Özüm öz yolumla gedirəm hələ,
Ehtiyac çiynimdə ən ağır şələ.
Qoymadım tamahı yaxına gələ,
Dayandım nəfsdən gen, dəyişmədim.
Gördüyüm yuxular hərdən çin oldu,
Nə durna qatarım, nə köçüm oldu.
Təkcə arzularım bələdçim oldu,
Yolumu kəssə də çən, dəyişmədim.
Bəzən yarpaq kimi titrəyib əsdim,
Bəzən də bəxtimdən inciyib küsdüm.
Sevib, sevilməyə bir az tələsdim,
Düşdü saçlarıma dən,dəyişmədim.
Etibarsız kəsin olmur sabahı,
Heç vaxt yerdə qalmır məzlumun ahı.
Özün de, Seymurun nədir günahı,
Dəyişən sən oldun, mən dəyişmədim...
MÜƏLLİf: SEYMUR SÖNMƏZ PAŞAYEV