- Major depressiya. Major depressiyanı hər kəs eyni keçirmir. Buna görə də, major depressiya özü də bir neçə yerə bölünür:
1. Xroniki davam edən depressiya;
2. Atipik depressiya;
3. Melanxolik depressiya;
4. Doğum sonrası başlayan depressiya (post partum depressiya);
5. Fəsillə əlaqəli depressiya;
6. Distim depressiya (uzun və zəif depressiya).
Melanxolik depressiya. Xəstələrin sosial aktivasiyası və öz hobbilərinə qarşı maraqları azalır. Dostlarıyla və ailəsi ilə bir yerdə olmaq istəmirlər. Daha əvvəl maraqla etdikləri işi artıq etmək istəməzlər. Həyatlarında yaxşı seylər olsa belə, bundan xoşbəxt olmazlar. Xəstələr oyanmaları lazım olduğu vaxtdan daha tez oyanmış olurlar və sonrasında da yatmağa çalışsalar belə, yata bilmirlər. Bu depressiya ən çox səhər müşahidə olunur. Xəstələrin hərəkətləri normaldan daha yavaş və ya daha tez ola bilir. İştahasızlıq olur və həddən artıq arıqlayırlar. Hər şeydə özlərini günahlandırırlar.
Post partum depressiya (doğuş sonrası depressiya). Qadınlarda doğuş sonrası depressiya keçirmə halı 10-15%-dir. Depressiya özünü doğuşdan sonra 6 ay içində göstərir. Xəstələrdə, adətən, tez özündən çıxma, birdən-birə ağlamaq, gərginlik ola bilər. İlk dəfə doğum etmiş qadınlarda bu depressiya daha çox görünür. Doğuşdan sonra ani hormon dəyişiklikləri qadına çox pis təsir edir. Uşağın tez-tez ağlaması və ananın onun nəyə görə ağlamasını bilməməsi xəstəni daha da pis vəziyyətə salır.
Atipik depressiya. Bu depressiya digərlərindən fərqlidir, belə ki, xəstələrdə gərginlik, halsızlıq halı həmişə olmaya bilər, bəzən olduqları mühitdən asılı olaraq, çox şən, gülərüz görsənə bilirlər. Xəstələrdə iştahlılıq və kilo artımı ola bilər. Belə xəstələr bütün günü ağrıdan əziyyət çəkirlər, amma onların ağrıları tamamilə psixoloji olur. Ani şəkildə özündən gedə bilər, əsasən də insanların çox olduğu yerlərdə özündəngetmə halları artır. Bu insanlar, əsasən rədd edilməyə qarşı çox həssasdırlar və rədd edildikləri zaman çox əsəbi və dağıdıcı olurlar. Buna görə də, ailəylə, dostlarla və iş yerində bəzi çətinliklərlə qarşılaşırlar.
Distim depressiya (uzun və zəif depressiya). Ən az 2 il davam edən və zəif keçirdilən depressiyadır. Arada 1-2 gün sağalmış kimi görünə bilərlər, ancaq əsasən depressiya halında olurlar. Bu depressiyada olan şəxslər də gərginlik və həssaslıq keçirdirlər, ancaq ağır depressiya ilə müqayisədə çox zəif halda bu proseslər duyulur. Səbəbi bilinməyən bədən ağrıları, halsızlıqlar olur. Bu depressiyanı digərlərindən fərqləndirən cəhət onun daha uzun müddət davam etməsidir.
Fəsillə əlaqəli depressiya. Bəzi xəstələrdə depressiya mövsümi xarakter daşıyır. Təkrarlanan depressiya həmişə eyni fəsilə təsadüf edir. İlin digər fəsillərində isə həmin şəxs özünü çox yaxşı hiss edir. Bütün ağır depressiya halları bu depressiyada özünü göstərir. Əsasən havanın tutqun olduğu payız və qış aylarında bu depressiya özünü daha çox göstərir.