Dəyişmə
Xanım Əliyeva tərəfindən "Hekayə" bolməsinə 19:13 03 mart 2018 tarixində əlavə olunmuşdur

Keçmişi unutmaq və yaşamağa davam etmək. Bəzən bu elə çətindir. Yadımdadır balaca uşaq idim, qapıdan ayağımı çölə qoyan kimi qonşu uşaqları “Gey Raufun qardaşı” deyərək qışqırırdılar. O vaxt bu sözlərin mənası mənə elə də çatdırmırdı. Gey nədir? Niyə qardaşıma elə deyirlər? İndi isə vəziyyət əvvəlkindən də betərdi. İndi qardaşım cinsiyyətini dəyişdirib. Bəli, qardaşım transseksualdır.

 Atam indinin özünə kimi içir. Düzdür, daha əvvəlki kimi spirtçi içki qəbul edib, anamı və bizi döymür. İçir, yıxılır bir küncə. Amma biz uşaq olanda içib, bizi döyərdi. Heç yadımdan çıxmaz bir dəfə qardaşım atamın içkili vaxtında əlinin altına düşmüşdü. O qədər döydü qardaşımı. Başına o qədər təpik, yumruq vurdu ki dedim qardaşım dəli olacaq. Amma qardaşım dəli olmadı. Onun gey olması səbəblərini bilmirəm. Yaşca məndən böyük olduğundan hara gedib, haradan gəldiyini bilmirdim.

Üstündən uzun müddət keçib. Hər şeyi unudulmuş kimi gəlirdi taki bu günə kimi. Evimizə məktub gəldi. Məktubda radara düşmüş avtomobilin şəkli idi. İçində isə bir qız. Məktub qardaşımın adına idi. Atam məktubu oxuyub, dediki yəqin qardaşım maşını kiməsə satıb, amma onun adına qalıb. Mən anamla baxışdım. Çünki atam qardaşımın cinsiyyətini dəyişdiyini bilmirdi. Atam hələ bilmirdi ki böyük oğlunun cinsiyyətinin dəyişdirməsi xəbərini kimdən nə vaxt alacaq.

Qardaşımın haradasa 20 yaşı vardı evdən qaçanda. Növbəti dəfə atam tərəfindən döyüləndən sonra daha buna səbir edə bilməyib, evdən qaçmışdı. Uzun müddər ondan heç bir xəbər almadıq. Amma sonra qəflətən qapıda peyda oldu. Daha doğrusu qapıda sarısaç bir xanım vardı. İlk baxışdan onu tanımamışdım. Əgər zəng vurub, qapıya çıxmağımı istəməsəydi heç vaxt ağlıma da gəlməzdi ki bu qardaşımdır. Yalan olmasın 5 dəqiqə səssiz-səmirsiz ona baxdım. O üzümdəki təəccübü görüb təbəssümlə dedi “ Ay əclaf nə olub, trans görməmisən?”. Mən həqiqətən də indiyə kimi cinsiyyətini dəyişmiş adam görməmişdim. Qardaşım məni yola salmağa gəlmişdi. Sən demə o anamla zəngləşirmiş. Ana ürəyidir. Nə olursa olsun, övladından vaz keçə bilmir. Anam ona mənim əsgərliyə getdiyimi deyib. O da gəlib mənlə sağollaşmaq istəyirmiş. Sağollaşarkən heç bilmədim onu qucaqlayım, ya nə edim. Sadəcə əlini sıxmaqla kifayətləndim. Bir neçə gün sonra yola düşdüm.

Bir bölgəyə düşdüyüm halda andiçmədən sonra məni tamamiylə başqa bir bölgəyə keçirdilər. Sən demə qardaşım pul verib, məni daha yaxşı hesab etdiyi bölgəyə saldırıb. Hətta sonralar öyrəndim ki bacımın cehizinin alınmasında bir başa qardaşımın əli olub. Qardaşımın puluna bacımı gəlin köçürmüşük.

