik. Anqa bir gün də artıq orada qalmamalıdır. Əgər mənim dediklərim olmasa, inan ki, tanrı göstərməsin, hamımızı pərişan edən bir hadisə baş verəcəkdir. Bu hadisənin qarşısı dərhal alınmalıdır, eşidirsənmi?

            Yuxas anasının təkidiylə geriyə, “Vellas” xəstəxanasına qayıtdı. O çox sevincli görünürdü. Anasınin sözləri ona böyük ruh vermişdi. İşin bu cür alınacağı, onun heç ağlına belə gəlməzdi. Bir şeyə peşiman idi, düşünürdü ki, gərək bu işi bir qədər əvvəl anasına söyləyəydi. Onda nə Anqa, nə də o özü bu qədər əzab-əziyyət çəkməzdilər. Yuxas ən çox Anqanın halına acıyırdı, yazıq qız bu neçə ili gör nə qədər sarsıntılar keçirmişdi. – Hər şey yaxşı olar, bundan sonra, - deyə o düşündü. Bircə, Anqani bu cəhənnəm kahasından çıxara bilsəydi, ondan sonra yavaş-yavaş hər şeyi yerinə qoyardı.

           ... Anqa ağır xəstə yatırdı. Onun vəziyyəti tamam ağırlaşmışdı. Bunu Roza Yuxasa bildirməmişdi. Neçə günlər idi ki, xəstəxananın bütün həkimləri qızın od-alov içində yanan bədənini qızdırmadan xilas etməyə çalışsalar da, buna nail ola bilmirdilər. Sanki gözəgörünməz, sehirli bir odlu kürə qızın bədənini oda qalamışdı. Hamı Anqanın halına acıyırdı, ona kömək etmək üçün hər kəs əlindən gələni edirdilər. Anqa qızarmış, nəmli gözlərini onu ölümün pəncəsindən xilas etməyə çalışan həkimlərin gözlərinin içinə dikərək onlardan imdad diləyirdi. – “Məni niyə öldürürsünüz, niyə mənə yazığınız gəlmir? Niyə hamınız məndən üz döndərmisiniz? Niyə bu Tanrı mələyini heç biriniz xoşlamırsınız? Mənim nə günahım vardır? Hanı mənim mələyim, niyə məni gəlib sizin əlinizdən xilas etmir?” - söylənirdi. Onun bu sözləri oradakıların qəlbini ağrıtsa da, ona kömək etməkdə hamı aciz idi.

           Yuxas xəstəxanaya çatanda onu birinci Roza qarşıladı və Anqanın halının olduqca pis olduğunu söylədi. Yuxas dərhal Anqanın saxlandığı otağa cumdu. O, gözlərinə inanmadı, Anqa o Anqa deyildi. Onun sir-sifəti tamam avazımışdı. Yuxas onun çarpayısının yanında diz üstə çöküb əllərini ovcuna aldı. Əlini elə bil qızmar bir kürəyə toxundururmuş kimi diksindi. Anqa od içində yanırdı. Əlində doğma bir hərarətin hənirini hiss edən qız bir anlıq göz qapaqlarını qaldırıb Yuxasa baxdı. Qızın avazımış sifətində sanki azacıq da olsa bir qırıq həyat işartısı göründü. Qurumuş və qızdırmadan susuz torpaq kimi cadar-cadar olmuş dodaqları azacıq bir-birindən aralandı və qız pıçıltıyla:

            - Bu vaxta qədər hardaydın, mənim mələyim? Yəni mənim ahımı, Tanriya yalvarışlarımı sənə çatdıranmı yox idi? Axı, sən bilirdin, sənə demişdim ki, mən sənsiz yaşaya bilmərəm. Axı mən sənə demişdim ki, sən mənimsən. Bəs niyə, sən mənə inanmırdın? Niyə mənim gözlərimi yolda qoyub getdin? Bilirsənmi, sənsiz mənim günlərim necə də əzablı oldu? Bu necə müddət ayrılığımızda mənim azuqəm qəm-kədər idi. Yediyim-içdiyim bu qəm-kədərin odunu söndürmək üçün gözlərimdən sellənən göz yaşlarımı içirdim. ... Bilirdim ki, qayıdacaqsan, yuxumda görmüşdüm səni. Amma niyə qayıtdın, niyə əziyyət çəkib döndün? Mən ki, sənin yanına gəlirdim, göylərə. Bu gecə mənim qulağıma pıçıldadılar ki, sənin mələyin göylərdədir, səni yanına səsləyir. Budur bax, mən də yır-yığış edib gedirəm. Nahaq qayıtdın, əzizim...

            Yuxas başını Anqanın köksünə söykəyib göz yaşlarını saxlaya bilmədi.

            - Anqa, mənim mələyim, sən heç yerə getmirsən... Mən səni heç bir yerə qoyan deyiləm. Səni özüm aparacağam. Anam səni gözləyir. Bundan sonra biz ömürümüzün axırına kimi bir yerdə olacağıq. Daha heç vaxt bir-birimizdən ayrılmayacağıq. Bax, söz verirəm sənə, bir daha ayrılmayacağıq. Mən səni buradan aparmağa gəlmişəm, Anqa.

            Yuxasın dediyi bu sözlərə hamı heyrət içində qulaq asırdı. Onun sözlərini oradakılar, sanki havalanmış bir adamın sözləri kimi qəbul edirdilər.

            Amma onun sözlərinin yalnız bir nəfərə, Anqaya elə bir aidiyyəti yox idi. Elə bil Anqa onun dediklərini eşitmirdi. Qız Yuxasın əllərini ovcuna alıb, güclə eşidiləcək səslə son dəfə pıçıldadı:

         - Çox heyif ki, bir dəfə də olsun əllərin əlimə dəymədi, gözlərin gözlətrimə baxmadı. Yandım yaxıldım sənsiz. Bilirəm, mələklər belə sevişirlər. Elə mələklərin bədbəxtliyi də bundadır da... Yazıqlar olsun onların halına... Yazıqlar olsun mələklərin sevişməsinə... Mən bu halımla başa düşdüm ki, mələklər xoşbəxt yox, ən bədbəxt biçarələrmişlər. Əgər bir də, bu dünyaya gəlməli olsaq, nə səni, nə də özümü mələk olmağa qoymayacağam. Mən yalnız sənin mələyin olacağam. Allahın mələyi yox.........

       Anqanın bədəni buz təki soyumuşdu... Onun gözlərindən süzülüb, yanağında gilələnən iki damla gözyaşının hərarəti isə Yuxasın dodaqlarını yandırırdı...

    


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+4=
Hesaba giriş
Müəllif

meyxoş abdullah
Haqqında
Meyxoş Abdullah- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, "Doktor Qəzənfər", "Didərgin ruhlar", "Şeytan gülüşü", "Anakonda ovu", "Əsir qadın" və "Qapısı gecə döyülən qadın" kitablarının müəllifi. Evlidir 4 övladı, 8 nəvəsi var.
Əlaqə
Tel.:
0506420309
E-mail:
meyxos.abdullah@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0696 saniye