DƏRVİŞ HEKAYƏLƏRİ
İKİNCİ HADİSƏ
“ŞAH İSMAYIL SƏFƏVİ”
Al qırmızı günəşin doğuşuyla bərabər sarı, altun qumun üzərində yatmış olan Dərviş – Elxan oyandı. Öncə üzünə düşən və o mavi gözlərini qamaşdıran günəşə doğru baxa bildiyi qədər dərindən baxdı, gülümsədi, sonra ayağa qalxıb geyimini düzəltdi, boğçasını və əsasını alıb yoluna davam etdi...
Miladi təqvimlə 1490 ya da 1491-ci il olardı. Qızılbaş məmləkəti Azərbaycanda hələ də siyasi və ictimai təhlükə davam edirdi. Oğuzların Bayandur soyundan olan Ağqoyunlu xanədanı çökmüş durumda, şəhzadələr və digər hakimiyyət qüvvələri bir-biriylə çəkişmədə, ölkə xarici işğalçıların daim nəzarətindəydi. Bir yandan Özbəklər, bir yandan Osmanlı ölkəni işğal üçün planlar qurur, bir yandan yerli tacik (fars) feodallar və onların əlaltıları olan bir sıra kürd, hay, aysor birləşmələri ölkədə oğurluq, qəsb, müəyyən siyasi məqsədlərlə çaxnaşmalar törətməkdəydi. Onlara hər cür dəstək verən Avropa dövlətlərinin tacir qismində göndərdikləri bəzi casuslar isə durmadan ölkədə məzhəb ayrımçılığı, dini ayrı-seçkilik üçün təbliğat aparır, bu böyük məmləkəti uçuruma doğru yuvarlamaq niyyətindəydilər. Ölkədə iqtisadi vəziyyət də get-gedə gərginləşir, xalq ağır vergilərdən və zillətli həyat tərzindən bezmişdi. Vəziyyətin belə olan şəraitində özlərini, soylarını, hər şeylərini unudub bütün varlıqlarıyla ölkə üçün çalışan, daima xalqı və məmləkəti düşünən tək kəsim demək olan ki Ali Şeyx Ocağı, Dərvişlər, Sufilər, Qələndərlər, Əxilər, Bacılar və onların nəzarətindəki xırda vəzifəli insanlar idi. Özəkləri Ərdəbildə yerləşən və demək olar ki Azərbaycanın hər yerinə nəzarət etməyi bacaran bu milli və dini kəsim ölkəni və xalqı bütün bəlalardan xilas etmək, yenidən dirçəlmək və güclənmək üçün durmadan planlar qurur və onların gerçəkləşdirmək üçün hər şeyə əl atırdılar. Hakimiyyət və xarici qüvvələrdən gizlənmək üçünsə mədəni, əyləncəli məclislər düzənləyir və kimsə duyuq düşmədən, səssiz-səssiz öz işlərini görürdülər...
Dərviş Elxan 7 günlük çətin və bir qədər dərin yolçuluqdan sonra Təbriz ətrafındakı bir karvansaraya çatdı. Özünü bildirməmək və digər təhlükəli insanlardan gizlənmək üçün siyah niqaba bürünmüşdü, Elxan. Kimsəyə bir şey bəlli etmədən karvansaraya daxil oldu və izdihamla dolu yerdən sürətlə keçib karvansarayın arxa otaqlarından birinə özünü yetirdi. Ətrafındakı insanların çoxluğundan əsla narahat olmayan Elxan onu burada kimin gözlədiyini yaxşı bilirdi. Çünki Ərdəbildə Ali Şeyx Ocağında ona hər şeyi olduğu kimi anlatmış və bu karvansarayda onu digər bir Dərvişin gözlədiyini və nə etməli olduğunu demişdilər. Bir qədər otaqda gözlədikdən sonra qapıda eynən onu kimi geymiş və onun kimi niqab taxmış digər Dərviş göründü. O, Elxana sağ əlini ürəyinə qoymaqla işarə verdi və gözdən itdi. Elxan da onu həmən anladı və ardınca getdi. Bir neçə iç-içə otaqdan keçən Dərvişlər bir ensiz və kiçik keçidə çatdılar. Hər ikisi əyilərək bir müddət çətinliklə də olsa bu keçidlə irəlilədilər. Haradasa yarım saat yol qət etdikdən sonra Dərvişlər bir işıqlı, nurlu otağa çatdılar. Otaqda divarda göy xalı üzərində o vaxtın qrafikasıyla “Ulu Gök Tenqri adına, Uca Xızır Sultan adına, Şahı-Mərdan Əli adına salamlar olsun! Tanrı budunu qutlu qılsın! Türkman Eli şad olsun! Təriqəti-Səfəviyyə, Ali Dövlət uğruna var olsun!” yazılarını görən Elxan bir daha doğru yerə gəldiyinə əmin odu. Çünki bu göy xalıdan məmləkətin hər tərəfində Qızılbaşların bütün Ocaqlarında vardı. Bir müddət otağın tisliminə qapılan Elxan otağa yeddi fərqli istiqamətdən açılan qapından daxil olan digər Dərvişlərin salamlarıyla özünə gəldi və hər kəs bir qaydada yerdə bardaş qurub oturdular. Üzlərindəki niqabı açaraq bir-birilərinə sevinclə gülümsədilər. Bir Dərviş saz, bir Dərviş ney, digəri qaval çıxarınca Elxan ayinin başladığını anladı. Və özünü hazırladı. Dərvişlər, musiqi müşayiətilə sırayla oxumağa başladılar:
Gəlin, Canlar, gəlin yola,
Tanrı üçün Qutlu ola.
