DƏRVİŞ HEKAYƏLƏRİ
BİRİNCİ HADİSƏ
“DƏRVİŞİN DOĞUŞU”
Hekayəmiz 500 il bundan öncə, cənnət məmləkətimiz Azərbaycanın güneyində, qədim Oğuz yurdu, müqəddəs Şeyxlər torpağı, Tanrıçılığın beşiyi və qoruyucusu Ərdəbildə o zamanlar baş verən hadisələri anlatacaqdır. (Hekayənin tam olaraq təsirinə qapılmaq üçün oxuyarkən sufi-qızılbaş musiqilərindən birinə qulaq asmanız məsləhət olunur.)...
Ərdəbilin qıraq kəndlərindən birində Kərəm xan adında bir kiçik mülkədar yaşayırdı. İşi-gücü təsərrüfat işləri olan bu üzü nurlu, qəlbi təmiz, yaşı qırxı adlamış şəxsin geniş otlaq sahələri, onlarla mal-qarası, qoyunu, keçisi və əkin sahələri olmasına baxmayaraq Kərəm xan özündə çox mütəvazi, sadə, kasıbın, yoxsulun qeydinə qalan, daima öz dərdini qırağa qoyub el dərdini düşünən bir insan idi. ətrafındaki insanlar onu çox sevərdi, sayardı. Dostları onun bir sözünü heç vaxt iki etməzdi. Xidmətində olan adamlar da xətrini çox istəyərdi Kərəm xanın. Çünki başqa mülkədarlardan fərqli olaraq Kərəm xan heç vaxt xidmətində olan insanları xırda bəhanələrə əsla incitməz, onların halıyla daim maraqlanar, korluq çəkməsinə imkan verməzdi. Məs buna görə Ərdəbilin hər yerində onun adı daima eşidilir, hər kəs ona hörmətlə yanaşır, müqəddəs Şeyxlərdən sonra ona xüsusi rəğbət bəsləyirdilər. Kərəm xan da öz növbəsində xalqın ona olan bu etimadını hər zaman doğrultmağa çalışır, bacardıqca qüsur işləməməyə diqqət edirdi.
Kərəm xan soyca Şahsevən tayfasından idi. Onun nəslindən çox böyük insanlar çıxmışdı tarixən. Elə anlatacağımız bu hekayədə də Şahsevənlərin o dövr Azərbaycan tarixindəki xüsusi yerini göstərəcəyik. Hər şey Kərəm xanın 40 yaşından sonra ətraf kəndlərdən gələn bir Dərvişin məsləhətiylə “Müqəddəs Qırxlar”-a qoşulmasıyla başladı. Müqəddəs Qırxlar Ərdəbilin dini təriqət sisteminin alt pilləsi idi. Və oraya insanlar ancaq xüsusi müşahidədən sonra rəhbərliyin - Ali Şeyx Heyətinin qərarı və şəxsən Ağa Dərvişin tapşırığı ilə seçilirdi. Ümumən bu sistem isə yalnız dini təriqətin təbliğatı və yaşadılması deyil, eyni zamanda dövlətin gizli “xəbərləşmə qurumu” və “mühafizə sistemi” idi. Nə xoşbəxt Kərəm xana ki bundan sonra o da hər şeydən müqəddəs saydığı dövlətin mühafizəsində iştirak edəcəkdi.
Kərəm xana ilk öncələr rəhbərlik tərəfindən çox sadə tapşırıqlar verilsə də vaxt-vədə yetişdiyində dövlət və millət üçün olduqca həyati anlam daşıyan bir vacib taprışıq yerinə yetirəcəyi deyilmişdi. Kərəm xan da bundan sonrakı həyatını böyük həyəcanla keçirir, hər bir işinə məsuliyyətlə yanaşır, səhv etməməyə çalışırdı. Çünki yaxşı bilirdi ki ən az 5000 illik gizli bir sistemin bir parçası olmaq nə deməkdir. burda səhv etmək əsla olmazdı. Bircə səhv bütün ulusun həyatını təhlükəyə ata bilərdi.
