Dilquşə
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 11:40 07 noyabr 2015 tarixində əlavə olunmuşdur

Atası Səddam Hüseyn dönəmində Tiqrit şəhərindəki həbsxanada amansızlıqla qətlə yetirildikdən sonra,anası da çox yaşamadı.Yetkinlik yaşına çatmadan yetim qalan 11 yaşlı Dilquşə Bağdaddakı qonşularının vasitəsilə baba ocağı Kərkükə yola salındı.Baba ocağı belə ata-ana sevgisinin, valideyin şəfqətinin yerini doldura bilmədi onun yaralı qəlbində. Yalnızlıq və yalqızlıq bağrını paramparça etmişdi.Dilquşə,nənəsinin sonsuz sevgisinə,babasının onun üçün çəkdiyi cəfalara rəğmən heç cür təsəlli tapa bilmirdi.Yaşının az olmasına baxmayaraq ətrafında baş verənləri təhlil etməkdə aciz deyildi.Göz yaşları ilə iztirab köynəyini toxuya-toxuya günləri aylara,ayları illərə caladı balaca Dilquşə...

Aradan tam 12 il keçdi.Yalnız onun ölkəsində deyil, dünyada çox şey dəyişmişdi.Səddam urvatsız şəkildə edam edilsə də,yeni düzən qurulsa da,onun bədbəxt məmləkəti hüzura,istiqbala qovuşmamışdı.İxtiyar babasının dəstəyi ilə Türkiyədə ali təhsilini başa vuran Dilquşə,Kərkükün yerli radiosunda “Şərqin səsi”verilişinin aparıcısı kimi fəaliyyətə başladı.Sağlığında atasının müqəddəs məslək sayaraq həyatının 15 ilini verdiyi jurnalist peşəsini,indi,Dilquşə davam etdirirdi.Qısa zaman ərzində,o,yalnız Kərkükdə deyil,bütün ölkədə adından söz etdirməyi bacara bilmışdi.Dilquşənin işinə olan bağlılığı, gözəl nitq qabiliyyəti,peşəkarlığı,bir-neçə əcnəbi dildə sərbəst danışması,onu digər həmkarlarından fərqləndirirdi. Məhz,bu fərqlilikləri nəzərə alan bir çox xarici tele-kanallar,radiolar onunla tərəddüd etmədən əməkdaşlıq edirdilər.Dilquşə vətəndaşı olduğu,bu qarışıq ölkədə jurnalist kimi fəaliyyət göstərməyin necə bir ağır iş olduğunu çox gözəl dərk edirdi.O,əcəllə rəqs etdiyinin tam fərqindəydi.Bütün bunlara rəğmən,bu cəsur türkmən qızının qəlbində qorxuya zərrə qədər yer yox idi.Onun üçün önəmli olan, haqqı tapdalanmış,məcburən zülmə düçar edilmiş məzlum xalqının haqq səsini dünyaya çatdırmaq idi.O,tənha bir cəngavər kimi aydın fikirləri,ədalətə bağlı zəkası ilə atılmışdı savaşın ortasına.Səhərlər partlayış səsinə oyanıb,gündüzlər küçələrə sərilmiş günahsız cəsədləri seyr etmək,gecələr güllə-mərmi səsləri altında yatağa girmək artıq ənənə halını almışdı.Ölkənin hər tərəfi od-alov içində idi.Sanki,haqq-ədalət yetim və sahibsiz buraxmışdı,bu ölkəni.Səddam rejiminin devrilməsindən iki il keçsə də, məmləkətdə heç cür əmin-amanlıq təmin edilməmişdi.    

