Din və İnsanlar
Aqil Yaşaroğlu tərəfindən "Esse" bolməsinə 19:05 19 dekabr 2016 tarixində əlavə olunmuşdur

Din siyasi bir hakimiyyətin qoluna çevrilən, insanları çirkin əməllərdən çəkindirən ideal bir vasitədir. Müsəlmanların həyatında İslam dininin rolu, onun insanlara aşıladığı nəcib tövsiyələrin və, məsləhətlərin rolu çox böyükdür. Lakin insanlar dinimizin gözəlliklərini görüb qorxu ilə deyil də, sevgi ilə, qəlbən Allaha inanmaq əvəzinə, içlərində bir qorxu yaradaraq yaşayırlar. Əbəs yerə bir insanın imanlı olduğu fikrini söyləyəndə onun haqqında “ ürəyində Allah qorxusu var gözəl insandır” deyirik. Ürəyində Allah sevgisi var deyilsə idi çox düzgün həm də daha uyğun bir cümlə olardı. Bir çox insanlar fikirləşir ki, bəli, hardasa qorxmaq lazımdır ki, bizi bəzi pis əməllərdən çəkindirsin, bəlkə də, qorxmasaydıq, onda daha çox günahlara girərdik. Lakin hər bir insan yaxşı əməllər etmək, pis əməllərdən, günahlardan çəkinmək üçün qorxu ilə deyil, vicdanının səsi ilə, ürəyində sevgi ilə tərbiyələnməlidir. Allahı hiss eləmək üçün əvvəlcə ona ürəkdən, qorxusuz-filansız, sevgi ilə inanmaq lazımdır. İslamın müsbət dəyərlərini qəbul edən, ondakı gözəllikləri görə bilən şəxslər həmişə bir addım öndə olurlar. Quranda insanlara çatdırılan mesaj din, qorxu, çəkingənlik deyil, ədalət, vicdan, doğruluqdan, sevgi və anlayışdan ibarətdir. İnsanlar quranda olan yazılanlara əməl eləsə onda ədalətli bir cəmiyyət yaranar, hər kəs bərabər-hüquqlu, azad bir insan olar. Cəmiyyətin  ağır bəlası olan varlı - kasıb təbəqələşməsi də olmaz. Bəzən isə elə hallarla qarşılaşıb, elə informasiyalar oxuyub görürük ki, biri çıxıb yeni doğulmuş körpələrin alnında, çörəyin, daşların, fındıqların, uşaqların qarnının üstündə, Allah sözlərinin yazıldığını bar-bar bağırır. Təbii ki, bu cür hallara inanan avam insanlar  sübhanallah deyib hadisəni şişirdib, möcüzəvi bir şey kimi dəyərləndirirlər. Məgər Allahın belə kiçik şeylərə ehtiyacı var ki, varlığını insanlara sübüt etsin? Azərbaycanlı ilahiyyatçılarımız da belə şeylərin yalan və boş olduğunu dəfələrlə öz çıxışlarında qeyd edib. Amma insanlar öz çirkin əməllərindən əl çəkmir, hara gəldi Allah sözünü yazıb özlərini məsğərəyə qoyurlar. Başqa bir acınacaqlı vəziyyət isə dini əllərində bayraq edib müxtəlif ayinlər nümayiş etdirən kütlənin düşüncəsiz davranışlarıdır. Aşurada qan axıdanlaradı sözüm! Guya qan axıdanda nə baş verir? Neçə illərdi rəhmətə gedən, üzlərini də görmədikləri İmamlarmı dirilir? Bu insanların arasında elələrini də tapmaq olar ki, heç öz yaxınlarından biri rəhmətə getsə bu qədər özlərini zəncirləyib, hay-həşir salmazlar. Bu qədər cahil olmaq nəyə lazımdır! Ondansa qollarınızdakı axıtdığınız hər qanı talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara verin. Onların hər on beş-iyirmi gündən bir qana ehtiyacı olur. Əgər onlara qan köçürülməsə həyatları ilə vidalaşmalı olurlar. Həyatda ən bədbəxt insanlar cahil olanlardır. Belə bir söz də var “Cahillik bir yerə yığışsa fəlakət olar”. Cahil insanlar cəmiyyəti korlayaraq öz mənfi fikirlərini müsbət hesab edib qarşısındakı insanın haqlı olmasına belə məhəl qoymaz, öz səthi düşüncələrinə haqq qazandırmağa çalışarlar . Onların yaydığı cəhalət bir çox zəif iradəli, bir çox məsələrdən xəbərsiz insanlara psixoloji təsir edib onları da öz cahil fikirlərinin təsiri altına alır. İnsanların bəzilərinin də Allaha inanmaması, onların cahil olmasından irəli gəlir. Bəziləri təkəbbürdən, Allaha itaət etməkdən qaçır. Darvinizmin qoyduğu saxta dəlillərə inanıb ateist olanlar da var. Elm özü darvinizmə və ateizmə qarşıdır. İslam vicdan və insanlıq dinidir. Bununla yanaşı saxtakar mollalara, mövhümatçı nağıl danışanlara inanan insanlar da az deyil. Bu millətin axırı hara gedir? Bütün bu halların, cahilliyin qarşısının alınması üçün hər şeydən əvvəl bir az kitab oxumaq lazımdır. Hər şeyin başında elm dayanır. Namaz qılıb, oruc tutub,  həcc ziyarətinə getməklə, qurban kəsib Allahı razı salacağnızı düşünürsüzsə onda siz  Yunan allahı Konvertle yəni rüşvət Allahı ilə İslam dininin Allahını səhv salırsız. Kənardan nəzər yetirsək dünyanın iki hissəyə ayrılması mənzərəsinin şahidi olarıq. Müsəlman və Xristian. Demək olar ki, müharibələrin hamısı müsəlman ölkələrində gedir. Müsəlman ölkələri cəhalət, zülm, despotizm içində yaşayır, xiristian dövlətlərinin fitvasına gedib, kor-koranə müharibələrə qarışıb ölkəni viran qoyurlar.