Bu zamana qədər nədənsə heç ailə həyatı haqqında düşünməyən, qardaşlarından fərqli olaraq evlənməyən Kərəm xan Ali Şeyx Heyətinin qərarı ilə bir Qıpçaq tayfasından olan xanımla qısa müddətdə ailə qurdu və 9 aydan sonra gözəlliyi, yaraşığı ilə bir ay parçasından fərqlənməyən, üzü sanki günəş kimi nur saçan oğlan uşağı dünyaya gəldi. Adını qədim Türk adlarından olan Elxan adını qoydular. Elxan da on beş yaşına çatana qədər Müqəddəs Qırxların xüsusi nəzarətində, Ali Şeyx Heyətinin tapşırıqlarıyla Kərəm xanın tərbiyəsində böyüdü. 15 yaşına çatanda isə onu bir neçə sınaqdan sonra, bir qrup Dərvişin müşayiətilə Savalan dağına apardılar. Bu ərəfədə Kərəm xan çox həyəcan keçirirdi, çünki oğlunun, yeganə övladının bundan sonraki taleyi artıq müəyyənləşmişdi və hələ ki Kərəm xanın heç bir xırda detaldan belə xəbəri yox idi.
Savalan dağına çatanda Elxan ətrafındaki yeddi nəfərlik Dərviş heyətinin ona qarşı qəribə baxışları və yavaş-yavaş başladıqları dini ayin səbəbindən təəccüblə, acizliklə dayanmışdı. Dərvişlərdən biri uzun, qəhvəyi libasından çıxardığı neyi durmadan çalmağa başladı. Digəri də yerdə bardaş qurub kürəyinə asdığı sazı aşırdı və neyi müşayiət etdi. Üçüncü Dərviş isə əlində gətirdiyi “Şaman Qavalı”-nı əlləriylə çalmağa, dördüncü isə onların ətrafında dönərək oxumağa başladı:
Biz Maqların davamıyıq,
Mürşidi-kamil aşıyıq.
Qamlar bizim Dədəmizdir,
Biz Tanrının əsgəriyik...
Beşinci onun səsinə səs verdi:
Tarixdə çox adımız var,
Göy Tanrıtək hamimiz var.
Xoca, Xacə, Molla bizik,
Qutlu Ruhtək canımız var...
Altıncı davam etdi:
Müqəddəsdir hər bir Ocaq,
Can Sufilər qucaq-qucaq.
Cəm olalım Ərdəbildə,
Savalana bir yol açaq...
Yeddinci Dərviş dərindən bir zəngulə vurdu və son dəfə o, oxudu:
Mani mənəm, Məzdək mənəm,
Od əsgəri Babək mənəm,
Mənsur mənəm, Nəsimiyəm,
Doğmamış “Ulu Ərk” mənəm...
Elxan son adı çəkilən Ulu Ərkin kim olduğunu çox düşündü, amma tapa bilmədi. Çünki yeddinci Dərviş ona “hələ doğmamış” demişdi. Deməli doğulacaqdı. Amma doğulacaqdısa bu Dərvişlər onu haradan tanıyırdılar, deyə dərin düşüncələrə daldı Elxan. ətrafındaki şəxslərin necə də ilahi varlıqlar olduğunu deyəsən indi dərk etmişdi. İçindən gələn bir səs ona “sən davam et” dedi sanki birdən və Elxan yerində dayana bilməyib Dərvişlərin ətrafında dönərək oxumağa başladı:
Hü, Canlar, Hü Canlar, Hü!
Gök Tenqri bizi anar, Hü!
Qızılbaşlıq, Sərdarıq biz,
Durmasın, axsın qanlar, Hü!
Həm Elxan özü , həm ətrafındaki Dərvişlər onun bu hərəkətinə çox təəccüblənmişdi. Çünki bu sözlər necə, haradan Elxanın ağlına gəlmişdi bilinmirdi. Amma Dərvişlərdən biri- ən yaşlı olanı biranlıq gülümsədi və deyəsən Elxanın tilsimini anlamışdı. Ona yaxın gələrək əlini üzünə çəkdi və ucadan – “Sən artıq Dərviş olursan” – dedi. Elxansa bu sözlərin qarşısında həyəcanla eləcə durub nə edəcəyini bilmədi. Dərvişlər bir neçə dəfə bu dini ritualı icra etdilər. Elxan da ona qoşuldu. Sonra ən yaşlı Dərvişin tapşırığıyla Savalan dağının yüksəkliyinə doğru qalxmağa başladılar. Bir müddət getdikdən sonra bir dərin mağaraya çatdılar və içəri girdilər. Elxan burda nə ilə qarşılaşacağını bilməsə də bayaqki dini ritual ona yamanca ruh vermişdi. Sanki bir anda qollarına güc, gözlərinə işıq gəlmişdi. Özünü Əfrasiyab qədər güclü biri sayırdı indi. Bir müddət qaranlıq bir yerdə gözlədilər. Sonra uzaq dərinlikdən bir alov onların diqqətini çəkdi, ən çox da Elxan narahat olmağa başladı. Alov getdikcə yaxınlaşdı və saçı-saqqalı üz-gözünə qarışmış, uca boylu, yaşı yüzü adlamış bir nurani qoca onların tam qarşısında dayandı. Elə o andaca bütün Dərvişlər onun qarşısında diz çökdülər, Elxan da bir anda qorxdu və diz çökdü. Qoca gülümsəyərək əlindəki alovla yanan odun parçasını onların başına 3 dəfə doladı və bu sözləri bir neçə dəfə təkrar etdi:
- Ulu Gök Tenqri sizə yar olsun! Uca Xızır Sultan sizə yar olsun! Şahı-Mərdan Əli sizə yar olsun!
