Din şou
Namaz qılanların çoxalıb sayı,
Haqqa tapınanlar az-azdır, amma.
Hər haca gedənin, hacdan gələnin,
Nəfsi paklaşıbmı?
Tövbə inanma.
Quranı pul ilə oxuyan molla,
Sən demə, var imiş rüşvət dində də?
Fırıllaq mollalar, işbaz hacılar,
Dünən də var idi, var bu gündə də.
Bu gün mollaların doxsan faizi,
Xalqa kələk gələn falçı, cadugar.
Bu təzə əsr də ayıltmıb bizi,
Yenə o Nəsrullah, Məstəli şah var.
Yenə məscidlərdə nəzir qutusu,
Yenə nəzir verən avam camaat.
Molladı, axundu kəndin lotusu,
Pak, təmiz mollalar azdı bu saat.
Molla Qəmbərqulu töküb kasaya,
Cinlə əlbir olub üfürür suya.
Əcaib kəlmələr donquldanaraq,
Bu qız qarımışçün ər tapır guya.
Ehsanda nə yoxdu toydan beşbetər,
Ölüm ucuzlaşıb, ehsansa baha.
Qarmonu, zurnası əskikdi yasın,
Qoy acıq getməsin sözüm Allaha.
Ehsana çəkdiyin xərcin yarısın,
Bir yardım eyləsən kasıb xəstəyə,
Vallah bir yol çəkib, bir ağac əksən,
Min rəhmət deyilər ölən kimsəyə.
Nə lazım baş daşın bürü parçaya,
Əgər qismət olsa kəfən bəsimdir.
Bir gün bu şerimi oxuyan kimsə,
Sən mənə bir rəhmət desən, bəsimdir.
Yusifə nə lazım təmtəraqlı yas,
Yasında verməyin kivi, ananas.
Vəsiyyət eylədin, rəhmətlik oğlu?
Day bəsdi, misranın nöqtəsini bas.
Yusif Nazim Ərəbsoy