Xidmətimiz bir gerçəkdir,
Can Dərvişlər dola-dola.
Biz Maqlardan gəlməyik,
Beş min ildir bu yoldayıq.
Xızır Sultan duysun bizi,
Ondan qayrı Həqq bilməyik.
Pirimiz, Mürşidimizdir,
Şahı-Mərdan Əlimizdir,
Şah Xətai rəhbərimiz.
Onun yolu yolumuzdur.
Bu dəmdə Elxan öz Mürşidinin, bir cüt mavi gözləri tək qoruduğu o Qutlu Ruhun, Şahın ismini duyunca gülümsədi və Dərvişlərin ardınca davam etdi:
Hü, Canlar, Hü Canlar, Hü!
Gök Tenqri bizi anar, Hü!
Mürşidi-Kamil üçün gəldik,
Könlümüz Şahçün yanar, Hü!
Dərvişlər bir neçə şeir parçası söylədikdən sonra ayağa qalxdılar və otaqda dairə şəklində dönməyə, tez-tez var-gəl etməyə və “Hü” deyə çağırışlar etməyə başladılar. Bunu edərkən sağ əlləri ürəklərinin başında, başları aşağı doğru, gözləri yumulu, sağ əlinin baş barmağındaki mavi qaşlı üzükləri isə adəta ulduz parçası kimi bərq vururdu. Bir müddət belə döndükdən sonra, yenə oturub musiqili şeirlər deməyə, Nəsimidən və digər sufi şairlərdən sitatlar gətirməyə davam etdilər. Daha sonra bir neçə fərqli ritual gerçəkləşdirib haradasa 3 saatdan sonra söhbət etməyə başladılar. Dərvişlərin ən yaşlısı Elxanı öz mavi gözləriylə süzdü, sonra əlini ana südü kimi dümağ olan saqqalına çəkərək, sağ əlini ürəyinə qoyaraq sordu:
- Şahı-Mərdan Əli eşqinə söylə Dərviş, Ərdəbil bizdən tam olaraq nə istəyir?
Elxan qarşısında bir günəş kimi parlayan yaşlı Dərvişə özünə xas bir cavab verdi:
- Şahı-Mərdan Əliyə canımız qurban, Dərviş. Ərdəbil sizlərə buyurur ki, çox yaxında Mürşidi-Kamilimiz, Xaqanımız, Başbuğumuz, Şahımız taxt-tac uğrunda savaşa başlayacaq, onun üçün bütün hazırlıqlar tamammıdır?
Yaşlı Dərviş nurani bir gülümsəməsiylə Elxana cavab verdi:
- Dərdiniz olmasın. Təbriz əhli öz hökmdarını qəbul etməyə hazırdır. Bütün Sufilər, Dərvişlər, Qələndərlər, Əxilər, Bacılar və digər Ocaq əşrafları bu qutlu ana qiyamətə hazırlaşdığı kimi hazırlaşıb. Hər şey öz yerindədir. Ayrıca Urmu gölü ətrafındaki Qutlu Od, Qutlu Su, Qutlu Yel və Qutlu Torpaq Qoruyucuları da bu tarixi ana hazırlaşırlar. Dərbənddən Kəngərədək məmləkətin hər yerində Od Əsgərləri şahın gələcək müqəddəs ordusuna qatılmaq üçün gecə-gündüz təlimdədirlər.
Yaşlı Dərviş yanındaki digər Dərvişə başıyla işarə verdi. O da davam etdi:
- Naxçıvan, İrəvan və Qarabağ müridləri öz mürşidlərinə qovuşmaq üçün sadəcə bir qığılcım bəklərlər. Diyarbəkir, Ərzurum, Ərdahan, Qars və s. yerlərin cəsur aslanları öz Şahları üçün canlarından keçməyə hazırdırlar. Mosul və Kərkük isə Bağdada qədər bütün yollara nəzarət edir, tezliklə Qutlu Fəth üçün hər şey öz yerini tapacaq.
Beləcə bu söhbət bir-iki saat daha davam elədi. Sonda məclis şərab və musiqi dəsgahıyla bitdi.
On il keçdi. Və Dərvişlərin hesabladığı kimi Şah İsmayıl Səfəvi ard-arda öncə Şirvanda Fərrux Yasarı, sonra Naxçıvanda Əlvənd Mirzəni, daha sonra Şiraz ətrafında Murad Mirzənin tərəfdarlarını ağır məğlubiyyətə uğradaraq qısa zamanda bütün Cəmi-Azərbaycana sahib oldu. Əzəli Təbriz torpağı səltənətin paytaxtı, Ərdəbil isə təriqətin beşiyi və qoruyucusu olaraq tarixə keçdi. Azərbaycan Türkcəsi dövlət dili, saz müqəddəs alət elan edildi. Bütün Dərvişlər və Sufilər məmləkətdə rahatlıqla öz fəaliyyətlərini davam etdirmək üçün Şah tərəfindən verilən yüksək imtiyazlara sahib oldular...
Al qırmızı günəşin batışıyla bərabər sarı, altun qumun üzərində aram-aram yürüyən Dərviş Elxan bu neçə illər ərzindəki olayları düşünərək gülümsədi və dərin bir bilinməməzliyə dorğu qərq oldu...
Elşən İsmayıl