Dərvişlər də ona cavab olaraq üç dəfə, ucadan “Hü!” dedilər. Sonra hər kəs ayağa qalxdı. Elxan da həyəcandan əsə-əsə qalxdı və dərin nəfəs alaraq qocanı izlədi. Qocasa öz növbəsində onu əlləriylə sığalladı. Sonra işarətiylə Dərvişlər libaslarında gizlətdikləri ağac parçalarını qocanın yanan ağacına yaxınlaşdırdılar. Hamısı sırayla yandı və ətraf daha da işıqlandı. Elxan o an qarşısında mavi gözlü, bəyaz tenli bir kişinin üzündəki gözəlliklə qarışıq vahimə hissi yaradan görünüşünə heyranlıqla tamaşa etdi. Qoca bir müddət sonra dilləndi:
- Ulu Qam Ata sizə yar olsun, Dərvişlər!
Dərvişlər hamısı bir ağızdan ona cavab verdilər:
- Dərvişlər yolunda can versin, Ulu Qam Ata!
Elxan daha da artan heyrətini gizlətməyərək, qocaya baxdı və bir anda özündə cəsarət taparaq ona bir sual verdi:
- Ulu Qam Ata, sən kimsən, biz bura niyə gəlmişik?
Ulu Qam Ata gülümsədi və ona nurani baxışlarla baxaraq dedi:
- Mən dinimizin və ulusumuzun Ali Qoruyucusuyam, Elxan. Bu törə beş min ildir var və bundan sonra sən də bu törənin ayrılmaz bir parçası olacaqsan.
Elxan daha da cəsarətlənərək bir az rahatladı və bir də sual verməyə qərar verdi:
- Ulu Qam Ata, bu nə törədir elə, Gök Tenqriçilik, yoxsa?
Ulu Qam Ata bir daha gülümsədi və Elxanın başını sığallayaraq cavab verdi:
- Öyrənəcəksən, hər şeyi zamanla öyrənəcəksən, Elxan. Bu gün isə burda sənin Dərviş olmanı qutlayacağıq.
Elxan həmin gün bir neçə fərqli dini ritualda iştirak etdi və evə döndüyü zaman ata-anasının ona necə heyrətlə baxdığına da təəccüblənmədi. Çünki onun üzü həmişəkindən daha aydın, daha nurlu olmuş, gözlərinin rəngi isə bir andaca dəyişilmiş, qəhvəyidən maviyə dönmüşdü. İçdən-içə hiss edirdi, o artıq Dərviş olmuşdu...
Bir neçə gündən sonra məmləkətin hər bir yerinə böyük bir səs-səda yayıldı – “Mürşidi-Kamilimiz, Rəhbərimiz, Başbuğumuz, Xaqanımız Şah İsmayıl Səfəvi” doğuldu. Elxanınsa artıq o həyati tapşırığı bəlli oldu. Şahın – Şeyxin Ali Qoruyucusu oldu Elxan Ali Şeyx Heyətinin qərarı ilə... Ali Qoruyucununsa əsas işi bir insan oğluna, bir ins-cinsə varlığını bəlli etmədən yaşamalı və rəhbərliyin ona verdiyi tapşırıqları yerinə yetirməli idi... Əlbət buna görə də Ali Qoruyucular haqqında heç vaxt, heç yerdə danışılmayacaq, adları çəkilməyəcək, onlar tarixə düşməyəcəklərdi...
Yazdı: Elşən İsmayıl