Diqqət etmədiyimiz günahlar
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 15:22 21 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bəzən bir adam öz məqsədinə nail olmaq üçün başqa bir adamdan "məharətlə” istifadə edir.

Məsələn, onun yanında bir söz buraxır və ya onun yanında bir xəbər yayır. Əgər bu ikinci adam eşitdiyi sözü elə orada unutsa (yəni o sözə əhəmiyyət verməsə), deməli, birinci adamın oyununa alət olmayacaq, yox əgər eşitdiyi sözü hər yerdə yaysa, başqasının əlində alətə çevriləcək.

Hər eşitdiyini danışmaq cahillikdir. Sınamadan, yoxlamadan, kiminsə ağzından eşitdiyi sözü yaymaq insana əskiklikdən başqa bir şey gətirmir. Hər eşitdiyini danışmaq insanı həlak etmək üçün kifayətdir. Yəni başqasının ağzından eşitdiyin sözü doğru, yaxud yalan olduğunu yoxlamadan danışmaq doğru deyil. O, yalan danışırsa, sən niyə onun yalanını yayırsan? Ona görə də insan gərək ağzından hansı sözü çıxardığını bilsin və ağzından çıxardığı sözün məsuliyyətini daşısın.

Elə adamlar da var ki, həmişə hər yerdə hər hansı məsələ barədə məlumatlı görünmək istəyirlər. İstəyirlər ki, hər məsələyə müdaxilə etsinlər, hər işdən xəbərdar olsunlar. Ona görə də doğru olub-olmadığını bilmədən kiminsə ağzından götürdükləri sözü hər yerdə danışırlar. Məqsədləri də budur ki, ağıllı görünsünlər, seçilsinlər.

Cəmiyyətdə bəzən bu cür söhbətlər daha tez yayılır. İnsanlar yalan zəncirinin halqalarına çevrilirlər. Beləcə, yalanlar onları bir-birinə bağlayır. Halbuki insan ona aid olmayan işlərlə məşğul olmasa yaxşıdır. İnformasiyanın beynimizə, yaddaşımıza yük olduğu bir vaxtda izafi yüklərdən azad olmaq, öz əməllərini hesaba çəkmək, qüsurlarını düzəltməyə çalışmaq daha doğru olmazmı? Sən də öz başına bəla axtarırmış kimi, başqalarının sözü ilə məşğul olur, başqalarının söhbətini danışmaq istəyirsən. Bir məsələni də xatırlatmaq istəyirik ki, əgər biri sənin sözünü danışıb, nəticədə yalançı çıxırsa, siz də müqəssirsiniz. Yəni ağıl ön planda tutulmalıdır, deyilən söz ağıl süzgəcindən keçirilib ağızdan çıxarılmalıdır. Kor-təbii qərar qəbul edənlər, birinin ağzından qapdığını düşünmədən, araşdırmadan yayanlar kölgə kimi olurlar.

Səhv də danışsa, qulaq asın!

Bu cür məsələlər ailədə, xüsusilə də, uşaq tərbiyəsində mühüm amillərdir. Ona görə də böyüklər uşaqlarının yanında danışarkən nə danışdıqlarını, nə dediklərini yüz ölçüb, bir biçməlidirlər. Unutmaq olmaz ki, uşaq eşitdikləri ilə deyil, gördükləri ilə tərbiyə olunur. Ona görə də uşağını tərbiyəli görmək istəyən valideyn gərək, əvvəlcə, özünü tərbiyə eləsin ki, ondan tərbiyə tələb etməyə haqqı olsun.

Təbii ki, uşağınız məktəbdə gördüklərini sizə danışacaq. Özü də məsələnin özünə sərf edən tərəflərini qabardacaq, sərf etməyən tərəflərini isə gizlədəcək: "Ona elə dedim”, "buna belə dedim”, "o işi elə gördüm”, "bu işi belə gördüm”... və sair və ilaxır...
Əlbəttə ki, siz onun söhbətlərinə qulaq asacaqsınız. Ancaq qulaq asdıqca da məqsədlərini, məramlarını öyrənəcəksiniz. Əslində isə siz ona diqqət ayırmaqla, marağını özünüzə cəlb edir və beləliklə də, təsir, daha doğrusu, tərbiyə imkanı əldə etmiş olursunuz. Səhv danışdığını bilsəniz belə, o anda onun sözünü kəsməyin, təqsirini üzünə vurmayın. Çünki əgər sözünü kəssənız və ya "Yalan danışırsan!” desəniz, deməli, hər şey bitdi. Ona görə də maksimum dərəcədə səbirli olmalısınız. Və uşaq anlamalıdır ki, siz onun sözlərinə dəyər verirsiniz. Unutmayın ki, islah etməyin yolu bir çox hallarda dəyər verməkdən keçir.