Məşhur ərəb tele-kanallarından birinin xahişi əsasında, Dilquşə reportaj hazırlamaq üçün Tiqritə səfər etmişdi. Onun üçün,bu şəhərə gəlmək çox ağır idi.13 il əvvəl, amansızlıqla qətlə yetirilən atasının iztirablarını qəlbində hiss edirdi.Tiqrit şəhəri atasını vaxtsız qoparmışdı Dilquşədən.Hər məhəlləsində,hər addımında,sanki,atasının acıları vardı.Bir zamanlar “Qanlı qala”kimi anılan və təməli Səddam Hüseyn tərəfindən qoyulan, atasının da,son nəfəsini verdiyi Tiqrit həbsxanasından əsər-əlamət qalmamışdı.Tiqritə səfərinin ikinci günü, Dilquşə “Qanlı qala”dan geriyə qalan xarabalıqlardan da,qısa reportaj hazırladı.Həmin anları sözlə ifadə edərkən,kamera qarşısında qurduğu cümlələri bəzən düyünlənib boğazında qalırdı.Mərmilərin,güllələrin sədası altında çəkiliş etmək,müharibə mövzusunda reportaj hazırlamaq doğrudan da,insandan böyük hünər və cəsarət tələb edirdi.

Üç gün davam edən yoğun çalışmalardan sonra,Dilquşə Bağdaddan olan operator həmkarı ilə geri,Kərkükə qayıdırdı.Acıları ilə baş-başa qalan bir şəhərin,oyuncaq yerinə boş güllə gilizləri ilə oynayan uşaqların,ümidlərini sülhə bağlamış ixtiyarların,şəhərlərini qorumaq üçün silaha sarılmış gənclərin həyat tərzlərini əks etdirən 30 dəqiqəlik reportaj qismən də olsa,Tiqritin müasir vəziyyətini önə çıxara biləcəkmi? Dilquşəni hər şeydən əvvəl,bu məsələlər narahat edirdi.Kərküklü jurnalistin hazırladığı “Qəmli şəhərin qanlı günləri” başlıqlı geniş reportaj iki gün sonra,ərəb tele-kanalları ilə yanaşı bəzi Avropa televiziyalarında da yayımlandı.Kəskin və sərt bir üsulla hazırlanan reportajda hədəf düzgün seçilmiş, müqəssirlər bariz şəkildə önə çıxarılmışdı.Bu,Dilquşənin hazırladığı ilk belə reportaj deyildi.Son reportajın ardından,əvvəlki kimi yenə də,əl və iş telefonuna gizli nömrələrdən təhdid yağmağa başladı.Lakin,bu dəfəki hədə dolu zənglər digərlərindən daha sərt,daha dəhşətli idi.Dilquşə özü də,vəziyyətin ciddiliyinin fərqində idi.Terror birləşmələrinin onun barəsində çıxardıqları ölüm hökmü, rişxənd edib üzərindən keçiləcək məsələ deyildi.

Qurban bayramı ərəfəsində Bağdadda,Nəcəfdə və Kərkükdə ard-arda səkkiz partlayış baş verdi.Qurbanlar yenə də,günahsız insanlar idi.Bayram öncəsi dükan-bazarlarda,meydanlarda çoxluğu nəzərə alan amansız terrorçular xeyli sayda məzlumların həyatlarına son verdi.Həmin gün,Kərkükün acısı daha böyük idi.Şəhərdəki partlayışların ardından,yerli radio binasına basqın edən iki nəfər canlı bombalı kamikadze binanı havaya uçurdu.Kərkükün dişi aslanı Dilquşə və radionun 9 əməkdaşı gözlənilməz hücum nəticəsində şəhid edildi.Terrorçular daha bir vəhşətə imza atmışdılar.Radio binasında baş verən partlayışdan sonra,yerli camaat darmadağın olunmuş yerdən jurnalistlərin parça-parça olan cəsədlərini topladı.Bayram öncəsi Kərkük iki qat matəm yaşadı.Ertəsi gün,33 dinc sakinin və 9 jurnalistin paramparça olmuş cansız bədənləri Kərküklülərin çiyinlərində Şəhidlər məzarlığına aparılırdı.Kərkükün comərd,qəhrəman qızı Dilquşənin kecavəsi lap öndə idi.Kərkük 13 i əvvəl torpağa verdiyi cəsur oğlunu ardından,indi,onun vətənpərvər övladını son mənzilə, əbədiyyətə yolçu edirdi...


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+4=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0442 saniye