Qardaşımın cinsiyyətini dəyişdirdikdən sonra bir çox transseksuallar kimi bədənini satmaqla məşğuldur. Anam ödündən keçən il əməliyyat olundu. əməliyyat pulunu da qardaşım vermişdi. Uzun sözün qısası ailəmizi qardaşım dolandırırdı. Atamın xəbəri vardı. Amma reaksiya verməməyə çalışırdı.

Yaxın qohumumuz rəhmətə getdiyindən rayona getməli olduq. Yas məclisdən sonra atam başı alovlu üstümüzə gəldi. “Siz mənə niyə deməmisiz?, Niyə mənim xəbərim yoxdur?” sualları yağdırırdı. Bizdə maraqla onun üzünə baxdıq ki nə məsələdi.Sən demə məclis vaxtı qohumlarımızdan biri ironiya ilə atama deyib ki “ Ay Cəfər, eşitdim oğlun gedib, cinsiyyətin dəyişdirib”. Bu kənddə belə şey olmamışdı. Onu da sənin oğlun etdi. Daha kəndə gəlməyin. Bütün kəndin dilindəsiz. Biabır olmusuz bütün kəndə. Ailəni də götür, qayıt şəhərdəki evinizə.

Atam da dəhşət içində qohumuza deyib ki, belə şey ola bilməz. Yoxsa onun xəbəri olardı. Kişi də atama cavabında bildirib ki “Özünü bicliyə vurma. Yekə adamsan. Başını quma soxmusan, arxan qalıb çöldə. Elə bilirsən camaat çörəyi qulağına, burnuna yeyir? Keçən səfər Səfərin nəvəsi şəhərdə olanda gədənlə rastlaşıb. Özü Səfərin kiçik nəvəsinə salam verib. Hal əhval soruşub. Səfərin nəvəsi də şəhərdən bir başa nənəsigilə zəng vurub, əhvalatı danışıb”. Atam o an ona cavab vermədən, yerindən sıcrayaraq, üstümüzə gəlib ki söhbətin düz olub-olmamasını bizdən öyrənsin. Anam yazıq da bunun doğru olduğunu atama danışdı ki o bizdən əl çəksin. Səhəri gün şəhərə qayıtdıq. Qayıdandan sonra atam bizə qardaşımla əlaqə saxlamağa qadağa qoydu. Anam da bu səfər susmadı. Qardaşımın harada nə qədər pul xərclədiyini bir-bir atamın üzünə vurdu. Sonra atamı iddiham etməyə başladı. Bütün gəncliyinin dava-qırğında keçməsində, oğlunun hala gəlib, çıxmasında onu günahkar bildiyini dilə gətirdi.

Mən sonra qardaşımla danışanda söhbətdən onu da xəbərdar elədim. O mənə dediki özü bilə-bilə qohumuzun nəvəsinə yaxınlaşıb. Onsuz da gec-tez kimsə bundan xəbər tutacaqdı. Ən yaxşısı bəri başdan deməkdir.  Qardaşım məni evləndirəcəyini də öz boynuna götürüb. Deyir sən qız tap, gör sənin üçün necə toy edirəm. Qardaşımın cinsiyyətinin dəyişdirməsini nəyinki az adam bilir, hətta məndən böyük qardaşım olmasını barmaqla sayılacaq qədər adamlara demişəm. İnsanlar bu söhbəti eşidəndə müxtəlif cür davranırlar. Kimisi məndən  üz döndərir, kimisi inanmır. Elə bilir zarafat edirəm. Kimisi də normal qəbul edir. Ona görə çalışıram ki az adam bilsin.  Hal-hazırda bu haqda düşünməməyə çalışıram. Gələcəkdə nə olacaqsa, olacaq. İndidən bu haqda düşünüb, əhvalımı pozmaq istəmirəm.  Həyatdır. Heç kim bilmir ki sabah başına nə iş gələcək.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+15=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.025 saniye