Söz gəzdirmək

Bir nəfər padşahın yanına gəlir və deyir ki, filankəslər onun əleyhinə danışırlar. Padşah da acı-acı bu adamı başdan-ayağa süzür və deyir:

- Əgər sən yaxşı adam olsaydın, onların cavabını yerində verər, heç mənim yanıma gəlməzdin. Ancaq görürəm ki, sən sözgəzdirənsən. Qeybət edənlərə bir söz deyə bilmirsən, sonra da gəlib mənə onların sözünü çatdırırsan. Sənin kimi adamlara bizdə rəğbət yoxdur...

Əxlaqımız bizə öyrədir ki, əgər bir insanın haqqı tapdanırsa, onun tərəfini tutmaq lazımdır. Yəni konkret olaraq, yuxarıdakı misaldan çıxış etmiş olsaq, padşahın dediyi kimi, qeybət edənlərin cavabını vermək, sonra da söhbəti unutmaq ən doğru seçimdir. Şəxsiyyət bu cür yetişir, böyük insan bu cür formalaşır. Hər şeydən əvvəl insanın gərək içi geniş olsun, eşitdiyi hər sözdən coşub-daşmasın, söz udmağı, söz unutmağı bacarsın.

Ara vurmaq

İnsanları bir-birindən incik salmaq, insanlara bir-birindən yalan danışmaq, əxlaqımıza görə çox pis əməldir. Bu cür əməllər bəzən zarafatla başlayıb, ölümlə nəticələnən cinayətlərə qədər uzanır. Əxlaqımızda bildirilir ki, insanların arasını vurmaq, onları bir-birinə düşmən etmək qatillik kimidir.

Bir insan kimi hər birimizin vəzifəsi yaxşılıq etmək, xeyirli olanı bölüşmək, paylaşmaqdır. Bunun əksini etmək, yəni insanları bir-birinin düşməninə çevirmək isə insanlıq yox, şeytanlıqdır. İnsanlar bir-birini sevdikcə ucalırlar. Sevgi, hörmət, ehtiram cəmiyyətin sərvətidir, xoşbəxtliyidir; kin, nifrət, ədavət isə ağır yüküdür, dərdidir.

Ara vuran insanlara el arasında mərdimazar deyirlər.
Mərdimazarın heç bir yerdə hörməti olmur. İnsanlar onu görəndə üz çevirirlər. Beləsi ilə oturub-duranda adamın ürəyi sıxılır. Pis niyyət, qara düşüncə insanın özündən asılı olmayaraq sanki şüalanır və görünür. Əvvəla, bu cür adamların üz-gözü həmişə bürüşmüş olur, nə olur olsun sevinə bilmirlər, hər şey onlar üçün qorxudur, təhlükədir. Çünki özləri dünyaya belə baxırlar.

Sən hansı yükü daşıyırsan?

Söz yükü duz yükündən ağır olur. Əslində ömür adlanan bu yolda hər kəs bir yükün daşıyıcısıdır. Yükün xeyirlisi var, zərərlisi var. Ona görə də köhnə kişilər dua edəndə: "Allahım, məni xeyir işlərə alət elə!”- deyərmışlər. Əslində sözün xeyirlisini daşımaq, yaymaq, o sözlərlə insanlara xeyir vermək insanlıq borcumuzdur.

Əgər sənin danışdığın söz bir insanın xarakterinin formalaşmasına, onun yanlış düşüncədən qurtarıb, doğru istiqamətə yönəlməsinə səbəb olursa, demək xeyir işlərə alət olursan. Amma daşıdığın və yaydığın söz yalandırsa, insanların düşüncəsini pozur, onları yalana yönəldirsə, onda da zərərli işlərə alət olursan, özü də könüllü olaraq. Çünki insanın başına gələn bəla onun öz əməllərinin nəticəsidir. Bizi qurtaransa xeyir əməllərimiz olacaq. İnsanın zərərə uğramasına ən çox səbəb olan bədən üzvümüz dilimizdir, yəni nəyi danışmağımız, niyə danışmağımız... Yəni hər eşitdiyini danışmaq fəlakətə düşməyimiz üçün kifayət edər. Ona görə ağzımız, dilimiz işləmədən əvvəl başımız işləməlidir ki, sonra bəlaya düşməsin. Vəssalam.

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+13=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0317 saniye