Dindarların əlinə inancınızı bir çubuq kimi uzadıb, onları çobanlaşdırıb özünüzü isə qoyun sürüsü  kimi yönləndirməyə icazə verməyin.Qurana görə insanlar " inananlar və inanmayanlar" deyə ikiyə ayrılmazlar. İnsanlar "zalımlar və məzlumlar" deyə ikiyə ayrılar. Mən allaha başqaları kimi qorxub inanmıram. Onun varlığına həmişə qəlbən, sevgi ilə inanmışam. Dinimizdə xırdalasaq çox şey yoxdur. Bu hacı qartallar, hacı şahinlər, hacı sərçələr və mollalar özlərindən yeni-yeni kəşflər edib xalqı aldadır, millətin düşüncələrini korlayıb gözlərini bağlayırlar. Çaqqal sürüsü kimi məçidlərə daxil olub, öz zəhərli ideologiyalarını irəli sürürlər! Onların beyinləri qara çadraya keçib deyə, elə bilirlər ki, hər kəs qara çadraya keçməlidir. Nə qədər ki, "hacı qartallar və mollalar var" Onlar cahil təbəqəni zəhərləməyə, xalqı aldatmağa davam edəcəklər. Bu cür məsələlərdən qaçılmaz çıxış yolu kimi əsl elmi biliyə yiyələnərək  inkişaf edib, təhsil almaq, kamil və savadlı olmaq lazımdır. Dindən istifadə edən cahil mollalar milləti savadsızlığa sürükləyir. Savadsız milləti isə parçalamaq, onu fitfaya gətirib müharibələrə, eləcə də bir çox çirkin əməllərə sövq etmək çox asandır! Bəs əsrlər boyu Mirzə Ələkbər Sabirlər, Cəlil Məmmədquluzadələr də bu cür xoşagəlməz məsələlərə toxunmuş, xalqın cəhalət yuxusundan oyanmaları üçün çalışmışlar. Biz görün hansi əsrdə yaşayırıq ,yenə də körpə uşaqları mənasını dərk etmədikləri qara çarşaba büküb beyinlərini də örtmüş oluruq. Sizcə az yaşda hələ özünü, büründüyü örtüyün mənasını dərk edə bilməyən bir qızcığaz, qara çarşabda öz azad düşüncələrini də dərk etmədən büründüyünü də biləcəkmi?
Hər şeydən əvvəl biz hər birimiz uşaqlarmıza bilik, savad, yüksək dəyərli mənəvi əxlaq, gözəl tərbiyə verməliyik! Demokratik ölkədə yaşayırıq düzdürmü? Eləcə də, düşünmək qabiliyyəti olan hər bir 18 yaşındakı  insan nə istədiyini dərk edib düzgün nəticələr çıxarda bilər. Lakin həyatı dərk etməyən azyaşlı qızlar çox vaxt nə üçün büründüklərini anlamırlar. Onları məcbur edən valideynlərin isə heç Qurani Kərimdən, baş örtüsünün anlamından xəbərləri belə yoxdur. Ona görə də bu cür kor-koranə şəkildə etiqada və bunları yayıb xalqı aldadan savadsız mollalara yox deyin. Dinimizin gözəlliklərini, üstünlüklərini öyrədək və öyrənməyə çalışaq. Təbii ki, elmlə birlikdə!Cənabi Haqqımızın sözü birinci elmdir!

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+9=
Hesaba giriş
Müəllif

Aqil Yaşaroğlu
Əlaqə
E-mail:
yazici.a@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0416 saniye